Məhkəmə qərarları › İş №2(103)-6005/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6005/2025

15.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6005/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «X9 Eksport LTD» MMC-yə qarşı son haqq-hesabının və kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqı, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh «X9 Eksport LTD» MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. «X9 Eksport LTD» MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən «X9 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir.

2. «X9 Eksport LTD» MMC tərəfindən verilmiş xx.xx.2024-cü tarixli hesabat arayışının surətindən görünür ki, «X9 Eksport LTD» MMC-də çalışmış İddiaçı 2012-ci ildə 27 gün məzuniyyət müddəti üçün 180 manat (əmək haqqı),159,8 manat (məzuniyyət haqqı), 2013-cü ildə 29 gün məzuniyyət müddəti üçün 230 manat (əmək haqqı), 204,3 manat (məzuniyyət haqqı), 2014-cü ildə 29 gün məzuniyyət müddəti üçün 233,3 manat (əmək haqqı), 219,4 manat (məzuniyyət haqqı), 2015-ci ildə 36 gün məzuniyyət müddəti üçün 260 manat (əmək haqqı), 307,9 manat (məzuniyyət haqqı), 2016-cı ildə 36 gün məzuniyyət müddəti üçün 271,6 manat (əmək haqqı), 321,5 manat (məzuniyyət haqqı), 2017-ci ildə 36 gün məzuniyyət müddəti üçün 340 manat (əmək haqqı), 402,7 manat (məzuniyyət haqqı), 2018-ci ildə 36 gün məzuniyyət müddəti üçün 340 manat (əmək haqqı), 402,7 manat (məzuniyyət haqqı), 2019-cu ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2020-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2021-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2022-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2023-cü ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), cəmi 6.772,3 manat təşkil etmişdir.

3. «X9 Eksport LTD» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinə əsasən dövlət qulluqçusu İddiaçı «X9 Eksport LTD» MMC-nin satış üzrə menecer vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanılır. Dövlət qulluqçusuna hər ay 803 manat məbləğində dövlət məvacibi ödənilir. Dövlət məvacibi 803 manat məbləğində vəzifə maşından, 803 manat məbləğində aylıq vəzifə maaşının faizi miqdarında qulluq stajına görə əlavə haqdan ibarətdir.

4. «X9 Eksport LTD» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, İddiaçı «X9 Eksport LTD» MMC-də mart 2011-ci ildən bu günə qədər satış üzrə menecer vəzifəsində işləyir. İşlədiyi müddət ərzində müəssisədə o, özünü bacarıqlı, ciddi əməkdaş kimi göstərmişdir. İntizamlıdır və öhdəsinə düşən vəzifəni lazımı səviyyədə dürüst yerinə yetirir. İşində heç bir qüsura yol verməmişdir. İddiaçı müəssisədə işlədiyi müddət ərzində zəhmətsevərliyi və gözəl insani keyfiyyətləri ilə kollektivin etimadını qazanmışdır.

5. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə «X9 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir.

6. «X9 Eksport LTD» MMC-nin xx.xx.2024-cü il tarixli 010 nömrəli əmrin surətindən görünür ki, «X9 Eksport LTD» MMC-də satış üzrə menecer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 36 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir.

7. «X9 Eksport LTD» MMC-nin xx.xx.2024-cü il tarixli 010 nömrəli əmrin surətindən görünür ki, satış üzrə menecer İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixdən ləğv olunmuşdur.Əmrin əsası kimi ərizəsi göstərilmişdir.

8. xxxxxxx0001X0 saylı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, «X9 Eksport LTD» MMCnin 010 saylı, xx.xx.20204-cü il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

9. «X9 Eksport LTD» MMC-nin baş direktor Qanuni nümayəndə tərəfindən imzalanmış məlumata əsasən 2023-cü il üçün qeyri-iş günləri: 20-21 mart – Novruz Bayramı, 21,22 aprel – Ramazan Bayramı, 28,29 iyun – Qurban Bayramı, 20 yanvar – X13, 2024-cü il üçün qeyri-iş günləri: 21,22,23 mart – Novruz Bayramı, 10,11 aprel – Ramazan Bayramı, 17 iyun – Qurban Bayramı, 20 yanvar – X13 kimi qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh «X9 Eksport LTD» MMC-yə qarşı son haqq-hesabının və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) tam formada ödənilməsi öhdəliyinin “X9 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixindən “X9 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində satış meneceri vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixində öz ərizəsi əsasında onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, satış meneceri vəzifəsində işə qəbul edilsə də, işəgötürənin tələbi ilə iki fərqli iş icra etmişdir. Belə ki, o, satış meneceri vəzifəsindən əlavə, “X9 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmiş, işlədiyi müddət ərzində, yəni 2011-2024-cü il tarixlərində işəgötürənin istəyi ilə əmək məzuniyyətlərindən istifadə etməmişdir. MMC-nin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları işəgötürən tərəfindən dəfələrlə pozulmuşdur. Belə ki, onun işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı xx.xx.2024-cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilsə də bununla əlaqədar son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) ona ödənilməmişdir. Əmək qanunvericiliyinə əsasən son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr hesab edilir. Bildirir ki, o, əmək qanunvericiliyi ilə müəyyən edilmiş, haqqı çatan müvafiq məbləğdə ödənişin ona ödənilməsi tələbi ilə dəfələrlə işəgötürənə müraciət etmiş, lakin həmin müraciətləri nəticəsiz qalmışdır. Yekunda, onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar 2011-2024-cü il tarixlərində istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabının hesablanıb tam formada ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində əlavə ödəncin verilməsi tələbi ilə YA0245/2024 nömrəli pretenziya məktubu ilə “X9 Eksport LTD” MMC-yə müraciət edilmiş, lakin MMC tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Qeyd edilənlər məsələnin məhkəmə qaydasında həll edilməsinin zəruri olduğunu təsdiq edir. Hesab edir ki, onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının hesablanaraq tam formada ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində əlavə ödəncin verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir.

12. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hesablamaların dəqiqləşdirilməsi zərurəti olduğundan, işçinin əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin cavabdehdən tutulması iddia ərizəsində göstərilməmişdir. Hazırda qeyd edilən məbləğlərin cavabdehdən tələb edilməsi, bu səbəbdən iddia tələbinin həcminin artırılması zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqqhesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin, əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin) tam formada ödənilməsi öhdəliyinin “X9 Eksport LTD” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, o, cavabdeh təşkilatda 2011-ci ildən satış təmsilçisi vəzifəsində işləmiş, malı depodan götürüb satış məntəqəsinə təqdim etmişdir. 2011-ci ildən 2024- cü ilə qədər qeyri-iş günlərini işləmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi ərizədə illər üzrə işlədiyi qeyri-iş günlərinə dair geniş məlumat vermişdir. 2011-ci ildə 10, 2012-ci ildə -13, 2013-cü ildə - 14, 2015-ci ildə - 13, 2016-cı ildə - 14, 2017-ci ildə - 12, 2018-ci ildə - 12, 2019-cu ildə - 13, 2020-ci ildə - 15, 2021-ci ildə - 14, 2022-ci ildə - 16, 2023-cü ildə - 15, 2024-cü ildə - 10 qeyri-iş günlərində, cəmi bu illər ərizində 186 gün istirahət günü olmaqla işləmiş və gündəlik tarif maaşının 26,41 manat, onun iki qatının 52,82 manat olmasını nəzərə alınmaqla həmin müddət üçün ödənilməyən əmək haqqı məbləği 9.824,52 manat təşkil edir. Həmin illərdə qeyri-iş günləri işləməsini həmin günlərdə tərtib edilmiş qaimələr və həmin illər üçün işəgötürənin qeyri-iş günlərinə dair qəbul edilmiş əmri təsdiq edir. İddiaçı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək göstərmişdir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən o, işdən azad olunduğu tarixdə son haqq-hesabı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr ödənməli idi. O, öz xahişi ilə işdən azad olunmuş, lakin ona tələbində qeyd etdiyi məbləğlər ödənilməmişdir. Ona görə də cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. İddiaçı eyni zamanda göstərmişdir ki, hər il işçilərin hansı gün qeyri-iş günləri olması barədə direktorun lövhədə qeyd olunmuş və işçilər yalnız həmin günləri qeyri-iş günü kimi istifadə etmişlər. İş vaxtı isə saat 09.00-dan 18.00-dək olmuşdur, sərbəst iş qrafiki olmamışdır. Həmin günlər təkcə ofis işçilərinə aid olmamışdır. Qaldırdığı iddianı tam həcmdə əsaslı hesab edir.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən 2011-2024-cü illər üzrə iddiaçı əmək məzuniyyətindən istifadə etməmişdir. Hətta onlar həmin illər üzrə ödənilməyən məbləğin 6772 manat olması barədə arayış da təqdim ediblər. Onların bu məbləği ekspert tərəfindən təsdiq olunub. İddiaçı isə bonus aldığı üçün məzuniyyət hüququndan istifadə etməyib. Ekspeditorlar sərbəst iş rejimində işləmişlər. İddiaçının əmək münasibətində olduğu 2011- 2024-cü illər üzrə qeyri-iş günlərində işləməsi işəgötürənin əmri ilə rəsmiləşdirməmişdir. Yəni hətta qeyri-iş günləri malın verilməsi işçinin öz təşəbbüsü ilə baş vermişdir. İşəgötürənin bununla bağlı hər hansı göstərişi olmamışdır. Cədvəldə qeyd edilən qeyri-iş günləri isə yanız ofis işçilərinə aid olmuşdur, ekspeditorlara yox. Digər tərəfdən iddiaçının vəzifəsi malların ünvanlara çatdırılması ilə bağlıdır. Bu vəzifənin icrası ilə əlaqədar ona avtomaşın təhkim edilmişdir. Yəni vəzifəsinin icrası ilə bağlı avtomaşın idarə edib satış məntəqələrinə malın verilməsi sürücü kimi vəzifənin icrasını da həyata keçirilməsi demək deyil. Bununla belə iddiaçı qanunda nəzərdə tutulan 1 illik iddia müddətini ötürmüşdür. Ona görə də hesab edir ki, iddiaçının tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassızdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, «X9 Eksport LTD» MMC-də 2005-ci ildən 2023-cü ilədək işləmişdir, Adillə iş yoldaşı olmuşdur. Hər il işçilər üçün qeyri-iş günləri ilə bağlı dəhlizdə lövhə asılmışdır və işçilər həmin lövhədə göstərilən tarixlərdə evdə qalır, yerdə qalan günlərdə isə işləyirdilər. Əgər qeyri-iş günü şənbə və ya bazar gününə düşərdisə, növbəti həftənin birinci günü işə çıxmırdılar. Həmin qrafik Cəmiyyətin bütün işçilərinə aid idi. İş vaxtı saat 09.00-dan saat 18.00-dək idi.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, «X9 Eksport LTD» MMC-də 2009-cu ildən 2025-ci ilədək işləmişdir. Həqiqətən təsdiq edir ki, hər il üçün qeyri-iş günləri barədə məlumat lövhədə qeyd olunub və onlar həmin günlərdə işə çıxmamışlar.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının - istifadə edilməmiş əmək məzuniyyətinə görə 7.723,10 manat, əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat, həmçinin bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 792,30 manat, cəmi 11.917,59 (on bir min doqquz yüz on yeddi manat, əlli doqquz qəpik) manat məbləğində pulun cavabdeh «X9 Eksport LTD» MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, «X9 Eksport LTD» MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 125,75 manat və keçirilmiş ekspertiza xərci – 100 manat, cəmi 225,75 (iki yüz iyirmi beş manat, yetmiş beş qəpik) manat məbləğində pul tutulması qət edilmişdir.

18. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdə «X9 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsində işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı ilə əmək münasibətlərinə xitam verilib son haqq-hesab hesablanarkən işlədiyi illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işlədiyi günlər üzrə əmək haqqı ödənilməmişdir.

19. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, satış meneceri vəzifəsində işə qəbul edilsə də, işəgötürənin tələbi ilə iki fərqli iş icra etmişdir. Belə ki, o, satış meneceri vəzifəsindən əlavə, “X9 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmiş, işlədiyi müddət ərzində, yəni 2011-2024-cü il tarixlərində işəgötürənin istəyi ilə əmək məzuniyyətlərindən istifadə etməmişdir. MMC-nin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları işəgötürən tərəfindən dəfələrlə pozulmuşdur. Belə ki, onun işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı xx.xx.2024-cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilsə də bununla əlaqədar son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) ona ödənilməmişdir. Bu səbəbdən iddiaçı onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin, əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin) tam formada ödənilməsi öhdəliyinin “X9 Eksport LTD” MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir.

20. Məhkəmə iddianı qismən əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı işlədiyi 2011- 2024-cü illər üçün nəzərdə tutulmuş əmək məzuniyyətlərindən istifadə etməmiş və işəgötürən tərəfindən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə həmin iş ili (iş illəri) üçün müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Eyni zamanda iddiaçı ilə əmək münasibətlərinə xitam veriləkən son haqq-hesab hesablanarkən də həmin kompensasiya məbləği iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya nə əmək məzuniyyətinə çıxmadığı illərin sonunda, nə də son haqq-hesab verilərkən bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilmədiyindən, bu hal cavabdehin özü tərəfindən də etiraf olunduğundan, iddiaçı həmin kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddia tələbinin istifadə edilməmiş əmək məzuniyyətinə görə 10.280 manat pul əvəzinin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024cü il tarixədək cavabdeh təşkilatda işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin ümumi məbləği 7723,10 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, işlədiyi illər üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə cavabdehdən iddiaçının xeyrinə 7723,10 manat məbləğində kompensasiya tutulmalıdır.

21. Məhkəmə iddia tələbinin ödənilməli olan kompensasiyanın gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla cəmi 6843 manat məbləğində pulun tutulması hissəsini də qismən əsaslı hesab edərək qeyd etmişdir ki, qeyd edilən ekspert rəyində həmin məbləğin 3402,19 manat təşkil etməsi müəyyən edildiyindən, tələb də həmin həddə təmin edilməlidir.

22. Məhkəmə hazırkı kompensasiyanın tutulması ilə bağlı iddia müddətinin tətbiq edilməli olmasına dair cavabdehin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının verilməsi ilə bağlı tələbə iddia müddəti tətbiq edilə bilməz. Qanunun yuxarıda qeyd edilən normasının tələbləri baxımından əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçinin hər ilin sonunda istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb etməməsi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən həmin məbləğin verilməli olmasının qanunda nəzərdə tutulması işçinin həmin məbləğin alınmasında gözləntisi olduğu nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin və ona hesablanmış gecikdirilmiş gün üçün 1% ödəncin tutulması ilə bağlı tələbə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.

23. Məhkəmə həmçinin Mülki Məcəllənin 135.1, 135.2, 152.1, 152.7-ci maddələrinin tələbləri baxımından qeyd etmişdir ki, iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləği onun mülkiyyəti hesab olunur və həmin pul məbləğinin iddiaçının sərəncamına verilməməsi, onun həmin puldan istifadə etməsinə imkan verilməməsi kimi qiymətləndirilməli və həmin pul məbləğinin işçinin sərəncamına verilməsi işəgötürənin üzərinə düşən vəzifə olduğundan, həmin vəzifənin yerinə yetirilməməsi iddiaçının həmçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

24. Məhkəmə iddia tələbinin işçinin əmək münasibətində olduğu illər üzrə bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 10.483 manat əmək haqqı tutulması hissəsini də qismən əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı həmin tələbin əsası kimi işlədiyi illər üzrə bayram və qeyri-iş günlərində malın təhvil verilməsini təsdiq edən qaimələrin və işəgötürənin 2023 və 2024-cü illər üzrə qeyri-iş günlərinin tarixləri barədə qəbul etdiyi və məhkəməyə təqdim etdiyi yazılı sənədin mövcud olmasını göstərmişdir. Cavabdehin nümayəndəsi işəgötürənin işçilərin qeyri-iş və bayram günləri işləməsi barədə göstərişin olmamasını və həmin münasibətə də iddia müddətinin tətbiq edilməli olmasını qeyd etmişdir. Məhkəmə hazırkı münasibətdə iddia müddətinin tətbiq edilməli olması qənaətinə gələrək qeyd etmişdir ki, iddiaçı cavabdeh təşkilatda işlədiyi 13 il ərzində bayram və qeyriiş günləri üçün işə cəlb edilməyinə görə pul ödənilməsini tələb etsə də, məhkəmə yalnız sonuncu 1 il üçün olunan tələbi əsaslı hesab edilə bilər. Belə ki, iddiaçı 1 ildən əvvəlki dövr üçün həmin məbləğin tələb edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə iddiaçının işdən azad olunduğu tarixdən 1 il əvvəlki dövr ərzində bayram və qeyri-iş günləri 15 gün işə cəlb edilməsini, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləği 15 günə vurmaqla (52,82x15=792,30 manat) alınan 792,30 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə iddia tələbinin əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin tutulması hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən işəgötürənin bununla bağlı hər hansı göstəriş və əmrinin mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Digər tərəfdən vəzifəsinin icrası ilə əlaqədar malların satış məntəqələrinə çatdırılması üçün digər əməkdaşlar kimi ona da avtomaşın təhkim olunmasını məhkəmə ona həm də sürücü kimi də maaş verilməli olması barədə iddiaçının dəlillərini də əsaslı hesab etməmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 37-ci maddəsinin 1 və 2-ci hissəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci, 139.cu maddəsinin 1-ci, 154-cü maddəsinin 1-ci, 83-cü maddəsinin 4-cü, 144-cü maddəsinin 2-ci, 165-ci, 9-cu maddəsinin “e” bəndi, 99-cu maddəsinin 1-ci, 102.1ci, 296-cı maddəsinin 4 və 6-cı hissələri; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı; Mülki Məcəllənin 135.1, 135.2, 152.1, 152.7, 375.2, 377.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən İddiaçı apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin istifadə edilməmiş əmək məzuniyyətinə görə daha çox məbləğ deyil, məhz 7.723,10 manat ödənilməli olması ilə bağlı mövqeyi ona görə əsassızdır ki, məhkəmə iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizasında göstərilənləri gözubağlı qətnaməyə köçürüb iddiaçının məhkəməyə ünvanladığı, istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi ilə bağlı qanunda nəzərdə tutulan qaydanın tətbiq edilməsi ilə bağlı mövqeyini, ümumiyyətlə qanunvericinin, o cümlədən Əmək Məcəlləsinin bu məsələ ilə bağlı mövqeyini təsvir edib qanunun hansı maddəsinin tətbiq edilməli olduğunu əsaslandırmamışdır. Belə ki, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində istifadə edilməmiş məzuniyyətə görə işçiyə verilməli pul kompensasiyası ekspert tərəfindən hesablanarkən səhvə yol verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri nəzərə alınmamışdır. Ekspert yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdakı məlumatları rəyin nəticə hissəsinə kopyalamış və 2024-cü il üçün nəzərdə tutulan məbləği də əlavə etməklə kifayətlənmişdir. Belə ki, ekspert hər il üçün ödənilməli olan məbləği həmin ilin orta aylıq əmək haqqı məbləğinə uyğun hesabalamaqda səhvə yol vermişdir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən; 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir....... 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 140.4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsində 140-cı maddə yoxmuş kimi qənaətə gəlmiş, həmin maddəni ümumiyyətlə şərh edib, öz mövqeyini əks etdirməmişdir. Məhkəmə baxışı zamanı 2011-ci ildən 2024-cü ilədək işlədiyi dövrdə işlədiyi bayram-istirahət və qeyri-iş günlərinin siyahısını dəqiqliklə göstərmiş, 2011-ci ildən işlədiyi 186 istirahət gününə görə iddiaçıya 9824 manat 52 qəpik ödənilməli olduğunu əsaslandırmışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq yalnız iddia irəli sürdüyü son bir il ərzində işlədiyi bayram-istirahət və digər qeyri-iş günlərini nəzərə alıb buna görə 792,30 manat ödənilməli olmasını qət etmişdir. Bu mövqeyini göstərilən məsələ ilə bağlı iddia müddətinin qanunda 1 il nəzərdə tutulduğunu, əvvəlki illərə münasibətdə bu müddətin ötürüldüyü ilə əsaslandırmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə işəgötürənin əmri ilə Əmək Məcəlləsinin 68.2-ci bəndinə əsasən öz təşəbbüsünə əsasən işdən çıxarılmış. Yəni əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə son haqq-hesabın düzgün aparılmadığını, yəni göstərdiyi 5 bəndin heç biri üzrə onunla düzgün hesablaşılmadığını da həmin gün müəyyən etmiş, yəni hüququnun pozulduğunu həmin gün aşkar etmiş və bir ay keçməmiş cavabdehə onunla son haqq-hesabın aparılmalı olmasına dair pretenziya məktubu ünvanlamış (elektron kabinetə əlavə edilmişdir), xx.xx.2025-ci il tarixdə mediasiya şurasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində istirahət-bayram və digər qeyri-iş günlərində işə cəlb edilməyə görə əlavə haqqın ödənilməsi məsələsinin nə üçün son haqqhesaba aid edilən digər məsələlərdən olmamasını aydınlaşdırmamış, işçinin həmin ödənilməli məbləği məhz son haqq hesab aparılarkən ödəniləcəyi ilə bağlı gözləntisinin olduğunu nəzərə almamışdır.

29. Qətnamədən həmçinin cavabdeh «X9 Eksport LTD» MMC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə «X9 EksportLTD» MMC-yə ekspeditor vəzifəsində işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı işlədiyi müddətdə əmək münasibətləri üzrə hüquqlarının pozulması barədə nə işəgötürənə, nə müvafiq icra hakimiyyəti orqanına nə də məhkəməyə müraciət etməmişdir. Halbuki, iddiaçının iddia predmetini bütün işlədiyi müddət ərzində yaranmış əmək münasibətləri üzrə hüquqların mübahisələndirilməsi təşkil edir. Lakin, qanunvericiliyin tələbinə əsasən hər bir tələb müvafiq iddia müddəti çərçivəsində irəli sürülə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin, işə baxmış olan birinci instansiya məhkəməsi iddiaçının sonuncu iş ilindən əvvəlki illər üzrə mübahisə predmeti üzrə hüquqlarının itirdiyinə hüquqi qiymət verməmişdir. İşə baxmış olan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürdüyünə hüquqi qiymət verməmişdir. Lakin, işə baxmış olan birinci instansiya məhkəməsi iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləğini onun mülkiyyəti hesab etmişdir. Halbuki, əmlaka (əşyaya) sahiblik, istifadə və sərəncam olmadan mülkiyyət hüququ mövcud ola bilməz. İşə baxmış olan birinci instansiya məhkəməsi iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləğini həmin məbləğin onun sahiblik, istifadə və sərəncamda olmadığı halda onun mülkiyyəti hesab etmişdir. Lakin, məhkəmə bunu sübut etməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı

32. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirş Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

33. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, onun apellyasiya şikayətinin əsas dəlillərindən biri iddia müddətinin tətbiqidir, digəri isə ezamiyyətlə bağlı olan hissələrdir. Qarşı tərəf ezamiyyəti qəbul etmədi və bildirdilər ki, onu ezamiyyətə göndərməyiblər. Bununla bağlı bütün sənədlər «X9 Eksport LTD» X1 arxivində var. Lakin onlar birinci instansiya məhkəməsində həmin sənədləri təqdim etmədilər. İddiaçı sənəd təqdim edə bilər Belə ki, karantin dövründə 2020-ci ildə onun rayonlara getməyi üçün icazələr elektron kabinetə əlavə edilib. İddiaçı birinci instansiya məhkəməsinə qaimələr də təqdim etmişdir. O, 2011-2024-cü ilə qədər sürücü kimi fəaliyyət göstərmişdir. «X9 Eksport LTD» X2 direktor və ticarət sektoru var idi. Ticarət sektorunun müdiri Hakan bəy idi. İddiaçı ona dəfələrlə müraciət etmişdir. Daha sonra Zəfər bəy gəldi, ona da məzuniyyətlə, sürücülüklə bağlı müraciətlər etmişdir. Lakin, nəticə vermədi. Ya ərizəni verib çıxmalı idi, ya qalıb işləməli. İddiaçı, satış meneceri idi. Ona aid olan ərazi Bakı şəhəri və Bakının kəndləri idi. Bir ayda 2 həftə Bakıda, 2 həftə digər rayonlarda olurdu. O, rayonlara ezam olunduğu ərazilərdə qalırdı, pulu Şirkət ödəyirdi. Ümumilikdə ona 30 manat pul verilirdi, qanunvericiliyə əsasən 90 manat verilməli idi. Xeyr, 30 manat verilirdi, o, mehmanxana, yemək və s. bütün xərcləri bu pulla qarşılamalı olurdu. Bununla bağlı iddaiçının onlara təqdim etdiyi bütün sənədlər Şirkətin arxivində saxlanılır. Lənkəran və Masallı Oteldə qalmışdır. İddiaçı 2011-ci ildə işə girərkən müqavilə imzalamışdır, daha sonra heç bir müqaviləyə qol çəkməməmişdir. Ümumiyyətlə onlar (iddiaçı tərəf) ekspertiza təyin edilməsi ilə bağlı bütün sənədləri təqdim etmişik.

34. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, işdə ezamiyyətlə bağlı əmr yoxdur. Şəxsin əmək funksiyası malların rayonlara dağıdılmasıdırsa, bu ezamiyyət kimi qiymətləndirilməməlidir. Əmək funksiyalarına görə xüsusi bir əraziyə deyil, bütün ölkəyə mal dağıdıblar. İddiaçı şirkətə müraciət etdikdə, ona razılıqla pul təklif edilib. Lakin, iddiaçı qəbul etməyib, 100 min manatdan artıq pul tələb etdiyi üçün razılıq əldə edilməmişdir.

Tətbiq edilən hüquq normaları:

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 113. 3-cü hissə. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Maddə 172. 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Maddə 9. “e” bəndi. Əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ var. Maddə 99. 1-ci hissə. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 296. 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etsə də, dəlillərində yalnız qətnamənin istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə əmək haqqı ilə bağlı iddianın təmin edilməyən hissəsini, cavabdeh isə iddianın təmin edilən hissəsi mübahisələndirdiyindən hazırkı halda apellyasiya baxışının hədlərini birinci instanisya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı təmin edilməyən hissələrində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

41. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə «X9 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsində işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı ilə əmək münasibətlərinə xitam verilib son haqq-hesab hesablanarkən işlədiyi illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işlədiyi günlər üzrə əmək haqqı ödənilməmişdir.

42. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/925 saylı rəyinə əsasən: - İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək «X9 Eksport LTD» MMC-də işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin məbləği iş materiallarında olan mühasibat arayışını nəzərə almaqla 2011-2013-cü illər üzrə 6772,30 manat və 2024-cü il üzrə 950,80 manat olmaqla ümumilikdə 7.723,10 manat təşkil etdiyi müəyyən edilir; - iş materiallarında olan sənədlərə və təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 002 saylı, xx.xx.2023-cü il tarixli 003 saylı məktublara əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək «X9 Eksport LTD» MMC-də işlədiyi dövrdə Bayram və qeyri-iş günlərində işə çıxma və iş normasından artıq, gecə saatlarında işə cəlb edilmə hallarının olmadığı müəyyən edilir; - İddiaçı əmək haqqının hər gecikdirilmiş gün üçün hesablanmış 1% ödəncin məbləğinin ümumilikdə 3402,19 manat təşkil etdiyi müəyyən edilir. 43.Beləliklə iş materiallarından müəyyən edilir ki, iddiaçı işlədiyi 2011-2024-cü illər üçün nəzərdə tutulmuş əmək məzuniyyətlərindən istifadə etməmiş və işəgötürən tərəfindən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə həmin iş ili (iş illəri) üçün müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya (əmək münasibətlərinə xitam veriləkən son haqq-hesab hesablanarkən də) ödənilməmişdir.

44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

45. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

46. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya nə əmək məzuniyyətinə çıxmadığı illərin sonunda, nə də son haqq-hesab verilərkən bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilməmiş, bu hal cavabdehin özü tərəfindən də etiraf edilmişdir. Buna görə kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

47. Ekspert rəyinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh təşkilatda işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin ümumi məbləği 7723,10 manat olmasını nəzərə alan birinci instansiya məhkəməsi iddianı qeyd olunan həcmdə qismən təmin etmişdir. Məhkəmə həmçinin bu kompensasiyanın gecikdirilməsinə görə 1%-in tutulması tələbini ekspert rəyində həmin məbləğin 3402,19 manat təşkil etməsni nəzərə alaraq, tələbi də həmin həddə təmin etmişdir.

48. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, ekspert istifadə edilməmiş əmək məzuniyyətinin məbləğinin müəyyən edilməsinə hər il üçün ödənilməli olan məbləği həmin ilin orta aylıq əmək haqqı məbləğinə uyğun hesabalamaqda səhvə yol vermişdir.

49. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmiş, yalnız formal olaraq tədqiqatın qanunvericiliyin tələblərinə uyğun aparılmadığı qeyd edilmişdir ki, qeyd olunan hal öz təsdiqini tapmamışdır.

50. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

51. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti düzgün tətbiq edilməmişdir.

52. Belə ki, cavabdehin nümayəndəsi və vəkili ərizə təqdim edərək İddiaçı Məmmədəli oğlunun iddia tələbi üzrə iddia müddətinin keçməsi səbəbi ilə onun iddia tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

53. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

54. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

55. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

56. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.

57. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

58. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

59. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

60. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

62. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməli olması barədə norma işəgötürən üçün imperativ göstəriş nəzərdə tutmaqla iddia müddətinin tətbiqidən imtina üçün əsas təşkil etmir.

63. Nəzərə alınmalıdır ki, pul və əmlak tələbləri üzrə 1 illik iddia müddəti müəyyən edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində yalnız işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddətinin tətbiqini istisna edilmişdir.

64. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyaya mürciət etmişdir. Mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış isə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Arayış tərəfə rəsmi təqdim edildikdən sonra iddiaçı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

65. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü bəndində qeyd edilir ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunun 35.1-ci maddəsində qeyd edilir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

66. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı münasibətlərə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə xx.xx.2024-cü il tarixdən əvvəlki 1 illik dövr üçün ödənilməmiş əmək haqqı (məzuniyyət pulu) hesablanıb tutula bilər.

67. Ekspert təyindən görünür ki, istifadə edilməmiş əmək məzuniyyəti 2024-cü il üzrə 950,80 manat olmuşdur.

68. Rəyə əlavə edilmiş cədvəldən müəyyən olunur ki, 3402.19 manat məbləğində hesablanmış gecikmə faizi 2023-cü ilin noyabr və 2024-cü ilin aprel ayları aralığında olan əmək haqqına görə hesablandığından bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

69. Birinci instansiya məhkəməsi iddiaçının işdən azad olunduğu tarixdən 1 il əvvəlki dövr ərzində bayram və qeyri-iş günləri 15 gün işə cəlb edilməsini, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləği 15 günə vurmaqla (52,82x15=792,30 manat) alınan 792,30 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.

70. Kollegiya qeyd edir ki, 1 illik iddia müddəti tətbiq edilməli və xx.xx.2024-cü il tarixdən əvvəlki 1 illik dövr ərzindəki qeyri iş günləri nəzərə alınmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2023-cü ilin 8 noyabr- zəfər günü, 9 noyabr -Dövlət Bayrağı günü, 2024cü ildə isə 10 gün işə cəlb edilmişdir. Deməli, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq (52,82x12 gün =633,84 manat) 633,84 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 71.Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabadehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın məbləği və bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə əlavə əmək haqqının məbləği hissələrində dəyişdirilməli, İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə 950,80 manat, bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 633,84 manat pul cavabdeh «X9 Eksport LTD» MMC-dən İddiaçı xeyrinə tutulmalı, qətnamə qalan - əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat ödəncin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

72. MPM-in 402-ci maddəsinin tələblərinə əsasən kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verə bilər.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh «X9 Eksport LTD» MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın məbləği və bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə əlavə əmək haqqının məbləği hissələrində dəyişdirilməli, istifadə edilməmiş əmək məzuniyyətinə görə 950,80 manat, bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 633,84 manat pul cavabdeh «X9 Eksport LTD» MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan - əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat ödəncin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş rüsum özünə aid edilsin. Qətnamədən iddiaçıya rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar