Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6006/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “servitut haqqının ödənilməsi tələbi barədə” ilk iddiaya, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı “zəbt edilən torpaq sahəsinin boşaldılması, hasarın sökülməsi və məhəllədaxili yolun bərpa edilməsi tələbi barədə” qarşılıqlı iddiaya dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi 08 avqust 2025-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı2 və İddiaçı1 birgə vəkili (nümayəndə) Vəkil1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 vəkili (nümayəndə) Vəkil3n oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ilk iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehdən cəmi 6.200 manat servitut haqının tutularaq həmin məbləğdən 1.850 manatın İddiaçı2, qalan 4.350 manatın İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışa” əsasən müəyyən edilir ki, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0368 ha ölçüdə 103 “X” saylı torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə İddiaçı2 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Reyestrdən verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, həmin küçəsində yerləşən 0,0305 ölçüdə 103 “K” saylı torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə İddiaçı1 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhəllədaxili keçid yolunun ayrılması nəzərdə tutulmadığından cavabdeh iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etməkdədir. Digər qonşulara qarşı servitut haqqının ödənilməsinə dair iddia qaldırılmış və məhkəmə qərarı çıxmışdır. Belə ki, əvvəlki qonşular iddiaçılara 15.000 manat və çıxarılmış məhkəmə qərarına əsasən 900 manat və 2.300 manat olmaqla pullar ödəmişlər. Hazırda cavabdehə düşən məbləğ 6.200 manat edir və cavabdeh iddiaçılara dəfələrlə bildirmişdir ki, ən qısa zamanda həmin pulu ödəyəcək lakin vədinə əməl etməmişdir. Əvvəlki məhkəmə iclaslarında ekspertizalar keçirilmiş və həmin ekspert qiymətləndirilməsi belə olmuşdur: - "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən İddiaçı2 məxsus 103 “X” saylı torpaq sahəsinin 30 kv.m. hissəsi 12.000 manat, İddiaçı1 mülkiyyətində olan 103 “K” saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 32.504 manat qiymətləndirilmişdir. - Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən İddiaçı2a məxsus 103 “X” saylı torpaq sahəsinin 30 kv.m. hissəsi 6.552 manat, İddiaçı1 mülkiyyətində olan 103 “K” saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 17.035,2 manat qiymətləndirilmişdir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6687 saylı rəyinə əsasən İddiaçı2 məxsus 103 “X” saylı torpaq sahəsinin 30 kv.m. sahəsi 12.270 manat (30 kv.m.x 409 manat), İddiaçı1 məxsus 103 “K” saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 31.902 manat (78 kv.m. x 409 manat) məbləğində müəyyən olunur. Göründüyü kimi, iddiaçılar tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi əsaslıdır. b) qarşılıqlı iddia barədə məlumat
3. İlk iddia üzrə cavabdeh iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq hasarın onların hesablarına sökülməsi və məhəllədaxili yolun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin vəkili (nümayəndəsi) sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 tərəfindən zəbt edilmiş (44,8+28,6=) 73,4 kv.m. və İddiaçı1 tərəfindən zəbt edilmiş (21,7+85,7=) 107,4 kv.m., ümumilikdə 180,8 kv.m. torpaq sahəsinin boşaldılaraq tikililərin onların öz hesablarına sökülməsi və məhəllədaxili yolun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 1947-ci il təvəllüdlü, 77 yaşlı İddiaçı2 dövri olaraq qonşularla yeni mübahisələr yaradaraq, həmin mübahisələri məhkəməyə çıxartmaqla məşğuldur. İddiaçılar torpaq əldə etdikləri şəxslərlə, torpaq sahələri əldə etdikdən sonra onlarla birgə yaşayan qonşulara, köçüb canını qurtaran qonşuların yerinə gələn qonşularla, hətta hələ də köçüb gedən qonşulara qarşı işlərə çıxır. Bu dəfə iddiaçılar hədəf kimi yeni qonşu olan hazırkı iş üzrə cavabdehi seçmişlər. İddiaçı2, 2018-ci ildə qonşular arasında məhəllədaxili yolun verilməsi ilə bağlı razılaşma müqaviləsinə əsasən Vüqar İsmayılov, Etibar Kərimov, Elşən Bayramov, Şahmil Yadigarov, Xəqani Kazımov Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 103 X ünvanında İddiaçı2 məxsus olan torpaq sahəsində eni 5 m, uzunluğu 40 m olan sahəni (200 kvadrat) məhəllədaxili yola verilməsinə razılaşaraq sonuncuya 15.000 manat pul verilməsi və İddiaçı2 isə həmin ünvana aid olan köhnə kadastrın yerinə yenisi ilə əvəz edərək layihədə dəyişiklik edilməsini, yeni məhəllə daxili yolun eni 5 m, uzunu 40 m qanuniləşdirməyi üzərinə götürmüşdür. Lakin İddiaçı2 həmin vaxt verdiyi vədi hazıra kimi yerinə yetirməmiş, qonşuların 15.000 manatını 5 il qanunsuz olaraq özündə saxlamışdır. Qonşularla İddiaçı2 arasında olan məhkəmə mübahisəsi zamanı məlum olmuşdur ki, İddiaçı2 öz qonşularını düzgün olmayan məlumat verərək 108 kvadrat əvəzinə 200 kvadratın torpaq sahəsinin pulun almışdır. 5 il bu kvadratı qonşulardan gizlətmişdir. Hazırda İddiaçı2 digər iddiaçı ilə birgə artıq məhkəmə qətnaməsinə əsasən qiyməti 44.172 manat və ölçüsü 108 kvadrat metr olan torpaq sahəsinə görə haqq aldığı halda yenidə haqq tələb edir. Halbuki torpağın kvadratı və qiyməti dəyişməmişdir. Belə çıxır hər dəfə qonşular torpaq satarkən, yaxud torpağı bölüb satarkən ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 haqq verməlidirlər. İddiaçı2 və İddiaçı1 haqq tələb etdikləri kvadrata görə 2018-ci ildə 15.000 manat aldığı pula görə vədini yerinə yetirməyərək 2022-ci ildə qonşulara qarşı iddia qaldıraraq haqq tələb etsə də, 2018-ci il razılaşmasının digər hissəsi olan “köhnə kadastrın yerinə yenisi ilə əvəz edərək layihədə dəyişiklik edilməsini” hissəsini ötən müddət ərzində icra etməkdən yayınmaqdadır. Bunun əvəzində İddiaçı2 2018-ci il tarixdə rəsmiləşdirilməli olduğu sahələri qanunsuz olaraq hasarlayaraq zəbt etmişdir. Faktiki olaraq İddiaçı2 məxsus torpaq sahəsinin ölçüsü artıqlması ilə olduğu halda, razılaşmanı pozaraq bu gün həm haqq tələb etdiyi yola olan hissəsindən imtina etməmiş, həm də əlavə torpaq sahələri zəbt edərək əvvəldən olan yol sahəsini zəbt edərək hasarın içərisinə salmışdır. Bunun nəticəsində mülkiyyətçi olaraq məcbur qalıb qonşuların İddiaçı2 aldığı yoldan istifadə edir, qanuni olan məhəllə daxili yolu isə İddiaçı2 zəbt etmişdir. Zəbt etməni onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsi qonşuların istifadəsindədir, bu əsasla da əlavə torpaq sahələrini zəbt etmişdir. Hesab edir ki, İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilən torpaq sahəsi müəyyən edilərək sökülərək əvvəlki vəziyyətə qaytarılmalı, əraziyə giriş çıxış bərpa edilməli, qonşular arasında normativə uyğun ara məsafəsi gözlənilməklə hasarlanma işi aparılmalıdır. Beləliklə İddiaçı2 qanuni məhəllə daxili yolu zəbt etmiş, əlavə istifadədə olan yolu öz ərazisinə salaraq qonşulardan haqq alır. Zəbtin nəticəsində bu gün cavabdehin torpaq sahəsinə giriş-çıxış yolu bağlanılmış, məcbur evin içərisindən həyətə keçir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ilk iddia qismən təmin edilməsini, İddiaçı2 mülkiyyətində olan 103 “X” saylı torpaq sahəsinin 30 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh xeyrinə servitutla yüklü edilməsinə görə 900 manat məbləğində haqqın Cavabdeh tutularaq İddiaçı2, İddiaçı1 mülkiyyətində olan 103 “K” saylı torpaq sahəsinin 78 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh xeyrinə servitutla yüklü edilməsinə görə 2.300 manat məbləğində haqqın Cavabdeh tutularaq İddiaçı1 verilməsini, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsini qət etmişdir. e) apellyasiya şikayətləri barədə məlumat
7. İlk iddia üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın tam həcmdə təmin edilməsini xahiş etmişlər.
8. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi həmin ərazi üzrə torpaqların qiymətini nəzərə almamışdır. Bundan başqa, Rayon Məhkəməsi, hazırkı iş üzrə qəbul etdiyi qətnamədə, hazırkı iş üzrə iddiaçıların digər qonşulara qarşı eyni məzmunlu iddiaya dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-129/2023 saylı qətnaməsinə istinad etsə də, lakin həmin qətnamədəki halları, həmin 5 nəfər qonşular tərəfindən iddiaçılara hər biri tərəfindən 3.000 manat, cəmi isə 15.000 manat ödəmələrini nəzərə almamışdır. Göründüyü kimi, Rayon Məhkəməsi işin bütün faktiki hallarını aydınlaşdırmamışdır.
9. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilkin iddianın bir qisminin təmin, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin tamamilə rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində də qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsaslı olan qarşılıqlı iddianı əsassız olaraq təmin etməmişdir. Belə ki, ilk iddia üzrə iddiaçılar bu qaydada bütün qonşulara qarşı, hazırda isə cavabdehə qarşı bu kimi iddialar qaldıraraq pulun tutulmasını tələb edirlər. Ancaq iddiaçılardan daşınmaz əmlakın servitutla yüklü edilməsini tələb edən yoxdur. Bu tələb əgər cavabdehə məxsusdursa cavabdehin bu kimi qarşılıqlı tələbi yoxdur. İddiaçılar cavabdehdən zorla haqq almaq istəyirlər. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(103)-129/202 saylı qətnaməsi ilə servitutla yüklü edilmiş ərazi və ərazinin dəyəri müəyyən edilmişdir. Müəyyən edilmiş 108 kv.metr yüklü ərazinin haqqı müəyyən edilərək, qonşular arasında həmin haqq müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə 108 kv.metr ərazidən istifadəyə görə məhkəmə qətnaməsi ilə 4.500 və 11.500 müəyyən edildiyi halda nə üçün əlavə haqq tələb etməli olduqları və bu haqqın 6.200 manat olmasını iddiaçılar əsaslandıra bilməmişlər. Bundan başqa, iddiaçıların mövqeyindən belə çıxır ki, hər yeni mülkiyyətçidən haqq almalıdır. İşdən görünür ki, cavabdeh olaraq qeyd edilən ünvanda torpaq sahəsinə mülkiyyət hüququ yeni əldə edilmiş, mübahisələndirilən sahəyə görə isə artıq iddiaçılar haqlarını almışlar. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən müəyyən olunur ki, hətta mülkiyyətdə olan torpaq sahəsinin digər payçısı olan X8 da haqq alınması qət edilmişdir. Belə olan halda iddiaçıların haqq tələb edə-edə yeni işə davam etməsi əsassızdır. Bu hüquqdan sui-istifadədir ki, mülki qanunvericiliyə əsasən yol verilməzdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
11. İlk iddia üzrə iddiaçıların birgə vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək, ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, təmsil etdiyi şəxslərin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.
12. İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, ilk iddia üzrə iddiaçıların verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, Cavabdeh özünə məxsus olan və iddiaçılara məxsus torpaq sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Xətai Rayonu, General Məhmandarov küçəsində yerləşən 103 “L” saylı torpaq sahəsini xx.xx.2025-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən X2.
15. Məhkəmə, Cavabdeh özünə məxsus olan və Xətai Rayonu, General Məhmandarov küçəsində yerləşən 103 “L” saylı torpaq sahəsinin X1 nəzərə alaraq Rüfət Məmmədovu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işin baxılmasına cəlb etmişdir.
16. Rüfət Məmmədovun vəkili (nümayəndəsi) Vəkil3n oğlu apellyasiya baxışı iclasında iştirak edərək, bildirdi ki, o, təmsil etdiyi şəxsin hüquq və vəzifələrinə toxunmadığı halda hər iki apellyasiya şikayətlərinin həllini Məhkəmənin mülahizəsinə buraxır. Belə ki, müdafiə etdiyi (təmsil etdiyi) şəxs əmlakı Cavabdeh alan zaman, sonuncu iddiaçılara məxsus olan torpaq sahəsindən istifadəyə görə ona düşən servitut haqqını qısa zamanda ödəyəcəyini bildirmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
17. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışlardan görünür ki, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103 “X” saylı, ölçüsü 0,0368 ha olan torpaq sahəsi İddiaçı2, 103 “K” saylı, ölçüsü 0,0305 ha olan torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. Həmin ünvanda yerləşən 103 “L” saylı, ölçüsü 0,022 ha olan torpaq sahəsi isə əvvəllər Cavabdeh mülkiyyətində olmuş, lakin xx.xx.2025-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən isə iş üzrə üçüncü şəxs Rüfət Məmmədovun mülkiyyətində keçmişdir.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-32/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçıların həmin iş üzrə cavabdehlər X9, X13, X14, X7, X16, X4 qarşı irəli sürdükləri ilk iddianın və cavabdehlərin ilk iddia üzrə iddiaçılara qarşı irəli sürdükləri qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən və İddiaçı2 məxsus 103 “X” saylı torpaq sahəsinin 30 kv.m hissəsinin, və İddiaçı1 məxsus 103 “K” saylı torpaq sahəsinin 78 kv.m hissəsinin servitutla yüklü edilməsi, 103 “X” saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsi kimi servitutla yüklü edilməsinə görə, həmin iş üzrə cavabdehlərdən ayrı-arılıqda 1.843 manat olmaqla, cəmi 12.900 manat tutularaq İddiaçı2a ödənilməsi, 103 “K” saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsi kimi servitutla yüklü edilməsinə görə, cavabdehlərdən ayrı-ayrılıqda 5.590 manat olmaqla, cəmi 33.540 manat tutularaq İddiaçı1 verilməsini, ilk və qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-129/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-32/2021 saylı qətnamənin servitutla yüklü edilmiş sahədən istifadə üçün tutulmalı olan haqqın məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, 103 “X” saylı torpaq sahəsinin 30 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün ilk iddia üzrə cavabdehlərdən hər birindən 900 manat olmaqla, cəmi 4.500 manat məbləğində haqqın tutularaq İddiaçı2, 103 “K” saylı torpaq sahəsinin 78 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün ilk iddia üzrə cavabdehlərdən hər birindən 2.300 manat olmaqla, cəmi 11.500 manat məbləğində haqq tutularaq İddiaçı1 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Rayon Məhkəməsinə hazırkı iş üzrə verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı1 torpaq sahəsi sənəd üzrə 305,0 kv.m olsa da, faktiki olaraq 326,7 kv.m təşkil edir. İddiaçı2 torpaq sahəsi sənəd üzrə 368 kv.m olsa da, faktiki olaraq 412,8 kv.m təşkil edir. Sahələr iki tərəfdən mişar daş hasarla, iki tərəfdən isə metal torla sərhədlənib. İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan torpaq sahələrində 2 mərtəbəli fərdi yaşayış evləri inşa edilmişdir. Qeyd olunan 305 kv.m torpaq sahəsi və üzərində mövcud olan ümumi sahəsi 276.8 kv.m olan fərdi yaşayış evi **********55-10301 reyestr nömrəsi ilə İddiaçı1 xüsusi mülkiyyətindədir. Həmçinin 368 kv.m torpaq sahəsi və üzərində mövcud olan ümumi sahəsi 276,8 kv.m fərdi yaşayış evi **********56-10301 reyestr nömrəsi ilə İddiaçı2 xüsusi mülkiyyətindədir. Faktiki olaraq İddiaçı2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin 28,6 kv.m hissəsi, İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin isə 85,7 kv.m hissəsi ümumi istifadədə olunan yola düşür.
20. Göstərilənlərə əsasən işin faktiki halı kimi müəyyən edilir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 103 “X” saylı, ölçüsü 0,0368 ha olan torpaq sahəsi İddiaçı2, 103 “K” saylı, ölçüsü 0,0305 ha olan torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. Həmin ünvanda yerləşən 103 “L” saylı, ölçüsü 0,022 ha olan torpaq sahəsi isə əvvəllər Cavabdeh mülkiyyətində olmuş, lakin xx.xx.2025-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən isə iş üzrə üçüncü şəxs Rüfət Məmmədovun mülkiyyətində keçmişdir. Cavabdeh mülkiyyətində olmuş, 103 “L” saylı, ölçüsü 0,022 ha olan torpaq sahəsinə daxil olmaq üçün yol, ilk iddia üzrə iddiaçıların mülkiyyətində olan, lakin ümumi istifadə edilən (digər qonşuların istifadə etməsi üçün servitut haqqı tutulan) yoldur. Digər yol mövcud deyildir. Belə ki, iddiaçıların və cavabdehin fərdi yaşayış evinin arxasından magistral yol keçir və yol boyu borular (qaz xətləri) çəkilmişdir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır (maddə 158.1.3.). Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır (maddə 175.1.). Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər (maddə 175.2.). Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir (maddə 175.3.). Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (maddə 255.1.). Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir (maddə 255.2.). Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (maddə 255.4.). Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın (maddə 255.6.). Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir (maddə 255.8.). Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər (maddə 261.1.). Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir (maddə 261.2.).
22. İş materiallarından görünür ki, bundan əvvəl eyni torpaq sahəsinin servitutla yüklənməsi haqqında məhkəmə mübahisəsinə baxılarkən də mübahisəli məhəlləyə alternativ hər hansı məhəllədaxili keçid yolunun mümkünsüzlüyü müəyyən edilmişdir. Həmin tarixdən bu yana qeyd edilən ünvanda dəyişiklik sadəcə ilkin iddia üzrə cavabdehin həmin məhəllədən torpaq sahəsi alması və fərdi yaşayış inşa etməsi olmuşdur (davam etməkdədir). Buna görə də ilkin iddiaçıların torpaq sahələrinin bir hissəsi servitutla yüklü elan edilmişdir.
23. İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətinin dəlillərində, iddiaçıların ümumi istifadədə olan torpaq sahəsinin servitutla yüklü edilməsinin dövlət reyestrində qeydə alınmamadığını, ümumiyyətlə özünün servitutla bağlı tələbinin olmadığını, həmçinin iddiaçılar həmin torpağın yüklü edilməsinə görə digər qonşulardan haqq aldıqlarından hazırda ondan pul tələb etmələrinin qanunsuz olduğunu bildirmişdir.
24. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ilk iddia üzrə İddiaçı2 məxsus 103 “X” saylı torpaq sahəsinin 30 kv.m sahəsinin və ilk iddia üzrə İddiaçı1 məxsus 103 “K” saylı torpaq sahəsinin 78 kv.m sahəsinin servitutla yüklü edilməsi qərara alınmışdır. Belə olduğu təqdirdə servititunun reyestrdə qeydə alınmaması qətnamənin icrasından irəli gələn məsələ olmaqla, hazırkı mübahisəyə aidiyyəti yoxdur. Digər tərəfdən qarşılıqlı iddiaçı tərəfindən həmin yüklü edilmiş ərazidən istifadə edilməsi ilkin iddiaçıların da yüklü edilmiş torpaq sahələrinə münasibətdə haqq tələb etmələri üçün hüquqları yaranır. Həmçinin digər qonşular tərəfindən yüklü edilmiş torpaq sahəsinə görə ilkin iddiaçıya haqq ödəmələri, qarşılıqlı iddiaçının da həmin torpaq sahəsindən istifadəyə görə haqq ödəməməsinə əsas verə bilməz.
25. Məhkəmə işə baxmış Rayon Məhkəməsinin servitut haqqının məbləği ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, 103 “X” saylı torpaq sahəsinin bir hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh İddiaçı2 xeyrinə 900 manat məbləğində, 103 “K” saylı torpaq sahəsinin bir hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh İddiaçı1 xeyrinə 2.300 manat məbləğində haqq tutulması bundan əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğə uyğundur.
26. İlk iddia üzrə iddiaçılar apellyasiya şikayətinin dəlillərində Rayon məhkəməsinin əvvəlki qətnamədə həmin qonşuların ödədiyi 15.000 manatın nəzərə alınmadığını, ona görə də ilkin iddianın tam təmin edilməsini xahiş etsələr də, məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində servitut haqqı kimi, İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə münasibətdə hər qonşu üçün 900 manat, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə münasibətdə isə hər qonşu üçün 2.300 manat müəyyən edilmişdir. Hazırda həmin vaxtdan uzun müddət keçməməsini nəzərə alan məhkəmə hesab edir ki, təyin edilən məbləğ işin hallarına uyğundur.
27. Belə ki, işin hallarından görünür ki, qarşılıqlı iddiaçının İddiaçı2 tərəfindən zəbt edilən (44,8+28,6=) 73,4 kvadrat və İddiaçı1 tərəfindən zəbt edilən (21,7+85,7=) 107,4 kvadrat ümumilikdə 180,8 kvadrat metr torpaq sahəsinin zəbtdən azad edilməsini tələb etsə də, qarşılıqlı iddiaçının zəbtin aradan qaldırılması tələbinin irəli sürməyə subyektiv hüququnun olması müəyyən edilmir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən verilmiş və yuxarıda qeyde dilən mütəxəssis rəyində göstərilmişdir ki, çıxarışla iddiaçıların mülkiyyətində verilmiş torpaq sahəsindən daha çox sahənin iddiaçıların faktiki istifadə olunduğu qeyd edilsə də, həmin torpaq sahəsi cavabdehin mülkiyyətində olmadığından, o, iddiaçılardan həmin sahəni boşaldılmasını tələb etmək hüququna malik deyildir.
28. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon məhkəməsi ilkin iddianı qismən təmin etməkdə, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. g) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qətnamədən iş üzrə tərəflərin verdikləri apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
32. Məhkəmə həmçinin bildirir ki, MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
33. Odur ki, qeyd edilən prosessual hüquq normasının tələbini nəzərə alan Məhkəmə bildirir ki, ilk iddia üzrə iddiaçılar və ilk iddia üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. İlk iddia üzrə cavabdeh olan qarşılıqlı iddia üzrə iddiaçı qətnamənin qarşılıqlı iddiaya aid hissəsindən kassasiya şikayəti verə bilər. İş üzrə üçüncü şəxs də, hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
34. Beləliklə də, göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hazırkı iş üzrə tərəflərin verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 08 avqust 2025ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların şəxslərin özlərinə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırkı qətnamənin qarşılıqlı iddianın həll edilməsi hissəsindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh qətnamənin qalan hissəsindən kassasiya şikayəti verə bilməz. İlk iddia üzrə iddiaçıl İddiaçı2, ilk iddia üzrə İddiaçı1 və iş üzrə üçüncü şəxs olan X10 hazırkı qətnamənin heç bir hissəsindən kassasiya şikayəti verə bilməzlər.