Məhkəmə qərarları › İş №2(103)-601/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-601/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-601/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-601/2023 (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Bakı şəhəri 25 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(004)-4397/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. Hesab edir ki, həmin mənzildə yaşamayan Cavabdeh istifadə hüququna xitam verilməlidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki olaraq yaşadığı ünvan 6vanındakı mənzilə Cavabdeh (bundan sonra cavabdeh), Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 №-li, 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə köçürülməsinə qət edilsə də, cavabdeh bu günə kimi qətnamənin icrasında maraqlı olmamış, özünün daha əvvəllər yaşadığı, ünvan 3 ünvanında yaşamağa davam etmişdir və bu ünvan cavabdehin faktiki yaşadığı ünvanıdır. Cavabdehin məhkəmə tərəfindən mənzilə tanınan istifadə hüququnun, yəni cavabdehin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi icrası mümkün olmayan icra sənədi olaraq Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə geri qaytarılmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2022 nömrəli 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinin tələb etməyə subyektiv hüququ yoxdur.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 82.3, 119.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, qeydidiyyata alındığı və faktiki olaraq yaşadığı ünvan 6vanındakı mənzil, keçmiş Oktyabr (indiki Yasamal) rayonu X10 (XDS) Rayon İcraiyyə Komitəsinin 11 aprel 1957-ci il tarixli sərəncamı əsasında kirayəçisi olmuş atası X7 1984-cü ildə vəfat etməsi ilə əlaqədar onun arvadı ilə anası X1 (xx.xx.2001-ci ildə vəfat edib) kirayəsinə verilib. Anası vəfatından sonra isə mənzil onun istifadəsində qalıb və bu gündə onun istifadəsindədir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

11. Maddə 53. 1 hissə. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

12. Maddə 53. 3 hissə. Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.

13. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

14. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

15. Maddə 68.1 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

16. Maddə 68.2 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

17. Maddə 85. 1 hissə. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə huququ vardır.

18. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.

27. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldrımaqda subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlməmişdir.

29. Belə ki, iş materiallarında olan Oktyabr Rayon X10 79/14 №-li, 11 aprel 1987-ci il tarixli qərarının notarial təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən hazırki iş üzrə iddiaçının atası X16 vəfat etdiyindən, ünvan 6vanında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı iddiaçının anası Minəxanım Ağayeva ilə bağlanmışdır.

30. İş materiaları ilə müəyyən olunur ki, X5 xx.xx.2001-ci ildə vəfat etmiş və anası vəfatından sonra mənzil iddiaçının istifadəsindədir.

31. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Azərbaycan Respublikası ünvan 5 ünvanında qeydiyyatdadır.

32. Göründüyü kimi ünvan 6vanında yerləşən mənzil Oktyabr Rayon X10 79/14 №li, 11 aprel 1987-ci il tarixli qərarına əsasən iddiaçının valideyinlərinə verilmiş, valideyinlərindən sonrada həmin mənzildən o istifadə etmiş və edir, həmçinin, həmin mənzildə qeydiyyatdadır.

33. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

34. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmuşdur.

36. Kollegiya iddianın əsaslı və əsassız olması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-1356/2016 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun tanınması qət edilmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8748/2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1356/2016 nömrəli işi üzrə 04 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən evə (yaşayış sahəsinə) istifadə hüququ tanınması qət edilmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2607/2017 saylı, 05 iyun 2017-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır

41. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 303/2017 saylı qətnamənin surətindən görünür ki, ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi, cavabdehlər X17, X2, X8, X6 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutulması tələbi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

42. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməli və X17, X2, X8, X6 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İcra sənədinin icrasının təmini məqsədilə sözügedən evə baxış keçirilmiş, evin cəmi bir otaqdan ibarət olduğu, hazırda həmin evdə X12, X9, X13 və X11 yaşadığı məlum olmuş, eləcə də əlavə şəxslərin köçürülməsinin mümkünsüzlüyü, həmçinin qeyd olunan icra sənədinin xx.xx.2021-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir.

43. Həmçinin, Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5266/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verılməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyışdirilmədən saxlanılması qət edilmişdir.

45. Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı mənzilə istifadə hüququ tanınmışdır.

46. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

47. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Lakin hazırki işdə belə hallar mövcud deyildir.

48. Digər tərəfdən cavabdehin mənzilə mənzildən istifadə ehtiyacı aradan qalxmış olduğu da işin halları ilə müəyyən olunmur. Əksinə, işdən görünür ki, birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək cavabdeh izahatında bildirmişdir ki, 2004- 2016-cı illər ərzində orda əri ilə birlikdə yaşamış, həmin vaxta kimi iddiaçını tanımamış, əri vəfat etdikdən sonra həmin evə gələrək onu evdən qovmuşdur. İcranın geri qaytarılması barədə icra məmurunun qərarından xəbəri yoxdur. Onu heç kim çağırmamışdır. Həmin evə köçmək istəyir, başqa evi yoxdur, məcburiyyətdən qardaşı ilə yaşayır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2022 saylı iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar