Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5973/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab olunması və pasport qeydiyyatından çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, bacıları X2, X1, Cavabdeh və qardaşı X3 paylı mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 99 saylı mənzilin uzun məhkəmə mübahisələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 19.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən satış qiyməti 100 000 manat müəyyən edilməklə açıq hərracda satıldığını, hərracın yekunlarına görə həmin mənzilin 25.11.2019cu il tarixli “Hərracın yekunu üzrə əmlakın alqı-satqı müqaviləsi”nə əsasən tərəfindən alındığını, 05.03.2020-ci il tarixdə mənzilə dair adına çıxarış verildiyini, Ali Məhkəməsinin qərarı əsasında bütün keçmiş paylı mülkiyyətçilərin depozit hesablarına hərəsinin payına düşən 20 000 manatı köçürdüyünü, payçıların mənzilin hərracda satılmasından onlara düşən 20 000 manatı almalarından sonra icra sənədi üzrə icraata xitam verildiyini, lakin cavabdehin hazırda da onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqda davam etdiyini və pasport qeydiyyatından könüllü şəkildə çıxmaq istəmədiyini, cavabdehin pasport qeydiyyatından çıxarılması öhdəliyinin Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə etdiyi müraciət təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli qərarının mübahisənin ümumi məhkəmədə baxılmalı olması əsası ilə ləğv edildiyini, cavabdehin mülkiyyətində başqa mənzillərin olduğunu, onun hərəkəti səbəbilə mülkiyyəti üzərində sərəncam verə bilmədiyini irəli sürmüş, buna görə də Cavabdeh özünün xeyrinə və ya dövlətin xeyrinə məbləğin tutulması, onun mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olduğu, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmiş, şikаyətini, iddiaçının mənzilə qanunsuz çıxarış aldığı, mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkün olmadığı halda, məhkəmənin qanunvericiliyin tələbini pozaraq və Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməyərək qanunsuz nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş (cavabdeh teleqram ünvanlayaraq səhhəti ilə bağlı gələ bilmədiyini, işə obyektiv baxılacağına ümid etdiyini bildirmişdir), məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etməsinə baxmayaraq, onun iradə ifadəsi də məhz qeyd olunan hissənin ləğvinə yönəlmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır (müvafiq qərardadla qətnamənin “Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması” hissəsində ləğv edildiyi və iddiaçının “cavabdehin pasport qeydiyyatından çıxarılması” tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla). Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 26/32 saylı evin yaşayış sahəsi 20,82 m2, yardımçı sahəsi 14 m2, ümumi sahəsi 34,82 m2 olan 1 otaqdan ibarət 99 saylı mənzili 1/5 hissədə X1, 1/5 hissədə Cavabdeh, 1/5 hissədə İddiaçı, 1/5 hissədə X2, 1/5 hissədə X3 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 Cavabdeh, İddiaçı, X4 və X5 qarşı “mənzilin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda payının dəyərinə uyğun kompensasiyanın ödənilməsi, kompensasiya ödənilmədiyi halda mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi” tələblərinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin olunaraq mənzilin 100 000 manat satış qiyməti ilə hərraca çıxarılmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pulun mülkiyyətçilər arasında paylarına (hər birinə 1/5 hissədə) mütənasib surətdə bölüşdürülməsi qət olunmuş, Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək qətnamə “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin 100 000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilmiş və mənzilin satış qiyməti 82 000 (səksən iki min) manat məbləğində müəyyənləşdirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.08.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qətnaməsi mənzilin 82 000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilərək mənzilin açıq hərracda satış qiymətinin 100 000 (yüz min) manat olması qərara alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Ali Məhkəmənin sözügedən qərarı icraya yönəldilmiş, “X6” MMC tərəfindən hərraca çıxarılan mənzil hərracın yekunları barədə 25.11.2019-cu il tarixli protokol əsasında 100 000 manata İddiaçı satılmış, satışdan əldə olunmuş vəsaitdən payçıların hər birinə ödənilməli olan 20 000 manat onların bank hesablarına köçürülmüşdür. İş materiallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzili 05.03.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülki Məcəllənin 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. İşin yuxarıda şərh olunan hallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzili üzərində ümumi paylı mülkiyyət hüquqlarına məhkəmə qərarı əsasında keçirilən hərracdan satış nəticəsində xitam verilmiş və paylı mülkiyyətçilər, o cümlədən cavabdeh müvafiq kompensasiyanı aldığı andan əmlakdakı paya hüququnu itirmişdir. Məhz bu səbəblə kollegiya hesab edir ki, həmin mənzildə qeydiyyatda olan cavabdehin oradan mülkiyyətçinin iradəsinin əleyhinə istifadə və mənzildən qeydiyyatdan çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Mənzilə çıxarışın qanunsuz yolla əldə edildiyi barədə apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin arqumentin hazırkı iş baxımından hər hansı əhəmiyyəti mövcud deyildir və cavabdeh hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edirsə, bununla bağlı müvafiq iddia irəli sürmək hüququna sahibdir. “İstifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinin Mülki Məcəllənin 228-ci maddəsinə zidd olması” barədə cavabdehin arqumentinə münasibətdə kollegiya qeyd edir ki, onun istifadə hüququ əmlaka mülkiyyət hüququnu itirdiyi andan həmin hüququn tərkib hissəsi olaraq aradan qalxmışdır və yeni mülkiyyətçi mülkiyyətdəki payına uyğun ödənilmiş məbləğdən əlavə hər hansı kompensasiya ödəmək məcburiyyətində deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-903/2021 saylı iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi “Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 99 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5973/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5973/2021
29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver