Məhkəmə qərarları › İş №2(103)-6000/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6000/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6000/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1701/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh MMC ilə İddiaçı arasında 20 noyabr 2024-cü il tarixli elektron "xxxx" bağlanmışdır. Müqavilə imzalandıqdan sonra iddiaçı tərəfindən MMC-yə 1.850 manat məbləğində ödəniş edilmişdir. Hazırda İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə istinad edərək, cavabdehə ödənilmiş məbləğin və iddiaçı tərəfindən çəkilmiş digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.850 manat pulun, 4.000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulu, 350 manat hüquqi yardıma görə ödənilmiş pulun və 90 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixində elektron müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı sifarişçi, Cavabdeh MMC isə icraçı qismində çıxış etmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh UX/Uİ Dizayn dərslərinin tədrisini müqavilədə göstərilmiş şərtlərlə aparmağı öz öhdəliyinə götürmüşdür. Cavabdeh MMC-nin direktoru Aqşin Rəcəbovdur, o, UX/Uİ dizayn sahəsi üzrə Azərbaycanda nüfuzlu mütəxəssis kimi tanınır. Dərslərin keçirilməsi bilavasitə onun tərəfindən icra olunmalı olsa da, dərslər A.Rəcəbovun tələbəsi tərəfindən keçirilmişdir. Bununla bağlı tərəflər arasında bağlanmış müqavilədə müvafiq bənd və ya razılaşma mövcud deyildir. Müqavilənin 2-ci maddəsinə əsasən, dərslər 1 saat olmaqla həftədə 2 dəfə, ayda 12 saat əsas dərs, 8 saat praktiki dərs keçirilməsi və tədris proqramının 4 ay davam etməsi nəzərdə tutulmuşdur. 4.1-ci bəndə əsasən, xidmət haqqı 1.850 (min səkkiz yüz əlli) AZN olaraq müəyyən edilmişdir. Həmçinin, müqavilənin 3.4-cü bəndində qeyd olunmuşdur ki, "İcraçı tədris müddətinin sonunda, sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda diplom ilə təltif etməmək hüququna malikdir". Bu qiymətləndirmənin necə və hansı qaydada aparılması, nəyə əsasən müəyyən olunması müqavilə və ya onun əlavələrində qeyd olunmamış və tərəflər arasında razılaşdırılmamışdır. Cavabdeh, müqavilə ilə öhdəlik götürmüşdür ki, o dərslərin keyfiyyətinə tam zəmanət verir və tam, keyfiyyətli xidmət göstərməyi öz üzərinə götürür. İddiaçı, müqavilənin 4.1-ci bəndinə əsasən, öz üzərinə düşən öhdəliyi tam icra etmiş və xidmət haqqını dərslər üzrə deyil, cəm şəklində olmaqla əvvəlcədən ödəmişdir (ödəniş qəbzləri əlavə olunur). Lakin, cavabdeh işə səhlənkar yanaşmış, keçirilən online dərslərdə iştirak etməmiş, həmçinin tərəflər arasında və tədris qrupunun çatında söz verildiyi kimi mentor ilə aparılmalı olan 4 konsultasiyanı (hansıları ki, A.Rəcəbov şəxsən aparmalı idi) tam və lazımınca icra etməmiş, iddiaçının sorğularını cavabsız qoymuşdur, narahatlığına etinasız yanaşmışdır. İddiaçı ilə müqavilə öhdəliklərinin tam və keyfiyyətli şəkildə icra olunması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, ya öhdəliyin keyfiyyətli və tam aparılması və ya ödənilmiş təlim haqqının qaytarılması tələb olunmuşdur, lakin bu danışıqlar müsbət nəticə verməmişdir. 21 iyun 2025-ci il tarixində cavabdehin hüquqi ünvanına pretenziya məktubu ünvanlanmış və 10 (on) gün ərzində müqavilə üzrə ödənilmiş 1.850 (min səkkiz yüz əlli) manat məbləğin geri qaytarılması xahiş edilmişdir. Qeyd olunmuşdur ki, əks təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəkdir. (poçt qəbzi əlavə olunur) Həmçinin, əlavə olaraq, pretenziya məktubunun surəti cavabdehin elektron poçt ünvanlarına da göndərilmiş, lakin, müraciətlərinə heç bir cavab gəlməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Tərəflərindən müqavilə üzrə öhdəlik icra edilmişdir. İcraçı tərəfindən öhdəlik icra edilməmişdir. İddiaçı 1.850 AZN ödəniş etmiş, əvəzində ona keyfiyyətsiz, natamam xidmət göstərilmiş, sertifikat isə təqdim olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1701/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində “dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən tədris edilmədiyinə” dair göstərdiklərinə münasibətdə iddiaçı əsas kimi onu göstərir ki, müqaviləyə əsasən dərslərin keçirilməsi bilavasitə Aqşin Rəcəbov tərəfindən icra olunmalı idi, lakin icraçı bu öhdəliyini yerinə yetirməmiş, dərslər Aqşin Rəcəbov tərəfindən icra olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bildirdiyinin əksinə olaraq, tərəflər arasında bağlanmış əqddə dərslərin Aqşin Rəcəbov tərəfindən tədris ediləcəyi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, tərəflər arasında bağlanmış əqddə MMC iddiaçıya müqavilədə göstərilmiş şərtlərlə UX\Uİ Dizayn dərslərinin tədris edəcəyini razılaşdırmış və bununla bağlı öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş keçidlərdən görünür ki, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, dərsləri təşkil edərək, iddiaçıya müqavilə ilə razılaşdırılmış dizayn dərslərinin tədrisini həyata keçirmişdir. Bundan başqa iddiaçı dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə istinad etməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim olunmuş keçidlərdən görünür ki, iddiaçı dərslərdə davamlı olaraq iştirak etmişdir. Əgər iddiaçı qeyd etdiyi kimi dərslərin Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə əsasən cavabdehin hərəkətlərindən narazı qalsa idi, o zaman ilk bir neçə dərsdən sonra bu barədə cavabdehə öz etirazını bildirər və qalan dərslərdə iştirak etməkdən imtina etmiş olardı. Halbuki iddiaçı dərslərdə ardıcıl olaraq iştirak edərək, icraçının müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etmiş sayılır. Məhkəmə daha sonra iddiaçının ərizəsində “tədris müddətinin sonunda diplom ilə təltif edilmədiyinə” dair göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqdə əsasən onlar razılaşmışdırlar ki, icraçı tədris müddətinin sonunda, sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda sifarişçinin diplom ilə təltif etməmək hüququna malikdir. Göründüyü kimi, müqavilə ilə icraçının sifarişçini bütün hallarda tədris müddətinin sonunda diplom ilə təltif etməli olduğu barədə əqddə heç bir şərt mövcud deyildir. Bunun əksinə olaraq, tərəflər arasında razılaşdırılmışdır ki, iddiaçı tədrisin sonunda keçiriləcək qiymətləndirmədə 80 balın altında qiymət alacağı təqdirdə, diplom ilə təltif edilməyəcəkdir. Tədrisin sonunda keçirilən qiymətləndirmədə isə iddiaçı 80 balın altında qiymət aldığından cavabdeh tərəfindən diplom ilə təltif edilməmişdir. Məhkəmə iddia tələbinin “4.000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi “1.850 manat pulun cavabdehdən tutulması” hissəsindən yarandığından və iddia həmin hissədə əsassız sayıldığından, bu hissədə də təmin edilməməlidir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim olunan sübutlara ümumiyyətlə münasibət bildirməmiş, onları araşdırmamışdır. Bunun əksinə, qəbul etdiyi qətnamədə cavabdeh tərəfindən prosessual müddət ötürülməklə məhkəməyə təqdim olunmuş etiraz və mülahizəyə istinadlar etmişdir. Məhkəmə qətnamədə təqdim edilmiş sübutlara münasibət bildirmədiyi halda, qətnamənin əsaslandırıcı hissəsində cavabdehin etirazına böyük bir abzas yer ayırmışdır. Həmçinin, qətnamədə iddiaçı qismində iddiaçının nümayəndəsi-vəkilin adının yazılması faktoloji və leksik terminoloji səhv olmaqla, qətnamənin tələsik qəbul edilməsinin, işin halarının tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamasının nəticəsidir. Bu da məhkəmənin qərəzli mövqeyinin sübutudur. İş materialarına əlavə edilmiş sübutlarda, tərəflər arasında aparılan yazışmalarda cavabdeh 4 aylıq tədris proqramında mentor ilə (Aqşin Rəcəbovla şəxsən) 4 dəfə (ayda 1 dəfə olmaqla) konsultasiyanın aparılması öhdəliyini götürmüşdür. Belə ki, tələbələr video görüntülərə baxdıqdan sonra, ayda 1 dəfə tədris proqramı ilə əlaqədar yaranan suallarının, tapşırıqlarla bağlı çətinliklərinin həll edilməsi, izah edilməsi məqsədilə A.Rəcəbov tərəfindən konsultasiya edilməli idilər. Lakin, konsultasiyalar baş tutmamışdır. Tədris proqramı portfolio və final işi olmaqla 2 hissədən ibarət olmuşdur. İddiaçı video görüntülərə keçid etməklə izləmiş, lakin portfolio işini, tapşırıqlarını yerinə yetirmək üçün izahla, yəni, konsultasiya ilə təmin edilməmişdir. Bu da öz növbəsində tədris proqramının mənimsənilməsini çətinləşdirmiş, iddiaçı yarımçıq biliklərlə final işinin (diplom işi) təhvil verilməsinin mümkün olmayacağını dərk etmişdir. Cavabdehin öz etirazında qeyd etdiyi "qiymətləndirmə tədris müddəti ərzində verilmiş tapşırıqların ortalama balı və yekunda verilən diplom layihəsinə uyğun olaraq aparılır" nəzərə alınsa, iddiaçının tədris müddəti ərzində natamam xidmət alması onun yüksək nəticə göstərməsini istisna etmiş, zəruri dəstək göstərilmədiyindən cavabdehə müraciət olunmuş, cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq diplom işi təqdim edilməmiş və iddiaçı sertifikatla təmin olunmamışdır. Belə ki, cavabdeh tərəfindən diplom işinin təqdim edilməsi üçün keçid tələbələrlə qrup çatına iddiaçı hüquqlarının bərpa olunmasını tələb etdikdən, müqavilənin qüvvədə olma müddəti, habelə, müqavilə üzrə müəyyən olunmuş tədris müddəti bitdikdən xeyli sonra yerləşdirilmişdir. Kursun A.Rəcəbovun əvvəlcədən yazılmış video götüntüləri ilə və tələbəsi tərəfindən tədris olunduğunu nəzərə alınsa, proqramın əhəmiyyətli hissəsini təşkil edən mentor konsultasiyaları aparılmadan xidmətin lazımınca və keyfiyyətlə icra olunmasını iddia etmək olmaz. İddiaçı natamam xidmət göstərilməsi ilə bağlı çoxsaylı şikayətlərindən sonra cavabdehin rəsmi email ünvanına müraciət etmişdir. Cavabdeh email yazışmalarında (əlavə olunub) natamam xidmət göstərdiyini və konsultasiyaların baş tutmamasını etiraf etmiş, bunun müqabilində 500 (beş yüz) manat məbləğində ödənişi geri qaytarmağı təklif etmişdir. İddiaçı bununla razılaşmamış ödənilmiş xidmət haqqına uyğun olaraq keyfiyyətli xidmət göstərilməsini, ya da ödənişin geri qaytarılmasını tələb etmişdir. İkincisi, birinci instansiya məhkəməsi hesab etmişdir ki, "Bundan başqa iddiaçı dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə istinad etməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim olunmuş keçidlərdən görünür ki, iddiaçı dərslərdə davamlı olaraq iştirak etmişdir. Əgər iddiaçı qeyd etdiyi kimi dərslərin Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə əsasən cavabdehin hərəkətlərindən narazı qalsa idi, o zaman ilk bir neçə dərsdən sonra bu barədə cavabdehə öz etirazını bildirər və qalan dərslərdə iştirak etməkdən imtina etmiş olardı. Halbuki iddiaçı dərslərdə ardıcıl olaraq iştirak edərək, icraçının müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etmiş sayılır." Tərəflər arasında bağlanan 20 noyabr 2024-cü il tarixli xidmət göstərilməsinə dair müqavilədə dərslərin konkret olaraq kim tərəfindən tədris olunması qeyd olunmamışdır. Yəni, dərslərin A.Rəcəbov tərəfindən tədris olunması istisna edilməmişdir. Maraqlıdır görəsən, məhkəmə nəyə əsasən video görüntülərin izləndiyini təsdiq edən keçidlə iddiaçının icraçının müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etdiyi qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmə iddia tələbini, iş materiallarını düzgün təhlil etmədən yanlış qənaətə gəlmişdir. Tərəflər arasında müqavilə bağlanmadan öncə aparılan danışıqlarda tədrisin A.Rəcəbov tərəfindən aparılacağı bildirilmişdi. Belə ki, sözügedən tədris kursunun məbləğinin bazar qiymətindən yuxarı olması da məhz nüfuzlu təlimçi A.Rəcəbovun təlimi olması ilə bağlıdır. Lakin, sonradan iddiaçı kursun A.Rəcəbovun videogörüntüləri və onun tələbəsi tərəfindən keçirilən praktiki dərslər, eləcə də A.Rəcəbovun bilavasitə konsultasiyaları ilə aparılacağını bilmiş və buna razı olmuşdur. Bir neçə dərsdən sonra iddiaçı əsas təlimçinin iştirakının olmaması barədə onun tələbəsinə, daha sonra şəxsən A.Rəcəbovun özünə narahatlığını və etirazını bildirmiş, lakin, hər səfərində bunun aradan qaldırılacağı vəd edilmişdir. İddiaçı da bu vədlərə etibar etmiş və dərslərdə iştirakını davam etdirmişdir (narazılıq bildirilən video görüntülər, yazışmalar əlavə edilib). Bütünlükdə təlim proqramının (dərslər və praktiki tapşırıqlar) tələbə tərəfindən keçirildiyini, yalnız konsultasiyaların A.Rəcəbov tərəfindən aparılmalı olduğunu nəzərə alınsa, təlimin əhəmiyyətli hissəsinin konsultasiyalar olduğu danılmaz faktdır. İddia tələbinin əsası iddia ərizəsində açıq və aydın şəkildə əks olunmuşdur. Belə ki, iddia tələbinin əsasını keyfiyyətsiz, natamam xidmət göstərilməsi, öhdəliyin lazımınca icra olunmaması təşkil edir. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 20 noyabr 2024-cü il tarixli elekton- "xxxx"nin: 1.1-ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə hazırki müqavilədə göstərilmiş şərtlərlə UX\Uİ Dizayn dərslərinin tədrisinin öhdəliyini üzərinə götürür. 3.1-ci bəndinə əsasən icraçı hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini öz üzərinə götürür. 3.4-cü bəndinə əsasən icraçı tədris müddətinin sonunda, sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda diplom ilə təltif etməmək hüququna malikdir. 4.1-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün ümumi olaraq 1.850 AZN ödəyir. İddiaçı apellyasiya şikayətində konsultasiyaların baş tutmamasına, zəruri dəstək göstərilmədiyindən cavabdehə müraciət olunmasına, cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq diplom işi təqdim edilmədiyindən onun sertifikatla təmin olunmamasına istinad etməklə qeyd etmişdir ki, iddia tələbinin əsasını keyfiyyətsiz, natamam xidmət göstərilməsi, öhdəliyin lazımınca icra olunmaması təşkil edir. Halbuki tərəflər arasında bağlanmış müqavilədə cavabdehin konsultasiya kimi bir öhdəlik götürməsi barədə qeyd olmamışdır. Göründüyü kimi, iddiaçının mütləq qaydada məhz A.Rəcəbov tərəfindən konsultasiya ilə təmin edilməli olması barədə tərəflər arasında bağlanmış müqavilədə hər hansı bir qeyd şərt olmadığından, iddiaçının tədris müddətinin sonunda diplom ilə təltif edilməməsi halı cavabdeh tərəfindən keyfiyyətsiz, natamam xidmət göstərilməsi, öhdəliyin lazımınca icra olunmaması kimi qiymətləndirilə bilməz. Apellyator şikayətində diplom işi təqdim etməməsini səbəbi kimi tədris proqramının mənimsənilməsini çətinləşdirməsini göstərmişdir. Kollegiyanın qənaətinə görə iddiaçı özü bu dəlilləri ilə etiraf edir ki, yarımçıq biliklərlə final işinin (diplom işi) təhvil verilməsinin mümkün olmayacağını dərk etmişdir, başqa sözlə, dərsin mənimsənilməməsi cavabeh tərəfindən dərslərin keyfiyyətsiz, natamam göstərilməsi anlamına gəlmir. Çünki tədris əsasən video dərslər və praktiki tapşırıqlar əsasında qurulmuş və nəticədə qiymətləndirilmə zamanı iddiaçı 80 balın altında qiymət almışdır ki, bununla da cavabdeh tərəf müqavilədə qeyd edilən hüqunun istifadə edərək, iddiaçını diplom ilə təltif etməmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, bir neçə dərsdən sonra iddiaçı əsas təlimçinin iştirakının olmaması barədə onun tələbəsinə, daha sonra şəxsən A.Rəcəbovun özünə narahatlığını və etirazını bildirmişdir. Kollegiya qeyd edir ki, bu barədə, yəni cavabdeh tərəfə göstərilənlərlə bağlı hər hansı etirazlarını dərs müddətində verilməli olduğu halda verilməmiş, həmin məsələlər hazırki iddiası və şikayətdə əks edilmişdir. Kollegiya bir daha qeyd edir ki, konsultasiyaların məhz A.Rəcəbovun tərəfindən aparılması müqavilədə nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının apellyasiya şikayətində cavabdeh 500 (beş yüz) manat məbləğində ödənişi geri qaytarmağı təklif etməsi ilə bağlı kollegiya qeyd edir ki, bu hal qarşı tərəfin natamam xidmət göstərilməsi və ya konsultasiyaların baş tutmamasının etirafı kimi qiymətləndirilə bilməz. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bildirişi cavabdehə məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yüklənmiş, etiraz isə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə təqdiim edilmişdir. Göründüyü kimi, qanunvericilikdə prosessual müddət olaraq nəzərdə tutulmuş 20 gün ötürülməmişdir. Digər tərəfdən Məhkəmə Kollegiyası qeyd edir ki, qətnamədə iddiaçının əvəzinə onun nümayəndəsi-vəkilinin adının yazılması texniki yanlışlıq olmaqla qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Kollegiya hesab edir ki, verilən etirazın müddəti ötürülmüş olsa belə, iddiaçının əvəzinə onun nümayəndəsi-vəkilinin adının yazılması kimi halların mövcudluğu mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbinin “4.000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi “1.850 manat pulun cavabdehdən tutulması” hissəsindən yarandığından və iddia həmin hissədə əsassız sayıldığından, bu hissədə də təmin edilməməlidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən apellyasiya şikayəti göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1701/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar