Məhkəmə qərarları › İş №2(103)-6003/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6003/2022

23.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6003/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Cavabdehnə qarşı “attestasiyanın nəticələrinin ləğvi, işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3608/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Cavabdehnə qarşı «attestasiyanın nəticələrinin ləğvi, işə bərpa və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3608/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Qeyd olunan qərardaddan iddiaçıların nümayəndəsi şikayət verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(006)-3608/2022 saylı qərardadının ləğv edilməsinə və hazırki iddia ərizəsi üzrə işə baxılmasına dair qərardad qəbul edilməsi, əks təqdirdə hazırkı şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(006)-3608/2022 saylı qərardadında iddiaçıların hər biri ilə bağlı ayrı əmək müqaviləsi bağlandığı, hər biri ilə bağlı ayrı ayrı əmrlər verildiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçılara bir əmrlə işdən çıxarıldıqları onlara bildirilmişdir. İddia ərizəsinin əsas predmeti bütün iddiaçılar üçün keçirilmiş eyni attestasiyanın nəticələrinin və hamısının hüquqlarını pozan əmrin ləğv edilməsidir. Əmək müqavilələri ayrı olsa da iddiaçıların hamısının bir qurumda işləməsi, hamısının eyni əsasla və eyni əmrlə işdən çıxarılması, bütün iddiaçıların tələblərinin bir cavabdehə yönəlməsi hazırki iddianın bir icraatda baxılması üçün əsassdır. Qeyd edilir ki, bir-biri ilə əlaqəli olan işlərə, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Belə ki, ayrı-ayrılıqda dörd ayrı iddianın verilməsi məhkəmə məsrəf və xərclərinin, dövlətin hesabına ödənilən poçt göndərişlərinin, təyin ediləcək məhkəmə iclaslarının, həmin iclasların dinlənilməsi üçün gərəkli olan məhkəmə salonlarının, proses iştirakçılarnın o cümlədən işə baxan hakimin həmin proseslərə sərf edəcəyi vaxtın, qəbul ediləcək prosessual aktların və atılacaq prosessual hərəkətlərin dörd dəfə artmasına gətirib çıxaracaqdır. Göründüyü kimi hazırkı işin kontekstində bir iddia ilə məhkəməyə müraciət edilməsi hazırki mülki işin çevik, tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədinə xidmət edir. Birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, qeyd olunan prosessual hüquq normalarını tələblərini kobud şəkildə pozmuş, düzgün tətbiq etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3608/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad qismən ləğv edilməli və mülki iş iddia ərizəsinin İddiaçı3 münasibətdə icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, bir neçə iddiaçı bir cavabdehə qarşı işə bərpa və s. tələblərlə məhkəməyə müraciət edərək, tələblərini bir iddia ərizəsində birləşdirmişdirlər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların hər biri ilə ayrı əmək müqaviləsi bağlandığına, həmçinin hər biri ilə bağlı ayrı-ayrı əmrlər verildiyinə görə, onlar birgə iddiaçı kimi çıxış edə bilməzlər və hər biri ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidirlər. Belə ki, onların hər biri ilə əlaqədar ayrıca məhkəmə araşdırılmasına ehtiyac vardır. Bundan əlavə, iddia ərizəsindən göründüyü kimi iddia ərizəsinin elektron qaydada verilən nüsxəsini iddiaçılardan birinin (İddiaçı3) nümayəndəsi Nümayəndə imzalamışdır. Halbuki, digər iddiaçıların adından ona müvafiq səlahiyyət verilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq aşağıdakılar qeyd edir. İlk olaraq Kollegiya iddiaçıların birlikdə iddia ərizəsi vermələrinin yolverilməzliyi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edilir ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı). Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarı). Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X1rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Kollegiya qeyd ki, bir-biri ilə əlaqəli olan işlərə, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Göründüyü kimi hazırkı işin kontekstində bir iddia ilə məhkəməyə müraciət edilməsi hazırki mülki işin çevik, tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədinə xidmət edir. Belə olan halda Kollegiya hesab edir ki, qanunvericiliyə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən qaldırıla bilər. Lakin məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia ərizəsinin imzalanmasına dair mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən İddiaçı3 nümayəndəsi Nümayəndə, hüquqlarının təmsil etdiyi şəxsdən başqa digər iddiaçıların da adından imza etməkdə haqlı olmamışdır. İşdən görünür ki, iddia ərizəsinə imza etmək hüququ da daxil olmaqla məhkəmədə nümayəndə kimi çıxış etmək barədə hüquqlar Nümayəndə yalnız İddiaçı3 tərəfindən verilmişdir. Məhkəmənin 13 iyul 2022-ci il tarixli qərardadından verilmiş şikayət üzrə öz qərardadını yenidən yoxlayan məhkəmə isə işin yuxarıda qeyd edilən halına düzgün qiymət verməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, iddia ərizəsi İddiaçı3 münasibətdə prosessual qanunvericiliyin normalarına riayət edilməklə verildiyindən icraata qəbul məsələsi yenidən müzakirə edilməlidir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3608/2022 saylı qərardadı qismən ləğv edilsin. Mülki iş iddia ərizəsinin İddiaçı3 münasibətdə icraata qəbulunun mümkünlüyü barədə məsələyə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar