Məhkəmə qərarları › İş №2(103)-5983/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5983/2025

15.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5983/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh MMC-nin nümayəndəsi ƏlNümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3972/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdə cavabdeh cəmiyyətin Şəki filialında merçendayzer vəzifəsinə işə qəbul olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsin müddətinin başa çatması, həmin tarixin qeyri iş gününə düşməsi səbəbindən xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış müddətli əmək müqaviləsinə müddəti udadılmadan xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli cavab məktublarında iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğunun müəyyən edildiyi, cavabdehin işəgötürəni barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul edildiyi göstərilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış, xx.xx.2025-ci il tarixində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair 003/X saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilərək, işinə bərpa olunmaqla məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi, eləcə də mediasiya sessiyası üçün ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək belə əsaslandırmışdır ki, o, işlədiyi müddət ərzində işinə vicdanla yanaşaraq vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər mənfi hallara yol verməmişdir. Ona görə də işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış və töhmət və şiddətli töhmət verilməmişdir. Ona qarşı belə qərəzli mövqe tutmuş cavabdeh ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, işinə vicdanla yanaşmasına hörmətlə yanaşmalı, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə almalı, indiki çətin vəziyyətdə uşağın saxlanılması üçün əldə etdiyi gəlirə bais olmamalı idi.

4. Bundan sonra cavabdeh X7” MMC iddiaya qarşı yazılı etiraz (iddia müddətinin tətbiqi barədə ərizə) təqdim edərək bildirmişdir ki, iddiaçı ilə imzalanan müqavilə işin xüsusiyyətlərinə uyğun olaraq müddətli bağlanılmışdır. İşin xüsusiyyətlərinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmaması qərara alınmış və qanunvericiliyin tələblərinə uyğun olaraq o, əvvəlcədən elektron informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Əlavə olaraq iddiaçı əmək müqaviləsinin müddətinin uzadılmadığını bildiyi üçün xx.xx.2025-ci il tarixdən işə gəlməmiş və üzrsüz səbəbdən işburaxmaya yol vermişdir. Bu səbəbdən cavabdeh xx.xx.2024-cü il tarixli, 27 nömrəli məktubla işə çıxmamasına dair məlumat verilməsini iddiaçıdan tələb etmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçı müqavilə müddətinin uzadılmayacağını əvvəlcədən bilirdi və əsassız olaraq vəzifə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində göstərilən tələbləri pozmaqla, 1 aylıq müddəti ötürülməklə 5 aydan çox olan müddət keçdikdən sonra məhkəmə müraciət etmişdir. Mübahisə tərəfinin bu barədə ərizə verməsi və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərin nəzərə alınması və iddianın rədd edilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 3972/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim X9).

6. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərdarlıqla onunla bağlanmış əmək müqaviləsinin uzadılmayacağı, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə ona məlumat verilmişdir. İddiaçıya ünvanlanmış ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli məktubun məzmunundan bəlli olur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə həmin idarəyə müraciət etməklə hüquqlarının pozulduğunu hesab etmiş və bununla da cavabdehin əmrindən xəbərdar olduğunu təsdiq etmişdir. Bundan sonra, xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası üçün müraciət etməklə və bu barədə bildiriş xx.xx.2025-ci il tarixdə göndərilməklə artıq qanunvericilklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Qeyd olunan müddətin ötürülməsini iddiaçı müraciət etdiyi qurumdan cavab məktubunu gözləməsi ilə izah etmişdir. Lakin belə yanaşma müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas vermir. xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın tərtib edilməsindən sonra iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.

7. Eyni zamanda, qeyd edilmişdir ki, əmək qanunvericiliyinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Müqavilədə tərəflər arasında münasibətlərin xitam edilməsinə dair müddət olaraq həftənin müəyyən edilməsi və həmin müddətin xx.xx.2024-cü il tarixdən bir həftə (7 gün) hesablanmasına başlayaraq son tarix xx.xx.2025-ci il tarixinin müəyyən olunması qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun gəlir. Bu baxımdan cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2025-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 8-ci, 11-ci, 45-ci, 47-ci, 68-ci, 73-cü, 83cü, 296-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 81-ci, 89cu, 106-cı, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, o, müqaviləyə xitam verildiyini bildikdən, bu barədə əmri əldə edə bilmədiyinə görə, sonradan xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini və işə bərpa olunmasını xahiş etmişdir. Məhz Xidmətin xx.xx.2025-ci il tarixli məktubunu xx.xx.2025-ci il tarixdə aldıqdan sonra xx.xx.2025-ci il tarixdə mediasiya prosesini başlatmışdır. xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın tərtib edilməsindən sonra iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bundan başqa, cavabdeh iddia tələbinə etirazında göstərir ki, o, əmək müqaviləsinin müddətinin uzadılmadığını bildiyi üçün xx.xx.2025-ci il tarixdən işə gəlməmiş və üzrsüz səbəbdən işburaxmaya yol vermişdir. Bu səbəbdən cavabdeh xx.xx.2024-cü il tarixli, 27 nömrəli məktubla işə çıxmamasına dair məlumat verməsini ondan tələb etmişdir. Əgər belə hal baş vermişdirsə, əmək qanunvericiliyinin tələbinə görə cavabdeh işəgötürən kimi, onunla bağlanmış müqaviləyə nə üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə görə yox, 68-ci maddənin 2-ci hissəsinin b) bəndinə əsasən xitam vermişdir!? Cavabdeh barəsində müqaviləyə xitam verərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozduğuna görə barəsində şərti inzibati tənbeh etmə barədə qərar qəbul edillməsinə baxmayaraq, həmin qərara əsasən məhkəmə tərəfindən cavabdehin qərara münasibəti öyrənilməmiş, qərarın cavabdeh tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi dəqiq araşdırılmamış, əgər qərar cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilməyibsə, qərarın icrasının nəticəsini araşdırmamış və qətnaməsində buna münasibətini bildirməmiş və hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə baxış iclasında cavabdeh tərəfin nümayəndəsi izahat verərkən ona, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Cavabdeh MMC-nin işəgötürəni barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərardan xəbərlərinin olubolmaması barədə” suala nümayəndənin “Bəli xəbərimiz var, ancaq məsələni öz aramızda yoluna qoymuşuq” kimi ifadəsinə düzgün hüquqi qiymət verməmiş, “Yoluna qoymuşuq” ifadəsinin mənasına qətnaməsində aydınlıq gətirməmiş, buna hüquqi qiymət verməmişdir. Cavabdeh barəsində inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvədə olduğundan, cavabbdeh tərəfindən həmin qərar mübahisələndirilmədiyindən və ya icra edilmədiyindən işə baxan məhkəmənin iddia tələbinin rədd edilməsi barədə qətnaməsi qanuni, əsaslı və ədalətli ola bilməz. İş materiallarından aydın görünür ki, iddia tələbinin əsaslı olması cavabdehlə bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlandığından cavabdeh həmin müqavilənin müddətinin uzaldılmayacağı barədə ona müddət bitdikdən sonrakı bir həftə ərzində, yəni xx.xx.2024cü il tarixədək yox, yalnız xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərməsi, bununla da əmək qanunvericiliyinin tələbini pozması, ona görə də X5 Xidməti tərəfindən Cəmiyyətin vəzifəli şəxsinin şərti cərimə edilməsi barədə qərar qəbul edilməsi, lakin cavabdeh tərəfindən həmin qərarın keçən müddətdə mübahisəlndirilməməsi və icra edilməməsi kimi hallarla tam sübut olunur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının son iş günü, yəni xx.xx.2024-cü il qeyri-iş gününə təsadüf etdiyindən, onunla bağlanmış əmək müqaviləsinə sonrakı iş günü – xx.xx.2025-ci il tarixdə müddətin sonu əsası ilə xitam verilmişdir. Bundan əlavə, “Əmək Müfəttişliyi Xidməti” haqqında əsasnaməyə əsasən onun funksiyası əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə riayət edilməsinə nəzarət etmək olduğundan, fərdi-əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan hesab edilə bilməz.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi ƏlNümayəndə apellyasiya şikayətini qəbul etməmiş və etirazın, habelə iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir; 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır; 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır; 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; 296-cı maddəsinin 2-cü bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı, o cümlədən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, xx.xx.2023-cü il taixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdə cavabdeh cəmiyyətin Şəki filialında merçendayzer vəzifəsinə işə qəbul olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsin müddətinin başa çatması, həmin tarixin qeyri iş gününə düşməsi səbəbindən xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış müddətli əmək müqaviləsinə müddəti udadılmadan xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş və həmin tarixdə onunla son haqq-hesab aparılaraq ümumilikdə 281,70 manat məbləğində pul vəsaiti onun əmək haqqı kartına köçürülmüşdür. İddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli cavab məktublarında iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğunun müəyyən edildiyi, cavabdehin işəgötürəni barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul edildiyi göstərilmişdir.

23. Bundan sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Qəbələ 1 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin ödənilməsini tələb edir.

24. Cavabdeh iddianı qəbul etmir, müqavilənin müddətli bağlandığını, müddətin qurtarması əsası ilə xitam verilməmişdən əvvəl iddiaçının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə bu barədə xəbərdar edildiyini, xəbərdarlıq məktubundan sonra iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyini, lakin gələcək kariyerasına təsir etməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə bu davranışına uyğun olan əsasla (ƏMnin 70-ci maddəsinin “ç” bəndi) deyil, ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verildiyini, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verildiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir.

25. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni də nəzərə alıb, qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

26. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).

27. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

28. Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

29. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

30. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.

31. İddiaçı apellyasiya şikayətində işdən azad edilməsi barədə əmrin ona verilmədiyini, bununla bağlı pozulmuş hüquqlarının bərpası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə müraciət etdiyini və həmin qurumun xx.xx.2025-ci il tarixli cavabını xx.xx.2025-ci il tarixdə əldə etdikdən sonra növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına, bu qurumun xx.xx.2025-ci il tarixli müvafiq arayışını həmin tarixdə aldıqdan sonra isə xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etdiyini, nəticə etibarı ilə əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürmədiyini, onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyini bildirir.

32. Halbuki, əmək müqaviləsinə xitam verildiyi, yəni xx.xx.2024-cü il tarixdə iddiaçıya son-haqq hesab olaraq 281,70 manat məbləğində pul köçürülmüşdür. Digər tərəfdən cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə müddətin qurtarması əsası ilə aralarında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi barədə iddiaçını xəbərdar etmiş və həmin tarixdə məhz bu əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu xəbərdarlıq elektron informasiya sistemi vasitəsi ilə iddiaçıya göndərilmiş və onun tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayətində də iddiaçı bu xəbərdarlığı xx.xx.2024-cü il tarixdə almadığını bildirməmiş, sadəcə olaraq bu xəbərdarlığın ona xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixədək göndərilməli olduğunu göstərmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində onunla bağlanmış müddətli əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xx.xx.2025-ci il tarixdə xitam verilməsinin ona xx.xx.2025-ci il tarixdə məlum olduğunu şəxsən qeyd etmişdir. Bununla yanaşı iddiaçı xx.xx.2025-ci il tarixdə məhz müqavilə müddətinin bitməsi əsası ilə onun qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı X5 Xidmətinin Bakı şəhər İdarəsinə şikayət ünvanlamışdır. Bu qurum tərəfindən də ona ilk dəfə xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. xx.xx.2025-ci il tarixli məktub say etibarı ilə ikinci olmuşdur.

33. Belə olan halda, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün müddətin ötürülməməsi barədə iddiaçının mövqeyi və dəlilləri əsassızdır. Digər tərəfdən iddiaçı ən azı xx.xx.2025-ci il tarixdən (hətta cavabdeh iddiaçının xx.xx.2024-cü il tarixdən işə gəlmədiyinə istinad edir) hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Bu baxımdan isə onun mövqeyi ümumiyyətlə anlaşılmazdlr.

34. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadən apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, X5 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin xidmətin fəaliyyətini tənzimləyən Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Bu səbəbdən də iddiaçının həmin orqanın göndərdiyi məktubun tarixinin (özünün dediyinə görə xx.xx.2025-ci il) fərdi əmək mübahisəsi ilə bağlı iddia müddətinin başlanğıc tarixi kimi hesablaması qanuni hesab edilə bilməz. Halbuki, belə olan halda iddiaçı yenə də 1 aylı müddəti ötürmüş olur (31-ci bənd, mediasiyadan arayış xx.xx.2025-ci il tarixdə alınmış, iddia isə xx.xx.2025-ci il tarixdə qaldırılmışdır).

36. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur.

37. İddia üzrə irəli sürülmüş “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3972/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar