Məhkəmə qərarları › İş №2(103)-5970/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5970/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5970/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1983-1985-ci illərdə Tərtər rayonu Poladlı kəndində Lenin adına kolxozda “pambıqçı” vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, 2006-cı il tarixədək 20 il ümumi iş stajının tamam olmadığı əsas gətirələrək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Ərizəçi qeyd edir ki, o 1983-cü, 1984-cü, 1985-ci illərdə Tərtər rayonu Poladİı kəndində Lenin adına Kolxozda pambıqçı vəzifəsində işləmişdir. Lakin bunu sübut edə biləcək əmək kitabçası yoxdur. Tərtər rayon Dövlət Arxivinə verilmiş sorğuya gələn cavabdan Ərizəçi aid hər hansı bir sənədin təhvil verildiyi görülmür. Odur ki, ərizəçinin həmin Kolxozda işləməsi faktının yalnız məhkəmə qaydasında müəyyən edilməsinin zərurəti vardır. Ərizəçi xx.xx.1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra o, Lenin adına kolxozda pambıqçı vəzifəsində işləmişdir. Bunu hətta həmin dövrdə Tərtər rayonu Lenin adına kolxozda çalışan digər işçilər də şahid qismində təsdiq edə bilərlər.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-2314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aynur Abdullayeva) Ərizəçi “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmişdir.

4. Ərizəçi rayon məhkəməsinin qətnaməsi ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Ərizəçinin apellyasiya şikayətində rayon məhkəməsi tərəfindən işin hərtərəfli və tam araşdırılmamasına, sübutların əldə olunması ilə bağlı ərizəçinin hüquqlarını həyata keçirməsinə kömək edilməməsinə, maddi və prosessual hüquq normalarının pozulmasına istinad olunmuşdur. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. O, xx.xx.1968-ci ildə Tərtər rayonu, Poladlı kəndində anadan olmuş, 1974-cü ildə Poladlı kənd məktəbinə getmiş və 8 illik təhsilini 1982-ci il tarixdə başa vurmuş, lakin istəyi olmadan 8-illik təhsilin başa vurulmasını təsdiq edən şəhadətnaməsi Tərtər rayonunda peşə məktəbinə göndərilmişdir, lakin ali təhsil almaq istəyinə görə peşə məktəbinə getməmişdir. Təhsil sənədini peşə məktəbindən tələb etməyinə baxmayaraq, sənədləri peşə məktəbinin vaxtı bitənədək özlərində saxlayaraq ona qaytarmadılar. Bu səbəbdən 1983-cü il tarixdə Tərtər rayonunda yerləşən Lenin adına Kolxozda pambıqçı vəzifəsinə işə düzəldi və 1985-ci il tarixədək həmin kolxozda işləmişdir. 1985-1986-cı il tarixlərdə tam orta təhsili davam edərək məktəbi bitirdi. İşin hallarından da, eyni zamanda şahidlərin ifadələrindən də görünür ki, 1983-1985-ci il tarixlərdə Lenin adında kolxozda işlədiyi üçün o, təhsilini davam etməmişdir, 1986-cı il tarixdə o, həmin vaxtı Politexnik adlanan, hazırda Azərbaycan Texniki Universitetinə daxil olaraq, 1991-ci ilədək ali təhsil almışdır. Bütün bunları qeyd etməkdə məqsədi odur ki, Azərbaycan SSRİ dövründə kimsə 8 illik orta məktəbi qurtararaq boş qala bilməzdi. O, da təhsilini müvəqqəti dayandırdığı zaman Lenin adına kolxozda pambıqçılıq kimi ağır bir sahədə çalışmış, 1986-cı il tarixdə instituta daxil olan tarixdən onun Tərtər rayonu ilə münasibələri demək olar ki, kəsilmişdir, məktəb yoldaşları, kəndçiləri, eyni zamanda keçmiş iş yoldaşları ilə hər hansı bir münasibətim qalmamışdır. Hər bir şahid ayrı-ayrılıqda onun Lenin adına Kolxozda işlədiyi faktı təsdiq etmişlər. Lakin Məhkəmə əsaslandırma apararkən fikir verməli idi ki, şahidlər dəqiq gün xatırlamasalar belə Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində Ali Məktəbə qəbul olaraq təhsil almışdır. Yəni məhkəmənin qərara gəlməsinə bir kömək kimi xx.xx.1986-cı ildən sonrakı illərin istisna edildiyi iş materialı ilə aydın görünür. Şahidlər əsasən 1983-1986-cı illərdə Ərizəçi kolxozda işlədiyini bildirmişlər. 01 yanvar 2006- cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə görə, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İşin hallarından və ifadə vermiş şahidlərin ifadələrindən görünür ki, ərizəçi 1983- 1985-ci illərdə Tərtər rayonunun ərazisində yerləşən Lenin adına kolxozda pambıqçı kimi işləmiş, lakin birinci instansiya məhkəməsi kifayət qədər əsas olunmasına baxmayaraq ərizəni təmin etməmişdir. Bununla da ərizəçinin işlədiyi yuxarıda göstərilən illər onun ümumi is stajına daxil edilməmişdir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. İşin halından göründüyü kimi nəinki 2, 4 şahid birinci instansiya məhkəməsində iclas zalında dindirilərək ərizəçinin Lenin adına Kolxozda pambıqçı vəzifəsində göstərilən illərdə işləməsi barədə ifadə vermişdir. Lakin məhkəmə şahidlərin sözügedən ifadələrini nəzərə almamışdır. Halbuki ifadələr arasında hər hansı ciddi uyğunsuzluq olmamış, şahidlər hamısı ərizəçinin kolxozda həmin illərdə pambıqçı vəzifəsində işləməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İşin hallarından da müəyyən olunur və məhkəməyə təqdim edilmiş əmək kitabçaları və arayışda şahid qismində dindirilmiş X7, X3, X6 və X1 rayonunda yerləşən Lenin adına kolxozda uzun müddət müxtəlif vəzifələrdə çalışmışlar. Lakin bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında ərizəçi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, o, Texniki Universiteti bitirmiş, 8-ci sinfi bitirəndən sonra kolxozda pambıqçı işləmiş, o vaxt onun istəyi olmadan sənədləri peşə məktəbinə göndərilmişdir, lakin o, ali təhsil almaq istəyirdi, peşə məktəbindən sənədləri gec qaytarıldığından, o, 9 və 10-cu sinfi vaxtında oxuyub bitirə bilməmiş, gec bitirmişdir. Lakin onun kolxozda pampıqçı işləməsi şahid ifadələri ilə də təsdiq olunur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, Ərizəçi 1982-1985-ci il tarixdə Tərtər rayonu Lenin adına kolxozda pambıqçı kimi fəaliyyət göstərmişdir. Artıq aradan 40 il keçibdir, onunla çalışan şəxslər şahid qismində dindirələrkən təsdiq ediblər ki, bu qadın həqiqətən də həmin kolxozda pambıqçı işləyibdir. Məhkəmə isə şahid ifadələrinə şübhə ilə yanaşmışdır. Bu illər ərzində ərizəçinin bu şəxslərlə hər hansı əlaqəsi olmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, ərizənin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşaraq qeyd etdi ki, şahidlər bir-birinə zidd ifadələr veriblər. Məhkəməyə təqdim edilən əmək kitabçası və arayışlarda belə bir qeyd yoxdur, hansı ki bu qadın o illərdə kolxozda pambıqçı kimi çalışmışdır. Hesab edir ki, ərizəçi sadəcə ictimai əsaslarla, məktəbə kömək məqsədilə kolxozda çalışmışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********6 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubun surətindən görünür ki, Ərizəçi təqdim etdiyi sənədlərlə onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 3 ay 29 gün (xx.xx.1986- .xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) və güzəştli iş stajı 10 ildən az (9 il 10 ay 26 gün (xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir.

10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli 01 saylı məktubunun surətindən görünür ki, 1983-1984-1985-ci illərə aid staj kitabları və əmək haqqı kitablarına baxış keçirilmiş,vətəndaş Mahmudova(Kərimova) Qəndilə Əvəz qızının adı aşkar olunmamışdır.

11. Ərizəçi məxsus ИT-İ seriyalı №2385731 saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi ilk dəfə əmək fəaliyyətinə xx.xx.1990-ci il tarixdə başlamışdır. Əmək kitabçasında onun əvvəllər “Lenin” kolxozunda işləməsinə dair hər hansı qeyd yoxdur.

12. X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçi onunla birlikdə 1983, 1984-cü illərdə Tərtər rayonunda Lenin adına kolxozda işləyib. Daha sonra o bildirmişdir ki, ərizəçi 1984, 1985-ci illərdə kolxozda işləmişdir. İlləri tam dəqiqliyi ilə deyə bilmir. Ərizəçi və digərləri balaca uşaq olarkən kəndin bütün əhalisi kimi kolxozda işləyirdilər. Dekabr və yanvar ayları çıxmaqla digər aylarda bütün əhali kolxozda işləyirdi. O vaxtlar kənd yerində işsiz heç kəs qalmırdı, hamı kolxozda işləyirdi. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.

13. Əmək kitabçasının surətindən görünür ki, X7 1979-1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir.

14. X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir və onlar birlikdə 80-ci illərdə orta məktəbdə oxuyarkən Tərtər rayonunda “Lenin” adına kolxozda çalışmışlar. İlləri hazırda dəqiq xatırlaya bilmir, təqribi deyə bilər ki, ərizəçi ilə 1985-ci, 1986-cı ildən kolxozda işləmişdir. Təzyiqi olduğuna görə illəri dəqiqliyi ilə xatırlamır. Ola bilsin ki, 1983-cü ildən birlikidə işləyiblər. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.

15. Əmək kitabçasının surətindən görünür ki, X3 1979-1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Qeyd edir ki, özü Lenin adına Kolxozda 1983-1987-ci illərdə işləmişdir. Ərizəçi isə həmin kolxozda təxminən 1981—1988-ci illərdə çalışmışdır. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında qeyd edilməyib, lakin bununla bağlı arayış almışdır.

17. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 1984, 1985, 1987-ci illərdə sabiq “Lenin” adına kolxozda işləmişdir.

18. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Qeyd edir ki, ərizəçinin onunla birgə kolxozda işlədiyi illəri dəqiq xatırlaya bilmir. İlk olaraq ərizəçinin kolxozda 1984-cü ildən 1986 və 1987-ci illərədək işləməsini, daha sonra isə onun 1980ci ildən 1987-ci ilədək işlədiyini qeyd etmişdir. O bildirmişdir ki, ərizəçi şənbə və bazar günləri 8 saat, digər günlərdə isə gün ərzində 4 saat işləmişdir. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib. Tətbiq edilən maddi hüquq normaları: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 01 yanvar 2006- cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə görə, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İşin hallarından və ifadə vermiş şahidlərin ifadələrindən görünür ki, ərizəçi 1983- 1985-ci illərdə Tərtər rayonunun ərazisində yerləşən Lenin adına kolxozda pambıqçı kimi işləmiş, lakin birinci instansiya məhkəməsi kifayət qədər əsas olunmasına baxmayaraq ərizəni təmin etməmişdir. Bununla da ərizəçinin işlədiyi yuxarıda göstərilən illər onun ümumi is stajına daxil edilməmişdir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. İşin halından göründüyü kimi nəinki 2, 4 şahid birinci instansiya məhkəməsində iclas zalında dindirilərək ərizəçinin Lenin adına Kolxozda pambıqçı vəzifəsində göstərilən illərdə işləməsi barədə ifadə vermişdir. Lakin məhkəmə şahidlərin sözügedən ifadələrini nəzərə almamışdır. Halbuki ifadələr arasında hər hansı ciddi uyğunsuzluq olmamış, şahidlər hamısı ərizəçinin kolxozda həmin illərdə pambıqçı vəzifəsində işləməsini təsdiq etmişdir. Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş “Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi”nin tələblərinə əsasən on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

22. Maddə 307.2.1. şəxslərin qohumluq münasibətlərinin;

23. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

24. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

32. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin şikayətinə əsasən tam yoxlayır.

38. İddia tələbini təmin etməyən rayon məhkəməsi şahidlər X7, X6, X2 - ərizəçinin Tərtər rayonunda sabiq “Lenin” adına kolxozda işləməsi ilə bağlı dəqiq illəri xatırlamadığına istinad etmişdir.

39. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

40. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən, şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçi onunla birlikdə 1983, 1984-cü illərdə Tərtər rayonunda Lenin adına kolxozda işləyib. Daha sonra o bildirmişdir ki, ərizəçi 1984, 1985-ci illərdə kolxozda işləmişdir. İlləri tam dəqiqliyi ilə deyə bilmir. Ərizəçi və digərləri balaca uşaq olarkən kəndin bütün əhalisi kimi kolxozda işləyirdilər. Dekabr və yanvar ayları çıxmaqla digər aylarda bütün əhali kolxozda işləyirdi. O vaxtlar kənd yerində işsiz heç kəs qalmırdı, hamı kolxozda işləyirdi. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.

41. Mülki iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X7 1979- 1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir.

42. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 məhkəmə iclasında bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir və onlar birlikdə 80-ci illərdə orta məktəbdə oxuyarkən Tərtər rayonunda “Lenin” adına kolxozda çalışmışlar. İlləri hazırda dəqiq xatırlaya bilmir, təqribi deyə bilər ki, ərizəçi ilə 1985-ci, 1986-cı ildən kolxozda işləmişdir. Təzyiqi olduğuna görə illəri dəqiqliyi ilə xatırlamır. Ola bilsin ki, 1983-cü ildən birlikdə işləyiblər. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.

43. Mülki iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X3 1979- 1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir.

44. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçi onunla birlikdə 1983, 1984-cü illərdə Tərtər rayonunda Lenin adına kolxozda işləyib. Daha sonra o bildirmişdir ki, ərizəçi 1984, 1985-ci illərdə kolxozda işləmişdir. İlləri tam dəqiqliyi ilə deyə bilmir. Ərizəçi və digərləri balaca uşaq olarkən kəndin bütün əhalisi kimi kolxozda işləyirdilər. Dekabr və yanvar ayları çıxmaqla digər aylarda bütün əhali kolxozda işləyirdi. O vaxtlar kənd yerində işsiz heç kəs qalmırdı, hamı kolxozda işləyirdi. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.

45. Əmək kitabçasının surətindən görünür ki, X7 1979-1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

47. Göründüyü kimi ərizəçinin“Lenin” adına kolxozda işləməsi mülki iş materiallarında olan, həm də onunla eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla, yəni əmək kitabçası ilə təsdiq olunan üç şahid ifadəsi ilə müəyyən edilmişdir.

48. Buna baxmayaraq, rayon məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş, şahidlərin ifadələrində ərizəçinin işlədiyi 1983-85-ci illərin aylarını konkret olaraq göstərə bilmədiklərinə əsaslanamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi şahid ifadələrinə qiymət verərkən hazırkı işin faktiki hallarını, yəni ifadə verən şahidlərin tam olaraq 40 il öncə mövcud olan faktla bağlı məlumat vermələrini nəzərdən qaçırmışdır. Belə ki, bu uzun müddət ərizində həmin şəxslərin özləri barədə olan faktlara münasibətdə qeyridəqiqliklərə yol verməsinin özü anlaşılan və başa düşülən olardı. Belə olan halda bəlli olur ki, 1983-85-ci illərdən 40 il sonra, həm də heç vaxt ünsiyyət və münasibətdə olmadıqları ərizəçiyə aid olan fakta münasibətdə şahidlərin bildirdikləri (onun həmin illərdə özləri ilə birlikdə işləməsi) ərizəçinin təsdiqini istədiyi faktın həqiqiliyini müəyyən etmək üçün yetərli olmuşdur.

49. Bundan başqa, mübahisəli dövr 1983-1985-ci illəri əhatə etdiyindən, ərizəçinin hüquq münasibətləri məhz həmin dövrdə qüvvədə olan qanunvericilik ilə tənzimlənir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin tələblərinə əsasən on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmirdi.

50. Göründüyü kimi, həmin vaxt qüvvədə olan əmək qanunericiliyinə görə yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmirdi.

51. Bununla da 1968-ci il təvəllüdlü ərizəçinin 1983-cü ildə 15 yaşı olmuş, onun işləməsi həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin tələblərinə də uyğun olmuşdur.

52. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

54. Hazırkı halda rayon məhkəməsi tərəfindən, yuxarıda qeyd edilən prossessual hüquq normaları pozulmaqla, o cümlədən maddi hüquq normaları yanlış təfsir olunmaqla qətnamə qəbul edildiyindən, qətnamə ləğv edilməli, ərizə təmin edilməlidir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

56. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

57. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

58. Yuxarıda qeyd olunanlara əsasən, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, Ərizəçi 1983-1985-ci illərdə Tərtər rayonu Poladlı kəndində Lenin adına kolxozda “pambıqçı” vəzifəsində işləməsi faktı müəyyən edilməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Ərizəçi apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-2314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və ərizə təmin edilsin. Ərizəçi 1983-1985-ci illərdə Tərtər rayonu Poladlı kəndində Lenin adına kolxozda “pambıqçı” vəzifəsində işləməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır Ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar