Məhkəmə qərarları › İş №2(103)-5996/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5996/2021

21.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5996/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən azad edilmə barədə əmrin etibarsız hesab edilməsi və məcburi buraxılmış iş günlərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(011)-233/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 20 may 2020-ci il tarixli, 417-20 k saylı onun işdən azad edilməsi haqqında əmrin etibarsız hesab edilməsi, məcburi buraxılmış iş günlərinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onu 5 il 1 ay əvvəl işçi kimi qəbul etmiş və həmin dövrdən 20 may 2020-ci ilə qədər cavabdehlə işçi kimi çalışaraq əmək haqqı almışdır. 20 may 2020-ci il tarixdə cavabdeh onu özünün 417-20k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsaslanaraq işdən azad etmişdir. O, hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən 5 ildən artıq işləyən işçi əmək müqaviləsinin müddətindən asılı olmayaraq müddətsiz əmək müqaviləsi bağlanmış hesab edilir. İşdən azad edilməsinə razı olmamış və bu barədə ərizəsi yoxdur. Ona müqavilənin bitməsi haqqında heç bir bildiriş verilməmişdir. Cavabdehlə bu mübahisəni məhkəməyə qədər həll etmək istəsə də, alınmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(011)-233/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, onun iş stajı 5 il bir aydan çox olduğuna görə, işdən azad olunması barədə əmr etibarsızdır. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. AZ-İ seriyalı, 040724 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də 14 may 2015-ci il tarixdə sürücü vəzifəsinə qəbul edilmiş, 20 may 2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-si tərəfindən İddiaçı ünvanlanmış 20 may 2020-ci il tarixli, 20/5-20 nömrəli bildirişdən görünür ki, İddiaçıla 14 may 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin 14 may 2020-ci il tarixdə bitməsi səbəbilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, 20 may 2020-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi, əmək kitabçasının tez bir müddətdə şirkətə gələrək təhvil verilməsi bildirilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 20 may 2020-ci il tarixli, 417-20/k saylı əmr ilə region üzrə sürücü İddiaçı 20 may 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 14 may 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə istinad edərək, 5 il eyni işdə işləyən işçinin əmək müqaviləsi müddətsiz hesab edildiyindən və onun iş stajı 5 il bir aydan çox olduğundan hesab edir ki, əmr etibarsızdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45.5-ci maddəyə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. HəminMəcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, müddətli əmək müqaviləsinin göstərilən müddəti bitdikdə, sonrakı bir həftə ərzində tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onda müddət uzadılmış hesab edilir. İddiaçı qeyd olunan maddəyə istinad etsə də, işin müəyyən edilmiş hallarından görünür ki, müqavilənin müddəti 14.05.2020-ci il tarixdə bitməsi səbəbi ilə əmək müqaviləsi üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, 20 may 2020-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilmişdir. Belə olan halda, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi 5 il müddətində davam etmiş və beş il bitdikdə xitam verilmişdir. Göründüyü kimi əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar