Məhkəmə qərarları › İş №2(103)-5983/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5983/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5983/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğvi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-988/2024 nömrəli 20 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli 23223 nömrəli müqaviləyə görə “sifarişçi” Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzillərin, bron edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 1550 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökumət portalından sifarişçiyə ipoteka kreditinin ayrılması xidmətini və ms.sosiaİ.gov.az hökumət portalından sosial evlərin ayrılması xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür və sözügedən xidmət haqqının yəni 1550 manatı icraçı müqavilə bağlanan gündən sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.2-ci bəndinə əsasən “İcraçı” bu Müqavilədə nəzərdə tutulan xidməti 45 gün müddətində həyata keçirilməlidir. 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğ “Sifarişçi”yə geri qaytarılır.

2. İddiaçı Cavabdehnə ünvanlandığı xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdeh 10 gün ərzində xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinin könüllü icra edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə 24 fevral 2023-cü il tarixdə aralarında bağlanmış müqavilənin ləğv edilməsini və MMC-dən 1550 manat və ödənilmiş 35,50 manat dövlət rüsumu, ümumilikdə 1585,50 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında 24 fevral 2023-cü il tarixdə vasitəçilik xidmətlərinin göstərilməsi haqqında 210223 nömrəli müqavilə bağlanmışdır. Cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən “sifarişçi” Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzillərin bron edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 1550 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökumət portalından sifarişçiyə ipoteka kreditinin ayrılması xidmətini və ms.sosiaİ.gov.az hökumət portalından sosial evlərin ayrılması xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür və sözügedən xidmət haqqını, yəni 1550 manatı icraçı müqavilə bağlanan gündən sifarişçi tərəfindən icraçıya ödənilməsi, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıması və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğin sifarişçiyə geri qaytarılması, tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənməsi və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılması göstərilmişdir. Cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən öhdəliyini layiqincə yerinə yetirməmiş, hər gün eyni bahanələrlə onu aldadaraq yola vermiş, ən əsası isə ondan alınmış pul vəsaitini bu günə kimi verilməmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 may 2024-cü il tarixli 2(007)-988/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Cavabdehndən 1550 manat məbləğində pul vəsaiti və 35,50 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, ödənilmiş xidmət haqqını iddiaçıya geri qaytarılmalıdır.

7. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2023-cü il tarixli 23223 nömrəli müqaviləyə əsasən İddiaçı Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzilin, bron edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 1550 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökumət portalından sifarişçiyə ipoteka kreditinin ayrılması xidmətini və ms.sosiaİ.gov.az hökumət portalından sosial evlərin ayrılması xidmətlərini göstərməyi öhdəsinə götürür və sözügedən xidmət haqqını, yəni 1550 manat müqavilə bağlanan gündən sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.2-ci bəndinə əsasən “İcraçı” bu Müqavilədə nəzərdə tutulan xidməti 45 gün müddətində həyata keçirilməlidir. Göründüyü kimi tərəflər arasında müqavilənin müddəti 45 gün müəyyən edilmiş və cavabdeh müqavilədə nəzərdə tutulan xidməti 45 gün müddətində yerinə yetirməmişdir. Beləliklə, cavabdeh müqavilənin tamamilə icrasından birtərəfli şəkildə imtina etmişdir. Odur ki, 24 fevral 2023-cü il tarixli 23223 nömrəli müqavilənin müddəti bitdiyindən artıq ləğv edilmiş sayılır. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir.

8. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-dən 1550 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğ “Sifarişçi”yə geri qaytarılır. Müqaviləyə əsasən 24 fevral 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə 1550 manat xidmət haqqı ödənilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, Cavabdeh MMC müqavilədə nəzərdə tutulan xidmətləri icra etmədiyindən İddiaçı tərəfindən ödənilmiş 1550 manat xidmət haqqı geri qaytarılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 389.2, 390.1, 399.1, 399.3, 421.1, 421.2, 421.3, 427.1, 442, 443.1, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tamm rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəməyə subut kimi təqdim edilmiş xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməməsi məhkəmə tərəfindən tam şəkildə araşdırılmamışdır. Çünki, cavabdeh müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş qaydada e.gov.az hökümət portalından 70000 manat ipoteka kreditinin ayrılmasını təmin etmiş və iddiaçıya 70000 manat ipoteka krediti ayrılmışdır. Lakin müqavilənin ms.sosial.gov.az hökümət portalından sosial evlərin bron edilməsi hissəsində cavabdeh tərəf öhdəliklərinin yerinə yetirə bilmədiyindən müqavilə üzrə verilmiş xidmət haqqının 800 manatını cavabdeh iddiaçıya geri qaytarmış və bu barədə iddiaçıda olan müqavilədə həmin məbləğin iddiaçı tərəfindən alınmasına dair qeydlər aparılmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilən müqavilənin verilmiş xidmət haqqının 800 manat məbləğinin alınmasına dair hissəsi çıxarılmışdır. Bu səbəbədən də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsassız və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Göründüyü kimi tərəflər arasında bağlanmış 24 fevral 2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı Azərbaycan Dövlət İpoteka Fondundan 70000 manat ipoteka kreditinin ayrılması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Ramana Sosial Evlər” yeni yaşayış kompleksində yerləşən 3 otaqlı mənzilin, bron edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya 1550 manat xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökumət portalından sifarişçiyə ipoteka kreditinin ayrılması xidmətini və ms.sosiaİ.gov.az hökumət portalından sosial evlərin ayrılması xidmətlərini göstərməyi öhdəsinə götürür və sözügedən xidmət haqqını, yəni 1550 manat müqavilə bağlanan gündən sifarişçi tərəfindən icraçıya ödənilir.

30. Müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğ “Sifarişçi”yə geri qaytarılır.

31. Müqaviləyə əsasən 24 fevral 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə 1550 manat xidmət haqqı ödənilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

32. İddiaçı da ona görə hazırda ödənilmiş həmin məbləğin ona geri qaytarılmasını tələb etmişdir, məhkəmə də haqlı olaraq iddianı bu hissədə təmin etmişdir.

33. Cavabdeh apellyasiya şikayətində göstərir ki, cavabdeh müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş qaydada e.gov.az hökümət portalından 70000 manat ipoteka kreditinin ayrılmasını təmin etmiş və iddiaçıya 70000 manat ipoteka krediti ayrılmışdır. Lakin müqavilənin ms.sosial.gov.az hökümət portalından sosial evlərin bron edilməsi hissəsində cavabdeh tərəf öhdəliklərinin yerinə yetirə bilmədiyindən müqavilə üzrə verilmiş xidmət haqqının 800 manatını cavabdeh iddiaçıya geri qaytarmış və bu barədə iddiaçıda olan müqavilədə həmin məbləğin iddiaçı tərəfindən alınmasına dair qeydlər aparılmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilən müqavilənin verilmiş xidmət haqqının 800 manat məbləğinin alınmasına dair hissəsi çıxarılmışdır.

34. Lakin cavabdeh istinad etdiyi halı təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nədəki apellyasiya baxışı zamanı təqdim etməmişdir, iş materiallarından isə belə bir hal müəyyən edilmir.

35. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-988/2024 nömrəli iş üzrə 20 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar