Məhkəmə qərarları › İş №2(103)-598/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-598/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-598/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, "xxxx" MTK, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh5 qarşı “maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının prosessual hüquq varisi X1 nümayəndə və vəkili Nümayəndə1, Cavabdeh5 nümayəndə və vəkili Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının prosessual hüquq varisi S.Əfəndiyeva tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, "xxxx" MTK, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5 qarşı “maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarışın və 01-F nömrəli forma-2 arayışının etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 verilmiş **********13- 05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh5 verilmiş **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli 24 yanvar 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh2 MMC tərəfindən İddiaçı 17 avqust 2010-cu il tarixli 179 saylı müqavilə əsasında təhvil verilmiş mübahisə predmeti olan və ünvan 1, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1 21 avqust 2024-cü il tarixli məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı hüquqi varisi kimi X1 qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən İddiaçı vəfat etdiyindən onun həyat yoldaşı X1 hüquqi varis kimi mülki işə cəlb edilməsi qərara alınmışdır.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK tərəfindən digər Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarış və 01-F nömrəli forma arayışı etibarsız hesab edilsin və bunun əsasında Cavabdeh1 verilmiş **********13-05301- 093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçının prosessual hüquq varisi S.Əfəndiyeva qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə Cavabdeh5 müqavilə bağlanarkən əmlakla bağlı mübahisə olduğunu bilmədiyinə, vicdanlı alıcı hesab olunduğunu müəyyən etdiyinə istinad etsə də, bu hallar iş materilları ilə sübut olunmur. Maraqlı olan haldır ki, mübahisəli mənzilə dair mülkiyyət hüququ haqqında çıxarışı əldə edən Cavabdeh5 həmin tarixdən hal-hazırkı dövrə qədər bir dəfə də olsun, Cavabdeh1 ona mübahisəli mənzili satdığına dair barəsində heç bir tədbir görmək istəməmişdir. Halbuki həmin mənzilə dair alqı-satqı müqaviləsini imzaladıqdan 6-7 gün sonra çıxarışın əldə edildiyi tarixdən mənzilin artıq mübahisəli olduğunu, mənzilin 2010-cu il tarixində iddiaçının hüquqi varisi olduğu İddiaçı tərəfindən 2010-cu il tarixində alındığını bilirdi. Odur ki, qətnamənin iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının prosessual hüquq varisi S.Əfəndiyevanın nümayəndə və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndə və vəkili Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Mülki iş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 362660 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 27 may 2023-cü il tarixdə ölmüşdür.

11. Ədliyyə Nazirliyi 12 saylı Notariat Ofisinin məktubundan görünür ki, xx.xx.2023cü il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi arvadı X2r.

12. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli 2-1(81)-5052/2017 saylı qərardadına əsasən iddiaçı "xxxx" MTK və cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti arasında xx.xx.2017-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmış və “Bu razılaşmaya əsasən Bakı şəhəri İcra Hakimiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə "xxxx" MTK-nın Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsi və sənədləşdirmə məsələsinə baxılması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi” barədə iddia tələbini qəbul edir.

13. "xxxx" MTK tərəfindən verilən 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən ödənilmiş və MTK-ya borcu yoxdur.

14. "xxxx" MTK-nın 23 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 məxsusdur və həmin mənzilə pasport qeydiyyatı yoxdur.

15. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın surətidən görünür ki, Cavabdeh1 kooperativə üzv qəbul olunmaqla, ünvan 1 ünvanında yerləşən mənzilin payçısı olması təsdiq edilmişdir.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən **********13- 05301- 093170 reyestr nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır.

17. Alıcı Cavabdeh5 ilə satıcı Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzili 112000 manata Cavabdeh5 satmışdır.

18. İttiham aktından və “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-530/2023 saylı cinayət işi vardır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs X8 bir neçə cinayətin törədilməsində təqsirləndirilir. O cümlədən təqsirləndirilir ki, o, xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək "xxxx" MTK-nın sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə ünvan 2 ünvanında yerləşən və xx.xx.2010-cu il tarixli müqavilə əsasında 67717 manata alınmış İddiaçı mülkiyyətində olmaqla uzun illərdir yaşayış olmayan 139 nömrəli mənzili təqdim edərək Cavabdeh1 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə” arayışı və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 həmin mənzili ona guya 105.000 manata satmaq adı ilə aldadaraq ünvan 3 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Cavabdeh1 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Həmin cinayətlə bağlı hazırkı iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 172/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-530/2023 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.

20. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə X7 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X9 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanması, X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi, iş üzrə maddi sübutlar: xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2020-ci il tarixli "xxxx" MTK- nın üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışın, xx.xx.2019-cu il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2019-cu il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarış cinayət işinin materiallarında saxlanılması, məhkəmə məsrəfi - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci X4 tutularaq dövlət büdcəsinə ödənilməsi, X8 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, X8 və ailə üzvlərinin mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 2.81 ha kənd təsərrüfatı təyinatlı və 0.24 ha həyətyanı torpaq sahələrinin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-1029/2022 nömrəli qərarı əsasında qoyulmuş həbsin götürülməməsi hökm edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının prosessual hüquq varisi S.Əfəndiyevanın apellyasiya şikayətinə əsasən - iddia tələbinin təmin edlməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf apellyasiya şikayətində Cavabdeh5 vicdanlı alıcı olması barədə rayon məhkəməsinin qənaəti ilə razılaşmamışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. Mülki Məcəllənin 149.2-ci maddəsin görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

41. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

42. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

43. Kollegiya qeyd edir ki, MM-in 140-cı maddəsinə görə, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunda əldə edənin vicdanlı alıcı kimi qəbul edilməsinin istisna olması üçün qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi halı göstərilmişdir. Yəni həmin maddədə əldə edənə münasibətdə kobud ehtiyatsızlıq halı, yəni bilməli olması halı, ümumiyyətlə, nəzərdə tutulmayıb.

44. Hazırkı halda iddiaçı tərəf alıcı Cavabdeh5 əmlakı əldə etməsindən əvvəl onun əmlak barədə qeydin qeyri-dəqiq olmasını bilməsi barədə hər hansı sübut təqdim edilməmişdir.

45. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

46. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən alıcı Cavabdeh5 əmlakı əldə etməsindən əvvəl onun əmlak barədə qeydin qeyri-dəqiq olmasını bilməsi barədə hər hansı sübut təqdim edilmədiyindən, apellyasiya şikayətinin dəlilləri isə mülahizə xarakterli olduğundan, apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə:

48. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının proses hüquqi varisi X1 özünə aid edilməlidir.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırkı apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının proses hüquqi varisi X1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar