Məhkəmə qərarları › İş №2(103)-600/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-600/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-600/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MTK arasında 03 fevral 2014-cü il tarixdə 98 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzili iddiaçıya satmalı, iddiaçı tərəfindən isə həmin mənzilin dəyəri ödənilməlidir.

2. Sonradan tərəflər arasında müqaviləyə dəyişiklik edilmiş, xx.xx.2016-cı il tarixli, (166) 98 nömrəli yeni müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı ünvan 2 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105.32 kv.mdən ibarət olan 3 otaqlı 98 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla 83700 manat ödəyir. İşdə olan 18 iyun 2016-cı il tarixli mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı mənzilin dəyəri üçün 83700 manat, dəhlizdən əlavə 4 kv metr üçün 3600 manat ödəniş etmişdir.

3. Hazırda tərəflər arasında təhvil verilmiş mənzilin ölçüsü ilə bağlı mübahisə vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin satışı zamanı sahəni artıq göstərməklə iddiaçıdan artıq alınmış 15.860 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 138 manat, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 03 fevral 2014-cü il tarixdə 98 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzili iddiaçıya satmalı, iddiaçı isə həmin mənzilin dəyərini ödəməli idi. Müqavilənin 2.2.1-ci bəndinə əsasən 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 108.00 m2 olan 3 otaqlı, 98 saylı mənzilin dəyəri hər kvadrat metri üçün 800 manat olmaqla, cəmi 86.400 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı xx.xx.2014-cü il tarixdə 80.000 manat məbləğində ilkin ödəniş etmiş, 6.400 manat qalıq məbləği isə xx.xx.2014-cü il tarixdə ödəmişdir. Sonradan cavabdeh iddiaçıya eyni ölçüdə bir mərtəbə aşağıda yerləşən mənzili təklif etmişdir. Bu təklifi onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçıya satılmış mənzilin yerləşən mərtəbədə digər mənzil sahibi öz oğlu üçün də eyni mərtəbədən mənzil almaq niyyətindədir. İddiaçı buna öz razılığını vermiş və tərəflər arasında mövcud olan müqaviləyə dəyişiklik edilmişdir. Yeni müqavilənin 2.2.1-ci bəndinə əsasən 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105.32 m2 olan 3 otaqlı, 98 saylı mənzilin dəyəri sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla, cəmi 83700 manat müəyyən edilmişdir. Lakin, müqavilədən də göründüyü kimi, cavabdeh müqaviləyə dəyişiklik edərkən mənzilin ölçüsünü tərəflər arasında razılaşdırılmış 109.32 m2 -dən 4 m2 az qeyd etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıdan 4 m2 üçün əlavə 3600 manat məbləğində ödəniş almış və iddiaçıya əlavə 4 m2 ərazini də təhvil vermişdir. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124 ünvanda inşa edilmiş 6 saylı çoxmərtəbəli kooperativ yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 109.32 m2 olan 98 saylı 3 otaqlı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və iddiaçının cavabdehə heç bir borcu yoxdur. Ümumilikdə, qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə 87.300 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışına əsasən müəyyən edilmişdir ki, yeni qaydalarla ünvanı AZ1002, ünvan 3mi sahəsi 89,30 m2 təşkil edir. Göründüyü kimi, mənzilin faktiki sahəsi alğı-satqı müqaviləsində nəzərdə tutulmuş sahədən azdır, yəni cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulan mənzili tam sahəsi ilə, yəni 109.32 m2 -dən ibarət olan iddiaçıya təhvil verməmişdir. Mənzilin 1 m2 sahəsinin qiyməti 800 manat olduğu nəzərə alınaraq iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ 15.860 manat təşkil edir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı ilə onun nümayəndəsi və vəkili Nümayəndə arasında hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 500 manat xidmət haqqı ödənilmişdir.

6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MTK-dan artıq ödənilmiş 5360 (beş min üç yüz altmış) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun ½ hissəsi olan 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 73,6 (yetmiş üç manat altmış qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (yüz) manat cavabdeh "xxxx" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışı zamanı iddiaçıya cavabdeh tərəfindən təhvil verilmiş mənzilin faktiki sahəsinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6083 saylı ekspert rəydən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120, 122, 124, 3 otaqlı, 98 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124, M14, mənzil 2) mənzilin ümumi sahəsinin (daxili parametrləri (içdən-içə)) 95,0 m2 , eyni zamanda mənzilin faktiki sahəsinin içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları da daxil olmaqla 99,3 m2 təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa sözügedən mənzilin faktiki sahəsi (99,3 m2 ) ilə həmin mənzilə dair bağlanmış 03 fevral 2014-cü il tarixli (18 iyun 2016-cı il tarixli dəyişikliklə) müqavilədə göstərilmiş (105,32 m2 ) sahə arasında 6,02 m2 fərq olduğu müəyyən edilmişdir. Rəyin təsviri hissəsindən həmçinin görünür ki, ekspert tərəfindən mənzilə baxış zamanı müəyyən olunmuşdur ki, mənzil yaşayış binasının 15-ci mərtəbəsində yerləşməklə, ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti, ölçüləri və digər texniki parametrləri onun texniki pasportunda göstərilənlərə uyğun deyildir. Ekspert tərəfindən sözügedən mənzilin faktiki ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti və digər texniki parametrləri əks olunmuş sxem rəyə əlavə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrdə mənzillərin mərtəbəsi və nömrəsi eyni göstərilməsinə baxmayaraq, razılaşmaya əsasən iddiaçıya ilkin müqavilədə göstərilən mənzildən fərqli olaraq digər mərtəbədə yerləşən mənzil təhvil verilmişdir. Eləcə də iddiaçının nümayəndəsi-vəkilinin məhkəmə baxışında verdiyi izahatdan da müəyyən edilir ki, mənzilin faktiki sahəsi və digər göstəriciləri onun texniki pasportunda göstərilənlərdən fərqlidir. Belə ki, texniki pasport cavabdeh MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında tərtib edilmişdir. İddiaçının nümayəndəsi-vəkili ekspert rəyində qeyd olunan mənzilin faktiki göstəricilərinə etirazının olmadığını bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ekspert rəyi işin faktiki hallarına uyğun olduğundan və digər sübutlarla təkzib edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin ekspert rəyinə əsasən təsdiq edilir ki, iddiaçının mülkiyyətində olan sözügedən mənzilin faktiki sahəsi 99,3 m2 təşkil edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 105,32 m2 əvəzinə 99,3 m2 olan, yəni müqavilədə nəzərdə tutulandan 6,02 m2 az sahəsi olan mənzili təhvil vermişdir. Tərəflərin razılaşmasına əsasən mənzilin hər kvadrat metri 800 manat qiymətləndirilmişdir. İddiaçı isə cavabdehə müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı 87.300 (səksən yeddi min üç yüz) manat ödəniş etmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı 5360 (87300- (99,3x800+2500)) manat artıq ödənilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən artıq ödənilmiş 15.860 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbi 5.360 manat hissədə qismən təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 404.1, 404.2, 425.1, 442, 443.1, 443.2, 578.1, 646.1, 646.2, 752.1, 752.2-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 121.1, 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-103/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə iddiaçıya məxsus yaşayış mənzilinin ümumi sahəsi hesablanarkən yanlışlığa yol verilmişdir. Belə ki, qətnamədən də göründüyü kimi iş materiallarında İddiaçı ilə "xxxx" MTK arasında 2 fərqli satış müqavilələri mövcuddur. Hər müqavilədə isə iddiaçıya fərqli yaşayış sahələri təhvil verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən MTK-ya müxtəlif ödənişlər edilməsinə dair maliyyə arayışları təqdim olunmuşdur. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixdə 98 saylı müqavilə bağlanmış, həmin müqaviləyə 38, 38A, 40, 42 ünvanda inşa ediləcək binanın 14-cü mərtəbəsində ümumi sahəsi 108,00 kv.m olan 3 otaqlı mənzilin hər kv.m üçün 800 manat olmaqla cəmi, 86.400 manat müəyyən edilmişdir. İlkin ödəniş xx.xx.2014-cü ildə 80000 manat ödəniş edilmiş, 6400 manat isə xx.xx.2014-cü ildə ödənilmişdir. Sonradan isə tərəflər arasında razılaşmaya əsasən yuxarıda qeyd olunan müqavilə dəyişdirilərək ümumi sahəsi 105,32 kv.m olan 3 otaqlı 98 saylı mənzil üçün 83.700 manat ödəniş müəyyən edilmişdir. Eyni zamanda tərəflərin razılaşmalarına əsasən MTK tərəfindən iddiaçıya ümumi dəhlizdən 4 kv.m əlavə sahə təhvil verilmiş və buna görə 3600 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi tərəflər arasında müxtəlif satış müqavilələri var və müxtəlif maliyyə ödənişləri mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin faktiki sahəsiniun müəyyənləşdirilməsi məqsədilə iş üzrə tikintitexniki ekspertizası təyin edilmiş və həmin ekspertizanın müvafiq rəyi ilə müəyyən edimişdir ki, guya müqavilədə göstərilmiş (105,32 kv.m) sahə ilə faktiki istifadədə olan sahə arasında 6,02 kv.m fərq mövcuddur. Rəyin təsviri hissəsindən həmçinin görünür ki, ekspert tərəfindən mənzilə baxış zamanı müəyyən olunmşdur ki, mənzil yaşayış binasının 15-ci mərtəbəsində yerləşməklə, ümumi quruluşu tikililərin yerləşmə vəziyyəti, ölçüləri və digər texniki parametrləri mənzilin faktiki ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti və digər texniki parametrləri ilə uyğun gəlmir. Belə olan halda məhkəmənin ekspert rəyini mötəbər sübut kimi götürürüb qərar qəbul etməsi qanuni hesab edilə bilməz. Həmçinin iddiaçının özünündə qeyd etdiyi kimi o otaqların yerləşməsi vəziyyətində müəyyən dəyişikliklər etmişdir. Bu hal özü də mənzilin sahəsinin dəqiq ölçülməsində qeyri müəyyənliyə səbəb olmuşdur. Əsil həqiqət isə odur ki, MTK tərəfindən iddiaçıya müqavilə əsasında təhvil verilmiş 105,32 kv.m eyni zamanda dəhlizdən əlavə verilmiş 4 kv.m. cəmi 109,32 kv.m təşkil edir. Çox təəssüf ki, məhkəmə ekspertizası tərəfindən keçirilmiş ekspertiza mənzilin ümumi sahəsini hesablayarkən bəzi parametrləri (içdən-içə) düzgün hesablamamışdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının" tələblərini düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onların mülki işdən məlumatı olmamışdır. Ekspert tərəfindən mənzilə baxış keçirilən zaman mənzilin yaşayış binasının 15-ci mərtəbəsində mənzil yerləşməklə, ümumi quruluşu, texniki tikililərin yerləşmə vəziyyəti,ölçüləri və texniki parametrləri mənzilin faktiki ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti,ölçüləri və texniki parametrlərə uyğun gəlmir. Həmçinin, iddiaçı özü də qeyd edib ki, otaqların yerləşmə vəziyyətində müəyyən dəyişikliklər etmişdir. Ekspertizanın qərarının təsviri hissəsinə baxdıqda yanlışlığa yolverildiyi açıq-aydın görünür. Ona görə də hesab edir ki, məhkəmə-tikinti ekspertizası təyin edilməlidir ki, mənzilin faktiki vəziyyəti burada öz əksini tapmalıdır. Özləri mənzilin vəziyyətində əlavə dəyişiklik ediblər. Əlavə 4 kv.metr olan sahə liftin qarşısından yox, orada başqa yerdən verilib. İddiaçı bunu özü etiraf edib. Ekspert rəyində əlavə 4 kv.metr olan sahə öz əksini tapmayıb. Çıxarışda əlavə 4 kv. metr nəzərə alınmayıb. 4 kv. metr otağa birləşdiriblər. 4 kv. metrin verilməsini etiraf edilmişdir. Ekspert rəyi ilə razı deyil. Əlavə 3600 manat pul ödəyiblər. 109 kv. metr olan mənzil satıblar.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işin halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında 03 fevral 2014-cü il tarixdə 98 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzili iddiaçıya satmalı, iddiaçı tərəfindən isə həmin mənzilin dəyəri ödənilməlidir.

21. İşin halları ilə həmçinin müəyyən edilir ki, sonradan tərəflər arasında müqaviləyə dəyişiklik edilmiş, xx.xx.2016-cı il tarixli, (166) 98 nömrəli yeni müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı ünvan 2 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105.32 kv.mdən ibarət olan 3 otaqlı 98 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla 83700 manat ödəyir. İşdə olan 18 iyun 2016-cı il tarixli mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı mənzilin dəyəri üçün 83700 manat, dəhlizdən əlavə 4 kv metr üçün 3600 manat ödəniş etmişdir.

22. İddiaçı iddiasında cavabdeh tərəfindən ona təhvil verilmiş mənzilin sahəsinin müqavilə üzrə razılaşdırılmış sahədən az olduğunu bildirərək mənzil üçün ödənilmiş məbləğlə mənzilin real dəyəri arasında yaranmış fərq olaraq 15.860 manatın ödənilməsini xahiş edir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş və işə birinci instansiya məhkəməsində baxılması zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6083 saylı ekspert rəyinə istinad edilmişdir. Ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120, 122, 124, 3 otaqlı, 98 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124, M14, mənzil 2) mənzilin ümumi sahəsinin (daxili parametrləri (içdən-içə)) 95,0 m2 , eyni zamanda mənzilin faktiki sahəsinin içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları da daxil olmaqla 99,3 m2 təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa sözügedən mənzilin faktiki sahəsi (99,3 m2 ) ilə həmin mənzilə dair bağlanmış 03 fevral 2014-cü il tarixli (18 iyun 2016-cı il tarixli dəyişikliklə) müqavilədə göstərilmiş (105,32 m2 ) sahə arasında 6,02 kv.m fərq olduğu müəyyən edilmişdir.

24. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunur ki, iddiaçıya 4 kv.m əlavə təhvil verilmiş sahə ilə birlikdə mənzilin sahəsi 109.32 kv.m təşkil edir.

25. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi olaraq verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/591 nömrəli ekspert rəyində qeyd edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124 ünvanında inşa edilmiş yüksək çoxmərtəbəli 6 saylı yaşayış binasının, 14-cü mərtəbəsindəki 98 saylı, 3 otaqlı mənzilin faktiki sahəsi 99,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən mənzilin faktiki sahəsi (99,3 kv.m) ilə həmin mənzilə dair bağlanmış 03 fevral 2014-cü il tarixli (18 iyun 2016-cı il tarixli dəyişikliklə) müqavilədə göstərilmiş (105,32 kv.m) sahə arasında 6,02 kv.m fərq olduğu müəyyən edilmişdir. Ümumi dəhlizdən İddiaçı təhvil verilməli olan 4 kv.m sahə faktiki olaraq mənzilin 99.3 kv.m sahəsinə daxil edilməklə hesablanmışdır.

26. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

28. Göründüyü kimi, Cavabdeh MTK öhdəliklərini pozmuşdur.

29. Məhkəmə kollegiyası vəkil xərci olaraq 250 manat məbləğində pulun cavabdehdən tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Ekspertizanın keçirilməsi ilə bağlı 100 manat məbləğində məhkəmə xərci cavabdeh "xxxx" MTK-dan tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar