Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5995/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qızına qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, onun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1188/21 saylı iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilkin iddiaçının oğlu Aqil Əliyev ilə 2005-ci ildə ailə qurmuş və İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Cavabdeh və Aqil Əliyevin birgə nikahlarından xx.xx.2006-cı ildə Telman və xx.xx.2010-cu ildə Nigar adlı uşaqları anadan olmuşdur.
2. Həmin mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il dövlət reyestrində qeydə alınmış və sonuncuya bu barədə çıxarış verilmişdir.
3. Aqil Əliyev və Cavabdeh arasındakı nikah xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur.
5. Hazırda sözügedən mənzilə dair tərəflər arasında aşağıdakı mübahisələr yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
6. İlkin İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun şəxsi mülkiyyətindədir. Cavabdeh oğlunun arvadıdır. Oğlu ilə münasibətləri korlandığından cavabdeh mütəmadi olaraq öz atası evində yaşayır. Onun mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyətçi olaraq əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır.
8. Cavabdeh İddiaçı qarşı onun və övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və xx.xx.2010-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki. iddiaçının oğlu ilə 2005-ci ilin may ayında el adəti ilə ailə qurmuş və ərinin valideynləri yaşadıqları ünvan 3-ə köçmüşdür. Həmin mənzildə yaşadığı müddətdə uşaqlar anadan olmuş, xx.xx.2020-ci il tarixində əri ilə arasında mübahisə yaranmış, dava düşmüşdür. Səhəri gün qayınanası onu və övladlarını evdən qovmuşdur. O, övladları ilə birlikdə, məcburən, anasının evinə getmişdir. Halhazırda cavabdeh və onun uşaqlarının əşyaları, cehiz və qızıl-zinət əşyaları həmin ünvanda qalmışdır.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1188/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından Cavabdeh mənzildən istifadə hüququ yaranmamışdır. X1 mübahisəli mənzildən istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməyə dair iddiası da əsassızdır. Uşaqlar ananın yanında qaldıqlarından onlara münasibətdə də qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, yetkinlik yaşına çatmamış uşaqları yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Mülki Məcəllənin 27.2, 228.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
Ape a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onu “qətnamənin Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və Cavabdeh uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbi üzrə qarşılıqlı iddiasının rədd olunması” hissəsində mübahisələndirmişdir.
14. Cavabdeh qətnamənin həmin hissədə ləğv olunmasını və iki övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, köçürülməsini tələb etdiyi mənzilə 2005-ci ildə köçdüyündən onun həmin vaxt qüvvədə olan qanunvericiliyə görə mənzilə istifadə hüququ yaranıb, məhkəmə isə mübahisəyə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi müddəalarını tətbiq edib.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7974/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin olunmuş, qətnamənin Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbi hissəsində ləğv edilmiş, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzilə gəlin köçən vaxt, yəni 2005-ci ildə mənzil dövlət mənzil fonduna aid olduğu üçün xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən onun və övladlarının həmin mənzildən istifadə hüququnun olduğu müəyyən edilməlidir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2455/2022 nömrəli iş üzrə 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər – Zaur Əliyev (sədrlik edən və məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin dövlət mənzil fonduna aid olduğu qənaətinə gəlsə də, iş materiallarında bu halı təsdiq edən sübutlar yoxdur.
20. Birinci instansiya məhkəməsi mənzilin xx.xx.2011-ci ildən İddiaçı mülkiyyətində olduğunu müəyyən etmiş və Cavabdeh həmin mənzilə münasibətdə Mənzil Məcəlləsinin 30-cu maddəsindən irəli gələn hüququnun olmadığını əsaslandırmışdır. Kassasiya məhkəməsinin qənaətinə görə Cavabdeh mənzildən istifadə hüququ hətta əvvəlki Mənzil Məcəlləsinə görə yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı ilə nə zamana qədər birgə yaşamasını, birgə təsərrüfat aparıb-aparmamasını aydınlaşdırmamışdır. Bundan başqa qanunun tələbinə əsasən dövlət mənzil fonduna aid mənzil özəlləşdirilərkən kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur ki, cavabdehin belə bir razılıq verib-verməməsi aydınlaşdırılmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli evdə uzun müddətdir ki, yaşamamasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdeh sonuncu, yəni xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etməsə də, əvvəlki, yəni xx.xx.2022-ci il tarixli məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
24. İddiaçı və nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən qismən - qarşılıqlı iddianın təmin olunmaması və qətnamənin qeydiyyatdan çıxarılma üçün əsas olması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı da yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
39. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
40. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı oğlu ilə yalnız xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtadək onların rəsmi nikahları olmamış, faktiki nikah münasibətində olmuşlar. İddiaçı mənzil üzərində xüsusi mülkiyyət hüququ isə xx.xx.2011-ci ildə qeydə alınmışdır.
41. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev 2011-ci ilə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikili olmuş, dövlət mənzil fonduna aid olmamışdır. Mübahisəli ev üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2011-ci ildə qeydə alınarkən ailə üzvlərinin razılığı tələb edilməmişdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il qərarında ifadə edilmiş hüquqi mövqelərə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
43. Birinci instansiya məhkəməsi mübahisəli mənzilə münasibətdə Cavabdeh Mənzil Məcəlləsinin 30-cu maddəsindən irəli gələn istifadə hüququnun olmadığı qənaətinə gəlmiş və bunu Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü və Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və s. normalarla əsaslandırmışdır.
44. Cavabdehin mənzilə köçdüyü dövrdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
45. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
46. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş imzalanmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İş üzrə tərəflər arasında belə bir sazişin bağlandığı müəyyən edilmir.
47. Bu baxımdan birinci instansiya məhkəməsi istifadə hüququ olmayan şəxsin mənzilə köçürülmə tələbini rədd etməkdə haqlı olmuşdur.
48. Kollegiya onu da qeyd edir ki, Cavabdeh sözügedən mənzildən istifadə hüququ hətta əvvəlki - 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə görə yaranmış olsaydı belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.
49. Təsadüfi deyil ki, qeyd olunan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır.
50. Eyni mahiyyətdə olan mənzildən istifadə (şəxsi servitut) hüququ, hətta MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
51. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
52. Hazırkı işdə isə Cavabdeh əvvəlki Mənzil Məcəlləsi ilə mübahisəli mənzildən istifadə hüququ yaranmış olsa belə, bu hüquq itirilmişdir.
53. Belə ki, ilkin İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında bildirmişdir ki, Gülnarə Əliyevə 5 ildir ki, mübahisəli evdən getmişdir və harada yaşadığını bilmir.
54. Cavabdeh həmin məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında bildirmişdir ki, 2017-ci ildən onu iki uşağı ilə birlikdə evdən çıxarmışlar. Apellyasiya baxışı zamanı isə Cavabdeh 2020-ci ilin noyabr ayından mübahisəli mənzildə yaşamadığını bildirmişdir.
55. Kassasiya şikayətində də göstərilir ki, Cavabdeh mübahisəli evdə faktiki yaşamamasına sübut xx.xx.2017-ci ildə uşaqlar üçün aliment tutulması barədə məhkəmə qətnaməsi almasıdır.
56. Məhkəmə kollegiyası işdə olan sübutları dəyərləndirərək Cavabdeh 2017-ci ildən mübahisəli mənzildə yaşamadığı qənaətinə gəlir.
57. İş materiallarında bu mülki işdən qabaq Cavabdeh sözügedən mənzilə hüququnun tanınması və köçürülməsi barədə iddia qaldırmasına dair məlumat mövcud deyil.
58. Cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
59. Əksinə işin halları və tərəflərin izahatlarından görünür ki, hazırkı mübahisə İddiaçı mənzildə yaşamayan Cavabdeh pasport qeydiyyatından çıxarması məqsədilə xx.xx.2020ci ildə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırması ilə başlamışdır. Məhz bundan sonra xx.xx.2021-ci ildə Cavabdeh mənzilə köçürülməsinə dair qarşılıqlı iddia irəli sürmüşdür.
60. Göründüyü kimi, əvvəlki - 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə görə qarşılıqlı iddia üzrə iddiaçının istifadə hüququ yaranmış olsaydı belə, Cavabdeh yaşayış sahəsini 6 aydan çox müddətə tərk etdiyndən və daimi olaraq yaşamaq üçün başa yerə köçdüyündən, mənzilə istifadə hüququnu itirmişdir.
61. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh mənzilə köçürülməsi barədə qərar qəbul olunması prosessual normalar baxımından da mümkün deyil. Belə ki, belə bir qərarın qəbul olunması qətnamənin mübahisələndirilməyən digər hissəsində gəlinən nəticəyə zidd olardı.
64. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmadığı müəyyən olunaraq məhz bu əsasla ilkin iddia rədd olunsa da, Cavabdeh qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Başqa sözlə, qətnamənin apellyasiya qaydasında mübahisələndirilməyən və hazırkı apellyasiya baxışının predmeti olmayan hissəsi ilə Cavabdeh mübahisəli mənzildən istifadə hüququ olmadığı müəyyən edilmişdir. Belə olan vəziyyətdə istifadə hüququ olmayan şəxsin mənzilə köçürülməsi prosessual qanunvericiliyin tələbləri baxımından da mümkün deyil.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.