Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5989/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1573/2022 saylı, 02 iyun 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Qobustan Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSCnın cavabdehlər Qayıbov Hilal Fəxrəddin oğluna, X10, İddiaçı, X1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi, həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması, yaşayış evindən istifadə hüququnun itirilməsi, cavabdehlərin yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və evin boşaldılmasından sonra təhvil verilməsi tələbi qismən təmin edilərək Qayıbov Hilal Fəxrəddin oğlundan, İddiaçı və X7 əsas borca görə 20826,93 ABŞ dolları, faiz borcuna görə 3156,67 ABŞ dolları, cərimə borcuna görə 2500 ABŞ dolları, cəmi 26483,60 ABŞ dollarının, ödənilmiş dövlət rüsumunun məbləği olan 61 manatın alınıb Cavabdeh2 QSC-yə verilməsi, tələbin Qobustan şəhəri, Yeni Massivdə yerləşən İddiaçı mülkiyyətində olan bır mərtəbəli, dörd otaqlı 87,9 kvadrat metr yaşayış, 48.1 kvadrat metr köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, evin və həyətyanı torpaq sahəsinin açıq hərracda satılması, əldə olunmuş pul vəsaiti hesabına Qayıbov Hilal Fəxrəddin oğlunun Cavabdeh2 QSC-yə olan 20826,93 ABŞ dolları əsas, 3156,67 ABŞ dolları faiz, 2500 ABŞ dolları cərimə, cəmi 26483,60 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 61 manat məbləğində pulun alınıb Cavabdeh2 QSC-yə verilməsi, İddiaçı Qobustan şəhəri, Yeni Massivdə yerləşən evinin və həyətyanı torpaq sahəsinin ilkin satış qiymətinin 41000 manat müəyyən olunması, ev satıldıqdan bir ay sonra Qayıbov Hilal Fəxrəddin oğlu, İddiaçı, X3 və X5 tərəfindən boşaldılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsini kifayət etmədikdə qalan məbləğin müştərək qaydada Qayıbov Hilal Fəxrəddin oğlundan, İddiaçı və X7 alınıb Cavabdeh2 QSC-yə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. 2.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti əsasında qətnamə 3156,67 ABŞ dolları faiz, 2500 ABŞ dolları cərimə borcu hissələrində dəyişdirilmiş, faiz borcu 2945,56 Abş dolları, cərimə borcu 100 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 3.Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4299/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli Qərarına əsasən, cavabdeh Qayıbov Hilal Fəxrəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4.Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 25/5 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-202/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin va Qobustan Rayon İcra və Probasiya Şöbəsinin 168131/2018-32-4 saylı xx.xx.2018- ci il tarixli məktubunun icrasına əsasən satış qiyməti 41000 manat və 15% endirimlə qiyməti 34850 olan İddiaçı məxsus Qobustan səhəri, Yeni Massivdə yerləşən bir mərtəbəli, 4 otaqlı, 87.9 kv.m yaşayış, 48.1 kv.m köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsi 26137,50 manata alıcı "xxxx" QSC-nin nümayəndəsi X9 əldə etmişdir. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hərracın yekunları haqqında protokolun və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "X6” MMC-nin hərracın yekunları barədə 25/5 saylı xx.xx.2019-cu il tarixli protokolun və bu protokol əsasında Qobustan şəhəri, Yeni massiv 4, ev 6-ya dair “Access Bank" ASC-nin adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin real bazar qiymətinə uyğun qiymətləndirilməklə yenidən hərrac yolu ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, mülki işin sənədlərindən də görünür ki, ipoteka predmeti olan mənzil 2014-cü ildə bank tərəfindən qiymətləndirilərək girov götürülmüşdür. Lakin həmin vaxtdan hərracın keçirilməsinə qədər 5 ildən çox müddət keçmişdir. Bu müddət ərzində bu fərdi yaşayış evində bu mənzilin bazar dəyərini artıran əsaslı tikinti işləri və həmçinin təmir yenidənqurma işləri aparılmışdır. Hal-hazırda həmin fərdi yaşayış evinin minimum bazar qiyməti 110 000 manat məbləğindədir. İpoteka predmeti olan mənzilin hərracda satılması həm Mülki Məcəllənin 415, 416-cı maddələrinin, həm də "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricinın hazırlanması” Qaydalarının tələblərinin pozulması ilə keçirilmişdir. Qanunvericilik normalarına görə qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə zamanı qiymətləndirmə normalarına əməl edilməli və mövcud bazar qiymətlərinə uyğun qiymət qoyulmalıdır. Lakin mülki işin sənədlərindən də görünür ki, cavabdehlər tərəfindən ipoteka predmetinın real bazar dəyəri müəyyən edilməmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hərrac keçirilmişdir. Onun bu hərracda iştirakı təmin edilməmiş və ipoteka predmetinin alınması ona təklif edilməmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1573/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatının olmamasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir.
9. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
10. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
11. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
12. Məhkəmə vurğulayır ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir.
13. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.
14. Digər tərəfdən, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" QSC-dir. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz.
15. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
16. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir.
17. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
18. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir.
19. Beləliklə, Cavabdeh1 MMC (“X6” MMC) tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə zamanı qiymətləndirmə normalarına əməl edilməli və mövcud bazar qiymətlərinə uyğun qiymət qoyulmalıdır. Lakin mülki işin sənədlərindən də görünür ki, cavabdehlər tərəfindən ipoteka predmetinin real bazar dəyəri müəyyən edilməmiş və onun hüquqlarının pozulması ilə nəticələnən hərrac keçirilmişdir. Həmçinin bildirir ki, onun bu hərracda iştirakı təmin edilməmiş və ipoteka predmetinin alınması ona təklif edilməmişdir. Ona görə də hesab edir ki, bu hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmədiyi üçün həmin hərracın nəticələri etibarsız hesab edilərək ləğv edilməli idi. Lakin əfsuslar olsun ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilən normalarının pozulması nəzərə alınmamış və bunun nəticəsində də onun hüquqlarımın pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Hesab edir ki, işin halları yenidən araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun yeni qətnamə qəbul edilməlidir. Mülki işin sənədlərindən də görünür ki, onun bu fərdi yaşayış evinin satışı ilə əlaqədar keçirilmiş hərracda iştirakı lazımınca qədər təmin edilməmiş və həmçinin onun hərracın keçirilməsi barədə proseslərdən məlumatı olmamışdır. Bu faktın özü də AR MM-nin 415-ci maddəsinin tələblərinin pozulması deməkdir. Qanunun bu normasından görünür ki, hərrac baş tutmadıqda hərracın təşkilatçısı bu barədə kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında məlumat dərc etməlidir. Lakin işin hallarından görünür ki, hərracın təşkilatçısı qanunvericiliyin bu tələblərinə də əməl etməmişdir və bununla da bu Qanununun 43-cü maddəsinin tələbləri pozulmuşdur. Qanunun bu normasından görünür ki, əmlakın dəyəri ilə əlaqədar mübahisə yarandıqda onda məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilir. O da iddia ərizəsində bu əmlakın dəyərinin 5 il bundan əvvəl qiymətləndirildiyini nəzərə alaraq, həmin qiymətlə razı olmadığını bildirmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən bu nəzərə alınmamış və bununla da həmin Qanunun 8-ci maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
22. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
25. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
26. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
29. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
32. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
33. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
34. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
35. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli evin ilkin satış qiyməti 41000 manat müəyyən edilmişdir. İddiaçı bu qiymətdən yaxud digər hallardan narazı idisə həmin işdə bunu mübahisələndirə bilərdi yaxud mübahisələndirsə də, hazırki yeni iddia ilə, məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə aktı ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən evin ilkin satış qiymətinin qanuniliyi həmin məhkəmə aktı ilə təsdiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının yaşadığı ünvana bildiriş göndərilmiş və sonuncu həmin bildirişi almamışdır. İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə evin hərracın nəticəsi olaraq cavabdehin mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının "Kaspi" qəzetinin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir.
37. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə İddiaçı müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış evin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin evi almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına da səbəb olur.
38. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1573/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1573/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.