Məhkəmə qərarları › İş №2(103)-5992/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5992/2023

09.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5992/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iş üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 572/K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə tələb irəli sürmüşdür.

2. Cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında 1 (bir) il müddətinə xx.xx.2021-ci il tarixli 303 nömrəli əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Nazirliyin 2021-ci il 18 iyun tarixli 502/K nömrəli Əmri ilə İddiaçı X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Nazirliyin 2022-ci il 20 iyun tarixli 572/K nömrəli Əmri ilə X9 Təsərrüfatı Mərkəzinin müvəqqəti təyin edilmiş direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Qeyd edirlər ki, 18-xx.xx.2022-ci il tarixləri müvafiq olaraq qeyri-iş günlərinə (şənbə və bazar) təsadüf etmişdir. Göründüyü kimi İddiaçı Nazirliklə bağladığı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə əsasən xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı Nazirliyin 2022-ci il 20 iyun tarixli 572/K nömrəli Əmri ilə işdən azad edilməsinə baxmayaraq, iddia müddətini ötürərək mediasiya təşkilatına 2023-cü ilin mart ayında, məhkəməyə isə 2023-cü ilin may ayında müraciət etmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş edir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45. 47, 68, 73, 83, 296, Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumlarda müxtəlif vəzifələrdə çalışmış, 06 mart 2020-ci il tarixli əmrlə X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş, xx.xx.2020-ci il tarixdə onunla bir illik əmək müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 368/K nömrəli əmri əsasında onunla bağlanmış əmək müqaviləsinin müddəti 1 il uzadılmışdır. Nazirliyin xx.xx.2021-ci il tarixli 502/K nömrəli əmri əsasında İddiaçı xx.xx.2022-ci il tarixinədək X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 572/K nömrəli əmri əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı son haqq-hesabı tutulmalar çıxıldıqdan sonra 939.09 manat xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına köçürülmüşdür. İddiaçının izahatı ilə də müyyən edilmişdir ki, iddiaçı bu pulun son haqq-hesab olduğunu bilmiş, eyni zamanda onunla 1 il müddətinə müqavilə bağlandığından məlumatı olmuşdur. Bundan əlavə Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2022-ci il tarixli məktubunu aldıqdan sonra xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə bərpa olunması ilə bağlı müraciətlər etmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi, işə bərpa olunması ilə bağlı müraciətləri, cavabdehin 16 yanvar 2023-cü il tarixli cavab məktubu bunu sübut edir) baxmayaraq Mediasiya Şurasına 29 mart 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 9 ay sonra mediasiya şurasına müraciət etmişdir. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. İddiaçı cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixinədək Şahdağ Milli Parkına sahə müfəttişi vəzifəsinə 3 aylıq sınaq müddəti ilə təyin edilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin xx.xx.2010-cu il tarixli 77/K nömrəli əmrindən məlum olur ki, İddiaçı Şahdağ Milli Parkına sahə müfəttişi vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının xx.xx.2011-ci il tarixli 160/K nömrəli əmrindən məlum olur ki, İddiaçı müvəqqəti olaraq Şahdağ Milli Parkına İsmayıllı rayonu üzrə direktor müavini vəzifəsi həvalə edilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin xx.xx.2018-ci il tarixli 71/K nömrəli əmrindən məlum olur ki, Şahdağ Milli Parkının sahə müfəttişi İddiaçı ilə əmək müqaviləsinə onun öz xahişi ilə xitam verilmişdir; - İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 138 nömrəli əmək müqaviləsindən məlum olur ki, İddiaçı xx.xx.2018-ci il tarixinədək Şahdağ Milli Parkına direktor müavini vəzifəsinə təyin edilmişdir; - xx.xx.2018-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək Şahdağ Milli Parkına İsmayıllı rayonu üzrə direktor müavini vəzifəsinə təyin edilməsini xahiş etmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının xx.xx.2018-ci il tarixli 092/K nömrəli əmrindən məlum olur ki, İddiaçı Şahdağ Milli Parkına İsmayıllı rayonu üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir; - İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 88 nömrəli əmək müqaviləsindən məlum olur ki, İddiaçı xx.xx.2020-ci il tarixinədək X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2020-ci il tarixli 166/K nömrəli əmrindən məlum olur ki, İddiaçı X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə müvəqqəti olaraq 3 ay müddətinə təyin edilmiş, həmin tarixdən Şahdağ Milli Parkının direktor müavini vəzifəsindən azad edilmişdir; - xx.xx.2020-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsini xahiş etmişdir; - İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən məlum olur ki, İddiaçı xx.xx.2021-ci il tarixinədək X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 368/K nömrəli əmrindən məlum olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 1 il uzadılmışdır; - xx.xx.2020-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinin bir il müddətinə uzadılmasını xahiş etmişdir; - İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 303 nömrəli əmək müqaviləsindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixinədək X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2021-ci il tarixli 502/K nömrəli əmrindən məlum olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 1 il uzadılmışdır; xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2022-ci il tarixli 572/ K nömrəli əmrindən məlum olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əsasən xitam verilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 305/Ü nömrəli əmrindən məlum olur ki, Şahdağ Milli Parkının direktor müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” verilmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Təsərrüfatı Mərkəzinin məlumatından məlum olur ki, İddiaçı son haqq-hesabı tutulmalar çıxıldıqdan sonra 939.09 manat xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına köçürülmüşdür; - xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubların məzmunundan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək işə bərpa olunmasını xahiş etmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin № 1044/Ü saylı xx.xx.2021-ci il tarixli Əmrində qeyd olunur ki, “vətəndaş Nüşabə Əlisa qızının şikayət ərizələri əsasında müraciətin obyektiv araşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısının alınması və nöqsanlara səbəb olan şəraitin aradan qaldırılması məqsədilə X9 Təsərrüfatı Mərkəzinin direktoru İddiaçı barəsində xidməti araşdırma təyin edilsin və xidməti araşdırma aparıldığı dövrdə İddiaçı səlahiyyətlərinin icrası dayandırılsın. İddiaçı səlahiyyətlərinin icrasının dayandırıldığı müddətdə X9 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq direktor müavini X4 həvalə edilsin.”; - Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* saylı məktubunda göstərilmişdir ki, Baş idarənin İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.”; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14/2-Q-4331-1/2023 saylı məktubda göstərilmişdir ki, onun müraciətinə baxılmış, hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsində uyğun vakant vəzifə olmadığından işlə təmin olunmağı imkanları xaricindədir. Gələcəkdə uyğun iş yerləri yaranarsa müraciətə yenidən baxılacaqdır. Ali təhsilli olmağı nəzərə alınaraq Nazirliyin Aparatında və ya tabeli qurumlarında dövlət qulluğu sahəsində işlə təmin edilmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçməlidir. Nazirliyin strukturuna daxil olmayan mövcud tabeli qurumların, həmçinin Agentliklərin kadrlarla komplektləşdirilməsi həyata keçirilərkən vakant vəzifələr, onların tutulma şərtləri, lazımi sənədlər və qəbul üzrə keçiriləcək müsahibələr barədə məlumat Nazirliyin rəsmi internet səhifəsində elan ediləcəkdir.” Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2854/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 42.1, 43.1, 45.1, 47, 296, 300, Mülki Prossesual Məcəlləsinin 9.3, 14.1, 77, 88, 384, 385, 387ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 572/ K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əsasən xitam verilmişdir. Lakin onun faktiki olaraq belə bir əmrin verilməsindən heç bir xəbəri olmamışdır və həmin əmrin surəti cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza əlavə edilməklə məhkəmə baxışı zamanı təqdim edilmişdir. Həmin müddətə qədər onun işdən çıxarılma əmrinin surəti və əmək kitabçası ona təqdim edilməmişdir və onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 572/K nömrəli əmrindən heç bir xəbəri olmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək və cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş yazılı etiraza uyğun izahat verərək, iddiaçının birinci instansiya məhkəməsində bütün iclaslarda 2022-ci ilin iyun ayında işdən çıxdığından xəbərdar olduğunu bildirdiyini, iddiaçının birinci instansiya məhkəməsində son haqqhesabı aldığını da etiraf etdiyini qeyd etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372- 384, 560, Əmək Məcəlləsinin 10, 68-76, 296, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir, habelə müddətin ötürülməməsi ilə bağlı apellyasiya şikayətində irəli sürülən dəlillər iş materialları ilə təkzib edilir. Qeyd edilməlidir ki, kifayət qədər zaman çərçivəsində ehtimal olunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan və qarşı tərəfin iddiaçıya yönələn tələblərinin mənzərəsində sui-istifadəyə işarə edən hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2022-ci il tarixli 572/ K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əsasən xitam verilmiş, son haqq-hesabı xx.xx.2022-ci il tarixdə onun əmək haqqı kartına köçürülmüş (iddiaçı bunu mübahisələndirmir), ondan sonra iddiaçının əmək hüquqlarının bərpası ilə bağlı müraciətləri olmuş, məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh isə etirazla müraciət edərək iddia müddətinin tətbiqini xahiş etmişdir. 10.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: ”Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciət edənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.”

11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları: 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası: 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar: 1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. 4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 5.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri. 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar