Məhkəmə qərarları › İş №2(103)-6002/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6002/2022

14.09.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6002/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər:əmanətin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(088)-181/2018 saylı hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

2. İş üzrə mülki iddia qismən təmin edilmiş və X1 126.490 manat 50 qəpik pul vəsaitinin tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət olunmuşdur.

3. Həmin hökmlə təsbit edilmişdir ki, cavabdehin (Cavabdeh ASC) işçisi X2 tərəfindən iddiaçıya 11.355 manat maddi ziyan vurulmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.855 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası Əli Yusifov 2004-cü ildən başlayaraq müharibə veteranı kimi aldığı pensiyadan mütəmadi olaraq onun adına Cavabdeh ASC-nin Naftalan filialında olan hesaba əmanət qoymuşdur. 2010-cu ildə atası rəhmətə getmişdir. Atası vəfat etdikdən sonra filiala getmiş, problemin olub-olmaması ilə bağlı filialın xəzinədarı Məmməd Allahverdiyevə müraciət etmişdir. 2012-ci ildə o, vəsaitə hesablanmış faizləri müəyyən etmək üçün Naftalan şəhərində yerləşən Cavabdeh-a getmiş, Cavabdehda Məmməd Allahverdiyev əmanətə hesablanmış faizləri müəyyən edib ona 600 manat vermişdir. Faizin qalan hissəsini isə əmanətdə olan 10.565 manat pulun üzərinə gəlmişdir. Bundan sonra əmanətdə 12.855 manat olduğunu bildirib, əmanət kitabçasını ona təqdim etmişdir. Əmanət kitabçasına baxmış, həqiqətən orada 12.855 manat əmanətin olması barədə qeydiyyatın aparılmasını görmüşdür. 2013-cü ilin avqust ayında ona pul lazım olduğuna görə M.Allahverdiyevə müraciət edib əmanət kitabçasını sonuncuya vermişdir. 2014-cü ildə pul lazım olduğundan M.Allahverdiyevə müraciət etmişdir ki, əmanət kitabçasını versin. Lakin M.Allahverdiyev bildirmişdir ki, bankda yoxlama gedir, faiz hesablamadan ona pul verə bilməyəcək, ona 600 manat pul verib, əmanət kitabçasını ona verməmişdir. Bundan bir müddət sonra X2 barəsində ona və digər şəxslərə qarşı törətdiyi cinayət əməlinə görə cinayət işi başlamışdır. X2 barəsində çıxarılmış ittiham hökmü yaxın vaxtlarda qanuni qüvvəsini aldığı üçün o, məhkəməyə indi müraciət edib pulunu Cavabdeh AŞC-dən tələb etmək məcburiyyətində qalmışdır. Həmin işin ibtidai istintaq zamanı Məmməd Allahverdiyev adlarına əmanət kitabçası tərtib etməklə həmin pulu banka təhvil verməsə də, işin gedişi zamanı Cavabdeh ASC tərəfindən həmin zərərçəkmiş şəxslərə bankın işçisi olan Məmməd tərəfindən edilmiş hərəkətə görə vurulan ziyanlar ödənilmişdir. Müraciətinə baxmayaraq, bank həmin pulu ona ödəməkdən imtina etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-369/22 saylı iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia qismən təmin edilmiş, 11.355 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(088)-181/2018 saylı hökmü ilə cavabdehin işçisi X2 tərəfindən iddiaçıya 11.355 manat maddi ziyan vurulduğu müəyyən edildiyindən, həmin vəsait cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1097.1, 1099.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tutulacaq məbləği düzgün hesablamamışdır. Pulu qoyan mərhum Əli Yusifzadə 2010-cu ildə vəfat edərkən mərhumun Məmməddə 10555 manat pulu olmuşdur. Bundan sonra Məmmədə əlavə pul verilməmişdir. (İddiaçı tərəf əlavə pul verilməsiilə bağlı hər hansı sübut təqdim etməmişdir). Deməli 2012-ciildə “hesabda” olan 13455 manat pulun 2900 manatı 10555 manat pula görə hesablanmış faiz məbləğidir. Tərəflər arasında müqavilə münasibətləri olmadığı üçün həmin məbləğə əmanət faizinin hesablanması və ödənilməsi qanunauyğun hesab edilə bilməz. Daha sonra ifadədən məlum olur ki, X4 ümumilikdə 2700 manat pulu Məmməd Allahverdiyevdən almışdır (600+1500+600). Deməli, 2010-cu ildə Məmməddə ƏliYusifova məxsus 10555 manat vəsaitin olduğunu, həmin puldan 2700 manatın Məmməd tərəfindən Mətanətə geri qaytarıldığını nəzərə alsaq Məmmədin geri qaytarmalı olduğu məbləğ 7855 manat olmalıdır (10555-2700=7855).

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Birinci instansiya məhkəməsi haqlı olaraq sözügedən hökmlə cavabdehin işçisi Məmməd Allahverdiyev tərəfindən iddiaçıya 11.355 manat maddi ziyan vurulduğu barədə qənaətə gəlmişdir. Qeyd edilən məbləğ qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş, hazırkı mübahisə üzrə preyudisial əhəmiyyətə malikdir.

23. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, şikayətin dəlilləri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallarla təkzib olunur. Hökmlə müəyyən edilmiş hallar isə preyudisiya keyfiyyəti daşıdığından hazırkı məhkəmə prosesində mübahisələndirilə bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar