Məhkəmə qərarları › İş №2(103)-6009/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6009/2022

17.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6009/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, X7 Layihə İnstitutu MMC və Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı) işi üzrə QƏTNAMƏSİ İş № 2(103)-6009/2022 (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi”) Bakı şəhəri 17 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin nümayəndəsi Nümayəndə iştirakı iləiştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1694/2022 saylı, xx.xx.2022-ci iltarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X3 ərizəçi ilə bir işlədiyini, onun müdiri olduğunu, ərizəçinin həqiqətən də həm Kraz markalı maşını idarə etdiyini və qırçı kimi işlədiyini bildirmişdir.

2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 267 nömrəli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin cavab məktubundan görünür ki, Avtomobil Yollarının Tikintisi Nazirliyi 2 nömrəli Yol Təmir Tikinti Trestinin 19 nömrəli Yol Tikinti İdarənin 1976-1979-cu illərə aid sənədləri institutun arxivində mövcud olmamışdır.

3. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6394/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə Ərizəçi Qəmət oğlunun maraqlı şəxs Yasamal Rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı “işləmə faktı” üzrə ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən oılunmuşdur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə köçürülmüş, xx.xx.1976-cı il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. Habelə, xx.xx.1976-cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə qəbul olunaraq, xx.xx.1978-cı il tarixədək həmin vəzifədə çalışmışdır.

4. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 12/2352 saylı Azərbaycan Respublikasının Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin X1 ünvanlandırılmış məktubuna əsasən görünür ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıli olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışan kişilərin yaşı 60 olduqda, azı 25 il sığorta stajına malik olduqda və müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu X1 bildirilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Avtomobil Yolları X5 Elmi Tədqiqat Layihə İnstitutu MMC-yə, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “zərərli əmək şəraitində işləməyinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17 dekabr 1976-cı ildən 16 may 1978-ci ilə kimi 19 saylı Yol İdarəsində zərərli əmək şəraitində işlədiyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, 17 dekabr 1976-cı ildən 16 may 1978-ci ilə kimi 19 saylı Yol İdarəsində 17 tonluq KRAZ markalı maşında sürücü işləməklə yanaşı həmin maşınla qır daşımışdır və həmçinin qır əridən kimi fəhlə (qırçı) işləmişdir. Lakin idarənin kardlar şöbəsi tərəfindən əmək kitabçasında bu fakt qeyd edilməmiş, bu səhv nəticəsində pensiya hüququ pozulmuşdur. Bu səbəbdən də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

7. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmənin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Bundan başqa Alı Məhkəmənin qeyd olunan Plenum qərarının 1 2-ci maddəsində qeyd edilir ki. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki. qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Daha sonra həmin qərarın 1 4-cü maddəsində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və va digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının gevrimümkünlüvü nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər kı ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, MPM-nin məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Buna əlavə olaraq, qeyd etməyi zəruri hesab edirik ki, ərizəçinin işlədiyi iddia etdiyi dövrlər üzrə (1976-1978) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Odur ki. yuxarıda qeyd olunanları. Mülki Prosessual Məcəllənin 308,310 və 151 -ci maddələrinin tələblərini nəzərə alaraq, ərizəçi Ş Q.İsmayılovun ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki,17 dekabr 1976-cı ildən 16 may 1978-ci ilə kimi 19 saylı Yol İdarəsində 17 tonluq KRAZ markalı maşında sürücü işləməklə yanaşı həmin maşınla qır daşımışdır və həmçinin qır əridən kimi fəhlə (qırçı) işləmişdir. Lakin idarənin kardlar şöbəsi tərəfindən əmək kitabçasında bu fakt qeyd edilməmiş, bu səhv nəticəsində pensiya hüququ pozulmuşdur. Bu səbəbdən də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

9. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1694/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizənin rədd edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizəçinin əmək kitabçası, yəni bütün işlədiyi illəri (vəzifələri) özündə əks etdirən rəsmi sənədi ola-ola, işləmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 12.Ərizəçinin əmək kitabçasında həmin illərdə sürücü işləməsi faktı qeyd edilmişdir. Lakin onun əmək funksyalarından başqa digər işlər görüməsi əriznin təmin edilməsi üçün əsas vermir, həmçinin ərizəçinin istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar mötəbər deyil və işi mahiyyəti üzrə həll edən aktın çıxarılması üçün kifayət deyildir. 13.Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, hazırki ərizə əsassız olduğundan rədd edilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci, 308-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15.Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1694/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

a) Apellyasiya şikayətinin dəlilləri

16.Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırır ki, o, 17 dekabr 1976-cı ildən 16 may 1978-ci ilə kimi 19 saylı Yol İdarəsində zərərli əmək şəraitində işləmişdir, yəni 17 tonluq KRAZ markalı maşında sürücü işləməklə yanaşı həmin maşında qır daşımışdır, qır əridən kimi fəhlə (qırçı) işləmişdir. Lakin bu kadrlar şöbəsinin təqsirindən əmək kitabçasında qeyd edilməmişdir. Bu da onun pensiya hüququnu pozduğu üçün məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi öz qətnaməsində işin hallarını göstərsə də heç bir əsaslandırma göstərmədən ərizəni rədd etmişdir. Belə ki, məhkəmə öz qətnaməsinin 4-cü səhifəsinin 1-ci abzasında göstərir ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.O da bunu göstərmişdir və sübutlarını təqdim etmişdir. Hətta onun rəisi olmuş Yaqubəli Şükürov bu faktı məhkəmədə təsdiq etsə də, nədənsə məhkəmə bu ifadəni və digər sübutları mötəbər hesab etməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

17. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə kollegiyasının iclasında ərizəçi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 19.Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə Kollegiyasının iclasında iştirak etməmişlər.Kollegiya onların iştirakı olmadan MPM-in 376.2-ci maddəsinə əsasən baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

21.305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 22.308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

23.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 28.Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 29.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 30.372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

32.Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 33.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 35.Belə ki, hazırkı mübahisə ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X3 ərizəçi ilə bir işlədiyini, onun müdiri olduğunu, ərizəçinin həqiqətən də həm Kraz markalı maşını idarə etdiyini və qırçı kimi işlədiyini bildirmişdir. 36.Həmçinin, xx.xx.2021-ci il tarixli, 267 nömrəli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin cavab məktubundan görünür ki, Avtomobil Yollarının Tikintisi Nazirliyi 2 nömrəli Yol Təmir Tikinti Trestinin 19 nömrəli Yol Tikinti İdarənin 1976-1979-cu illərə aid sənədləri institutun arxivində mövcud olmamışdır. 37.Eyni zamanda Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6394/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə Ərizəçi Qəmət oğlunun maraqlı şəxs Yasamal Rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı “işləmə faktı” üzrə ərizəsi təmin edilməmişdir. 38.Həmin qətnamə ilə müəyyən oılunmuşdur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə köçürülmüş, xx.xx.1976-cı il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. Habelə, xx.xx.1976-cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə qəbul olunaraq, xx.xx.1978-cı il tarixədək həmin vəzifədə çalışmışdır. 39.İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 12/2352 saylı Azərbaycan Respublikasının Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin X1 ünvanlandırılmış məktubuna əsasən isə görünür ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıli olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışan kişilərin yaşı 60 olduqda, azı 25 il sığorta stajına malik olduqda və müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu X1 bildirilmişdir. 40.Məhkəmə Kollegiyası işin yuxarıda qeyd edilən faktiki hallarından çıxış edərək qeyd edir ki, ərizəçinin əmək kitabçası, yəni bütün işlədiyi illəri (vəzifələri) özündə əks etdirən rəsmi sənədi ola-ola, işləmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. 41.Lakin məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin əmək kitabçasında həmin illərdə sürücü işləməsi faktı qeyd edilmişdir. 42.Bununla belə ərizəçi əmək kitabçasında qeyd edilmədiyini iddia etdiyi işi icra etməsi faktının müəyyən edilməsini (sürücü işləməsi ilə bərabər qır ərridən də işləməsi) xahiş etdiyindən işə mahiyyəti üzrə baxmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. 43.Kollegiya qeyd edir ki, ərizəçinin əmək funksyalarından başqa digər işlər görməsi hazırkı halda əriznin təmin edilməsi üçün əsas vermir, belə ki, ərizəçinin istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar mötəbər deyil və işi mahiyyəti üzrə həll edən aktın çıxarılması üçün kifayət deyildir. 44.Ərizəçinin əmək kitabçasından və iş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6394/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, (həmin qətnamə ilə Ərizəçi Qəmət oğlunun maraqlı şəxs Yasamal Rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı “işləmə faktı” üzrə ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən oılunmuşdur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə köçürülmüş, xx.xx.1976-cı il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. Habelə, xx.xx.1976-cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə qəbul olunaraq, xx.xx.1978-cı il tarixədək həmin vəzifədə çalışmışdır.) ərizəçinin qırçı (yəni qır əridən) işləməsini iddia etdiyi illərdə sürücü işləməsi faktı qeyd edilmişdir. Lakin onun əmək funksyalarından başqa digər işlər görüməsi əriznin təmin edilməsi üçün əsas vermir, həmçinin ərizəçinin istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar mötəbər deyil və işi mahiyyəti üzrə həll edən aktın çıxarılması üçün kifayət deyildir. 45.Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X2 əmək kitabçası iş materiallarında mövcud olmamaqla yanaşı, ərizəçinin həqiqətən də həm Kraz markalı maşını idarə etdiyini və qırçı (qır əridən) kimi işlədiyini təsdiq etməsi ərizəçinin əmək kitabçasında və iş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6394/2018 nömrəli qətnaməsində qeyd edilən faktlarla ziddiyyət təşkil edir. 46.Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. (Mülki Prosessual Məcəllənin 305.1-ci və 308-ci maddəsi) 47.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.(Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci, 217.4.-cü maddələri) 48.Belə olan halda, məhkəmə kollegiyası işdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizənin təmin edilməsinə hüquqi və faktiki əsaslar olmadığından apellyasiya şikayəti təmin edilə bilməz. 49.Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1694/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar