Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5985/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ziyanın ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehi təxminən 35 ildir ki, tanıyır və atasının yaxın tanışı olub. Cavabdehlə münasibətləri iddiaçıya məxsus olan Xaçmaz rayonu, Şimali kəndində yerləşən bağ evində ailəvi qalıb qonaq olarkən yaranmışdır. İddiaçının qardaşı Hacəliyev Samir Sabir oğlunun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəmə prosesindən cavabdeh xəbərdar idi və onlara bildirib ki, o uzun müddət prokuror işlədiyindən dostu-tanışı çoxdur, istəsələr danışıb onlar kömək edər. Onlar da cavabdehi tanıdıqları üçün razılaşmışlar. Cavabdeh onlara bildirib ki, “5000 (beş min) manat verin işi həll edim, onu cəzadan azad edim”. Lakin cavabdehə istədiyi pul verilsə də, işi həll edə bilməmişdir. Cavabdeh özünü vəkil kimi göstərirdi, sonradan məlum olmuşdur, o, ümumiyyətlə, vəkil deyilmiş. İş alınmayandan sonra cavabdehdən verdiyi 5000 (beş min) manat pulu geri istəmişdir. Cavabdeh bildirmişdi ki, anası xəstədir, karantindir, təxminən bir il müddətinə pulu qaytaracağına söz versə də, pulu qaytarmamışdır. İddiaçı məcbur qalaraq poilis şöbəsinə müraciət etmişdir və cavabdeh polis şöbəsində də pulu aldığını etiraf etmişdir, lakin yenə də məbləği qaytarmamışdır. Sonradan iddiaçı yenə polis şöbəsinə müraciət etmişdir. Cavabdeh hətta dilindən qəbz də yazmışdır ki, 5000 (beş min) manat məbləğində pulu qaytaracaqdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını qeyd etsə də, iddiaçı cavabdehin dediyi müddətləri gözləsə də, lakin pul qaytarılmamışdır. Cavabdeh hələ də iddiaçıya olan borcunu ödəməkdən yayınır və iddiaçıya xeyli miqdarda ziyan vurmuş olur. İddiaçı da məcbur olub məhkəməyə müraciət etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-2825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə ) iddia rədd edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan beş min manat alıb qaytarmaması öz təsdiqini tapsa da, məhkəmə iddia müddətini tətbiq edərək iddianı rədd etməklə qanunsuz və əsasszı qətnamə qəbul etmişdir. O, hesab edir ki, iddia müddətinin hesablanması düzgün araşdırılmamışdır, bundan əlavə cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamış və o pul hesabına əsassız varlanmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq da göstərdi ki, onların ailəsi cavabdehin ailəsi ilə 35- 40 ili aşan yaxın münasibətləri olmuş, ona həddən artıq güvəni olmuş, həm də cavabdehin vaxtilə prokurorluqda işləməsini nəzərə alaraq qardaşına real kömək edəcəyi barədə əsası gözləntisi olmuş, o yalnız sonradan bilmişdir ki, cavabdeh heç rəsmi olaraq vəkil də deyil, cavabdeh başqa vəkil vasitəsi ilə bir sıra işlər görsə də, ümumən verdiyi sözə əməl etməmiş, onu aldadaraq pulunu mənimsəmişdir.
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
8. 20.11.2019-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş X6 daxil olmuş ərizələri üzrə toplanmış materialda mülkihüququ öhdəliklərin yaranması müəyyən olunduğundan, tərəflər arasında olan tələb mülki xarakterli olduğundan, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
9. Mülki işdə olan Cavabdeh adından tərtib edilmiş qəbzdə qeyd olunur ki, o, vətəndaş X1 nümayəndəsi olmaqla (xx.xx.2017-ci ildən) onun oğlu Hacəliyev Samir Sabir oğlunun cinayət işi ilə bağlı hər cür hüquqi yardım göstərilməsi və Samirə minimum cəza verməsi istiqamətində hər cür köməklik göstərilməsi məqsədi ilə X4 2018-ci ilin avqust ayında 5000 (beş min) manat pul almışdır.
10. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 bir sıra səlahiyyətləri həyata keçirməyi Cavabdeh etibar etmişdir.
11. Azərbaycan Respublikası Vəkillər X5 tərəfindən vətəndaş Həcəliyeva Mayaya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 438 nomrəli məktubdan müəyyən olunur ki, Cavabdeh adlı şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığından araşdırma aparılması imkan xaricindədir. Odur ki, aidiyyatı hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir.
12. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(004)- 1012/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə müəyyən olunur ki, Hacəliyev Samir Sabir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (105)-140/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Hacəliyev Samir Sabir oğlunun apellyasiya şikayəti təmin olunmamışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1673/2019 saylı, xx.xx.2019-cu il tarili qərarı ilə müəyyən olunur ki, Hacəliyev Samir Sabir oğlu kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarını dəyişdirilmədən saxlanılması qərara almışdır.
15. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
20. Maddə 373. Ümumi iddia müddəti on il təşkil edir, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
23. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
24. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. İddiaçının apellyasiya şikayətinin iki dəlili var: 1) iddia müddəti düzgün hesablanmamışdır. 2) cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamaqla əsassız varlanmışdır.
37. Əvvəla kollegiya qeyd edir ki, hazırki mübahisə tərəflər arasındakı şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərdən yaranmışdır. Cavabdeh 2018-ci ilin avqust ayında iddiaçıdan aldığı 5000 manat pul müqabilində iddiaçının qardaşına hüquqi xidmət göstərməli idi. İddiaçının qardaşı Hacəliyev Samir Sabir oğlunun cinayət işi üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. İddiaçı tərəf qərardan narazı qalaraq cavabdehin lazimi hüquqi xidmət göstərmədiyini bildiyi ən son tarix- xx.xx.2019-cü il Ali Məhkəmənin qərarının çıxarıldığı tarixdir və həmin tarixdən üç il müddət keçdikdən sonra hazırki iddianı irəli sürmüş, bununla da ilə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür, deməli, iddiaçının məhkəmə tərəfindən iddia müddətinin düzgün hesablanmaması ilə bağlı dəlili əsassızdır.
38. Kollegiya şikayətinin “cavabdeh iddiaçıdan aldığı beç min manatı qaytarmamaqla əsassız varlanmışdır” dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında münasibətlər şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuş, Mülki Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçının özü də izahatında cavabdehin müəyyən işlər gördüyünü, lakin lazım olunan nəticənin əldə olunmadığını bildirmişdir. Bu mənada bəlli olur ki, iddiaçının əsassız varlanma ilə bağlı qeyd etdiklərinin də hüquqi əsası yoxdur. Nəticə:
39. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov