Məhkəmə qərarları › İş №2(103)-5974/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5974/2024

23.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5974/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2020-ci il tarixdə “Azərterminalkompleks”in direktoru Ehtiram Xəlilovun 2300/205 №-li əmri ilə işdən azad olunmuşdur. Həmin əmrlə səhlənkarlıq edərək əmək vəzifələrini kobud şəkildə pozduğuna görə “Azərterminalkompleks”in dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru olan iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Həmin əmr Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2020-ci il tarixli 34/190/026378 nömrəli arayışına əsasən qəbul edilmişdir. Dövlət Gömrük Komitəsi xx.xx.2020-ci il tarixli, 190/001- ********* №-li məktubla Azərbaycan Respublikası Baş X4 müraciət edərək Azərterminalkompleksin Abşeron rayonu Məhəmmədi kəndində yerləşən anbarında Dövlət Gömrük Komitəsinə məxsus 158020,5 manat dəyərində əmlakın iddiaçı tərəfindən mənimsənilməsini göstərərək cinayət əməlinə hüquqi qiymət verilməsini göstərmişdir. İddiaçı barəsində həmin cinayət işi üzrə Bakı Ağır Cinaytlər Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213- 1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 213-1.2.1 maddəsi ilə 04 il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən iddiaçının təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş protest təmin edilməyərək bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə (sonradan - Azərterminalkompleks) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma ilə bağlı xx.xx.2020-ci il tarixdən bərpa olunan tarixədək əmək haqqının ödənilməsi, iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə əvvəlcə cavabdehə müraciət etmişdir. Mediasiya prosesinin təklifi barədə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatında mediator X3 cavabdehin müraciətinə əsasən müxtəlif vaxtlara mediasiyanı təxirə salaraq xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmrin ləğv edilməsi, işə bərpa olunmağı, əmək haqqının ödənilməsi barədə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində hakim işə cavabdehin inzibati orqan olmadığını bildirərək aidiyətı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etməyini bildirmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4358/2024 saylı, 05 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd olunmuşdur.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı işdən qanunsuz azad edilmiş olsa da, o, iddia müddətini ötürmüşdür. Belə ki, cinayət işi ilkin olaraq fakt üzrə başlanılmış, iddiaçı yalnız xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli əmr cinayət işinin başlanılması ilə şərtləndirilməmişdir və iddiaçı cinayət işinin başlanılıb-başlanılmamasından asılı olmayaraq xx.xx.2020-ci il tarixədək hazırkı iddianı verməli idi, belə ki, iddiaçı iş başında həbs edilməmiş, onun barəsində cinayət işi başlanılandan sonra işdən azad edilməmişdir. Məhkəmə hesab etmişdir ki, yalnız belə olan halda iddiaçı iddia müddətini ötürməmiş olardı. Qeyd edildiyi kimi, əmrin mübahisələndirmə anının yarandığı xx.xx.2020-ci il tarixlə iddiaçının təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarix arasında 4-5 ay vaxt keçmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsi, 199-cu maddəsinin “a” bəndi, 200, 296-cı maddələrinə və Mülki Məcəllənin 372, 375-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsində iddia müddətinin buraxılmasını təsdiq edən hallar sübut edilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara aid hər hansı əhəmiyyətli sübut təqdim edilməmişdir. İddia müddətinin tətbiqinə dair ərizə əsaslandırılmamış və hansı səbəbdən məhkəmənin hazırlıq iclasında təqdim edilməməsi barədə dəlil təqdim edilməmişdir.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 70, bənd «ç». işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Maddə 199, bənd “a”. İşçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200, hissə 1. istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 296, hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi aşağıdakılardan ibarətdir: xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmrin ləğv olunması; işə bərpa; məcburi işburaxma ilə bağlı xx.xx.2020-ci il tarixdən bərpa olunan tarixədək əmək haqqının ödənilməsi; iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsi.

17. Birinci instansiya məhkəməsi iddiaçının barəsində çıxarılmış bəraət hökmünə istinad edərək onun işdən qanunsuz azad olunduğu, bu barədə işəgötürənin əmrinin əsassız olduğu qənaətinə gəlsə də, mübahisəyə iddia müddətini tətbiq edərək Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq müddətin buraxılması əsası ilə iddianı rədd etmişdir.

18. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmr cinayət işinin başlanıbbaşlanmaması ilə şərtləndirilməyib və ona görə də iddiaçı cinayət işindən asılı olmayaraq ən uzağı xx.xx.2020-ci ilədək məhkəmədə iddia qaldırmalı idi. Belə ki, iddiaçı cinayət törədərkən həbs edilməyib, eləcə də cinayət işi başlanandan sonra işdən azad edilməyib. İddiaçı əmr veriləndən 4-5 ay sonra cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb olunub. Bu baxımdan iddiaçı ona qarşı ittihamın irəli sürülməsini gözləməməli, hüququnun pozulduğunu bildiyi andan bir ay ərzində işə bərpa barədə məhkəmədə iddia qaldırmalı idi. İddiaçı buna əməl etməməklə iddia müddətini buraxmışdır.

19. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh orqanın ştat cədvəli dəyişməklə iddiaçının bərpa olunmaq istədiyi vəzifə artıq başqa şəxsə həvalə olunduğundan onun həmin vəzifəyə bərpası real deyil, vəzifəyə bərpa olunmaq üçün həmin vəzifə vakant olmalıdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

21. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

23. Qeyd edildiyi kimi, iddiaçıya xx.xx.2020-ci il tarixdə son haqq-hesab ödənilmiş, əmək kitabçası təqdim edilmiş və bununla da o, məhz xx.xx.2020-ci il tarixdən hüququnun pozulduğunu bilmişdir. İddiaçı özü də bu halı inkar etmir, lakin barəsində aparılan təhqiqat və istintaq hərəkətləri ilə əlaqədar vaxtında iddia qaldırmadığını, cinayət əməli törətməkdə ittiham olunduğunu, lakin onun təsdiq olunmadığını, bu səbəbdən iddia müddətini ötürmədiyini, ötürüldüyü halda isə onun səbəblərinin üzrlü olduğunu hesab edir.

24. İddiaçı ərizə verərək buraxılmış müddətin üzrlü sayılmasını xahiş etmişdir (i.v.186, 1-ci cild).

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində çıxarılmış mübahisəli əmr onun maddi-məsul şəxs olduğu anbarda işi duzgun təşkil etmədiyi, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdirilməsini təmin etmədiyi, onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi səbəbindən 158020,50 manat məbləğində siqaretin naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla anbardan oğurlandığı, bununla da İddiaçı səhlənkarlıq edərək, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə olmuşdur.

26. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli əmr birbaşa cinayət işi ilə əlaqəli olmuş, iddiaçı cinayət qanununda nəzərdə tutulan əməli (vəzifə səhlənkarlığı, mənimsəmə və s.) törətməkdə ittiham olunmuş, onun bu əmri mübahisələndirmək imkanı məhdud olmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçının işdən azad olunması barədə əmrin verildiyi gün, yəni xx.xx.2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi iddiaçı barəsində apardığı araşdırma materiallarını Baş Prokurorluğa göndərmiş, prokurorluq tərəfindən müvafiq təhqiqat başlamış, bunun nəticəsində xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci və s. maddələri ilə cinayət işi başlanmış, xx.xx.2020-ci ildə o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə həmin hökm ləğv edilmiş və iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bundan sonra dərhal mediasiya orqanına, daha sonra isə Bakı İnzibati Məhkəməsinə işə bərpa barədə ərizə ilə müraciət etmiş, lakin məhkəmə aidiyyətinə əməl olunmadığına görə o, iddia ərizəsinin qaytarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qaytarılmış və bundan 6 gün sonra xx.xx.2024-cü il tarixdə o, hazırkı tələblə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülsə də, müddətin ötürülməsi üzürlü səbəblərdən baş vermişdir. İddiaçının buraxılmış müddətin üzrlü sayılması barədə ərizəsi əsaslıdır və təmin olunmalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin mübahisəyə iddia müddətinin tətbiqi barədəki mövqeyi yanlış olmuşdur.

28. Mübahisənin mahiyyətinə münasibətdə isə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə İddiaçı vəzifə səhlənkarlığına və eləcə də cinayət sayıla bilən digər əməllərə yol verməsi sübuta yetirilməmişdir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə ilə tanış edilməmiş, müqavilənin şərtləri ilə razı olub-olmaması barədə onun fikri öyrənilməmiş, müqavilə onun tərəfindən imzalanmadığından ona münasibətdə hüquqi qüvvəyə minməmiş, sonuncunun bu müqavilə üzrə müvafiq vəzifələri yaranmamış, halbuki anbarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə konkret vəzifələr yalnız tam maddi məsuliyyət haqqında fərdi müqavilədə müəyyən edilmişdir.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

31. Həmin Məcəllənin 200-ci maddəsinin birinci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

32. Cinayət işi üzrə məhkəmə qərarlarından həmçinin aydın olur ki, işəgötürən iddiaçının çalışdığı anbarda gecə mühafizəsini təşkil etsə də, gündüz vaxtı saat 09:00-dan axşam saat 18:00-dək mühafizə işini təşkil etməmişdir. İddiaçı isə işinin xarakterinə görə bütün gün ərzində anbarda olmamışdır. Yalnız bu hadisədən sonra işəgötürən tərəfindən anbarın gündüz vaxtı mühafizəsi işi təşkil olunmuşdur.

33. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə əmrin qanuni olmadığı müəyyən edilmişdir. Əslində, birinci instansiya məhkəməsi özü də qətnamədə əmrin qanuni olmadığını, iddiaçının işdən qanunsuz çıxarıldığını qeyd etmişdir. Məhkəmə sadəcə iddia müddətinin ötürüldüyü qənaətinə gəldiyinə görə iddianı rədd etmişdir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının barəsində tətbiq olunmuş intizam tənbehi əsaslı deyildir.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən Kollegiya hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki işinə bərpa edilməlidir.

37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı və istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya da ödənilməlidir.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh təşkilatda hər hansı ştat dəyişikliyinin olması, yaxud iddiaçının bərpa olunmaq istədiyi vəzifənin hazırda vakant olmaması qanunsuz əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması barədə qətnamə çıxarılmasına mane olan hal kimi qiymətləndirilə bilməz.

39. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunsun. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh tərəfindən məcburi işburaxma müddətinə görə xx.xx.2020-ci il tarixdən işə bərpa olunan tarixədək ödənilməmiş əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar