Məhkəmə qərarları › İş №2(103)-6001/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6001/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6001/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçılar X1 və X2 iştirakı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna (X11 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-436/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hazırkı mülki iş üzrə iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 5-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 18 kv.m olan 89 saylı mənzilə (bundan sonra – Mənzil) dair X3 adına yazılan Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 15.08.2000-ci il tarixli, 048 saylı orderin verilməsinə əsas olmuş 7 saylı protokolla rəsmiləşdirilmiş 11.08.2000-ci il tarixli birgə qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, mənzilə dair X3 adına yazılan Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 15.08.2000-ci il tarixli, 048 saylı orderinin ləğv edilməsi və onun yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 5-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 18 kv.m olan 89 saylı mənzilə dair X4 adına yazılan Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 15.08.2000-ci il tarixli, 048 saylı orderin verilməsinə əsas olmuş 7 saylı protokolla rəsmiləşdirilmiş 11.08.2000-ci il tarixli birgə qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, Mənzilə dair X3 adına yazılan Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 15.08.2000-ci il tarixli, 048 saylı orderinin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 iddiaçıya 09.04.2019-cu il tarixli (09.04.2019-cu il tarixdə İ-27 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 15.08.2000-ci il tarixli, 048 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 89 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən şubay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəx və sanitar qovşaqların boşluqlu tavanlarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklülüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X8 nəzərdə tutulmuş tədbirlər Çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-bi ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatlan verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Mənzildə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5, arvadı X9, oğlu Asəf Mirzəyev, gəlini X12 və 2 nəvəsi məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün Qobu qəsəbəsində salınmış şəhərciyə köçürülmüşdür. X11 Mənzildən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin mənzilin qapısını qanunsuz olaraq bağlamış, lakin bir gün də olsun orada yaşamamış və hsl-hazırda da yaşamır. O, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzildə yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə Mənzilin qapısını qanunsuz olaraq bağlamışdır. Bundan başqa, X13 da 10.12.2006-cı il tarixli, 0222 saylı orderin kserosurətini əlavə etməklə ərizə ilə Departamentə müraciət edərək ünvan 1 ünvanında yerləşən yataqxana binasının 88/89 saylı mənzilinə dair adına kirayə müqaviləsi bağlamasını xahiş etmişdir. Buradan da məlum olur ki, 89 saylı mənzilə 2 nəfər qanunsuz olaraq order əldə etmişdir və ya qanunsuz olaraq fərqli tarixlərdə 2 müxtəlif şəxsə order verilmişdir. Qeyd edilənlərə diqqət yetirməklə müəssisə tərəfindən yataqxanada orderin verilməsi ilə bağlı mövcud mənzil qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğu öz təsdiqini tapır. Cavabdeh tərəfindən verilmiş bu cür sənədlərin qarşısı qətiyyətlə alınmalıdır. Yataqxanada yaşayış sahəsi olmayan şəxslərə iş dövrü ərzində müvəqqəti yaşamaq üçün verilir. Məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 89 saylı otağa X7 həmçinin 88/89 saylı otaqlara X6 əldə etdikləri orderlərin vreilməsinə səbəb orderlərin verilməsinə əsas kimi göstərilmiş 7 saylı protokolla rəsmiləşdirilmiş 11.08.2000-ci il tarixli birgə qərarın və 09.11.2004-cü il tarixli, 41 saylı protokolun, həmçinin 15.08.2000-ci il tarixli, 048 saylı və 10.12.2002-ci il tarixli, 0222 saylı orderlərin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin adı göstərilməklə Sevda İsmayılovanın adına yazılmış 15.08.2000-ci il tarixli 048 saylı orderin verilməsinə əsas olmuş 7 saylı protokolla rəsmiləşdirilmiş 11.08.2000-ci il tarixli birgə qərar, Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli 41 saylı birgə qərarı (protokolu), etibarsız hesab edilməlidir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunması xahiş edilmişdir. İşin hallarından görünür ki, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti işlasının 11.08.2000-ci il tarixli, 7 saylı protokolu əsasında birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 5-ci mərtəbəsində, 18 kv.m sahəsi olan 38 №-li mənzilin HİK-nin qərarı ilə order əsasında cavabdehə verilməsi qərara alınmış və həmin qərar əsasında üçüncü şəxs Sevda İsmayılovain mübahisəli Mənzili tutmaq hüququ barədə 15.08.2000-ci il tarixli, 048 saylı order verilmişdir. Orderdə onun verilməsinin əsası kimi “Radioquraşdırma” İB-nin müdriyyəti və HİK-nin 32 saylı, 11.08.2000-ci il tarixli birgə qərar göstərilmişdir. Həmçinin, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti işlasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə və qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə və şikayətləri nəzərə alınmaqla, mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə və qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 4A, Məhsəti küçəsi 3A, və R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınması, onlara məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi və razılığı əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Bundan sonra X10 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə 19.01.2007-ci il tarixli Akt əsasında “Radioquraşdırma” İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdaifiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmiş, bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamı əsasında isə AR Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə Bakı Şəhər MKTD-nin balansına verilmiş, daha sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş 07.01.2014-cü il tarixli Təhvil-qəbul aktı əsasında ünvan 2 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Bakı Şəhər MKTD-nin sədri X19 rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodun səlahiyyətli nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, kollegiyanın əvvəlki iclasında şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsi X15 dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi hazırkı iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhəmə Kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, hazırkı iş üzrə mübahisə edilən order 15.08.2000-ci il tarixdə verildiyindən hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etməsi, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulması, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etməsi) konkret göstərilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur. Hüququn həyata keçirilməsi üçün verilən həmin müddət (kəsici müddət) subyektiv hüquqa bağlıdır. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Eyni zamanda, həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. İşin hallarından göründüyü kimi, mübahisəli mənzilə order 15.08.2000-ci il tarixdə verilmişdir. Bu halda, orderin etibarsızlığı ilə bağlı mübahisə orderin verildiyi tarixdən 3 il müddətində irəli sürülə bilərdi. İddiaçı məhkəməyə 07.09.2020-ci il tarixdə müraciət etmişdir. Mənzilin yerləşdiyi ünvandakı yataqxana 01 yanvar 2014-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 20 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 7 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. İşə baxan birinci instansiya məhkəməsi həmçinin, mənzildə məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilməsinin qanunsuz olmasına dair iddiaçının dəlili ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin otaq məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üç illik mübahisələndirmə müddətini keçirdiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar