Məhkəmə qərarları › İş №2(103)-5997/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5997/2022

20.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5997/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma və pul tələbinə dair ilkin iddiası, birgə iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: torpaq sahəsindən və mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, ilk iddiaçıların vəkili Vəkil, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma və pul tələbinə dair ilkin iddiası, birgə iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(002)-122/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/3 hissədə mülkiyyət hüquqları 30 yanvar 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində ikimərtəbəli ev inşa olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində, həmçinin həmin torpaq sahəsində yerləşən ikimərtəbəli evdə yaşayan cavabdehlərin və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılmaları və 1991-ci ildən iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq, ayı 500 manat olmaqla, cəmi 174000 manat pulun alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişlər.

3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və həmin torpaq sahəsində vaxtilə inşa edilmiş ikimərtəbəli ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Belə ki, iddiaçıların ailəsinə 14 avqust 1987-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcraiyyə Komitəsinin qərarı ilə Lökbatan qəsəbəsində, 6-cı Massiv 5-ci küçədə 600 kv.m torpaq sahəsi verilmiş, həmin il dövlətdən borc pul (ssuda) götürüb, RSU adlanan tikinti idarəsi ilə ev tikilməsi üçün müqavilə bağlanmış, lakin müəyyən tikinti işlərindən sonra, tikinti idarəsi bağlandığı üçün evin tikintisi yarımçıq qalmışdır. Evin sahibi X9 həmin dövrdə öz bacısının həyat yoldaşını çağırıb, yarımçıq qalmış evi ona tikdirmişdir. Birinci mərtəbədə 3 otaq və mətbəx hazır olsa da, təmir tam başa çatmamışdır. Birinci mərtəbə hazır olduqdan sonra evə su, qaz, işıq çəkdirmiş, ev hasara alınaraq, darvazası qoyulmuşdur. İddiaçılar evə köçmüş, həmçinin X5 bacısı, həyat yoldaşı və iki uşağı orada birlikdə yaşamışlar. 1991-ci ildə ev növbələri çatdığı üçün, Əhmədli qəsəbəsində onlara mənzil verilmiş və mərhum X9 dost adlandırdığı Cavabdeh3 tapşırmışdır ki, Lökbatan qəsəbəsində yerləşən evdə müvəqqəti yaşasın ki, ora başqaları girməsin. Evi Cavabdeh3 verərkən, bütün əşyaları evdə qalmışdır. 1998-ci ildə X9 ailəsi ilə birgə Moskva şəhərinə işləməyə getmiş, 2000-ci ildə isə ağır xəstələnməsi səbəbindən sonuncunun ata evi yerləşən Biləsuvar rayonuna qayıtmışlar. X1 rayonunda vəfat etmişdir. Qohumları Biləsuvar rayonunda yaşadıqları üçün iddiaçılar orada qalmış, övladları orta məktəbi bitirdikdən və instituta girdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Lökbatan qəsəbəsində yerləşən evdən isə arxayın idilər ki, orada inandıqları, duz-çörək kəsdikləri, insaflı və vicdanlı, dürüst olan Cavabdeh3 orada müvəqqəti yerləşib ki, heç kim ora özbaşına girə bilməsin. İddiaçılar əmin idilər ki, dedikləri vaxt Cavabdeh3 evi boşaldıb təhvil verəcək. Lakin onlara məxsus evin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi məsələsi qalxdıqda, cavabdehlər buna etiraz edərək, guya 30 il əvvəl həmin evi və torpaq sahəsini aldıqlarını bildirmişlər.

4. İddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlərdən 220950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı ilin təxminən fevral ayında iddiaçıların ailə üzvü Rafiq Quliyevə 35000 rubl, evdən apara bilmədikləri əmlaklara görə də 1000 rubl, cəmi 36000 rubl verməklə almışlar. 1994-cü ildə X20 Rayon İcra Hakimiyyəti başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin Cavabdeh3 adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya Federasiyasına getmiş, 2000-ci ildə Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev vəfat etmişdir. Bu müddət ərzində iddiaçılar cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmiş, İddiaçı1 01 dekabr 2012-ci il tarixdə ailə üzvü olan X2 notariusda 3 il müddətinə etibarnamə, Cavabdeh1 adına 17 aprel 2013-cü il tarixdə 2 il müddətinə, Cavabdeh2 adına 08 yanvar 2014-cü il tarixdə 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından iddiaçılar torpağı və evi adlarına rəsmiləşdirə bilməmişlər. Sonuncu dəfə 2019-cu ilin axırlarında cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılardan 950 manat pul almış və torpağı Turənin adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlarına söz vermişlər. Lakin cavabdehlər torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış almaqla iddiaçıların torpaqdan və evdən çıxarılmaqları ilə bağlı məhkəməyə müraciət etmişlər. Hazırda Lökbatan qəsəbəsində evin yerləşdiyi 6 sot torpaq sahəsinin real dəyəri bazar qiymətinə uyğun olaraq ən aşağısı sotu 10000 manat olmaqla, 6 sotu 60000 manat təşkil edir. Evin real dəyəri 160000 manat təşkil edir. Belə olan halda, cavabdehlərdən 220000 manat torpağa və evə görə, habelə 950 manat sonradan sənədləşdirmə üçün ödədikləri vəsait və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçıların xeyrinə tutulmalıdır.

6. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinə cavabdehlərin adına verilmiş ********** nömrəli çıxarışın ləğv edilməsi, həmin ünvanda yerləşən 6 sot torpaq sahəsinə və üzərində tikilmiş iki mərtəbəli evə Cavabdeh3 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. Dəyişdirilmiş tələb belə əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçılar 30 il ərzində həmin daşınmaz əmlaka fasiləsiz və etirazsız sahiblik etdikləri halda, daşınmaz əmlak üzərində onların mülkiyyət hüququ tanınmalı olduğu halda, qarşı tərəfin mülkiyyət hüququ tanınmışdır. Halbuki, həmin əmlak onlara 1990-cı ildə satılmaqla onların mülkiyyətinə verilmişdir. Buna görə də cavabdehlərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılması, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bütövlüklə rədd edilməsi qət edilmişdir. (hakim X11)

9. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan torpaq sahəsindən və üzərində olan yaşayış evindən çıxarılmaları tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, bu iddia tələbinin əsasına uyğun olaraq mülkiyyətçi qanunsuz sahibdən əşyanın geri qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçıların mübahisəli əmlakın mülkiyyətçisi olması iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla təsdiq olunur. Həmçinin işin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli əmlaka ilk iddia üzrə cavabdehlər faktiki olaraq sahiblik edirlər. Lakin onların torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində sahiblik hüququnu təsdiq edən sübut mövcud deyil. Cavabdehlərin qanunsuz sahibliyi nəticəsində iddiaçı mülkiyyətçisi olduğu həmin daşınmaz əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər.

10. İlk iddianın 1991-ci ildən iddiaçılara məxsus torpaqdan və evdən istifadə etdikləri üçün kirayə haqqı olaraq pul tələbini əsassız hesab edən birinci instansiya məhkəməsi göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi tərəflər arasında kirayə müqaviləsi bağlanmamış, həmçinin aralarında belə bir şərt barəsində şifahi razılaşma olmamışdır. Deməli, ilkin iddia tələbinin pul tələbi (kirayə haqqı) hissəsinin hüquqi əsası olmadığından təmin edilməlidir. Həmçinin məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar təsdiq etmişlər ki, özləri Rusiyaya köçərkən ilk iddia üzrə cavabdehlərin onların ailəvi dostları olduğu üçün, evlərinin boş qalmaması üçün orada yaşamalarına icazə vermişlər.

11. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 178.6-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi halda şəxsin mülkiyyətçi kimi qeydə alınmasını tələb etmək hüququnu ehtiva edir. Lakin hazırkı işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehlər 1991-ci ildən mübahisəli evdə yaşamağa başlamış, ilkin iddia üzrə iddiaçıların həmin əmlak üzərində mülkiyyət hüquqları 2020-ci ilin yanvar ayında rəsmiləşdirilmişdir. Yəni, hazırkı halda ümumiyyətlə dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə halı iş materialları ilə müəyyən edilmir. Qarşılıqlı iddiaçılar mübahisəli evdə 1991-ci ildən yaşamış, ilkin iddiaçılar isə mübahisə predmetinə 2019-cu ildən mülkiyyətçı hüquqlarının müdafiəsini tələb etmiş, miras əmlakı qanun üzrə şəhadətnamə əsasında paylı mülkiyyət hüququ ilə 2020-ci ildə öz adlarına keçırmışlər. Deməli, qarşılıqlı iddiaçılar ilk olaraq 30 il mübahisə predmetinə fasiləsiz və etirazsız sahiblik etməmiş (əmlak üzrə tərəflər arasında mübahisə 2020-ci il tarixdə yaranmışdır), həmçinin 30 yanvar 2020-ci il tarixdə daşınmaz əmlaka mülkiyyət hüququ ilkin iddia üzrə iddiaçıların adına dövlət reyestrində qeydə alınmışdır.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, Mülki Məcəllənin 139, 152.1, 157.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(002)-122/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçıların onlara müxtəlif vaxtlarda etibarnamələr verməsini, torpaq sahəsi üzərində onların əlavə tikinti işləri aparmasını araşdırmamış, iş materiallarında olan şahid ifadələrinə və digər sübutlara düzgün hüquqi qiymət verməmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli 2(103)-1501/2022 nömrəli qətnaməsi ilə (hakim Xumar Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Elnur Həsənovdan və Fuad Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(002)-122/2021 nömrəli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin “torpaq və ev barəsində iddiaçı ilə aralarında olan alğı-satqı müqaviləsinin olması” barədə dəlili ilə bağlı qeyd etmişdir ki, apellyatorun bu dəlili nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Apellyator şikayətdə qeyd etdiyi dəlillərlə bağlı sübut təqdim etmədiyindən apellyasiya şikayəti formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır.

Kassasiya instansiyası məhkəməsində icraat

17. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli 2(103)-1501/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(102)-3220/2022 saylı qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2022ci il tarixli 2(103)-1501/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

20. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və birgə iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdilər.

21. Cavabdeh3 və onun nümayəndəsi Nümayəndə izahatlarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

22. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması xahiş olunsa da, şikayətdə ilk iddianın təmin olunmayan hissəsi mübahisələndirilmədiyindən, apellyasiya baxışının predmetini ilk iddianın qismən təmin olunan və qarşılıqlı iddianın rədd olunan hissəsi təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Bakı şəhəri Qaradağ rayon XDS İcraiyyə Komitəsinin 14 avqust 1987-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin inşası üçün ilk iddia üzrə iddiaçıların ailə başçısı olmuş X7 ayrılmış, Rafiq Quliyev həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa etmiş, Rafiq Quliyev və onun ailə üzvləri olan ilk iddiaçılar bir neçə il həmin evdə yaşamışlar. 1991-ci ildən həmin evdə Cavabdeh3 və onun ailə üzvləri məskunlaşmış, Cavabdeh3 evin ikinci mərtəbəsini tikib yaşayış üçün yararlı vəziyyətə gətirmiş, evi təmir etmişdir. Halhazıradək həmin ev cavabdehlərin faktiki istifadəsindədir. Torpaq sahəsi üzərində ilk iddiaçıların paylı mülkiyyət hüquqları 30 yanvar 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 31 avqust 2000-ci ildə vəfat etmiş, sonrakı dövrdə iddiaçılardan İddiaçı1 01 dekabr 2012-ci il tarixdə X3, 21 iyul 2016-cı il tarixdə Cavabdeh1, 29 noyabr 2017-ci il tarixdə Cavabdeh2 bir sıra səlahiyyətlərin icrası ilə bağlı etibarnamə vermişdir. Qeyd olunan etibarnamələrdən 01 dekabr 2012-ci il tarixli və 29 noyabr 2017-ci il tarixli etibarnamələrlə mərhum X7 14 avqust 1987-ci ildə 3/83 saylı Bakı şəhəri Qaradağ rayon XDS-in qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış Bakı şəhəri Lökbatan qəsəbəsi 6-cı massiv 5-ci küçədə yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi və qeydiyyata alınması üçün lazımi sənədləri toplayıb təhvil verməyi, almağı, bununla əlaqədar bütün idarə və təşkilatlarda, o cümlədən notariat kontorunda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarələrində, bələdiyyələrdə, arxivlərdə, MİS-də, Torpaq Komitəsində və daşınmaz əmlakın qeydiyyatını aparan digər İcra hakimiyyəti orqanlarında İddiaçı1 təmsil etməyi, bu əmlaka dair vərəsəlik işini rəsmiləşdirməyi, çıxarış almağı, bütün sənədləşmə işlərinin aparılması, ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Sonuncu etibarnamə 29 noyabr 2047-ci il tarixədək verilmişdir.

26. Birinci instansiya məhkəməsində işə baxılarkən ilk iddia üzrə Cavabdeh3 həmin evi 1991-ci ildə dostu Rafiq Quliyevdən 36000 manata aldığını, lakin evi sənədləşdirə bilmədiyini göstərmişdir. Cavabdeh3 izahatında onlardan əvvəl həmin evin birinci mərtəbəsində ilk iddiaçıların yaşadığını göstərmişdir. İlk İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verib həmin evin cavabdehlərə satılmadığını, yalnız müvəqqəti yaşayış üçün verildiyini göstərmişdir. Şahid qismində dindirilmiş mərhum Rafiq Quliyevin qardaşı X10 ifadəsində qardaşıgilin həmin evdə 1-2 il yaşayıb sonra evi satdıqlarını, lakin evi kimə satdığını bilmədiyini göstərmişdir. X4 ifadəsində Cavabdeh3lə qonşu olduğunu, mərhum Rafiq Quliyevin evi Cavabdeh3 satdığını, sonuncunun 1991-ci ildə həmin evə görə Rafiqə pul verməsini təsdiq etdiyini göstərmişdir. Mustafa Heydərov ifadəsində həmçinin göstərmişdir ki, ev satılan zaman yarımçıq olmuş, Cavabdeh3 evi aldıqdan sonra təmir etmişdir. Şahid qismində dindirilmiş mərhum Rafiq Quliyevin bacısı X8 ifadəsində göstərmişdir ki, 4 ay mübahisəli evdə qardaşı Rafiqgillə birlikdə yaşamış, 1991-ci ilin oktyabr ayında qardaşıgil evi tərk edib başqa yerə köçdüklərinə görə oradan çıxmışdır. Qardaşının evi nə vaxt və neçəyə satmağından məlumatı yoxdur. Şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Rafiq Quliyev həmin evi tikərkən o da qonşuluqda ev tikmiş, Rafiqin evinin birinci mərtəbəsi tam, ikinci mərtəbəsi isə yarımçıq tikilmiş, ikinci mərtəbənin damı olmamışdır. Rafiq öz ailəsi ilə orada 4 il yaşamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 10/2657 saylı rəyinə əsasən, Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikilişinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 21397 manat, həmin evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunmuş vəsaitin məbləği isə mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12545 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən yarımçıq tikilmiş fərdi yaşayış evinin 1991-ci ildə X9 tərəfindən Cavabdeh3 qeyri-rəsmi (yazılı şəkildə və notarial qaydada təsdiq olunmadan) şəkildə satılması təsdiq olunsa da, bu əqd etibarlı olmadığından, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bu evə və torpaq sahəsinə hər hansı hüquq əldə etməmişlər. Qeyri-rəsmi alqısatqının həyata keçirildiyi ötən müddət ərzində də cavabdehlər evi və torpaq sahəsini öz adlarına rəsmiləşdirmək üçün hər hansı addım atmamışlar. İlk iddiaçılar isə 2020-ci ildə torpaq sahəsini öz adlarına rəsmiləşdirərək mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Hal-hazırda mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində ilk iddiaçıların mülkiyyət hüququ tanınmışdır. Torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin tam, ikinci mərtəbəsinin isə yarımçıq şəkildə ilk iddiaçıların mərhum ailə başçıları Rafiq Quliyev tərəfindən tikilməsi, ilk iddiaçıların təxminən 4 il orada yaşamaları iş materialları ilə təsdiq olunur. Buna görə də ilk iddiaçılar İddiaçı1, İddiaçı2 Rafi qızı və İddiaçı3 cavabdehlərin həmin torpaq sahəsindən və torpağın üzərində inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evindən çıxarılmaları tələbini irəli sürməyə hüquqi cəhətdən ixtiyarları çatmışdır. İş materiallarında olan dəyişdirilmiş formada qarşılıqlı iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsini qarşılıqlı iddiaçılardan yalnız Cavabdeh3 imzalamışdır. İş materiallarından görünür ki, dəyişdirilmiş formada qarşılıqlı iddia ərizəsini yalnız Cavabdeh3 imzalasa da, digər qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı məhz dəyişdirilmiş formada müdafiə etdiklərini, cavabdehlərə qarşı pul tələblərinin olmadığını, onların adına verilmiş torpağa dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını və onların mülkiyyət hüquqlarının tanınmasını tələb etdiklərini bildirmişlər. Hazırkı iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadla qarşılıqlı iddianın daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə həmin hissədə işin icraatına xitam verilmiş və qarşılıqlı iddiaçılara həmin tələblə bağlı inzibati məhkəmədə iddia qaldırmaq hüquqları izah edilmişdir. Qarşılıqlı iddianın mübahisəli yaşayış evinin üzərində Cavabdeh3 mülkiyyət hüququnun tanınması tələbinə dair hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Qarşılıqlı iddiaçılar bu iddianı qaldırarkən Mülki Məcəllənin 178.6-cı maddəsinə istinad etmişlər. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Bu hissədə iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əvvəla qarşılıqlı iddiaçılar 1991-ci ildən mübahisəli evdə yaşamaqla 2020-ci ildə ilk iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanındığına görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməmişlər. Bundan əlavə, Mülki Məcəllənin 178.6-cı maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılması, habelə Cavabdeh3 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissəsində doğru nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçılar mübahisəli evlə bağlı təmir-tikinti xərclərinin və sair xərclərin ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər və iş materiallarından da görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 belə bir tələblə hal-hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ayrıca iddia qaldırmışlar.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi istisna olmaqla, qalan hissələrdə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 apellyasiya şikayəti üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birlikdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılması, habelə Cavabdeh3 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar