Məhkəmə qərarları › İş №2(103)-6012/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6012/2022

31.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6012/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər:mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 və cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3102/22 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Mübahisə predmeti Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 149-da yerləşən və ümumi sahəsi 58,4 kvm, yaşayış sahəsi 36 kvm olan 3 (üç) otaqlı mənzildir. İddiaçı həmin evi 11 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 60 000 manata satın almışdır.

2. Mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və mübahisəli ev hazırda İddiaçı xüsusi mülkiyyətindədir.

3. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmamış övladları X7, X5, X6 Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, 149 saylı evdə qeydiyyatdadırlar.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 övladları X7, X5 və X6 ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 149 saylı evdən çıxarılması, evdən çıxarılmanın həmin şəxslərin qeydiyyatdan çıxarılmaları üçün də əsas hesab olunması, cavabdehlərə məxsus əşyaların mülkiyyətində olan evdən onların öz hesabına çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nübahisəli evi 2016-cı ildə alqı-satqı yolu ilə əldə edib. Cavabdeh2 qardaşı, Cavabdeh1 isə qardaşı arvadıdır. Cavabdeh2 2008-ci ildə Cavabdeh1 ilə nikaha daxil olaraq anası ilə birlikdə ata evində yaşayıblar. Həmin ünvanda söküntü aparıldığından özlərinə ev alanadək onun evində müvəqqəti yaşamalarıa icazə verib. Lakin cavabdehlər hər dəfə bir bəhanə gətirərək evdən çıxmaq istəmirlər. Övladları böyüyüb, ailə qurmaq yaşına çatıb, hər biri evlənib öz ailəsi ilə həmin mənzildə yaşamaq istəyirlər.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3102/22 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia qismən təmin edilərək, cavabdehlərin övladları ilə birgə iddiaçıya məxsus mübahisəli evdən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər mənzilə sahiblik etməklə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Cavabdehlərin evə dair hər hansı hüquqları müəyyən edilmədiyindən mülkiyyətçinin hüquqları qorunmalı və cavabdehlər mübahisəli mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməlidir. Cavabdehlərə məxsus əşyaların evdən onların öz hesabına çıxarılması tələbi qeyri-dəqiq olduğundan, həmçinin həmin şəxslərin qeyd olunan evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunması hissəsində əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə evə istifadə hüququ olan Cavabdeh1 kompensasiya almaq hüququnu pozmuşdur. O, 2008-ci ildə gəlin köçüb, birgə təsərrüfat apardığı evin satışından əldə olunmuş pul vəsaiti hesabına alınmış evə artıq 2008-ci ildən yaranmış münasibətlərin davamı olaraq köçmüşdür. O, mübahisəli evə köçüb yaşayacağına görə əvvəl yaşadığı evin sökülməsinə və satılmasına notariat qaydasında razılıq ərizəsi vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədikyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29, İİ bənd. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, iddiaçı tələbin rədd olunan hissəsindən və digər cavabdeh ona qarşı tələbin təmin olunan hissəsindən şikayət vermədiyindən qətnamə yalnız Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Cavabdehin mübahisəli mənzildə qalmağı, oradan çıxmamağı iddiaçının bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

24. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh mübahisəli evin əvvəllər yaşadığı evin sökülməsinə görə əldə olunmuş vəsait hesabına alındığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi ev 1, dalan 3-də yerləşən fərdi yaşayış evinin sökülməsinə və satılmasına cavabdehin razılıq verməsinə gəldikdə isə həmin ərizənin (i.v.49) məzmunundan göründüyü kimi, cavabdehin sökülməsinə razılıq verdiyi ev iddiaçıya deyil, X1 və X3 məxsus olmuşdur. Həmçinin, iddiaçının qanuni əsasla mübahisəli evə mülkiyyət hüququnun yarandığını şübhə altına alan əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir.

26. Nəzərə alınmalıdır ki, etirazın əsaslarını sübut etmək yükü cavabdeh tərəfin üzərində olduğu halda həmin hallarla bağlı iddiaçının sübut etmə vəzifəsini yerinə yetirmədiyinə, yaxud onun sübutlarının qeyri-mötəbər olduğuna istinadla iddianın rədd olunması prosessual qanunvericiliyin istinad olunan norması baxımından əsassızdır.

27. Eyni zamanda belə halda məhkəmənin üzərinə öz təşəbbüsü ilə iş üzrə şübhə doğuran halları araşdırmaq və ya onlara aydınlıq gətirmək vəzifəsi qoyula bilməz.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelllyasiya şikayəti təmin olunmamalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar