Məhkəmə qərarları › İş №2(103)-5997/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5997/2023

26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5997/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il və 21 avqust 2023-cü il tarixli qərardadlarından ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 24 iyun 2023-cü il tarixli qərardadı ilə Ərizəçi (ərizəçi) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində göstərdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” məzmunlu ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, ərizənin ilk hissəsində “şəxsin ölüm faktının tanınması barədə” ərizə başlığının qeyd edilməsinə baxmayaraq, ərizənin “Xahiş edirəm” hissəsində “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılması xahiş olunmuş, həmçinin ərizəçiyə həmin faktın müəyyən edilməsinin hansı məqsədlə lazım olduğu göstərilməmiş, eləcə də ərizəyə xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* qəbz nömrəli 100 manat dövlət rüsumu barədə qəbz əlavə edilmişdir. Həmin qərardaddan ərizəçinin nümayəndəsinin (vəkilinin) verdiyi şikayət, şikayəti imzalayan nümayəndənin etibarnaməsinin olmadığı əsas göstərilməklə məhkəmənin 21 avqust 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra ərizəçinin nümayəndəsi (vəkili) 24 iyun 2023-cü il tarixli qərardaddan növbəti dəfə şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçinin nümayəndəsinin (vəkilinin) 21 avqust 2023-cü il tarixli qərardaddan verdiyi şikayət də xx.xx.2023-cü il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətlər təmin edilməli, mübahisələndirilən qərardadlar ləğv olunmalıdır. Mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına görə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin mövcudluğu zəruridir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizənin geri qaytarılması ilə bağlı 24 iyun 2023-cü il tarixli qərardadda məhkəmənin əsas göstərdiyi hallardan biri - ərizənin ilk hissəsində “şəxsin ölüm faktının tanınması barədə” ərizə başlığının qeyd edilməsinə baxmayaraq, ərizənin “Xahiş edirəm” hissəsində “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasının xahiş olunması – həddindən artıq formal yanaşmanın təzahürüdür; faktın müəyyən edilməsinin ərizəçiyə hansı məqsədlə lazım olduğunun göstərilməməsi arqumenti ilə bağlı isə qeyd olunmalıdır ki, ərizənin məzmununda həmin məqsəd aydın şəkildə göstərilmişdir. 21 avqust 2023-cü il tarixli qərardadla bağlı isə qeyd olunmalıdır ki, məhkəmə həmin qərardadı qəbul edərkən nümayəndənin (vəkilin) səlahiyyətli olduğunu təsdiq edən etibarnamənin xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirildiyini nəzərə almamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayətlər təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5000/2023 saylı iş üzrə 24 iyun 2023-cü il və 21 avqust 2023-cü il tarixli qərardadları ləğv olunsun və iş, ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar