Məhkəmə qərarları › İş №2(103)-5978/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5978/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5978/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X6, Cavabdeh vəkili X4 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 Cavabdeh qarşı “borc tələbinin birgə qaydada tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi X1 xeyrinə 53.647,68 manat məbləğində əsas kredit borcu, 29.685,51 manat faiz borcu, 37.040,11 manat cərimə borcu olmaqla cəmi 120.373,30 manat borcun, 31 manat dövlət rüsumunun, tələbin Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1 mənzil 4 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları (mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatlarının ləğv edilmələri) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 53.647,68 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 23.641,17 manat faiz, 66.224,30 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7.330,80 manat borc, ümumilikdə 150.843,95 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzil satıldıqda Cavabdeh həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh 1 ay ərzində həmin mənzili tərk etmədiyi halda məcburi qaydada çıxarılaraq, mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc məbləği 53.647,68 manat, faiz borcu üzrə 23.641,17 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7.330,80 manat, cərimə borcu üzrə 500 manat olmaqla, cəmi 85.119,65 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin cərimə hissəsində tam təmin edilməsini və əmlakla bağlı təkrar qiymətləndirmə ekspertizası təyin edilərək, yeni ekspert rəyi əsasında əmlakın ilkin satış (likvid dəyəri) qiyməti müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən ipoteka predmetinin bazar qiyməti 150.000 manat məbləğində qiymətləndirilmişdir. Halbuki, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixində bağlanmışdır. xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən əmlakın bazar dəyəri 100.000 manat, likvid dəyəri 85.000 manat müəyyən edilmişdir. Həmin vaxtdan 6 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Həmçinin cərimə borcunun kredit müqaviləsi üzrə 500 manat müəyyən edilməsi, 66.224,30 manat dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X8 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, cavabdehin vəkili X7 isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və cərimə borcunun təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Ona görə də, hazırki halda məhkəmə qətnamənin yalnız mübahisələndirilən hissədə baxır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxx” ASC-nin “Avtoinvest” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh 24 ay müddətində illik 24 faiz ödəmək şərti ilə 55000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçıASC tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncuya xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunur. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixədək 53.647,68 manat məbləğində əsas kredit borcu, 29.685,51 manat faiz borcu, 37.040,11 manat cərimə borcu olmaqla cəmi 120.373,30 manat borcu yaranmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixədək 53.647,68 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 23.641,17 manat faiz, 66.224,30 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7.330,80 manat borc, ümumilikdə 150.843,95 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 86 saylı, xx xxxxxxx 2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh mülkiyyətində olan ünvan 3 “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin “xxxxx” MMC tərəfindən bazar dəyəri 100.000 manat, likvid dəyəri - 85.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya RX ******* №-liçıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzil ipoteka müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə 24 ay müddətinə “xxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, bank tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 22764 saylı, xx xxxxxx 2019- cu il tarixli rəydən görünür ki, Cavabdeh kredit müqaviləsinin müddəti bitən tarixə, yəni xx.xx.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu 53.647,68 manat əsas, 23.641, 46 manat faiz borcu olmaqla ümumilikdə 77.289,14 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, LP-227/19 saylı rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 7, 4 saylı mənzilin orta bazar dəyəri 150.000 manat təşkil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə görə İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq “xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, LP-227/19 saylı rəyin hazırda mövcüd olan bazar qiymətlərinə uyğun olduğunu nəzərə almış və bu baxımdan bu nəticəyə gəlmişdir ki, ipoteka predmetinin bazar qiyməti 150.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 66224,30 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya hesab edir ki, həmin dəlillər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı öz şikayətində ekspert rəyinin düzgün olmadığını və mənzilin qiymətinin real bazar dəyərindəna aşağı olduğunu qeyd etsə də bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili isə yuxarıda göstərilənlərə əsasən haqlı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar