Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5980/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)-1261/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 16.01.2008-ci il təvəllüdlü Rauf və 05.08.2010-cu il təvəllüdlü Dəniz adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 44a, mənzil 94-də yerləşən 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, cavabdeh 10.10.2006-cı il tarixdə iddiaçının oğlu Elvin Cəfərovlə nikaha daxil olaraq, gəlini kimi Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən ata evinə köçmüş və cehiz əşyaları həmin evə yığılmışdır. Birgə nikahlarından 16.01.2008-ci il təvəllüdlü Rauf və 05.08.2010-cu il təvəllüdlü Dəniz adlı uşaqları olmudur. Ailə qurduqdan bir müddət sonra oğlu işləmək üçün Bakı şəhərinə getdiyinə görə cavabdeh də onunla birlikdə köçmüş və iddiaçı kirayədə yaşamamaları üçün Binəqədi rayonunun Sulutəpə yaşayış massivində yaşayış evi tikdirib, istifadələrinə vermiş, sonradan ailə münasibətləri pozularaq, ayrılmışlar. Cavabdeh isə azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətinə 12.03.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 44a, mənzil 94-də yerləşən mənzilə özbaşına olaraq köçüb, orada yaşamağa başlamışdır. Buna görə də, iddiaçı mülkiyyətində olan mənzildən sərbəst istifadə edə və onun üzərində sərəncam verə bilmir. Həmçinin, həmin mənzilində iddiaçının kiçik oğlu Emin Cəfərovun arvadına məxsus cehiz əşyaları yerləşir ki, cavabdeh həmin əşyalardan istifadə etməklə yararsız hala salır. Cavabdeh artıq iddiaçının ailə üzvü deyildir, ona görə mənzilində yaşamağa onun hüququ yoxdur. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia verərək, azyaşlı övladları ilə birgə ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, mübahisəli evdə azyaşlı övladları ilə birgə yaşayır və cehiz əşyalarının bir qismi həmin evdədir. Şəmkir Rayon Məhkəməsi tərəfindən İddiaçı oğlu Elvin Cəfərovla aralarındakı nikahın pozulması barədə qətnamə çıxarılsa da, həmin qətnamədən hazırda apellyasiya şikayəti vermişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı və azyaşlı övladları həmin mənzildə qeydiyyatdadırlar və övladları Bakı şəhərində yerləşən məktəbdə təhsil alırlar, onların daimi təhsilindən ayrılaraq başqa yaşayış yerinə köçməsi, başqa məktəbə adaptasiya edilməsi ədalətsiz olar. O, uşaqları ilə birlikdə qeyd olunan mənzilə köçərkən mənzil dövlət qeydiyyatına alınmamışdır. İddia ərzəsinə əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında hüquq münasibəti mübahisəsiz olaraq 2011-ci il tarixdən yaranmışdır. MPM-in 217-ci maddəsinin tələbinə əsasən, mübahisə tərəflər arasında yaranmış hüquq münasibəti dövründə qüvvədə olan qanunvericiliklə həll edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)- 1261/2021 saylı qətnaməsi ilə (hakim İlham Cəfərov) ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsasən qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozlması ilə çıxarılmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, cavabdeh onun oğlu ilə ailə qurduqdan 2-3 il sonra Bakı şəhərinə köçmüş və onların yaşamaları üçün Binəqədi rayonu, Sulutəpə yaşayış massivində tikdirdiyi ev hazır olanadək bir müddət mübahisəli mənzildə yaşamışlar. Həmin vaxt mənzil onun adına qeydiyyatdan keçməmişdi, MTK-dan aldığı üçün əvvəlcə sadəcə order verilmiş, 2010-cu ildə isə reyestrdə adına dövlət qeydiyyatına alınaraq, çıxarış verilmişdir. Sulutəpədəki ev hazır olduqdan sonra oğlu ailəsi ilə birlikdə oraya köçmüş, lakin ailə münasibətləri alınmadığından ayrılmışlar. Bundan sonra cavabdeh onun xəbəri olmadan özbaşına uşaqları ilə birlikdə mübahisəli mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Güman edir ki, mənzilin açarının bir nüsxəsini əvvəlcədən özündə saxlamışdır. Hazırda həmin mənzildə kiçik oğlunun arvadına məxsus cehiz əşyaları var. Cavabdeh orada yaşamaqla həm həmin əşyalardan istifadə edir, həm də mülkiyyətçi kimi onun mənzil barəsində istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Ona görə də, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) də, apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh, İddiaçı qarşı digər bir iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən evə köçürülməsini xahiş etmiş, cavabdeh tələbə etiraz etməmiş və məhkəmənin 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin iş üzrə cavabdeh kimi İddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən edilmiş faktiki hallarına görə, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 44a, ünvanında yerləşən 94 saylı mənzil 12.03.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh 10.10.2006-cı il tarixdə iddiaçının oğlu Elvin Cəfərovla nikaha daxil olaraq, qaynatasına məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evə gəlin köçmüş, tərəflərin bu nikahdan 16.01.2008-ci ildə Rauf və 05.08.2010-cu ildə Dəniz adlı uşaqları doğulmuşdur. Bir müddət Şəmkirdə yaşadıqdan sonra Elvin Cəfərov və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Mədən yolu 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşlər. Lakin sonradan ailə münasibətləri pozulmuş və Cavabdeh azyaşlı uşaqları ilə birlikdə qaynatası olan iddiaçının mülkiyyətində olan mübahisə predmeti olan mənzilə köçmüşdür. Bundan sonra, tərəflər arasında sözügedən mənzillə bağlı mübahisə yaranmış və tərəflər hazırkı iddia ərizələri ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Sonradan Cavabdehlər İddiaçı və Elvin Cəfərova qarşı digər bir iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə mürcaiət edərək, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Mədən yolu 3 ünvanında yerləşən yaşayış sahəsinə köçürülmələrini xahiş etmiş, cavabdehlər iddiaya etiraz etməmiş və həmin məhkəmənin 16.06.2021-ci il tarixli, 2(001)-4339/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Hazırda iddiaçı, keçmiş gəlini olan cavabdehin onun ailə üzvü sayılmadığını və mülkiyyətində olan mənzilə özbaşına köçdüyünü bildirərək, onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmasını, cavabdeh isə mübahisəli mənzilə istifadə hüququnun tanınmasını tələb edir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdehlə mənzilin mülkiyyətçisi olan iddiaçı arasında onun mübahisəli mənzildə istifadə hüququna dair hər hansı notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamış, həmçinin cavabdeh mülkiyyətçinin ailə üzvü olmamışdır. Belə olan halda, istər Mülki Məcəllənin 228-ci maddəsi, istərsə də Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından onun mübahisəli mənzilə istifadə hüququ yaranmadığından mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə yaşamasının hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin mənzildən istifadə hüququnu tənzimləyən 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. İşin faktiki hallarına əsasən, tərəflər arasında mübahisəli mənzildən istifadə sahəsində notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud olmamış, cavabdehin istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə, cavabdehin mübahisəli mənzilə MM-nin 228-ci maddəsi ilə müəyyən edilmiş istifadə hüquqları yaranmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də cavabdehin (mənzilin mülkiyyətçisinin) ailə üzvü sayılmır. Çünki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, Cavabdeh qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində əmlak mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Digər qohumlar” anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Cavabdeh isə qeyd edilən kateqoriya şəxslərə aid deyildir. Kollegiya, həmçinin, vurğulayır ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğunu bildirsə də, iş materiallarından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, o, hazırda Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatdadır. Lakin hətta, sözügedən mənzildə qeydiyyatda olduğunu fərz etsək belə, bu fakt onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etməz. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə (istifadə etmək) hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. Bu hal, eyni zamanda cavabdehin mübahisəli mənzildən çıxarılması barədə ilk iddianın təmin edilməsi üçün də əsasdır. Cavabdeh apellyasiya şikayətində, həmçinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək onun istifadə hüqunun müəyyən müddətə saxlanılmalı olmasını göstərmişdir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq, ilkin olaraq qeyd edir ki, qanunverici qeyd edilən normada yalnız keçmiş ailə üzvünün müəyyən əsaslar mövcud olduğu təqdirdə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması imkanını müəyyən etmişdir. Yuxarıda qeyd edilələrə əsasən isə cavabdeh ümumiyyətlə iddiaçının ailə üzvü sayılmamışdır. Belə olan halda isə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin hazırki mübahisəyə tətbiqi mümkün deyildir. Bundan başqa, işdən görünür ki, Cavabdehlər İddiaçı və Elvin Cəfərova qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə mürcaiət edərək, azyaşlı uşaqları (16.01.2008-ci il təvəllüdlü X4 və 05.08.2010-cu il təvəllüdlü X3) ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Mədən yolu 3 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsini xahiş etmiş, cavabdehlər iddiaya etiraz etməmiş, məhkəmənin 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, hazırda cavabdeh azyaşlı övladları ilə birlikdə başqa bir yaşayış sahəsinə köçürülməsi barədə tələb irəli sürmüş, tələbi təmin olunmuşdur. Bu hal isə öz-özlüyündə, cavabdehin baxılan iş üzrə mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə qarşılqılı iddia tələbini hüquqi baxımdan əhəmiyyətsiz edir (baxmayaraq ki, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə qarşılıqlı iddia hər bir halda əsassızdır). Cavabdeh apellyasiya şikayətində, həm də iddiaçının oğlu ilə ailə qurub mübahisəli mənzilə köçən zamanı mənzilin xüsusi mülkiyyətdə olmamasını, sonradan, yəni 2010-cu il tarixdə iddiaçının adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını göstərmişdir. Məhkəmə kollediyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh mübahisəli mənzilə, mənzilin iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmamışdan əvvəl köçməsinə dair sübut təqdim etməmişdir. Lakin, hətta bu halı şərti olaraq qəbul etsək belə, yenə də hüquqi vəziyyət cavabdehin xeyrinə dəyişmir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması cavabdehin (mülkiyyətçinin) mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 11 iyul 2014-cü il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan, belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır (Qeyd: Konstitusiya Məhkəməsində baxılmış həmin işin faktiki hallarına əsasən, iddiaçı X.Məmmədova cavabdehlərin oğlu V.Bəylərovla 2001-ci ildə faktiki ailə qurmuş, qayınatası M.Bəylərovun istifadəsində olan mübahisəli evə gəlin köçmüş, lakin mübahisəli yaşayış evi 2 iyul 2011-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişlər). Göründüyü kimi, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur və mübahisəyə istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələblərinin tətbiqi baxımından (yuxarıda ətraflı şərh verilmişdir) cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüquqları mövcud deyildir. Beləliklə, iddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)-1261/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)- 1261/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5980/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5980/2021
07.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver