Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-598/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Paşa Sığorta ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında pul tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Paşa Sığorta ASC (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh) və Cavabdeh2 qarşı subroqasiya qaydasında 66558 manat, dövlət rüsumuna görə 30,40 manat tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. İddiaçı Cavabdeh2 cavabdehlər Paşa Sığorta ASC-yə və Cavabdeh3 qarşı xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və subroqasiya qaydasında yararsız, tam itki kimi tam həcmdə dəyərinin ondan tələb olunan **-XX-*** qeydiyyat nişanlı 2014-cü il buraxılışlı Lexus GX 460 markalı avtomobilin hadisə vaxtı mövcud vəziyyətinin işdə və Paşa Sığorta ASC-də olan sübutlarla dəyərini qiymətləndirməklə, qiyməti müəyyən edilməklə açıq hərracda realizə edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə ilkin iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 maddi ziyana görə 50558 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 50588,40 manat pul vəsaitinin Paşa Sığorta ASC-nin xeyrinə tutulması, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmış, qarşlıqlı iddia ərizəsi təmin edilməmiş, Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulmuşdur. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllənin 905-ci maddəsinə əsasən sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. Yalnız məhkəmə onların subroqasiya hüququna dair işə baxarkən, müqavilə ilə tərəflər arasında razılaşdırılmış sığorta məbləğini 90.000,00 manat deyil, 85.000,00 manat qəbul etməklə tələb edilmiş məbləğin əvəzini hesablamışdır. Qətnamə birmənalı olaraq 9/3997 saylı ekspert rəyinə əsaslanmışdır. Nəzərə alınsa ki, ekspert rəyi tam dolğundur, belə olan halda məhkəmənin gəldiyi nəticə qanunauyğun deyildir. Belə ki, ekspert rəyində sığortalı nəqliyyat vasitəsinin dəyəri 85 000,00 manat göstərilmişdir. Əgər sığortalı nəqliyyat vasitəsinin dəyəri 85 000,00 manat olarsa qalıq dəyər 23 000,00 manat həmçinin 100,00 manat azadolma və 342,00 manat polis üzrə sığorta ödənişini çıxdıqda cavabdehdən iddia üzrə tutulmalı məbləğ 61 558,00 manat olmalı idi. Digər hal nəzərə alsaq, yəni nəqliyyat vasitəsinə əgər 51 000,00 manat zərər dəymişdirsə demək, sığortalı nəqliyyat vasitəsi tam məhv olmamışdır. Bu halda isə tutulan məbləğin haradan və necə müəyyən edilməsi məlum deyildir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin şikayətin dəlilləri aşağıdakılardır. İddiaçı **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtomobilin real bazar dəyəri olan 90000 manatdan 100 manat azadolma məbləği, polis üzrə daha öncə ödənilmiş 342 manat azaldılmış 89558 manatın ondan tutulmasını xahiş etmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqaviləsi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli məhkəmə prosesi zamanı təqdim edilmiş, idiaçı həmin alqı-satqı müqaviləsinə əsasən, iddia tələbini 23000 manat çıxılmaqla 66558 manatın ondan tutulmasını xahiş etmişdir. Əgər o, bu halı araşdırmasaydı xx.xx.2021-ci il tarixli məhkəmə prosesinə qədər avtomobilin taleyi naməlum olaraq qalmış və ilk tələb etdikləri məbləğ ondan istəniləcəkdi. Hesab edir ki, əmlak ona təqdim edilsəydi və o, əmlakı təhvil almasaydı belə onda əmlakın satışıyla bağlı məhkəmə qərarı olmalıdır, əmlak müstəqil ekspert tərəfindən əsaslandırılmalı, tam itki/metalomluq/yararsız olması aktaşdırılmalı və əmlaka məhkəmənin təyin etdiyi ekspert ilkin satış qiyməti qoymalı idi və sonra açıq hərracda realizə olmalı idi. (bunla bağlı vahid məhkəmə təcrübələri mövcuddur). Avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması olmalıdır. Hesab edir ki, digər önəmli hissələri kimi avtomobilin əsas işlək motor və surət qutusu (koropka) hissəsi də saz vəziyyətdə qalmışdır. Şəkillərdən də göründüyü kimi kasmetik hisələr, qapılar, yan hissələri zədələnmişdir ki, tam təmirə yararlı hissələrdi və təmir edilməsi, dəyişdirilməsi avtomobilin əsaslı yararlığına heç bir ziyanlı deyildi.
6. Bundan əlavə, ekpert rəyindən tədqiq edilən Lexus GX 460 markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələrinin dəyişilməklə, zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla, təxminən 51000 manat (85000 m - 40%) müəyyən edilsə də və Məhkəmə bunu nəzərə alsa da, qətnamə ilə 51000 manatdan 23000 manat azaldılmamış və nəzərə alınmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin qeyd etdi ki, qarşı tərəf avtomobilin ona təhvil verilməsi olmasını qeyd edir, halbuki qanunvericilikdə belə tələb yoxdur.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahata verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, ekspert rəyi ilə razıdırlar, lakin hesab edir ki, avtomobilin satış qiyməti 23.000 manat həmin məbləğdən çıxılmalıdır.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
11. AD N 136165 saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir.
12. Sığortaçı Paşa Sığorta ASC ilə sığortalı X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-MİC-8379/19 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən müəyyən olunur ki, **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər şərtsiz azadolma məbləği 100 manat, sığorta məbləği 90000 manat, sığorta haqqı 2880 manat olmaqla Paşa Sığorta ASC-də sığortalanmışdır.
13. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz 55111 markalı avtonəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olan Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsində X1 mülkiyyətində olan **- XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir.
14. Paşa Sığorta ASC-nin sığorta iddiaları departamentinin Ekspertiza şöbəsinin rəhbəri X3 və sığortalı X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair aktdan müəyyən olunur ki, İ-MİC-8379/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və xx.xx.2020-ci il tarixdə qəzaya uğramış **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtomobil tam itkiyə uğramış və avtomobilin bazar dəyəri 90000 manat məbləğində müəyyənləşdirilmişdir.
15. 30.03.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASCdə avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər sığortalanmış, xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunun 57-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tam tam məhv olmuş **-XX- *** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtomobilin real bazar dəyərindən 100 manat azadolma məbləği və polis üzrə daha öncə ödənilmiş 342 manat çıxılmaqla sığorta ödənişi 89558 manat müəyyən edilərək sığortalının şəxsi hesabına köçürülmüşdür.
16. 01.04.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Paşa Sığorta ASC tərəfindən Nağıyev Vüqarın hesabına sığorta ödənişinə görə 89558 manat ödəniş edilmişdir.
17. Toyota Bakı Mərkəzi MMC-nin xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan ehtiyat hissələrinə görə 64485,25 manat, zəhmət haqqına görə 24762,20 manat olmaqla cəmi 104997 manat, güzəştli məbləğ 89247,45 manat təşkil edir.
18. Satıcı Paşa Sığorta ASC ilə alıcı Cavabdeh3 arasında müqavlə bağlanmış xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, 2014-cü il buraxılşlı Lexus GX 460 markalı avtomobil satıcı tərəfindən alıcıya 23000 manata satılmışdır.
19. AD N 029069 saylı xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz 55111 markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir.
20. ƏN-İV 697199 saylı xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz 55111 markalı avtonəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək idarə etməyi Cavabdeh1 etibar etmişdir.
21. Azərbaycan Respublikası DİN Bİ və Tİ-nə bilavasitə tabe olan YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı H.Süleymanovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, HK- 1/923 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün BDYPİnin YPX alayına göndərilmişdir.
22. İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə olunmuşdur.
23. Paşa Sığorta ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunu ki, **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz-55111 markalı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış 99-XX-5-5 dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə Paşa Sığorta ASC tərəfindən 89558 manat məbləğində sığorta ödənişi həyata keçirdiyindən həmin məbləğin subroqasiya hüququ əsasında Paşa Sığorta ASC-yə ödənilməsi Cavabdeh1 xahiş olunmuşdur.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8687-8/3058 saylı rəyindən müəyyən olunur ki, tədqiq edilən Lexus GX 460 markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 51000 manat (85000 m - 40%) müəyyən edilir.
25. Rəydən daha sonra müəyyən olunur ki, foto-video görüntülər nəqliyyat vasitəsinin xarici səthində bəzi hissələrin üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyacı olması haqqında konkret nəticəyə gəlmək mümkün olmur və nəqliyyat vasitəsinin foto-video görüntülərindən kənarda olan sahələrində, yəni nəqliyyat vasitəsinin salonunda, mühərrik bölməsində, transmissiyasında, gediş hissəsində, aqreqat və mexanizmlərində də zədələr ola bilər.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3997 saylı rəyindən müəyyən olunur ki, tədqiq edilən Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 51000 (85000 m - 40%) manat müəyyən edilir.
27. Rəydə daha sonra müəyyən olunur ki, 2014-cü il buraxılışlı Lexus GX 460 markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 85000 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
30. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
31. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
32. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
33. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
35. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu
36. Maddə 10.9. Sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Q-20 saylı qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına əsasən:
38. Bənd 33.1. Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz.
39. Bənd 33.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər:
40. 33.2.1. avtomobilə qismən zərər dəydikdə:
41. 33.2.1.1. zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
42. 33.2.1.2. zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
43. 33.2.1.3. avtomobilin təmiri və ya bərpası;
44. Bənd 33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında:
45. 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var:
46. 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;
47. 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək.
48. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
55. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
56. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
60. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
62. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən ilkin iddia tələbinin təmin edilməyən hissəsində və Cavabdeh1 şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
63. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə dəlilinə əsasən qeyd edir ki, iş üzrə rayon məhkəməsi tərəfindən iki dəfə ekspertiza təyin edilmiş, verilmiş hər iki ekspert rəyləri ilə dəymiş ziyanın məbləği 51000 manat müəyyən edilmişdir. Rayon məhkəməsinin həmin ekspert rəylərinə əsasən müəyyən edilmiş 51000 manat məbləğdən, sığortaçının sığortalıya 100 manat azadolma məbləği, polis üzrə 342 manat çıxılmaqla sığorta ödənişi etməsini nəzərə alaraq iddiaçının xeyrinə subroqasiya qaydasında dəymiş ziyana görə cavabdehdən 50558 manat tutulması barədə gəldiyi nəticə əsaslıdır.
65. Belə olan halda məlum olur ki, onun apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
66. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin avtomobilin ona təhvil verilməsi barədə dəlilinə münasibətdə bildirir ki, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək sığortaçının hüququdur.
67. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci bəndinə əsasən, avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 33.2.2.1-ci bəndinə əsasən, sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var:
68. 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;
69. 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək.
70. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi.
71. Apellyasiya şikayətinin digər dəlili, yəni cavabdehdən tutulan məbləğdən əmlakın satış dəyəri olan 23.000 manatın çıxılması barədə dəlili əsassız olduğundan təmin edilə bilməz.
72. Belə ki, Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
73. Apellyasiya şikayətinin digər dəlili olan qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişinin formasını seçmək hüququ sığortaçıya aid olduğundan, avtomobilin tam məhv olması halında sığorta ödənişi etdikdən sonra avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq, bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin etmək və ya onları özü almaq, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək də sığortaçının hüququ olduğundan, hazırkı işdə sığortaçının subroqasiya hüququ nəqliyyat vasitəsinin mülkiyyətçisinə qarşı deyil, həmin nəqliyyat vasitəsinin qanuni sahibliyində olan cavabdehə qarşı yarandığından Cavabdeh2 Paşa Sığorta ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz.
74. Beləliklə, Kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
75. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı təmin, qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən
77. apelyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməlidir.
78. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Paşa Sığorta ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov