Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5978/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3651/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, ödənilməsi və mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, PROKON tərəfindən ona ödənilməmiş pul vəsaitinin, əlavə işlərə görə 15 min manat, məzuniyyət ödənişinə görə 1800 manat ümumi ödənilməmiş 117.110 manat məbləğində pul vəsaitinin ona ödənilməsini və iş yerinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən 12.11.2020-ci il tarixdə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, sosial sığorta ödənişlərinin, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, istifadə edilməmiş əmək məzuniyyətinin ödənilməsi və mənəvi zərər tələbinə dair” iddia ərizəsinə əlavə təqdim edərək, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə, dövlət sosial sığorta ödənişlərinin ödənilməyən hissəsinin ödənilməsinə, işlədiyi müddətlərin əmək kitabçasında rəsmiləşdirilməsinə, işlədiyi əmək haqqlarının ödənilməsinə, normadan artıq işlərə görə yəni 11-12 saat əmək haqqı, qeyri iş günlərinə və əmlakının günlərlə qeyri iş günlərində yüklü saxlanaraq istismar edilməsinə görə pul əvəzi 100.310 manat, vəzifəsinə aid olmayan işlərə görə (yükün bağlanması, açılması, bortların açılıb, bağlanması, yük platformasının müntəzəm təmizlənməsi, fəhlələrin sərnişin qismində sahələrə daşınması, kabinənin təmizlənməsi və s.) əmək haqqı 15.000, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi 1.800 manat, 6.000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3651/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, sosial sığorta ödənişlərinin, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, istifadə edilməmiş əmək məzuniyyətinin ödənilməsi və mənəvi zərər tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə də cavabdehin hansı qaydaları pozduğunu və onu hansı cəzalar gözlədiyini qeyd etməsinə baxmayaraq üçüncü şəxsin məhkəməyə gəlməsi təmin edilməmişdir. Qüsurlu əmək haqqı ödənişnin məhkəmə ərəfindən ödəniş mübahisənin həll olunmuş kimi, göstərməsi heç bir hüquqa, məntiqə sığmır. 2020 aprel ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəm 29 gün, 21 gün x 24 saat x 15 ianat +8 gün xlO saat x 15 manat = 7680 manat - 195 manat=7485 manat. 2020 may ayı (üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəmi 28 gün, 25 gün x 24 saat x 15 manat + 3 gün x 11 saat x 5 manat=9.495 manat - 260 manat=9.235 manat. Ödənilməmiş məbləğlərin ödənilməməsi ilə bağlı iddia tələbinə toxunulmur. Əmək Müqaviləsinin iş yeri bölməsinə Vəzifəsi kran operatorudur. Prokon MMC-də işə başlayarkən o, sürücü kimi treyninqə cəlb edilmiş və 02.05.2019-cu il tarixli “TRAİNİNG PASSPORT” adlı sənəddə də bu fakt öz əksini tapır. Bu da onun kran operatoru kimi işləməməyinin sübutunun əsasıdır. O, öz vəzifəsi üzrə yarımqoşqu sürücüsü işləməmişdir. Bu “Əmək müqaviləsi bildirişinin” alt sistemə daxil olan məlumatla cavabdehin məlumatı arasındakı ziddiyyəti görməmək mümkün deyil. Buradakı məlumatlar da 5 günlük iş həftəsi müddətli Ə/M-sidir. İşəgötürən tərəf onun işdən çıxarılmasını guya əmək müqaviləsinin müddətli xarakterli olması və vaxtı başa çatdığından müqaviləyə xitam verilməsi ilə izah etməyə çalışır, amma şirkətin möhür və sənədləri, texniki təhlükəsizliyə cavabdeh məsul şəxsin imzaları onun müqavilədən bir il, müqavilənin başa çatmasından isə 3 ay sonrayadək obyekt ərazisində yük daşıdığını göstərir. Məhkəmə bu ziddiyətlərin açılması üçün heç bir cəhd göstərməmişdir. Məhkəmə MPM 9.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəməyə təqdim etdiyi sənədlər kənarda qalıb. Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuş, əmək kitabçasınds işə daxil olmam və çıxması barədə qeyd aparılmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3651/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X1 nümayəndələrinin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikyətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3651/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən çıxarılmasına əsas işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi olmuş və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 73-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, 07.04.2020-ci il tarixli 1151 nömrəli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin baş direktoru X3 ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən sonuncu əlavə iş yeri üzrə kran operatoru peşəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 07.04.2020-ci il tarixdən 07.05.2020-ci il tarixinədək 1 ay müddətinə bağlanmışdır. Müqavilə ilə əmək haqqı vaxtamuzd ödəniş sistemi tətbiq edilir və aylıq 250 manat müəyyən edilmişdir. İşçi iki istirahət günü olan 5 günlük iş həftəsi üzrə həftənin İ-V günlərində 1 saat, həftə ərzində isə 5 saatdan çox olmayaraq işləyir. İşçinin iş ilini 07.04.2020-07.05.2020-ci il tarixli dövr əhatə edir. Əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür.(İ.v.117-121) İş materiallarında olan, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 1151 nömrəli 07.04.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliyə əsasən, əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: “Bu Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasən 31.05.2020 tarixinədək bağlanmışdır.” Bu dəyişikliklər qanunvericiliyə uyğun olaraq “Əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə” daxil edildiyi tarixdən qüvvəyə minir və "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 1151 nömrəli 07.04.2020-ci il tarixli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.(İ.v.122) İş materiallarında olan, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatın surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 31.05.2020-ci il tarixli xxxxxxx0004X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi 07.04.2020-ci il. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi: İR-X-844/20, 31.05.2020. Əmək müqaviləsinə xitam verilməsinin əsası 68.2.b) əmək müqaviləsinin müddətinin qurtarması.(İ.v.90;124) İş materiallarında olan, 27 oktyabr 2020-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı 250 manat əmək haqqı, 25,48 manat son haqq hesab olmaqla 275,48 manat hesablanmışdır.(İ.v.121) İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlar 07.04.2020-ci il tarixdə müqavilə bağlanmış, müddətli 31.05.2020-ci il tarixdə ƏM 68.2.b maddəsinə əsasən xitam verilmişdir.(İ.v.113-114) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən: 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən: 58.1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 58.2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. 58.3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. 58.4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə görə: 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, əmək müqaviləsində göstərilən müddət qurtardıqda işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş, və buna dair işəgötürən tərəfindən İR-X-844/20 saylı, 31.05.2020-ci il tarixli əmr verilmişdir. İddiaçı işdə "xxxx" MMC tərəfindən ona aid verilmiş əmri mübahisələndirməmiş, yalnız kran operatoru kimi işləməsini və müəyyən edilmiş müddətdən artıq işləməsini əsas göstərək, "xxxx" MMC-yə işə bərpa edilməsi, dövlət sosial sığorta ödənişlərinin ödənilməyən hissəsinin ödənilməsi, əmək haqqının ödənilməsi və s. tələbi ilə MMC-yə qarşı tələb irəli sürmüşdür. Lakin, İddiaçı "xxxx" MMC-nin müəyyən edilmiş müddətdən artıq işləməsini təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin “istifadə olunmamış məzuniyyət haqqlarının hesablanıb cavabdehlər tərəfindən ona ödənilməsi, habelə ona işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdehlər tərəfindən ona ödənilməsi” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən istifadə olunmamış məzuniyyət haqqının ödənilməməsini bildirsə də, qeyd edilənləri təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin bu hissəsində birinci instansiya məhkəməsinın gəldiyi nəticə ilə razılaşır və bu nəticəni əsaslı hesab edir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3651/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3651/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5978/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5978/2021
03.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver