Məhkəmə qərarları › İş №2(103)-60/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-60/2023

04.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-60/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB üçüncü şəxs qismində cəlb olunmaqla) “işə bərpa və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının, maddi və manat mənəvi ziyana görə pulun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh3 MMC-nin nümayəndələri X2 və X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1294/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh3 MMC qarşı xx.xx.2021-ci il tarixli İR-258/21 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, 30 mart 2021-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının, 2021-ci ilin mart ayı üçün 700 manat əmək haqqının, 10.800 manat məbləğində normadan artıq işə görə əmək haqqının, 5000 manat maddi ziyana görə və 10000 manat mənəvi ziyana görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-1294/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 MMC-nin xx.xx.2021-ci il tarixli İR-258/21 nömrəli əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh3 MMC-nin sahə rəisinin köməkçisi vəzifəsinə bərpa edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. .

3. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 73.2 və 300.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, o, ikinci qrup əlil olduğuna görə həftəlik 36 saat işləməli olsa da, 40 saat işləmiş, əmək haqqı isə qanuna uyğun olaraq ikiqat ödənilməli olduğu halda, adi qaydada ödənilmişdir. Həmçinin iddia tələbi işəgötürən tərəfindən 2021-ci ilin mart ayı üçün ondan tutulan 700 manat hissədə, eləcə də maddi və mənəvi zərərin tutulması hissədə də əsaslıdır və təmin edilməlidir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya əmək müqaviləsinin müddəti bitdiyi üçün ləğv ediləcəyi barədə şifahi məlumat verilən zaman o xəstə olduğunu bildirmiş, xəstəlik vərəqini istədikdə isə xəstəlik vərəqini təqdim etməyəcəyini, yalnız məhkəməyə təqdim edəcəyini bildirmişdir. Əmək Məcəlləsinin 73.2-ci maddəsi müddətli müqaviləyə şamil olunmur. Bununla bağlı çoxsaylı məhkəmə işləri o cümlədən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5300/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5095/ 2014 saylı, xx.xx.2014-cü il tarixli qərarını qeyd etmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

7. Cavabdehin nümayəndələri R.Kərimov və G.Ağalarlı ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

9. Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanmış 1185/KS saylı xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixədək həmin MMCnin sahə rəisinin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir.

10. Cavabdeh3 MMC-nin direktoru S.Mollayev tərəfindən imzalanmış İR-258/2021 saylı, xx.xx.2021-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə ləğv edilmişdir.

11. 25.03.2021-ci il tarixli, SN 00007 seriyalı, 033927 nömrəli əmək qabiliyiyyətinin olmaması vərəqəsindən görünür ki, COVİD 19 iki tərəfli pnevmoniya olduğu üçün İddiaçı səhiyyə müəssisəsində bülleten açılmış, işə başlamalı olduğu tarix xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir.

12. İddiaçı tərəfindən əmək funksiyasının yerinə yetirilməməsinə baxmayaraq həmin dövr üçün yanvar ayında 1943 manat, fevral ayında 1943 manat, mart ayında isə 1943 manat əmək haqqı və 4617.83 manat məzuniyyət kompensasiyası hesablanaraq ödənilmişdir.

13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cavabdeh3 MMC-nin direktoru S.Mollayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 73.2-ci maddəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.26-cı maddəsinə əsasən işəgötürənə dispozitiv imkan yaratdığı üçün 79.2-ci maddə rəhbər tutularaq işçinin əmək müqaviləsinin müddəti bitdikdə və müqavilənin müddətinin bitmə tarixi əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrünə təsadüf etdikdə xitam verilə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

14. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

16. Kollegiya ilk növbədə bildirir ki, iddiaçının əmrin verildiyi tarixdə xəstəliyə görə iş yerində olmaması hazırkı işin mübahisəsiz halıdır.

17. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili, yəni iş vaxtından artıq işləməsinin yoxlanması üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, buna baxmayaraq hər hansı nəticə əldə olunmamışdır.

18. Beləliklə, müəyyən olunur ki, iddiaçının tələbi həmin hissədə sübuta yetirilməmişdir.

19. İddiaçı Əmək Məcəlləsinin 300-cü maddəsini əsas tutaraq ona maddi ziyan tələb edir ki, Kollegiya bununla bağlı bildirir ki, həmin tələb əmək müqaviləsinə qanunsuz xitam verilərkən işə bərpa olunan işçiyə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqını ehtiva edir ki, bu halda maddi ziyan işçi işə məhkəmənin qərarı ilə bərpa olunduqda hesablanaraq ödənilir, hazırkı halda da işçiyə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qərara alınmışdır. Bu səbədən, rayon məhkəməsi iddia tələbini maddi ziyan hissədə təmin etməməkdə haqlı olmuşdur.

20. Apellyasiya şikayətinin mənəvi ziyanın ödənilməsi barədə dəlili üzrə Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bununla bağlı iddiaçı hər hansı sübut təqdim etmədiyindən məhkəmə həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.

21. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı isə qeyd edir ki, cavabdehin yeganə dəlili Əmək Məcəlləsinin 73.2-ci maddəsinin müddətli müqaviləyə şamil olunmamasına söykənir və cavabdeh bununla bağlı çoxsaylı məhkəmə aktlarının olduğunu, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5300/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5095/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarını qeyd etmişdir. Cavabdehin təqdim etdiyi həmin 7-8 il öncəki tarixlərə aid məhkəmə aktlarında göstərilmişdir ki, əmək qanunvericiliyi işəgötürən tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməsini müqavilə müddəti bitdiyi vaxt imperativ olaraq müəyyən etiyindən, işçinin xəstə olması halı işəgötürənə bu hüququn həyata keçirilməsinə mane ola bilməz.

22. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlili kimi Əmək Məcəlləsinin 73.2ci maddəsinin müddətli əmək müqavilələrinə şamil olunmaması və bunu təsdiqi kimi təqdim etdiyi məhkəmə aktları, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cavabdeh3 MMC-nin direktoru S.Mollayevə ünvanlanmış xx.xx.2021-ci il məktubdakı mülahizələr ilə bağlı bildirir ki, bu yanaşma əsaslı olmayıb, Əmək Məcəlləsini əmək müqaviləsinə xitam verilməsinin əsaslarını və qaydasını müəyyən edən normalarının göstərişlərinə ziddir.

23. Belə ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Məcəllənin Onuncu Fəslində müəyyən olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Məcəllənin 68-ci maddəsində təsbit olunmuşdur. Həmin maddədə digər əsaslarla yanaşı tərəflərin birinin təşəbbüsü, eləcə də əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi müəyyən edilmişdir. Onuncu Fəslin 69-75-ci maddələrində 68-ci maddədə təsbit olunmuş əsaslarla əmək müqaviləsinə xitam verilməsinin qaydası ayrı-ayrilıqda müəyyən olunmuşdur. Məcəllənin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası, 70-ci maddəsində işəgötürən tərəfindən ləğv edilməsi əsasları, 73-cü maddədə isə müddətli əmək müqaqviləsinə xitam verilməsinin xüsusi qaydası müəyyən olunmuşdur. Həmin maddənin hazırkı əmək mübahisəsi yaranarkən və hal-hazırda qüvvədə olan mətni belədir: Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, müddətli əmək müqaviləsinə müddətin qurtarması əsasına görə işəgötürən tərəfindən xitam verilməsi halında 73.2-ci maddədə təsbit olunmuş qaydanın gözlənilməsi mütləqdir. Qaldı ki, Əmək Məcəlləsinin 79.2-ci maddəsində həm də məcəllənin 73-cü maddəsinə istinad olunmasına, əvvəla nəzərə almaq lazımdır ki, həmin norma əmək müqavilələrinə xitam verilməsi əsasları və qaydalarını tənzimləyən Fəsildə deyil, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarını müəyyən edən On birinci Fəsildə yerləşir ki, həmin fəsildə müəyyən edilən qaydalar isə aşkar olaraq müddətsiz əmək müqavilələrinə əsasən işləyən işçilərlə əmək müqavilələrinə xitam verilməsi zamanı onlara müəyyən təminatların verilməsini tənzimləyir. Bundan başqa, Məcəllənin 79-cu maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasını qadağan edən işçilər və halları tənzimləyir və birbaşa olaraq ondan əvvəl gələn 78-ci maddəyə əsasən işçilərin sayının və ya ştatların ixtisarı həyata keçirilərkən əmək müqavilələrinə xitam verilməsi zamanı iş yerini saxlamaq hüququ olan şəxslərin dairəsini müəyyənləşdirir. Başqa sözlə desək, 79.1-ci maddədə sadalanan şəxslərə münasibətdə və hallarda, hətta 78-ci maddədə göstərilmiş əsaslar olsa belə, işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilə bilməz. Bunula belə, 79.2-ci maddədə həmin qaydadan iki istisna hal müəyyən olunmuşdur: birincisi, Məcəllənin 70-ci maddəsinin a) bəndi- müəssisənin ləğv edilməsi; ikincisi, Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilməsi. Bu da tam anlaşılan və məntiqlidir, çünki müəssisənin ləğv edilməsi halında, eləcə də müddətli əmək müqaviləsinin vaxtı bitdikdə-işçinin hamilə olmasının, habelə üç yaşınadək uşağı olan qadın və ya üç yaşınadək uşağını təkbaşına böyüdən kişi olmasının; habelə işçinin yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyütməsinin; habelə işçinin əmək qabiliyyətini müvəqqəti itirməsinin; habelə işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olmasının; habelə həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olmasının; eləcə də işçinin öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olmasının hər hansı əhəmiyyəti qalmır, ona görə ki, birinci halda müəssisə artıq mövcud olmur, ikinci halda isə, sadəcə olaraq, müqavilə müddəti bitmiş olur. Beləliklə də, Əmək Məcəlləsinin istinad olunan normalarının sistematik təhlilindən aydın olur ki, Məcəllənin 73-cü maddəsi əmək müqaviləsinə xitam verilməsinin tam müstəqil əsası kimi müddətli əmək müqavilələrinə xitam verilməsinin qaydasını müəyyən edən xüsusi norma olmaqla həmin əsasla əmək müqaviləsinə xitam verilməsi halında həmin maddənin 2-ci hissəsində müəyyən olunmuş qaydaların gözlənilməsi qanunun imperativ tələbi olmaqla, mütləqdir. Belə olan halda bəlli olur ki, cavabdehin təqdim etdiyi və xeyli əvvəlki dövrlərə aid olan məhkəmə aktları, eləcə də qanun normasının izahı barədə verilmiş hansısa məktub əmək qanunvericiliyinin tələblərinin onun məqsəd və məzmununa zidd tətbiqi üçün əsas ola bilməz. Demək ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

24. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, apellyasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

25. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1294/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar