Məhkəmə qərarları › İş №2(103)-5997/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5997/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5997/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, Ərizəçi Fəzail oğlunun maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(011)-287/2021 nömrəli qətnaməsindən iş üzrə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Fəzail oğlu maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun 1989-cu ildən Azərbaycan Respublikasının ərazisində daima yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə keçmiş X14 Sosialist Respublikasının Novosibirsk şəhərində anadan olmuşdur. Həmin illər Azərbaycan Sovet İttifaqının tərkibində olduğundan vətəndaşlıq ümumi sovet vətəndaşlığı, doğum haqqında şəhadətnamədə milliyəti isə Azəryacanlı qeyd edilmişdir. Həmin doğum haqqında şəhadətnamədə atası- X4 azərbaycanlı, anası-X8 isə rus milliyəti olması qeyd olunmuşdur. Hələ anadan olan gün anası X7 xəstəxanada atıb getmək istəmiş, lakin atası buna imkan verməyərək onu xəstəxanadan götürmüşdür. Onlar təxminən 1 ilə yaxın bir yerdə yaşadıqdan sonra anası başqa birisi ilə qoşulub getmiş və atası 1989-cu ildə onu körpə ikən Azərbaycana gətirərək Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 23 saylı evdə yaşayan anası, yəni nənəsi X1 yanında böyütmüşdür. 1995-ci ildə o, həmin ünvandan ünvan 1tirmişdir. Bu barədə ona həmin məktəb tərəfindən "Orta təhsil haqqında” Attestat verilmişdir. Buna qədər isə atası Rusiya Federasiyasında yaşayan anası X10 axtarıb onunla əlaqə saxlamış və həmin vaxt anası Larisa Quryanova onunla görüşmək istəmədiyini və Azərbaycanda daimi qalıb yaşamağına icazə verməsi barədə notarial qaydada ərizə təsdiqlədib atasına göndərmişdir. Qeyd etdiyi ərizənin məzmununda o, onun xx.xx.1988-ci ildə anadan olduğunu və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi 23 saylı evdə yaşayan nənəsi X1 yanında qalmağına razılıq verdiyini qeyd etmişdir. X3 uzun illər xroniki-hepatit və qaraciyər sirozu xəstəliyindən əziyyət çəkdiyindən, eləcə də ailəsinin maddi durumunun acınacaqlı olması ilə əlaqədar olaraq ona vaxtında Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi alınmamışdır. Atası həmin xəstəlikdən 24.08.2014-cü ildə vəfat etmişdir. O, isə nənəsinin yanında yaşayır. 2011-ci ildən o, Azərbaycan Respublikasının vətəndaşı-20.04.1989-cu ildə Bakı şəhərində anadan olmuş X13 ilə faktiki nikah münasibətindədir. Bu nikahdan aşağıda qeyd etdiyi 3 uşağı anadan olmuşdur. Emil Əliyev-20.07.2012-ci ildə, Əliyeva Rüqəyyə-18.01.2015-ci ildə, Əliyev Sadiq-25.07.2018-ci ildə. Azərbaycan Respublikasının ərazisində daima yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamaq faktı müəyyən edilmədiyindən və bununla əlaqədar ona şəxsiyyət vəsiqəsi verilə bilmədiyindən həyat yoldaşı ilə rəsmi nikaha daxil ola bilməyərək, uşaqlarına soyadını da verə bilməmişdir. Belə ki, şəxsiyyət vəsiqəsi almağı üçün Xətai rayon Polis İdarəsinə müraciət etmişdir, oradan ona ünvanlanan 03.12.2019-cu il tarixli məktubda həmin idarənin buna səlahiyyəti olmadığı qeyd edilməklə, məktubda “ASAN” xidmət mərkəzinə müraciət etməyi tövsiyə edilmişdir. “ASAN” xidmət mərkəzinə müraciət etsə də, oradan ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyə edilmişdir. Lakin maraqlı şəxs Dövlət Miqrasiya Xidməti tərəfindən ona ünvanlanan 01.07.2020-ci il tarixli məktubda Azərbaycan Respublikasının ərazisində daima yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Onun 1989-cu ildən hal hazıra kimi, fasiləsiz olaraq Azərbaycan Respublikasının Bakı şəhərində yaşamağı faktını təsdiq edən kifayət qədər əsaslar göstərərək buna aid müvafiq sənədləri hazırki ərizəsinə əlavə etmişdir. Həmin sənədlərdən, 9 illik “Əsas təhsil haqqında” şəhadətnaməsi, orta təhsil haqqında attestatı, körpə vaxtından nənəsi X1 yanında yaşamağı barədə qonşuların tərtib və təsdiq etdirdikləri 04.04.2007-ci il tarixli AKT və sair sənədləri qeyd etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(011)-287/2021 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi Fəzail oğlunun 1989-cu ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş ərizədən göründüyü kimi, ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, sözügedən şəxs Gürcüstan SSRİ-də doğulmuşdur. Bu da onu göstərir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlarla bağlı tam araşdırma aparmamış, şəxsin Gürcüstan Respublikasının vətəndaşlığına mənsub olub-olmamasını müəyyən etməmişdir. DMX tərəfindən qeyd olunan halla bağlı məhkəmə prosesində qeyd olunsa da, məhkəmə bu hala ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, ərizədə göstərilən məsələ məhkəmə tərəfindən həyata keçirilən fəaliyyətdir və bunun hüquqi əsası kimi qanunvericilik bir sıra prosedur qaydaları müəyyən edir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi Fəzail oğlu xx.xx.1988-ci il tarixdə Novosibirsk şəhərində anadan olmuş, X3, anası X9. Ərizəçinin X3 22.02.1965-ci il tarixdə Azərbaycan SSR-nin Qazımamed şəhərində doğulmuşdur. X11 24.08.2014-cü il tarixdə qara ciyərin sirrozu, xroniki hepatit xəstəliyindən vəfat etmişdir. 1988ci ildə anadan olmuş Ərizəçi Fəzail oğlu 2006-cı ildə Bakı şəhəri, Xətai rayonu, R.Əliyev adına 254 saylı orta məktəbi bitirmişdir. Ərizəçi Fəzail oğlu ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xİdmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, onun heç bir dövlətin vətəndaşlığına mənzub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bundan başqa Rusiya Federasiyasının Azərbaycan Respublikasıdakı Səfirliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 03.11.2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi Fazil oğlunun Rusiya Federasiyasının vətəndaşı olub-olmamasını müəyyənləşdirilməsi məqsədi ilə sorğunun rəsmiləşdirilməsi üçün o, mövcud olan bütün sənədləri ilə səfirliyin konsulluq şöbəsinə müraciət etməlidir. Birinci instansiya məhkəməsində şahid qismində cəlb edilən X2 izahatında qeyd etmişdir ki, Ərizəçi nənəsidir, atasının anasıdır. Oğlu Fəzail 1985-ci ildə Novosibirskə işləməyə getmişdi, orda bir rus qızı ilə qeyri-rəsmi nikahla evləndikdən sonra İlqar doğulmuşdur. Bir ildən sonra oğlu Bakıya qayıtmaq istəyəndə, qız gəlməyib, oğlu isə İlqarla birlikdə Bakıya qayıtmışlar. 1 yaşından İlqarı o, böyütmüşdür. Oğlu Fəzail pasportunu dəyişmədiyinə görə İlqara da şəxsiyyət vəsiqəsi ala bilməmişlər. Oğlu 6 ildir vəfat edib. İlqar 254 saylı məktəbdə oxumuşdur. Hal-hazırda onunla bir yerdə yaşayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Ərizəçi Fəzail oğlunun 1989-cu il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunvericilik normalarının mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalı və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etsə də, Rusiya Federasiyasının Azərbaycan Respublikasıdakı Səfirliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 03.11.2020-ci il tarixli məktubunu nəzərə almamışdır. Belə ki, həmin məktubla Ərizəçi Fazil oğlunun Rusiya Federasiyasının vətəndaşı olub-olmamasını müəyyənləşdirilməsi məqsədi ilə sorğunun rəsmiləşdirilməsi üçün onun mövcud olan bütün sənədləri ilə birlikdə səfirliyin konsulluq şöbəsinə müraciət etməli olduğu bildirmişdir. Buna baxmayaraq, ərizəçi bunu etməmiş və onun Rusiya Federasiyasının vətəndaşı olub-olmaması müəyyən edilməmiş və buna dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(011)-287/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(011)-287/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar