Məhkəmə qərarları › İş №2(103)-5975/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5975/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5975/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən və evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Binəqədi rayon İcra Başçısının xx.xx.2000-ci il tarixli 489 №-li Sərəcamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı 29 iyul 1999-cu il tarixli Sərəncamına əsasən, Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış sahəsinin tikintisi üçün X3 600 kv.m torpaq sahəsi ayrılmışdır.

2. 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li Etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 Bakı şəhəri Binəqədi RİHB-nin xx.xx.2000-ci il tarixli 489 №-li sərəncamın əsasən ona məxsus olan Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar edir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 52 (əlli iki) il müddətinə verilib və 29 sentyabr 2059-cu il tarixədək qüvvədədir.

3. İddiaçı tərəfindən Aslan Qəniyevə məxsus 2 mənzil Cavabdeh Fəxrəddin oğluna ailə üzvləri ilə birlikdə yaşamaq üçün kirayəyə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fəxrəddin oğlunun və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsindən və həmin ərazidə yaxın qohumu X2 öz şəxsi vəsaitləri hesabına inşa etdiyi və etibarnamə əsasında onun istifadəsinə verilmiş mənzildən istifadə hüquqlarına xitam verilərək, çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı 29 iyul 1999-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayon İcra Başçısının 489 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış sahəsinin tikintisi üçün yaxın qohumu X3 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikinti işlərinin layihə sənədləri əsasında aparılması qeyd olunmuşdur. Sərəncamdan irəli gələn göstərişləri X6 qanunauyğun şəkildə icra etmişdir.Sərəncamın surətləri Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbə nümayəndəliyinə və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə göndərilmişdir. Yaxın qohumu Aslan Qəniyev ona ayrılmış 600 kv.m torpaq sahəsində 2 (ikiotaqlı) ev inşa etmiş və həmin evdən istifadə etmək üçün ona AR-İİ № 112990 nömrəli 02 sentyabr 2020-ci il tarixli 60 (altmış) il müddətinə Etibarnamə verilmişdir. Həmin etibarnamə xx.xx.2080-ci il tarixədək qüvvədədir. O, yaxın qohumu Aslan Qəniyevə məxsus 2 (ikiotaqlı) mənzili Cavabdeh Fəxrəddin oğluna ailə üzvləri ilə birlikdə yaşamaq üçün kirayəyə vermişdir. İndi də onların həmin mənzildən çıxara bilmir. Onun ailə üzvlərinin sayının çoxalması ilə əlaqədar yaşadıqları ünvandakı evlərinin darısqal olmasına görə artıq Cavabdeh Fəxrəddin oğlunun və onun ailə üzvlərinin Sulutəpə qəsəbəsindəki mənzildən istifadə hüquqlarına xitam verilməsinə zərurət yaranmışdır. Onun bu barədə Cavabdeh Fəxrəddin oğluna dəfələrlə xəbərdar etməsinə baxmayaraq, o, könüllü olaraq evlərindən çıxmır. Bununla da onların öz vəsaitlərinin hesabına inşa etdikləri mənzildən istifadə hüquqlarının pozulmasına səbəb olur. Ona görə də bu məsələnin məhkəmə qaydasında həll olunmasına ehtiyac vardır. Cavabdeh Fəxrəddin oğlunun və onun ailə üzvlərinin yuxarıda qeyd olunan mənzildən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməlidir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin hallarından da göründüyü kimi, iddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsindən və həmin ərazidə yaxın qohumu X2 öz şəxsi vəsaitləri hesabına inşa etdiyi və etibarnamə əsasında onun istifadəsinə verilmiş mənzildən istifadə hüquqlarına xitam verilərək, çıxarılmaları” tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsi X2 istifadəsinə verilmiş və həmin torpaq sahəsində yerləşən yaşayış evi isə özbaşına tikilidir və iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ tanınmamışdır. İddiaçı iddianın əsası kimi 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li Etibarnaməni məhkəməyə təqdim etmiş olsa da, həmin etibarnamə ilə verilmiş səlahiyyətlər iddiaçının mübahisəli evlə bağlı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun yaranmasına əsas ola bilməz. Belə ki, həmin etibarnamə ilə iddiaçıya yalnız X2 adından Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m 300 kv.m torpaq sahəsi ilə əlaqədar sərəncam hüquqlarının həyata keçirilməsi səlahiyyəti verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsinə, Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.8, 180.1, 180.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 9.1, 9.3, 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(001)-3151/2023 saylı qətnaməsini ləğv edərək Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması” tələbinə dair iddia ərizəsinin tam təmin edilərək onların ailəliklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə prosesi onların xəbəri olmadan keçirilmiş, onlar sübutları təqdim etmək hüququndan məhrum ediliblər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 39, 152, 157, 180-ci maddələrinə və habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə istinad etməklə səhv nəticəyə gəlmiş, həmin maddi və prosessual hüquq normalarını düzgün təfsir etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsində yaxın qohum X2 fərdi yaşayış evi tikdirilməsi üçün xx.xx.2000-ci il tarixli 489 saylı Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Sərəncam verilmişdir. Demək ki, barəsində söhbət edilən ev qətnamədə qeyd edildiyi kimi özbaşına tikili deyil, səlahiyyətli dövlət orqanı nümayəndəsi, Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamı əsasında tikilmiş evdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Konstitutsiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İddiaçı 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li etibarnaməyə istinad edərək Cavabdeh Fəxrəddin oğlunun ailəsi ilə birlikdə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsində inşa edilmiş 2 (ikiotaqlı) mənzildən çıxarılmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmiş iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Başçısının xx.xx.2000-ci il tarixli 489 №-li Sərəncamına əsasən X3 Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır.

23. İşdə olan 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li Etibarnaməyə əsasən X1 Elçin Ağamirzə oğluna Bakı şəhəri Binəqədi rayon İcra Başçısının xx.xx.2000ci il tarixli 489 №-li Sərəncamına əsasən ona məxsus olan Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsində yerləşən 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 29 sentyabr 2059-cu ilədək qüvvədədir.

24. Mübahisə premeti olan torpaq və mənzilə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair məhkəməyə sübut təqdim edilməmişdir.

25. Məhkəmənin kollegiyası iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı subyektiv hüququnun olmaması barədə mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli torpaq sahəsi X2 istifadəsinə verilmişdir.

26. İşdə olan Binəqədi rayon məhkəməsinin 2(001)-1339/2022 saylı xx.xx.2022-ci il tarixli qərardaddan müəyyən edilir ki, X6 da İddiaçı qarşı oxşar iddia tələbi ilə - mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar