Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-600/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” kiçik iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2020-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 1.603,18 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan (Pleşakov) keçəsi, ev 13-də ASC-nin əməkdaşları tərəfindən 16.04.2010-cu il tarixdə elektrik sayğacı quraşdırılmış, 19.04.2019cu il tarixdə isə əvvəlki sayğac yeni “PAUD-MP 106” tipli, **********0M1298227 nömrəli yeni sayğacla əvəz edilmişdir. Ev iddiaçının atası X1 məxsus olduğundan, ASC, müqaviləni də məhz iddiaçının atası ilə bağlamışdır. İddiaçının atası vəfat etmiş və hazırda ev iddiaçının faktiki sahibliyindədir. Yaxın günlərdə iddiaçıya məlum olmuşdur ki, ASC tərəfindən ünvana 1.603,18 manat məbləğində borc hesablanmış və bu barədə iddiaçıya “Abunə haqqında çıxarış” verilmişdir. “Abunə haqqında çıxarışdan” görünür ki, 17.04.2010cu il və 21.01.2020-ci il tarixlər arasında sayğac oxunmalarına əsasən elektrik enerji sərfiyyatına görə 2.306,22 manat məbləğində və bağlanan aktlar əsasında 329,28 manat məbləğində borc hesablanmış, bu illər ərzində ödənilən 1.035 məbləğində pul çıxılmaqla, 24.01.2020-ci il tarixə, ümumilikdə 1.603,18 manat məbləğində borc yığılmışdır. Göründüyü kimi hesablanmış borc məbləğinin xeyli hissəsi 2010-2016-cı illərə aiddir. Bundan əlavə, aktlara əsasən 08.04.2010-cu il və 19.04.2019-cu il tarixdə iddiaçıya müvafiq olaraq 302,40 və 329,28 manat məbləğində borc hesablanmışdır ki, bu qədər borcun orta sərfiyyatın aşılmasına görə yaranması mümkünsüzdür. Bu aktlar barədə iddiaçı xəbərdarlıq edilməmiş və borcun hansı əsasla yaranması haqqında məlumat verilməmişdir. İddiaçı, həmin ünvanda yaşayır, ünvanda hər hansı bir obyekt işlətmir və ünvanda hər hansı əlavə elektrik enerjisi tələb edəcək bir fəaliyyətlə məşğul olmur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ASC tərəfindən ona hesablanmış borc əsassız hesab edilərək ləğv edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.05.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, yeni sayğac quraşdırılan 19.04.2019-cu il tarixə enerji sərfiyyatına görə borc müəyyən edilmişdir. Sayğac quraşdırıldıqdan sonra 273 manat və 136 manat borc ödənilmiş, son nəticədə 1.574,18 manat borc isə ödənilməmişdir. Cavabdeh ASC-nin nümayəndəsi F.Qasımzadə apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz etmiş və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir. İşə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə iddiaçı, apelyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçının yaşadığı və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan (Pleşakov) keçəsi, ev 13-də ASC-nin əməkdaşları tərəfindən 16.04.2010-cu il tarixdə elektrik sayğacı quraşdırılmış, 19.04.2019-cu il tarixdə isə əvvəlki sayğac yeni “PAUD-MP 106” tipli, **********0M1298227 nömrəli yeni sayğacla əvəz edilmişdir. Ev iddiaçının atası X1 məxsus olduğundan, ASC, müqaviləni də məhz iddiaçının atası ilə bağlamışdır. İddiaçının atası vəfat etmiş və hazırda ev iddiaçının faktiki sahibliyindədir. Cavabdeh ASC tərəfindən təqdim edilmiş “Abunə haqqından çıxarışdan” görünür ki, 17.01.2010-cu il tarixdən 21.01.2020-ci il tarixədək iddiaçının 1.603,18 manat məbləğində borcu var və cavabdeh ASC həmin məbləğin ödənilməsini iddiaçıdan tələb etmişdir. İddiaçı qeyd edilən borcun əsassız olduğunu bildirir və borcun silinməsini tələb edir. Cavabdeh ASC isə bildirir ki, borc əsaslı olaraq hesablanıb və formal deyil. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.17-ci bəndinə görə, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qaydaların 8.34-cü bəndində görə, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9-cu bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.). Məhkəmə cavabdeh ASC tərəfindən hesablanmış qeyd edilən məbləğlərin həqiqəti əks etdirib-etdirməsini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası və əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli, 9/263 saylı və 13.09.2021-ci il tarixli, 9/5054 saylı rəylərdən görünür ki, cavabdeh ASC tərəfindən borc qalığı haqqında təqdim olunmuş bildiriş xəbərdarlığında iddiaçının yaşadığı ünvan üzrə tərtib edilmiş “Abonentin saldosu cədvəlindəki” məlumatlara əsasən borc qalığı 1.574,18 manat məbləğindədir. Məhkəmə ekspert rəyini və iş materiallarını araşdıraraq qeyd edir ki, cavabdeh ASC saldoda qeyd olunan borcun yaranması və hesablanmasının əsasları ilə bağlı sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, təkcə “Abonentin saldosu cədvəlindəki” məlumatlar iddiaçının borcunun olması qənaətinə gəlmək üçün əsas deyil. Odur ki, Məhkəmə, apellyasiya şikayətinin sübuta söykənməyən bu dəlilini əsaslı saymır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizaların xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Bu məqsədlə də, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən cəmi 150 (yüz əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz/
Məhkəmə qərarları › İş №2(103)-600/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-600/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver