Məhkəmə qərarları › İş №2(103)-6004/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6004/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6004/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(008)-2841/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh arasında “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və abonentin istehlakçını keyfiyyətli qazla təmin etmə barədə qarşılıqlı razılıq əldə edilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı 384,7 manat debitor borcu, akta görə 388,8 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış ünvan 1 ünvanındakı fərdi yaşayış evində (abonent kodu **********20000) istifadəsində olan qaz sayğacına 2005-ci ildə quraşdırılmış 718931 nömrəli qaz sayğacı vasitəsilə mənzildə istifadə olunmuş təbii qazın ödənilməmiş dəyəri kimi hesablanmış 384.7 manat və Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş təbii qazın bərpası üzrə tələb olunan 388.8 manat olmaqla, cəmi 773.5 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********20000 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. 2005-ci ildə həmin evə mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Mexaniki tipli qaz sayğacı istifadə etdiyi qaz sərfiyyatını ölçmüş və o, yaranmış borcu dövrün qaydalarına görə ərazinin qaz nəzarətçisinə ödəmiş və ödəniş kitabçaya qeyd edilmişdir. xx.xx.2011-ci ildə həmin mexaniki tipli qaz sayğacı smart tipli qaz sayğacı ilə əvəz olunmuş, həmin vaxtdan sonra smart karta ödədiyi pulun müqabilində qazdan istifadə etmişdir. Sayğac aşağı təzyiqdə qaz buraxdığı üçün onun müraciəti əsasında xx.xx.2018-ci ildə ******* nömrəli akt əsasında sayğacı dəyişilərək yeni qaz sayğacı ilə əvəz olunmuşdur. 2020-ci ildə smart karta etdiyi ödənişlərin bir hissəsinin borca tutulduğunu öyrənmişdir. Bu barədə “Azəriqaz“ İstehsalat Birliyinə ərizə ilə müraciət etmiş, “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, guya xx.xx.2011-ci ildə ona sayğac quraşdırılan zaman 2005-ci ildə quraşdırılan sayğac vasitəsilə hesablanmış qazın dəyəri tam ödənilməmiş və guya həmin vaxtı 384.70 manat borcu qalmışdır. Həmçinin cavab məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında sayğacın üzərinə vurulmuş flyans birləşmələrinə vurulmuş plombun aşkar olunmaması səbəbilə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 388.8 manat borc yazılmışdır. Bununla bağlı qeyd edir ki, 2005-ci ildən qoyulan sayğacın hesabladığı məbləğləri dəqiqliklə və vaxtı-vaxtında ödəmişdir. Bu barədə kitabçada da qeydlər var. 2011-ci ildə smart tipli sayğac quraşdırılan zaman borcu olmamışdır. Bundan əlavə, dövlət başçısının 2011-ci ildə imzaladığı Fərmanla vətəndaşların təbii qazdan istifadəyə görə yaranmış bütün borcları silinmişdir. Bu səbəbdən də 2011-ci ildə ona hesablanmış borc əsassızdır. Həmçinin xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 388.8 manat borc da əsassızdır. Çünki xx.xx.2018-ci ildə sayğacı dəyişən zaman üzərində plomb olmasaydı, həmin aktda qeyd olunardı. Digər tərəfdən, sayğacın istismar müddəti 5 il olmasına baxmayaraq, onun sayğacı 2011-ci ildən 2018-ci ilə kimi istifadə olunmuşdur. Dəfələrlə müraciət etsə də, xx.xx.2018-ci il tarixli ******* saylı aktın surəti ona verilməmişdir. O, qaz xəttinə və sayğaca qanunsuz müdaxilə etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(008)- 2841/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı istifadəsində olan **********20000 saylı abonent koduna əsassız olaraq hesablanmış 388,8 manat ziyan məbləği və 384,7 manat debitor borc olmaqla, cəmi 773,5 (yeddi yüz yetmiş üç manat, əlli qəpik) manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi və Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən (kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir), habelə iddianın həmin sərfiyyat borcunun silinməsi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh İB tərəfindən göstərilən məbləğdə borcun tələb olunmasını tələb etmək üçün iddia müddəti ötürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən və 2010, 2011 və 2012-ci ilin sərfiyyat borcları məhkəmə qaydasında tələb edilmədiyindən, habelə istehlakçı həmin borc məbləğlərinin müddətin keçməsi səbəbindən silinməsini xahiş etdiyindən, qanunvericiliyin iddia müddətinin tətbiqinə dair müddəaları nəzərə alınmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, abonent kodu **********20000 olan hesabdan 384,7 manat məbləğində debitor borcu silinməlidir. Bundan başqa qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh İB sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən ona zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı iddiası haqlıdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borc məbləğindən 384,70 manat istehlakçı tərəfindən sayğac əsasında istifadə edilmiş təbii qaza yaranmış debitor borcdur. Həmin borc sırf sayğac göstəricisi əsasında hesablanmışdır və istehlakçı tərəfindən ödənilməlidir. İddia tələbinin 388,80 manat pulun silinməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilərkən sayğacın flyans birləşmələrinə vurulmuş plombun yerində olmadığı aşkar edilmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 388,80 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Göründüyü kimi istehlakçı İddiaçı debitor borcunu vaxtında ödəməmiş, həmçinin də qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğaca müdaxilə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə ziyan vurmuşdur. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023 cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı (550-554cü maddələri) ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir və həmin müddətlər Mülki Məcəllənin 18-ci fəslində nəzərdə tutulmuş qaydada tətbiq edilir. Mülki Məcəllənin 18-ci fəslindəki 375.2-ci maddəsinə əsasən isə iddia müddəti yalnız cavabdeh tərəfin verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki işdə isə belə bir ərizə yoxdur. Məhkəmə isə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını işə düzgün tətbiq etməmiş və iddia müddətinə dair müddəalara istinad edərək sayğac əsasında yaranmış debitor borcun silinməsi qənaətinə gəlmişdir. Bu hal isə maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar iddiaçı tərəfindən istifadəsində olan qaz sayğacına müdaxilə edildiyini, nəticədə də birliyə zərər vurulmasını sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq ak tərtib olunarkən çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacına müdaxilə mövcuddur. Belə olan halda birliyin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən - 384,7 manat debitor borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissədə debitor borcu üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini 384,7 manat debitor borcun silinməsi hissəsi üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etsə də, nəzərə almamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27ci fəslinin 5-ci paraqrafı (550-554-cü maddələri) ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir və həmin müddətlər Mülki Məcəllənin 18-ci fəslində nəzərdə tutulmuş qaydada tətbiq edilir. Mülki Məcəllənin 18-ci fəslindəki 375.2-ci maddəsinə əsasən isə iddia müddəti yalnız cavabdeh verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki işdə isə cavabdehin belə bir ərizəsi yoxdur. Həmin qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra hesab etmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını işə düzgün tətbiq etməmiş və iddia müddətinə dair müddəalara istinad edərək sayğac əsasında yaranmış debitor borcun silinməsi qənaətinə gəlmişdir. Bu hal isə maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin – debitor borcun silinməsi hissəsində maddi hüquq normaların tələblərini pozmuşdur ki, bu halın mövcudluğu birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın da həmin hissədə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, sərfiyyatı üzrə hesablanmış 384,7 manat məbləğində debitor borcun silinməsi barədə iddia tələbi əsassız olmuşdur. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında quraşdırılmış sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması səbəbindən itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonentin saldosundan göründüyü kimi 388,8 manat dəymiş ziyan məbləği hesablanmışdır. Lakin hazırki halda cavabdeh tərəfindən hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Həmçinin kollegiya qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsinin ondan tələb edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh İB sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən ona zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir və birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq akt əsasında hesablanmış 388,8 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi iddianın 384,7 manat məbləğində debitor borcun silinməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(008)- 2841/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilən debitor borcun 384,7 manat silinməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar