Məhkəmə qərarları › İş №2(103)-5980/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5980/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5980/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil ştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1596/2024 nömrəli 16 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli “borc müqaviləsi” başlıqlı iltizamda Cavabdeh “Borc müqaviləsimən Cavabdeh AZE ******** Azərbaycan Nehrəm kəndi xx.xx.1967... İddiaçı AZE ******** Azərbaycan Nehrəm xx.xx.1981... mənim Elşənə 21.500$ borcum var. 21.500 $+ faizi 12560 manat borcum var. Öhdəliyimdə olan pulu hissə-hissə may ayının axrına qaytaracağam. İmza Kamil” məzmunlu ifadə yazaraq öz imzası ilə iltizamı təsdiq etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21500 ABŞ dolları, eyni zamanda 12560 manat faiz pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh 21500 ABŞ dolları olan pulunu ələ keçirməklə ona maddi ziyan vurmuşdur. Yazılı verdiyi ərizəsindən görünür ki, əlavə olaraq 12560 manat faiz olaraq ödənilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə, ümumi şəkildə cavabdeh qeyd olunan sənədə əsasən ona münasibətdə 21500 ABŞ dolları və 12560 manat faiz pulu məbləğində maddi ziyan vurmuşdur. Hazırda cavabdeh tərəfindən ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Bununla bağlı bir sıra aidiyyəti qurumlara da tərəfindən müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə etmək mümkün olmamışdır.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 avqust 2024-cü il tarixli 2(007)-1596/2024 nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 21500 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh 21.500 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Müqavilədə müəyyən edilən müddətdə iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Cavabdeh borcu qaytarmadığından, iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur.

6. Məhkəmə iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan audio yazıya baxış keçirərək müəyyən etmişdir ki, həmin audio yazı X2 ilə Cavabdeh arasında olan dialoqu əks etdirir. Dialoqda Cavabdeh, B.N.Məmmədova İddiaçı aldığı borc məbləğlərini, həmin borclardan nə qədər pulu geri qaytardığını bildirmişdir. B.N.Məmmədov isə dialoq zamanı bunu təsdiq etmişdir. Məhkəmə həmin audio yazı ilə bağlı qeyd etmişdir ki, cavabdehin B.N.Məmmədov ilə dialoqu zamanı qeyd etdiyi borcun, İddiaçı qaytardığını dediyi pulun məhz hazırkı iddianın predmeti olan 21.500 ABŞ dolları məbləğində borcdan qaytarılması həmin audio yazı ilə sübuta yetirilmir.

7. Məhkəmə Cavabdeh “onun iddiaçıya hər hansı borcunun qalmaması” barədə izahatında göstərdiklərinə münasibətdə isə qeyd etmişdir ki, o, izahatında İddiaçı ümumilikdə 14.000 ABŞ dolları məbləğində borcu qaldığını, qalan pulu ödədiyini göstərmişdir. Lakin iddiaçı Cavabdeh ondan aralarında bağlanmış müqavilədən əvvəlki tarixlərdə borc pul aldığını və o zaman qaytardığını, xx.xx.2021-ci il tarixdə yazılı müqavilə bağlamaqla aldığı 21.500 ABŞ dolları məbləğində borcdan heç vaxt ödəniş etmədiyini qeyd etmişdir. Cavabdeh isə bunun əksini təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və cavabdeh tərəfindən şəxsən imzalanmış iltizamdan isə görünür ki, o, iddiaçıya (əsas borca münasibətdə) 21.500 ABŞ dolları borcunun olmasını etiraf etmiş, hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür, məhkəmə iclası zamanı isə həmin iltizamın şəxsən özü tərəfindən imzalanmasını inkar etməmişdir. Belə olan halda, cavabdehin məhkəmə iclasında göstərdikləri xüsusatlar iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz.

8. Məhkəmə iddia tələbinin 12.560 manat faiz borcunun tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində həmin məbləğin faiz borcu olduğunu bildirsə də, məhkəmə iclasında isə ziddiyyətli izahat verərək, öz evini sataraq cavabdehə bəhs olunan əsas borc 21.500 ABŞ dolları pulu verdiyini, evini satdığı üçün 12.560 manat məbləğin pulu isə kirayə haqqı qismində cavabdehin ona ödəməsini razılaşdırdıqlarını qeyd etmişdir. Cavabdeh isə əksinə, həmin pulun kirayə haqqı deyil, iddiaçı faizlə pul verdiyi üçün həmin 12.560 manat pulun əsas verilmiş pula hesablanmış faiz olduğunu bildirmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, iddia tələbi 21.500 ABŞ dolları borcun tutulması hissəsində əsaslı olsa da, 12.560 manat faiz pulun tutulması hissəsində təmin edilə bilməz, belə ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada kredit təşkilatı və ya bu sahədə müvafiq lisenziya əsasında fəaliyyət göstərən şəxs olmaması da nəzərə alınmaqla, “faiz” borcun tutulması hissəsində iddia təmin edilə bilməz. Bu zaman xüsusilə qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi məhz verilmiş borcun qaytarılması ilə bağlıdır, məhkəmə araşdırması zamanı cavabdehə 21.500 ABŞ dolları və 12.560 manat pulun borc verilməsi deyil, sadəcə 21.500 ABŞ dolları borc verilməsi təsdiqini tapmışdır, iddiaçı tərəf də bunu inkar etməmişdir. Buna görə də, iddia həmin hissədə təmin edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 329.2, 389.1, 442, 739.1, 740.1, 743 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş diskə əhəmiyyət verməmiş və həmin diskdə olan sübutları düzgün qiymətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

21. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

22. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

23. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Cavabdeh əlyazma qəbzdə iddiaçıdan 21.500 ABŞ dolları aldığını etiraf etmiş və may ayının axrına qədər qaytaracağını öhdəsinə götürmüşdür. Yəni, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır.

34. Borcun etirafı haqqında müqavilənin bağlanması ilə həmin ana qədər tərəflər arasında olan mübahisəli hallar aradan qalxmış olur və bu müqaviləyə qədər borcla bağlı tərəflər arasında olan mübahisəli halların araşdırılması zərurəti yoxdur. Həmçinin müqavilə xeyrinə bağlanmış şəxsin həmin borcun olmasını sübuta yetirmək öhdəliyi aradan qalxmış olur.

35. İddiaçı hazırda həmin pulu tələb edir.

36. Cavabdeh birinci instansiya məhkəməsi zamanı izahatında vərəqi onun imzaladığını qəbul etmiş, iddiaçının borcunu tam bağladığını göstərmişdir.

37. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf istinad etdiyi halı sübuta yetirməlidir. Cavabdeh əgər borcunu hissə-hissə və ya birdəfəlik şəkildə ödəmişdirsə, bu halı təsdiq edən sübutlar təqdim etməlidir, lakin cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

38. Eyni zamanda qanunvericilikdə göstərilmişdir ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

39. Baxılan iş üzrə isə borcun olması barədə cavabdeh tərəfindən verilmiş əlyazma iddiaçıda olmaqla, həmin sənəddə də icranı təsdiq edən hər hansı qeyd əks olunmamışdır.

40. Cavabdehin borcun qaytarılması ilə bağlı dəlilləri öz təsdiqini tapmamışdır.

41. Cavabdeh təqdim etdiyi CD diskdə olan səs yazısına istinad etsə də, həmin səs yazısı cavabdeh ilə X2 arasında olan dialoqu əks etdirir. Dialoqda Cavabdeh, B.N.Məmmədova İddiaçı aldığı borc məbləğlərini, həmin borclardan nə qədər pulu geri qaytardığını bildirmişdir. B.N.Məmmədov isə dialoq zamanı bunu təsdiq etmişdir. Məhkəmə həmin audio yazı ilə haqlı olaraq göstərmişdir ki, cavabdehin B.N.Məmmədov ilə dialoqu zamanı qeyd etdiyi borcun, İddiaçı qaytardığını dediyi pulun məhz hazırkı iddianın predmeti olan 21.500 ABŞ dolları məbləğində borcdan qaytarılması həmin audio yazı ilə sübuta yetirilmir.

42. Cavabdehin iddiaçıdan 21.500 ABŞ dolları alması öz etirafı ilə təsdiq edilir, lakin həmin pulu qaytarması müəyyən edilmir. Belə olan halda iddiaçı həmin pulu tələb etməkdə haqlı olmuş, məhkəmə də haqlı olaraq pulun cavabdehdən tutulması qənaətinə gəlmişdir.

43. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1596/2024 nömrəli iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar