Məhkəmə qərarları › İş №2(103)-599/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-599/2022

19.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-599/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi Şıxəliyeva Yeganə Nadir qızının və digər nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-694/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000 171 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxararaq, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Əzizbəyov (indiki - Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000 171 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni sərəncamla həmçinin evin tikintisinin təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılması qərara alınmışdır. Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamı hal-hazırda da qüvvədədir. Həmin torpaqda onun birmərtəbəli tikili olmuşdur. Hasarı da o, çəkmişdir. Cavabdeh isə həmin tikilini söküb yerində ev tikmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, iş üzrə cavabdeh 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncam əsasında ona ayrılmış torpaq sahəsini qanunsuz zəbt etməklə, həmin sahədə özbaşına tikili tikmişdir. Cavabdehlə bir neçə dəfə söhbətlər apararaq, ona, inşa etdiyi tikilinin yerləşdiyi torpaq sashəsinin onun qanuni istifadəsində və sahibliyində olmasını, torpaq sahəsinin ayrılması barədə İcra Hakimyyətinin sərəncamının qüvvədə olmasını bildirməklə, inşa edilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını ondan tələb etmişdir. Lakin, cavabdeh onun qanuni tələblərimə heç bir əhəmiyyət verməmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri onun sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozmuş və pozmaqda da davam edir. Hazırda o, qanuni əsəaslarla ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarını həyata keçirə bilmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-694/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçının Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Daha sonra İddiaçı apellyasiya şikayətinə əlavə təqdim etmiş və əlavəsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin onun qanuni istifadəsində ayrılması aşağıdakı hüquqmüəyyənedici sənədlərlə təsdiq edilir: Bakı Şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 29.12.2000-ci il tarixli 1990 nömrəli sərəncamı, həmin sərəncamın dövlət arxivində olması barədə arxiv arayışı. İş üzrə Cavabdeh isə zəbt etdiyi mübahisəli torpaq sahəsi ilə bağlı hüquq mühafizə orqanlarında və məhkəmədə bir-birnə zidd izahatla vermiş, məhkəmənin iş üzrə səhv nəticə gəlinməsinə nail olmuşdur. Cavabdeh mübahisəli torpaq sahəsinin gah bələdiyyədən aldığını, gah da həmin ərazinin bataqlıq olduğun və orada kiçik tikilinin olduğunu göstərir. Cavabdehin bir-birinə zidd olan bu izahatları da onu təsdiq edir ki, iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Həmçinin “cinayət işinin başlanmasının rədd edilmasəi haqqında” Xəzər Rayon Polis İdarəsinin qərarı prokror nəzarəti qaydasında ləğv edilmişdir. Hazırda iddiaçının Buzovna Bələdiyyəsi və Cavabdeh barəsində verilmiş şikayət əsasında Xəzər Rayon Polis İdarəsində cinayət təqibi davam edir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyərlə İş Mərkəzinin 09.03.2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdehla Buzovna bələdiyyəsi arasında bağlanmış 18.12.2015-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab olunması üçün Buzovna Bələdiyyəsinə təklif verilmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-694/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Şıxəliyeva Yeganə Nadir qızı və digər nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 17 noyabr 2021-ci il tarixli iclas protokolu ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon Buzovna Bələsiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi mülki işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon Buzovna Bələsiyyəsinin nümayəndəsi Poladov Vüsal Xanlar oğlu izahatında bildirmişdir ki, bələdiyyədə olan sənədlərdən müəyyən edilir ki, həmin torpaq sahəsi Cavabdeh istifadəsində olub və onun tərəfindən abadlaşdırmışdır. 2015-ci ildən isə torpaq sahəsi üçün Cavabdehla bələdiyyə arasında icarə müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyasının sonuncun iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon Buzovna Bələsiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə qeyd edilən şəxsləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-694/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamından görünür ki, həmin sərəncam İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 29.12.2000-ci il tarixli 1990 saylı sərəncamı və sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən bağ sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisəsini etdiyi bağ sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərlə təkzib olunduğundan formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçının apellyasiya şikayətində qeyd etdikləri onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüququnun mövcudluğunu təsdiq etmir. Əksinə, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayon Buzovna Bələsiyyəsinin 30.11.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı və Cavabdeh verilmiş torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən etmək mümkün olmamışdır. Belə ki, Cavabdeh istifadəsində olan, torpaq verigisinə cəlb olunmuş torpaq sahəsinin sxemi olmasına baxmayaraq İddiaçı Xəzər rayon İcra Hakimiyyəti Başçısının (keçmiş Əzizbəyov) 29.12.2000-ci il tarixli 1990 saylı sərəncamı yerləşmə sxemi təqdim olunmamışdır. Həmçinin Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 14.12.2021-ci il tarixli məktubdan görünür ki, Rayon İcra Hakimiyyəti tərəfindən 2000-ci il üzrə qəbul olunmuş sərəncamlar və ona aid sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyindən 29.12.2000-ci il tarixli, 1990 saylı sərəncamın tərəflərindən təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququnun olmasını hər hansı sübutla təsdiq edə bilmir. Halbu ki, qanunvericiliyin tələbi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-694/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-694/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar