Məhkəmə qərarları › İş №2(103)-5993/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5993/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5993/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə ((hazırda Cavabdeh MTK) və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5993/2022 (Açar sözlər: müqavilənin ləğvinin etibarsızlığı, mənzilin təhvil verilməsi) Bakı şəhəri 21 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1611/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 05 sentyabr 2017-ci il tarixli müqavilə ilə Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 145 kv.m-dən ibarət mənzili tikib İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə mənzili mülkiyyətinə qəbul etməyi və mənzilin dəyəri olan 188500 manatı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 3-cü maddəsinə əsasən alıcı 94000 manat məbləğindən ibarət mənzilin ümumi dəyərinin 50% həcmində hissəsini ilkin ödəniş kimi ödəməyə öhdəsinə götürmüş, ümumi dəyərinin qalan hissəsi isə 36 ay ərzində, hər ayın 5-dək, ayda 2600 manat olmaqla, müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafik əsasında ödənilməlidir. Müqavilənin 4.1.6-cı maddəsinə əsasən mənzil tikintisi ilə əlaqədar “Alıcı” tərəfindən bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödəmələr davamlı olaraq 3 dəfə yerinə yetirilmədikdə bir tərəfli qaydada xəbərdarlıq edilərək, bu müqaviləyə xitam vermək satıcının hüquqlarından biridir.

2. İddiaçı tərəfindən 2020-ci ilin mart ayınadək qrafik üzrə ödənişlər aparılmış, lakin həmin ilin aprel ayından başlayaraq ödənişlərin vaxtında gecikmələr başlamış və aylıq ödənilən məbləğlər natamam olmuşdur. Sonuncu ödəniş 05 oktyabr 2020-ci il tarixə 2000 manat olmuşdur.

3. Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 16 oktyabr 2020-ci il tarixli bildirişin surətinə əsasən sonuncu 5900 manat borcu ödənilməmiş qalması barədə məlumatlandırılmış və müqavilənin 4.1.6-cı bəndinə istinad edilərək, müqaviləyə xitam verilməsi barədə məlumat verilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı arasında 05 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 145 kv.metr olan mənzil barədə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömrəli müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi və həmin mənzilin iddiaçıya qaytarılması, həmin mənzilin hər hansı bir obyektiv səbəbdən iddiaçıya qaytarılması mümkün olmadığı təqdirdə həmin mənzilin faktiki bazar dəyəri olan 290000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsası kimi iddiaçının son 3 ay ərzində heç bir ödəniş etmədiyini göstərməsi tamamilə əsassızdır. Belə ki, müqaviləyə əlavə olunan aylıq ödəniş qrafikindən və məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən görünür ki, o, müqavilənin son 3 ayında hər ay 1000 manat və oktyabr ayında da 2000 manat ödəniş etmişdir. O, pandemiya ilə bağlı ödənişi tam olaraq həyata keçirə bilmədiyi səbəbindən cavabdehin şifahi razılığına əsasən hər ay 2600 manatın yerinə 1000 manat ödəniş etmişdir. Cavabdeh isə buna münasibətdə onun tərəfindən son ayların aylıq ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən az ödənilməsinə etiraz bildirməmiş və həmin pulları qəbul etmişdir. Həmçinin müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti bitdikdən sonra, onun tərəfindən cavabdehə 2000 manat ödəniş edilmiş və cavabdeh həmin ödənişi qəbul etmişdir. Beləliklə, cavabdeh onun pandemiya ilə bağlı baş vermiş böhrana görə aylıq ödənişi natamam ödəməsi ilə bağlı müraciətinə, həmin ödənişləri azaldılmış qaydada qəbul etməklə razılıq vermiş və bununla da müqavilənin ödəmə hissəsində dəyişdirilməsinə razılaşmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)1611/2021 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia qismən təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 2/23 nömrəli müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi, Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152, 331.1, 337.2, 337.4, 337.5, 405.1, 406.3, 407.2 və 447.3.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Cavabdeh MTK (əvvəlki Cavabdeh MMC) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)-1611/2021 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-861/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)1611/2021 nömrəli qətnaməsi mühahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, İddiaçı 05 sentyabr 2017-ci il tarixli, 2/23 nömrəli müqavilə üzrə vaxtaşırı ödənişlər etmiş, sonuncu ödənişi 05 oktyabr 2020-ci ildə icra etmiş, cavabdeh tərəf həmin ödənişlə razı olaraq onu qəbul etmişdir. Göründüyü kimi iddiaçı müqavilənin icrasından imtina etmədiyi və həmin müqavilənin ləğv edilməsinə əsaslar olmadığı halda cavabdeh tərəf qanunsuz və əsassız olaraq qeyd edilən müqavilə üzrə öhdəlikdən birtərəfli qaydada imtina etmişdir.

11. Apellyasiya şikayətinin “X7 ilə Cavabdeh MMC arasında mənzilə dair 28 oktyabr 2020-ci il tarixli, 2/75 saylı alqı-satqı müqaviləsinin bağlanmasının və bununla bağlı C.Məmmədliyə 28 oktyabr 2020-ci il tarixli 2/75 saylı maliyyə arayışının verilməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması, C.Məmmədlinin vicdanlı alıcı və mənzilin mülkiyyətçisi olması, həmin mənzilin satılmasına dair onunla bağlanmış müqavilənin isə qüvvədə olması barədə” dəlilinə qiymət verən məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına istinad etməklə hesab etmişdir ki, Cavabdeh MMC ilə üçüncü şəxs X7 arasında mübahisəli mənzilə dair bağlanmış 28 oktyabr 2020-ci il tarixli, 2/75 saylı müqavilə əhəmiyyətsiz əqddir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-861/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(102)-3079/2022 saylı qərarı ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-861/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(102)-3079/2022 saylı qərarındakı mövqeyi ondan ibrət olmuşdur ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin hazırki iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri iddiaçının müqavilə üzrə öhdəliklərinin icra etməməsi və mübahisələndirilən yaşayış sahəsinin başqa şəxsin mülkiyyətində olmasından ibarət olmuşdur. İddiaçı qeyd olunan halı nəzərə almaqla, ilkin iddia tələbini dəyişdirmiş və alternativ tələb irəli sürmüşdür: cavabdehlə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməklə mənzilin iddiaçıya qaytarılması və ya bu mümkün olmadıqda mənzilin faktiki bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması.Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli iclasında X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmadan (ona ünvanlanan məhkəmə bildirişinin apellyasiya məhkəməsində tərtib olunması və göndərilməsi iş materialları ilə müəyyən edilmir), işə onun iştirakı olmadan baxmış və yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir.

15. Məhkəmə Kollegiyası qeyd edir ki, ikinci apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən ərizə təqdim edərək bildirmişdir ki, Nəsimi ryon məhkəməsinə ünvanladığı iddia ərizəsində mübahisəli mənzilin İddiaçı qaytarılması ilə yanaşı həmin mənzilin qaytarılması mümkün olmadığı təqdirdə onun əvəzinə cavabdehdən 290.000,0 manat pulun iddiaçıya verilməsi haqda tələb də qeyd edilmişdir.Tələbin bu qaydada qoyulmasının səbəbi o idi ki, cavabdeh tərəfindən iddiaçının binaya girişi məhdudlaşdırılmış və bunun nəticəsində iddiaçının ümumiyyətlə mənzilin müqəddaratından məlumatı olmamışdır.Lakin məhkəmə icraatı zamanı iddianın təmin tədbiri çərçivəsində icra məmurları tərəfindən mənzilə baxış keçirilmiş və onun üzərinə həbs qoyulmuşdur.Bu səbəbdən də iddianın ikinci hissəsinin zəruriliyi aradan qalxmışdır.Beləliklə, yuxarıda göstərilənlərə əsasən mübahisələndirilən hissədə iddianın aşağıdakı kimi qəbul edilməsini xahiş etmişdir:” Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 2/23 nömrəli müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsassız hesab edilsin, Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin İddiaçı qaytarılsın”. Məhkəmə Kollegiyası həmin ərizəni qəbul etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

d) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən İddiaçı müqavilə bağlayarkən müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin ümumi dəyərin qalan hissəsini 36 ay ərzində aylıq ödəniş qrafikində göstərilən qaydada ödənilməsi barədə öhdəlik götürməsini, 05 sentyabr 2020-ci il tarixinə kimi 94500 manat həcmində pul vəsaitini hər ay bərabər hissələrlə ödəməyi barədə öhdəçilik yazmasını və tərəflərindən əlavə bir ay yarım gözlənilməsini araşdırmamışdır. Əgər işin həmin faktiki halları aydınlaşsaydı onda məlum olardı ki, iddiaçı həmin pul vəsaitlərini vaxtında ödəməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və pozmuşdur. Buna görə də, cavabdehin əlavə bir ay yarım gözlədikdən sonra müqaviləyə xitam verməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə, həmçinin X7 ilə "xxxx" MMC arasında mənzilə dair xx.xx.2020-ci il tarixli, 2/75 saylı alqı-satqı müqaviləsinin bağlanmasını və bununla bağlı C.Məmmədliyə xx.xx.2020-ci il tarixli 2/75 saylı maliyyə arayışının verilməsini araşdırmamışdır. Həmin məsələnin mühüm əhəmiyyəti ondan ibarətdir ki, C.Məmmədli vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir. Mənzilin satılmasına dair onunla bağlanmış müqavilə isə halhazırda qüvvədədir.

17. Həmçinin, yeni apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında iştirak etmiş cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X8 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil3 mübahisəli mənzilin 3-cü şəxs X7 tərəfindən çoxdan təmir edilərək ailəsi ilə birgə yaşadıqlarını bildirmiş və bunun nəzərə alınmalı olmasını qeyd etmişlər.İddiaçı və onun vəkili isə mənzildə heç bir təmir aprılmadığını və mübahisəli mənzilin heç kimin istifadəsində olmadığını bildirmişlər.

18. Məhkəmə Kollegiyası mübahisəli mənzilin 3-cü şəxs X7 tərəfindən təmir edilərək ailəsi ilə birgə yaşadıqları dəlilinin araşdırılması məqsədi ilə tərəflərin razılığı ilə 14 noyabr 2022-ci il tarixə sat 17:00-a mübahisəli mənzilə baxış təyin etmiş, lakin baxış zamanı cavabdeh "xxxx" MTK-nın komendantı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil3 (iddiaçı və vəkili də iştirak etmişdir) mübahisəli mənzilə daxil olmağa etiraz edərək şərait yaratmamışlar.Odur ki, məhkəmə Kollegiyası mübahisəli mənzilin 3-cü şəxs X7 tərəfindən təmir edilərək ailəsi ilə birgə yaşadıqları dəlilinin təsdiqini tapmadığı qənaətinə gəlmişdir.

19. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. (MPM-in 77.1-ci və 106.2. –ci maddəsi).

e) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Yeni apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdilər.

21. Yeni apellyasiya baxışı zamanı əvvəlki iclaslarda iştirak etmiş cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X8 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

22. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs (vəkil və nümayəndələri) iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər.

23. Həmçinin, cavabdeh "xxxx" MTK-nın sədri qismində Sabir Mustafayev tərəfindən məhkəmə iclasının təxirə salınması barədə “Elektron kabinet” vasitəsilə müraciət olunmuşdur.

24. Eyni zamanda, Nəsimi rayon məhkəməsinin 07 may 2021-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmasına baxmayaraq X7 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayəti verdiyi müəyyən olunmuşdur.

25. Lakin MPM-in tələblərinə görə apellyasiya şikayətinin prosessual qaydalara uyğunluğunun yoxlanması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan və birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı işin baxışdan çıxarılmasına dair sorğu verilməsi müəyyən edilmədiyindən Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

27. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

28. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

29. 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

30. 447.3.1-ci maddəsinə görə, ikitərəfli müqavilələrdə öhdəliyin pozuntusu cüzi olduqda tərəfin müqavilədən imtina edilməsi yolverilməzdir.

31. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

32. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

33. 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

34. 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

35. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

36. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

37. 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

38. 178.8-ci maddəsinə görə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı

39. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

Avropa İnsan Hüquqları Məhkəməsinin:

40. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

41. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

f) Apellyasiya baxışının hədləri

51. Apellyasiya şikayətində qətnamə qismən-iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

52. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

54. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” xx.xx.2017-ci il tarixli, 2/23 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq davamlı şəkildə ödənişlər aparmış, mübahisəli mənzilin dəyərinin əhəmiyyətli hissəsini (mənzilin 188500 manat dəyərinin 182600 manatını) ödəmiş, cavabdeh son ayların aylıq ödənişinin ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən az ödənilməsinə etiraz etməmiş, həmin pulları qəbul etmiş, buna baxmayaraq cavabdeh tikinti şirkəti əsassız olaraq müqaviləyə birtərəfli qaydada xitam vermişdir.

55. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması qənaətinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçının həmin pul vəsaitlərini vaxtında ödəməməsi, üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və pozması barədə” dəlilinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.6-cı bəndindən görünür ki, tərəf ödəmələr davamlı olaraq 3 (üç) dəfə yerinə yetirilmədikdə tikinti şirkətinin bir tərəfli qaydada xəbərdarlıq edərək bu müqaviləyə xitam vermək hüququ vardır. Lakin iş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 2/23 nömrəli müqavilə üzrə vaxtaşırı ödənişlər etmiş, sonuncu ödənişi 05 oktyabr 2020-ci ildə icra etmiş, cavabdeh tərəf həmin ödənişlə razı olaraq onu qəbul etmişdir. Göründüyü kimi iddiaçı müqavilənin icrasından imtina etmədiyi və həmin müqavilənin ləğv edilməsinə əsaslar olmadığı halda cavabdeh tərəf qanunsuz və əsassız olaraq qeyd edilən müqavilə üzrə öhdəlikdən birtərəfli qaydada imtina etmişdir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “X7 ilə "xxxx" MMC arasında mənzilə dair xx.xx.2020-ci il tarixli, 2/75 saylı alqı-satqı müqaviləsinin bağlanmasının və bununla bağlı C.Məmmədliyə xx.xx.2020-ci il tarixli 2/75 saylı maliyyə arayışının verilməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması, C.Məmmədlinin vicdanlı alıcı və mənzilin mülkiyyətçisi olması, həmin mənzilin satılmasına dair onunla bağlanmış müqavilənin isə hal-hazırda qüvvədə olması barədə” dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı tikilməkdə olan binada mənzili əldə etmək üçün qanuni əsaslarla ilk müqavilə bağlayan şəxsdir və dövlətin qanunvericilik siyasətinə uyğun olaraq mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin haqqları qorunmalıdır.

57. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib.Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr işin məyyən edilmiş hallarına əsasən belə mübahisələri birinci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, suiistifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün birinci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili ikinci şəxsə satacaqlar.

58. Bundan başqa cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil3 mübahisəli mənzilin 3-cü şəxs X7 tərəfindən çoxdan təmir edilərək ailəsi ilə birgə yaşadıqlarını bildirmiş və bunun nəzərə alınmalı olmasını qeyd etmişlər.İddiaçı və onun vəkili isə mənzildə heç bir təmir aprılmadığını və mübahisəli mənzilin heç kimin istifadəsində olmadığını bildirmişlər.

59. Məhkəmə Kollegiyası mübahisəli mənzilin 3-cü şəxs X7 tərəfindən təmir edilərək ailəsi ilə birgə yaşadıqları dəlilinin araşdırılması məqsədi ilə tərəflərin razılığı ilə 14 noyabr 2022-ci il tarixə sat 17:00-a mübahisəli mənzilə baxış təyin etmiş, lakin baxış zamanı cavabdeh "xxxx" MTK-nın komendantı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil3 (iddiaçı və vəkili də iştirak etmişdir) mübahisəli mənzilə daxil olmağa etiraz edərək şərait yaratmamışlar.Odur ki, məhkəmə Kollegiyası mübahisəli mənzilin 3-cü şəxs X7 tərəfindən təmir edilərək ailəsi ilə birgə yaşadıqları dəlilinin təsdiqini tapmadığı qənaətinə gəlmişdir.

60. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. (MPM-in 77.1-ci və 106.2. –ci maddəsi).

61. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış olmadığından müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X3 mübahisəli mənzilə münasibətdə vicdanlı alıcı olaraq qəbul edilməsi Mülki Məcəllənin müvafiq tələblərinə uyğun olmazdı.

62. Belə ki, "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.

63. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

64. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

65. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

66. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

67. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iddianın rədd olunan hissəsində iddiaçı qətnaməni mübahisələndirmədiyindən, cavabdeh isə qətnaməni iddanın təmin olunan hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız iddianın təmin olunan hissəsində yoxlayır.

68. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” xx.xx.2017-ci il tarixli, 2/23 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.m mənzilin dəyərinin bir qismini ödəmişdir. Sonuncu ödəniş iddiaçı tərəfindən Cavabdeh MMC-nin xeyrinə 05 oktyabr 2020-ci ildə edilmişdir (iş materiallarına əlavə edilmiş GDĞ 708003 nömrəli mədaxil orderinin qəbzi). Həmin hallar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Buna baxmayaraq Cavabdeh MMC tərəfindən iddiaçıya 28 oktyabr 2020-ci ildə əsassız olaraq bildiriş göndərilərək bildirilmişdir ki, çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 05 sentyabr 2017-ci il tarixli, 2/23 saylı müqaviləyə xx.xx.2020-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir.

69. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv. metr olan mənzilin əldə edilməsinə dair xx.xx.2017-ci il tarixli, 2/23 nömrəli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsini və həmin mənzilin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Çünki, iddiaçı müqavilənin şərtlərinə əməl etməklə davamlı olaraq ödənişlər aparmış, tikinti şirkəti isə əsassız olaraq müqaviləyə birtərəfli xitam vermişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında 05 sentyabr 2017-ci ildə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə görə, Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 188500 manat təşkil edir. Müqavilənin 3-cü bəndinə görə, alıcı 94000 manat məbləğindən ibarət mənzilin ümumi dəyərinin 50% həçmində hissəsini ilkin ödəniş kimi ödəməyə öhdəsinə götürür, ümumi dəyərinin qalan hissəsini isə 36 ay ərzində, hər ayın 5dək bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafik əsasında ödəyir. Həmin müqavilənin 4.1.6-cı bəndindən görünür ki, tərəf ödəmələr davamlı olaraq 3 (üç) dəfə yerinə yetirilmədikdə tikinti şirkətinin bir tərəfli qaydada xəbərdarlıq edərək bu Müqaviləyə xitam vermək hüququ vardır. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı 2/23 nömrəli müqavilə üzrə müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu ödənişi 05 oktyabr 2020-ci ildə etmiş və həmin məbləğ 2000 manatdan ibarətdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMCnin İddiaçı ünvanlandığı xx.xx.2020-ci il tarixli, 407 nömrəli bildirişin surətindən görünür ki, dəyəri 188500 manat təşkil edən mübahisəli mənzilə görə İddiaçı 5900 manat borcu qalmışdır.İddiaçı isə həmin borcu da ödəniş etməkdən boyun qaçırmamışdır.

71. İkitərəfli müqavilələrdə öhdəliyin pozuntusu cüzi olduqda tərəfin müqavilədən imtina edilməsi yolverilməzdir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.(Mülki Məcəllənin 447.3.1ci, 421.1-ci və 421.2-ci maddəsi).

72. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-861/2022 nömrəli qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(102)-3079/2022 saylı qərarındakı mövqeyi ondan ibrət olmuşdur ki, birincisi, iddiaçı ilkin iddia tələbini dəyişdirmiş və alternativ tələb irəli sürmüşdür: cavabdehlə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməklə mənzilin iddiaçıya qaytarılması və ya bu mümkün olmadıqda mənzilin faktiki bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması; İkincisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmadan (ona ünvanlanan məhkəmə bildirişinin apellyasiya məhkəməsində tərtib olunması və göndərilməsi iş materialları ilə müəyyən edilmir), işə onun iştirakı olmadan baxmış və yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir.

73. Yuxarıda qeyd edildiyi kimi, ikinci apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən ərizə təqdim edilərək mübahisələndirilən hissədə iddianın aşağıdakı kimi qəbul edilməsini xahiş etmişdir:” Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 2/23 nömrəli müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsassız hesab edilsin, Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin İddiaçı qaytarılsın”.

74. Həmçinin, yeni apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X6 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə araşdırma aparılmışdır.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1611/2021 saylı qətnaməsi mühahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar