Məhkəmə qərarları › İş №2(103)-5994/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5994/2023

16.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5994/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Statistika Mənzil İstehlak Kooperativinə qarşı iş üzrə (Açar sözlər: “istifadə edilməmiş məzuniyyətə görə pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə Cavabdeh Mənzil İstehlak Kooperativinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul tələbinə dair dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3119/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Mənzil İstehlak Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2007-ci il tarixdən iş başa çatana qədər tikinti işlərinin icraçısı vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh Mənzil İstehlak Kooperativinin xx.xx.2007-ci il tarixli, 2 A saylı əmri ilə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 5-də yerləşən Cavabdeh MİK tərəfindən inşa olunan 3 saylı, /2 mərtəbəli, 7 girişli yaşayış evinin tikintisində təhlükəsizliyi təmin etmək məqsədi ilə həmin tikinti obyektində qaldırıcı qurğuların təhlükəsiz istismarına cavabdeh iş icraçısı İddiaçı təyin olunmuşdur. xx.xx.2007-ci il tarixli cədvələ əsasən iş icraçısının əmək haqqı 60 manat təşkil edir.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 20% məbləğində dövlət nəfin pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

4. 01.07.2014-cü il tarixli 15/k saylı əmr ilə İddiaçı həmin tarixdən ştat cədvəlinə uyğun olaraq fəhlə kimi işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur. Aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 125 manat təşkil edir.

5. Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh MİK-in sədri X4 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.700 manat məbləğində inzibati cərimə olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh Mənzil İstehlak Kooperativinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007- 2022-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdən Cavabdeh MİK-də müxtəlif vəzifələrdə işləmişdir. İşəgötürən "Statistika" Mənzil İstehlak Kooperativinin sədri X2 xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdən işdən azad olunduğunu ona şifahi olaraq bildirmişdir. O, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməmiş əmək haqqı və son haqq-hesab üzrə ödənilməli digər ödəmələrin verilməsini tələb etdikdə cavabdeh ona pul verməyəcəyini bildirmişdir. Məlum olmuşdur ki, cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsi cavabdeh tərəfindən ümumiyyətlə rəsmiləşdirilməmişdir. Belə ki, onun əmək kitabçasında cavabdeh tərəfindən heç bir qeydiyyat aparılmamış əmək müqaviləsinin bağlanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata salınmamışdır. Amma cavabdeh tərəfindən imzalanmış əmrlər və digər sənədlər də təsdiq edir ki, o, hansı dövrlərdə hansı vəzifələri icra etmişdir. İş icraçısı işlədiyi dövrdə ona qarşılıqsız olaraq əlavə vəzifələr də həvalə edilmişdir. Əmək hüquqlarının pozulması ilə əlaqədar Yasamal rayon prokurorluğuna müraciəti nəticəsində cavabdeh barəsində aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən AR lXM-nin 192.5ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən onun hüquqların pozularaq 2007-2022-ci illər üzrə ona əmək məzuniyyəti və istifadə etmədiyi məzuniyyətə görə kompensasiya verilməmiş, həmçinin Dövlət Sosial Müdafiə Fonduna heç bir ödəniş edilməmişdir. Nəticədə onun işlədiyi dövrə görə pensiya kapitalından da məhrum olur. Hesab edir ki, ona dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənilməli və onun hüquqları bərpa edilməlidir.

8. Cavabdeh Mənzil İstehlak Kooperativinin nümayəndəsi X4 iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Cavabdeh MİK-ə ştat cədvəlinə uyğun olaraq 60 manat maaşla iş başa çatana qədər iş icraçısı vəzifəsinə qəbul edilmişdir. Buna müvafiq olaraq əmək müqaviləsi də bağlanmışdır. Dövlət Sosial Müdafiə Fonduna müvafiq köçürmələr də edilmişdir. Tikinti 2011-ci ildə başa çatmışdır. Lakin iddiaçı ərazini tərk etməmişdir. 2013-cü ilin avqustunda tikintidə təhlükəsizlik qaydalarını pozduğundan haqqında cinayət işi açılmış, xx.xx.2014-cü il tarixində barəsində hökm çıxarılaraq 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və aylıq qazancından hər ay 20% məbləğində pulun dövlət nəfinə tutulması nəzərdə tutulmuşdur. İş yeri olmadığından bu hökmlə əlaqədar cəzaçəkmə məntəqəsinə getməmək üçün iddiaçının xahişi ilə Nizami rayon İcra şöbəsinə təqdim etmək üçün xx.xx.2014-cü il tarixdə kooperativdə 125 azn maaşla fəhlə işləməsi barədə arayış verilmişdir. Bu arayışın heç bir qanuni qüvvəsi olmadığını iddiaçı bilirdi. Buna baxmayaraq, yenə də ərazidən getməmişdir. Orada özbaşına sakinlərin təmir alqı-satqı işləri, kommunal ödənişlərin toplanması ilə məşğul olurdu. Ərazidən getmədiyini, ərizə verib müqavilə bağlamasını bildirmişdir. Lakin heç bir hərəkət olmamışdır. Sonradan öyrənmişdir ki, 2009-cu ildən iddiaçı pensiya alırmış. Kooperativə qarşı da heç bir tələbi olmamışdır. 2020-ci pensiya araşdırılaraq dayandırıldıqdan sonra əsassız iddialar irəli sürməyə başlamışdır. Ona ərizə verməsinin vacibliyini bildirsə də, iddiaçı ərizə verib müqavilə bağlamaqdan imtina etmişdir. Külli miqdarda pul tələb edərək bu pulu almayacağı təqdirdə şikayət edəcəyini bildirir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

9. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçıya dəfələrlə kooperativlə əmək müqaviləsi bağlanması təklif olunmuş, o isə hər dəfə imtina etmişdir. “Koronavirus” pandemiyası səbəbi ilə 2020-ci ildə Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirləri həyata keçirdi. xx.xx.2020-ci il saat 00:00dan etibarən xüsusi karantin rejimi dövründə saliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilmişdir. Həmin dövrdə yalnız rəsmi qeydiyyatda olan işçilərə iş yerinə gəlməyə icazə verilirdi. Dərhal iddiaçıya müqavilə bağlamaq barədə təklif etmiş, iddiaçı yenə də imtina etmişdir. Sonradan məlum olmuşdur ki, başqa bir təşkilatda adı rəsmi qeydiyyatdadır. Oradan aldığı arayışla istədiyi vaxt əraziyə gəlirdi. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ən azı 2020-ci ildə rəsmi qaydada qeydiyyata düşmədiyini bilirdi və bunun aradan qaldırılması üçün heç bir cəhd etmirdi. İddianın iddia müddətinin ötürülməsi səbəbi ilə rədd edilməsi xahiş edilmişdir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3119/2023 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia qismən təmin edilmiş, İddiaçı 2022-ci il üzrə minimum aylıq əmək haqqı məbləği 300 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi öhdəliyinin Cavabdeh Mənzil İstehlak Kooperativinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, iddia müddəti tətbiq edilərək, əvvəlki illərə dair hissədə iddia rədd edilməli, iddiaçıya son bir il ərzində istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

13. Məhkəmə araşdırması zamanı iddiaçının Cavabdeh MİK-də işləməsinə dair əmək bildirişinin sistemə daxil edilməməsi, lakin onun həmin müəssisədə faktiki olaraq 2007-2022-ci illərdə işləməsi iş materialları ilə müəyyən edildiyindən, işçinin qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğindən az olmayaraq əmək haqqı almaq, eləcə də məzuniyyət və istifadə etmədiyi məzuniyyətə görə əmək haqqına uyğun kompensasiya almaq hüququ olduğundan, işlədiyi 2022-ci il üzrə aylıq əmək haqqı məbləği barədə rəsmi sənədlər təqdim edilmədiyindən məhkəmə məzuniyyət haqqının hesablanması zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamının əsas götürülərək 2022-ci il üzrə minimum əmək haqqı məbləğinin 300 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 135.2, 140, 143, 144, 144.2, 296.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə almış, mübahisə üzrə iddia müddətini tətbiq edərək iddianı qismən təmin etmişdir. Bu iş üzrə iddia müddəti tətbiq edilmir, eləcə də tələb pul və ya digər əmlak tələbi, həmçinin ziyan vurmaqla bağlı irəli sürülmür. İddiaçı sadəcə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb edir. Tərəflər arasında əmək müqaviləsi mövcud olmasa da, işin faktiki halları ilə onlar arasındakı əmək münasibətlərinin 2007-2022-ci illər üzrə mövcudluğu müəyyən edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən işçi məzuniyyətdən istifadə etmək istəmədikdə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi, normanın tələbi imperativdir. İşin tədqiq edilmiş halları ilə müəyyən edilir ki, Cavabdeh MİK-nin sədri X6 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən AR İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu o deməkdir ki, cavabdehin əməlində mülki hüquq pozuntusunun tərkib əlamətləri mövcuddur və iddianın tam təmin olunması üçün əvvəcədən müəyyən olunmuş hüquqi əsaslar vardır. Məhkəmə Yasamal Rayon Prokurorluğunda və X3 tərəflər arasında əmək mübahisələrinə dair toplanan sənədləri tələb edib baxmamış, toplanan sübutlara hüquqi qiymət verməmişdir, nəticədə iş hərtərəfli və obyektiv araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, işçinin ödənişli əmək məzuniyyəti hüququna malik olmasının əsas şərti onun işəgötürənlə əmək mübahisəsində olmasıdır. İşçi ödənişli əmək məzuniyyəti hüququnu əmək müqaviləsi qüvvəyə mindiyi andan əldə etmiş olur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, dəfələrlə ərizə ilə məzuniyyət haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Əmək haqqını nağd şəkildə almışdır.

19. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə rəsmi qaydada məlumat verilmiş, lakin Xidmətin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 113.3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 195. “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: - İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

23. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: -İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

24. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: -Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

25. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: Bənd 1. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. İddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iddiaçı cavabdehdən 2007-2022-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilməli olan pulu tələb edir.

31. İşdən görünür ki, tərəflər arasında həmin illərdə əmək münasibətləri olmuşdur. Bu işdə olan sənədlərlə, o cümlədən Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə öz təsdiqini tapır.

32. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

33. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, iddia müddəti tətbiq edilərək, əvvəlki illərə dair hissədə iddia rədd edilməli, iddiaçıya son bir il ərzində istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

34. Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

35. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi dövrlərdə hüququnun pozulduğunu bilsə də, yalnız 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ötürülmüş iddia müddətinin bərpasına dair ərizəsini məhkəməyə təqdim edilməmişdir.

36. Bundan əlavə, tərəflər əmək haqqının məbləği ilə bağlı məhkəməyə hər hansı sənədlər təqdim etməmiş, iddiaçı özü də bu məbləğ barədə iddia ərizəsində və apellyasiya şikayətində hər hansı məlumat verməmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia müddəti tətbiq edilərək iddiaçıya son bir il ərzində istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməli, işçinin qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğindən az olmayaraq əmək haqqı almaq, eləcə də işlədiyi 2022-ci il üzrə aylıq əmək haqqı məbləği barədə rəsmi sənədlər təqdim edilmədiyindən məzuniyyət haqqının hesablanması zamanı 2022-ci il üzrə minimum əmək haqqı məbləği nəzərə alınmalıdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3119/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar