Məhkəmə qərarları › İş №2(103)-6000/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6000/2023

26.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6000/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əlmurad oğlunun Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması, cinayət işi üzrə çıxarılacaq hökmün preyudisiallığı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı MMC-nə direktor vəzifəsinə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 04/22 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

3. Cavabdeh MMC-nin təsisçisi (direktoru) X4 xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Polis İdarəsinə müraciət edərək, MMC-nin sabiq direktoru X1 müəssisəyə məxsus "xxxx" markalı ** AS *** dövlət nömrə nişanlı avtomobili dələduzluq yolu ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin mülkiyyətinə keçirməsi barədə şikayət etmiş, şikayətlə əlaqədar Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə cinayət işi başlanmış, xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 320.1, 320.2 və 322.1-ci maddələrinə tövsif edilmişdir.

4. İddiaçı Cinayət Məcəlləsinin 320.1, 320.2 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Qaradağ Rayon Məhkəməsinin icraatında məhkəmə baxışındadır.

5. Sözügedən cinayət işi üzrə verilmiş ittihama görə, İddiaçı 2022-ci ilin oktyabr ayında direktor vəzifəsində işlədiyi Cavabdeh MMC-nin təsisçisi X4 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar sonra N.Məmmdovun onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü ondan aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib özünün təsisçi olduğu dövrdə alınaraq etibarnamə əsasında arvadı X7 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün itirilməsi barədə ərizə ilə müraciət edib həmin idarədən möhürün tapılması barədə məlumat daxil olmaması haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs X3 vasitəsilə "Elektro İnşaat” MMC-yə məxsus möhür hazırlatdırıb, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsində "Elektro İnşaat” MMC-yə məxsus "Lexus RX300” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu "xxxx" MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərərçəkmiş hüquqi şəxs "Elektro İnşaat” MMC-yə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən direktor vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin icrasını təmin etmiş, əmək funksiyalarının pozulması hallarına yol verməmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis idarəsinə Cavabdeh MMC tərəfindən verilən şikayətlə əlaqədar sözügedən Polis idarəsində 21 fevral 2023-cü il tarixində dindirilərkən ona məlum olmuçdur ki, xəbəri və razılığı, o cümlədən heç bir ərizəsi olmadan onunla bağlanmış əmək müqaviləsinə 24 noyabr 2022-ci il tarixdə xitam verilmişdir.

8. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 vəsatət təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, hazırda İddiaçı Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ Rayon Məhkəməsində cinayət işinin məhkəmə baxışı həyata keçirilməkdədir. Baxılan mülki işlə cinayət işi bir-birilə mahiyyət etibarı ilə əlaqəlidir. Belə ki, cinayət işi üzrə verilmiş ittihamla müəyyən edilmişdir ki, İddiaçı 2022-ci ilin oktyabr ayında direktor vəzifəsində işlədiyi "Elektro İnşaat” MMC-nin təsisçisi X4 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar sonra N.Məmmdovun onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü ondan aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib özünün təsisçi olduğu dövrdə alınaraq etibarnamə əsasında arvadı X7 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "Lexus RX300” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün itirilməsi barədə ərizə ilə müraciət edib həmin idarədən möhürün tapılması barədə məlumat daxil olmaması haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs X3 vasitəsilə "Elektro İnşaat” MMCyə məxsus möhür hazırlatdırıb, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ- nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsində "Elektro İnşaat” MMC-yə məxsus "Lexus RX300” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu "Enerji İnşaat” MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərərçəkmiş hüquqi şəxs "Elektro İnşaat” MMC-yə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. İş üzrə ifadə vermiş İddiaçı hazırki iddia ərizəsində də qeyd etdiyi kimi işdən azad olunmasını yalnız xx.xx.2023-cü il tarixdə bildiyini göstərmişdir. Hətta bununla əlaqədar Qaradağ rayon məhkəməsində işə baxılan zaman İddiaçı müdafiəçisi Vəkil2 tərəfindən vəsatət verilərək cinayət işinin icraatına xitam verilməsi də xahiş edilmiş, lakin, məhkəmə tərəfindən vəsatət rədd edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X4 ifadəsində İddiaçı işdən azad edilməsini 2022-ci ilin oktyabr ayının əvvəlində etdiyini, sonuncunun da bundan xəbərinin olduğunu göstərmiş, iş üzrə ifadələri alınmış "Elektro İnşaat” MMC-nin əməkdaşları X5 və X8 da bunu təsdiq etmişlər.

9. Birinci instansiya məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərardadı ilə işin icraatının, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 1(002)-240/2023 saylı cinayət işi üzrə yekun məhkəmə hökmü qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı cinayət işi üzrə təqsirləndirilən, cavabdeh - zərərçəkmiş şəxsdir, eyni zamanda, məhkəməyə təqdim edilmiş vəsatətdən və ittiham aktından görünür ki, cinayət işinin materiallarında iddiaçının əmək münasibətlərinə nə vaxtdan hansı şəkildə son qoyulmasının ona məlum olduğu ilə bağlı məqamlarla əlaqədar ifadələr mövcuddur. Hər iki iş bir-biri ilə əlaqəli olduğundan icraat dayandırılmalıdır.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü və 258-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarına istinad etmişdir.

12. Qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iki işin arasındakı bağlılığın mahiyyətini düzgün qiymətləndirməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyinin yoxlanılmasının cinayət işi üzrə icraatdan asılı olmadığını nəzərə almayaraq əsassız qərar qəbul etmişdir.

13. Məhkəmənin 25 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

15. Maddı 68 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü.

16. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ...f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, yuxarıda qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.

21. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

22. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinadən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, ittiham aktına görə, onun ittiham olunduğu əməl isə xx.xx.2022-ci il tarixdə törədilmişdir.

23. Belə olan halda, iddiaçının iddia tələbi cinayət işi üzrə icraatdan asılı edilə bilməz və məhkəmə əmrin əmək qanunvericiliyinə uyğun olub-olmadığını yoxlamaqla müvafiq nəticəyə gəlməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2279/2023 saylı iş üzrə 20 iyul 2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar