Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5979/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(005)-1095/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(005)- 1095/2022 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunması olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Göygöl rayonu Nadil kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan Göygöl rayonu Nadil kənd tam orta məktəbinin müəllimi Qasımova Nəzakət tərəfindən xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış izahatdan görünür ki, İddiaçı ünvan 1 məktəbində direktor işlədiyi müddətdə bir başa onu təhqir etməmiş, ancaq iclaslarda başqa müəllimələrə olan münasibət, valideynlərə müəllimlər haqqında dediyi sözləri özünə təhqir hesab edir. Bununla yanaşı ünvan 1 məktəbin direktoru vəzifəsinə gəldiyi müddətdə məktəbdə informatika dərsi tədris olunmur. Hər ay maaş daxil olduqdan sonra direktorun tapşırığı ilə Pərvanə müəlliməyə 10 manat, inventara görə Samirə müəlliməyə 15 manat, vertual dərs keçilmədiyinə görə 20 manat, ayaqyolu təmirinə hər uşaqdan 5 manat pul yığılmışdır. Hər gün məktəbdə olan söz söhbət, direktor tərəfindən şantajlar səsyazmalar, haqsızlıq getdikcə çoxalır. Bu mühitdə işləmək çox çətin olduğunu və nəzərə alınmasını xahiş etmişdir. İzahatın özünün yazması və doğruluğunu öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İşdə olan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə verilmiş izahatında - hər ay bir neçə müəllimdən təşkilati işlər üzrə müavin tərəfindən təxmini 200-300 manat arası pullar yığılaraq ona verilməsini, onun isə həmin pulları Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elburus Atayeva, müdür müavini Salman Balakişiyevə verdiyini bildirmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin izahatda qeyd olunan məsələ ilə bağlı 11 sual və həmin suallara cavabları iddiaçının özü tərəfindən tərtib edildiyini, əlavəsi olmadığını heç bir təziq olmadan doğruluğunu imzası ilə təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikasının Təhsil nazirinin 23 sentyabr 2021-ci il tarixli, E-1207 saylı əmrinə əsasən Göygöl rayonu Nadil kənd tam orta məktəbdə aparılmış yoxlanmanın nəticələrinə dair tərtib olunmuş arayışdan görünür ki, araşdırma zamanı müəllimlərin dərs bölgüsünda, hesabatların hazırlanmasında, yeni inventarların paylanmasında, eləcə də dərslərin əvəz edilməsində və s. pozuntuların olması müəyyən edilmişdir. İşdə olan Göygöl Rayon Təhsil Şöbəsi ilk Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli 6 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə götürən kimi təşkilata xx.xx.2021-ci il tarixli xx-xx-1454/10 nömrəli məktubu nəzərə alınaraq İddiaçı ilə Göygöl rayonu Nadil kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K- 1313 nömrəli əmrindən görünür ki, Göygöl rayonu Nadil kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. İşin birinci instansiya məhkəməsində müəyyən olunmuş hallarına görə - İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Daha sonra Göygöl rayonu Nadil kənd tam orta məktəbin müəllimi Qasımova Nəzakət tərəfindən xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Təhsil Nazirliyinə izahat ünvanlanmışdır. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə verilmiş izahatında hər ay bir neçə müəllimdən təşkilati işlər üzrə müavin tərəfindən təxmini 200-300 manat arası pullar yığılaraq ona verilir, o isə həmin pulları Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elburus Atayeva, müdür müavini Salman Balakişiyevə verdiyini bildirmişdir. Bundan sonra Göygöl Rayon Təhsil Şöbəsi ilk Həmkanlar Təşkilatının xx.xx.2021-ci il 6 saylı iclasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə götürən kimi təşkilata xx.xx.2021-ci il tarixli xx-xx-1454/10 nömrəli məktubu nəzərə alınaraq İddiaçı ilə Göygöl rayonu Nadil kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi qeyd olunmadığı qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1313 nömrəli Göygöl rayonu Nadil kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. İddiaçı qeyd oluna əmr ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üzrə əmək haqqının ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq izahat ərizəsində qeyd olunan əməllərin törədilməsi etiraf olunmuşdur ki, bu da onun həqiqətən vəzifə funksiyalarının icrasında nöqsanlara yol verməsini təsdiq edir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçının irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı məktəbin direktoru vəzifəsində çalışdığı müddət ərzində mütəmadi şəkildə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Bu hallar, işdə olan çoxsaylı sübutlarla (araşdırma materialları, izahalar və s.) tam sübuta yetirilir. Eyni zamanda, iddiaçının özü də izahatlarında (eləcə də iddia ərizəsində) bəzi neqativ halların mövcudluğunu (məktəbdə pulların yığılması, dərslərin boş keçməsi və s.) təsdiq etmiş, lakin bunları ona edilən təzyiqlər nəticəsində etməsini göstərməklə kifayətlənmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikasının Təhsil nazirinin 23 sentyabr 2021ci il tarixli, E-1207 saylı əmrinə əsasən Göygöl rayonu Nadil kənd tam orta məktəbdə aparılmış yoxlanmanın nəticələrinə dair tərtib olunmuş arayışdan da görünür ki, araşdırma zamanı müəllimlərin dərs bölgüsünda, hesabatların hazırlanmasında, yeni inventarların paylanmasında, eləcə də dərslərin əvəz edilməsində və s. pozuntuların olması müəyyən edilmişdir. Bundan əlavə, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmış, Göygöl Rayon Təhsil Şöbəsi ilk Həmkarlar Təşkilatının razılığı alınmışdır. Bu fakt işdə olan ümumi yığıncağının protokolundan çıxarışla da təsdiq olunur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Göründüyü kimi, iddiaçının məktəb direktoru kimi yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(005)-1095/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(005)-1095/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5979/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5979/2022
25.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver