Məhkəmə qərarları › İş №2(103)-6016/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6016/2025

21.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6016/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X22 katibliyi, İddiaçı, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3658342Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3658342Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(004)-4015/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (kirayəyə verən) ilə iddiaçı (kirayəçi) arasında bağlanmış 372 saylı, xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Kirayəyə verən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, yaşayış massivinin 7-ci Alatava küçəsi 70 nömrəli evdə 95 nömrəli mənzildə yerləşən Dövlət Mənzil Fonduna aid ümumi sahəsi 118,2 kv.m.-dən, yaşayış hissəsi 110,1 kv.m ibarət 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Kirayəçinin ailə üzvləri: İddiaçı – özü; X10 – həyat yoldaşı; X11 – oğlu; X8 – qızı.

2. Müqavilənin 2.3-cü bəndinə əsasən kirayəçi öz ailə üzvlərini (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir.

3. İddiaçının oğlu - X11 ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2017-ci il tarixdə X12 doğulmuşlar. Nikahları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1914/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6652/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu-2, 7-ci Alatava, ev 70, 95 saylı mənzildən çıxarılması, həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu-2, 7-ci Alatava, ev 70, 95 saylı mənzil İddiaçı sahibliyində və istifadəsindədir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olmuş və xidmətlərinə görə xx.xx.2013-cü il tarixli 372 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında qeyd edilən mənzil onun sahibliyinə, istifadəsinə və sərəncamına verilmişdir. Cavabdeh X5 iddiaçının gəlini olmuşdur. Belə ki, cavabdehlə iddiaçının oğlu X11 xx.xx.2013-cü il tarixdə ailə həyatı qurmuşlar. Nikahlarından 2 azyaşlı övladları dünyaya gəlmişdir. Cavabdeh həmin vaxtdan etibarən həmin evə gəlin köçmüş, daha sonra isə pasport qeydiyyatına alınmışdır. Lakin sonradan onların ailə münasibətləri korlandığından aralarında bağlanmış nikah Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1914/2022 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçının oğlunun cavabdehlə olan birgə nikahlarından xx.xx.2014-cü tarixdə doğulmuş X4 xx.xx.2017-ci il tarixdə doğulmuş X6 anasının himayəsində qalması barədə qərar verilmişdir. Başda iddiaçı onun sahibliyində, istifadəsində və sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu-2, 7-ci Alatava, ev 70, 95 saylı mənzildə gəlini və nəvələri yaşamasına etiraz etməmişdir. Lakin il ötdükcə İddiaçı öz evinə daxil olmaq istədikdə, cavabdeh onu evə buraxmaqdan imtina etmiş, orada yaşamaq və ya mənzili istifadə etmək imkanından faktiki olaraq məhrum qoymuşdur. Beləliklə, mülkiyyətində olan evdən istifadə etmək hüququ məhdudlaşdırılmış və pozulmuşdur. Buna baxmayaraq, cavabdeh hazırda da iddiaçının oğlunun sahibliyində və sərəncamında olan mənzildə yaşayır və onu tərk etməkdən imtina edir. Cavabdehin heç bir hüquqi əsas olmadan mənzildə yaşaması və mənzildən çıxmaması onun mülkiyyət hüquqularını kobud şəkildə pozur. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, o, mənzildən çıxmaqdan imtina etmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, mübahisəli mənzil iddiaçıya müvəqqəti kirayə müqaviləsi əsasında verilmişdir. Qeyd olunan mənzil üzərində onun mülkiyyət hüququ yoxdur və dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6652/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia ərizəsi təmin edilməmişdir. Bununla da Ülviyyı Teymurovanın mübahisəli mənzildən istifadə hüququ məhkəmə qaydasında tanınmışdır. Qeyd olunan qərardan apellyasiya və kassasiya şikayətləri verilsə də, şikayətlər təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, iddia ərizəsində guya cavabdeh tərəfindən iddiaçının mənzildən istifadəsinə dair hər hansı bir maneələrin yaradıldığı bildirilsə də bu həqiqəti əks etdirmir. İddiaçı istədiyi vaxt mənzilə gəlib nəvələri ilə ünsiyyətdə olmasına, qalmasına tərəfindən heç bir maneçilik yaradılmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4015/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən 95 saylı mənzildən çıxarılması, həmin mənzilin cavabdehin hesabına boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin istinad olunan müddəlarına əsasən cavabdehin, yəni keçmiş gəlinin mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsində qeyd olunan “digər qohumlar” dedikdə, iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs başa düşülür. Belə ki, “digər qohum” dedikdə o şəxslər nəzərdə tutulur ki, həmin şəxslər kirayəçidən özünün saxlanılmasını tələb etmək hüququna malik olsun.

10. Məhkəmə hesab etmişdir ki, Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilən “digər qohum”lara gəlin aid edilməməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, gəlinin mənzilə istifadə hüququ yaranmadığından iddia əsaslıdır və təmin edilməlidir.

11. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən 95 saylı mənzildən çıxarılmalı, həmin mənzil cavabdehin hesabına boşaldılmalı və mənzil iddiaçıya təhvil verilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1, 59.2, 68.1, 68.2, 68.3, 68.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 Və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bundan əvvəl iddiaçı Bakı İnzibati Məhkəməsində Bakı şəhər Yasamal rayon Polis İdarəsi cavabdeh olmaqla, 3-cü şəxs qismində Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılması barədə iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6652/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadən göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə tərəfindən qanuni qüvvədə olan və iş üzrə preyudisial xarakter daşıyan məhkəmə qərarını nəzərə almamışdır və bununla da prosessual pozuntuya yol verilmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin həmin Qərarındakı mövqeyinə görə bu növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzildə yaşamaları və mənzildən çıxarılması tələb edilən ailə üzvləri olan uşaqların mənzildə istifadə hüquqlarının olması işin mübahisəsiz halıdır. İşdən göründüyü kimi, mənzil iddiaçının mülkiyyətində deyil, xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilə üzrə kirayəçinin ailə üzvləri, iddiaçı özü, həyat yoldaşı X10 (vəfat etmişdir), oğlu X11 və qızı X8 (hazırda ailə quraraq özünə məxsus başqa mənzildə yaşayır) olmuşdur. 2013-cü ildə iddiaçının oğlu ilə ailə qurmuş cavabdeh kirayəçinin razılığı ilə ailə üzvü kimi həmin mənzilə gəlin gəlmiş və qeydiyyata düşmüşdür. Nikah pozulduqdan sonra da bu günə qədər həmin mənzildə birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra mülkiyyətlərində olan ünvan 2 ünvandakı 67 saylı mənzil qızı X1 adına keçirilmiş və hazırda həmin mənzildə kirayəçilər yaşayırlar. İddaçı özü isə ikinci dəfə evlənmiş və hazırda daimi olaraq yeni həyat yoldaşı ilə birlikdə Goranboy rayonu, Veyisli kəndində yaşayır. Onun faktiki olaraq həmin kənddə yaşaması Yasamal Rayon Məhkəməsinə təqdim olunmuş və özü tərəfindən imzalanmış iddia ərizəsi ilə təsdiq olunur. Mənzil dövlət mülkiyyətinə aid olaraq Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə aid olsa da, məhkəmə mənzilin mülkiyyətçisini məhkəmə prosesinə cəlb etməmiş və mülkiyyətçinin mövqeyi aydınlaşdırılmamışdır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, məhkəmə tərəfindən iddia tələbi dəqiqləşdirilərək cavabdehin “ailə üzvləri” ilə birlikdə mənzildən çıxarılması tələbində nəzərdə tutulmuş ailə üzvləri dəqiq göstərilməmişdir. Belə başa düşülür ki, həmin ailə üzvləri qismində iddiaçının nəvələri, yəni oğlu ilə cavabdeh arasında birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017ci il təvəllüdlü X12 nəzərdə tutulur. Bu məsələ ilə bağlı, yəni nikah pozulduqdan sonra ailə üzvü hesab edilməyən gəlinin mənzildən çıxarılması tələbi üzrə işlərə baxılarkən birgə nikahdan doğulmuş uşaqlarla bağlı formalaşmış məhkəmə təcrübəsinə görə həmin uşaqlar ailə üzvü hesab edildiyindən mənzildən çıxarıla bilməzlər. Göründüyü kimi, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 mənzilin kirayədarı olan iddiaçının İddiaçı nəvələri olduğundan «digər qohum» kateqoriyasına aiddirlər və bununla da, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından (yaşayış sahəsinin mülkiyyətçisi ilə onlar arasında başqa razılaşma yoxdur), onlar həmin yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilməsindən isə söhbət gedə bilməz, çünki hər iki cavabdeh (Leyla və Cəsur) iddiaçının nəvələridir və onların ailə münasibətlərinə xitam verilməsi mümkün deyildir. Qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Uşaqların atası olan X11 ilə cavabdeh arasında nikah pozulmuş olsa da o, həmin mənzildə pasport qeydiyyatındadır və mənzildə yaşamaqda davam edir. Ona görə də uşaqların həmin mənzildən çıxarılmasının tələb edilməsi əsassız olmaqla qanuna ziddir. Yuxarıda şərh olunanlardan müəyyən edilir ki, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün hüquqi əsaslar mövcuddur. Hazırki iş üzrə iddia tələbində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələb edilsə də, məhkəmə tərəfindən “ailə üzvlərinə” aydınlıq gətirilməmiş və həmin “ailə üzvlərinin” iddiaçının oğlu ilə cavabdehin bir nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 iddiaçının nəvələri olmasına hüquqi qiymət verilmədiyindən onların Konstitusiyada təsbit edilmiş ədalətli müdafiə hüquqları pozulmuşdur. Həmçinin uşaqların atası, iddiaçının oğlu olan Ruslan Əhmədov həmin mənzildə qeydiyyatdadır və onun qeydiyyatdan çıxarılması və ya mənzildən çıxaırlması iddiaçı tərəfindən tələb edilmədiyindən onun həmin mənzildə yaşayış hüququnun olması müəyyən edilir və qanunvericiliyin tələbinə görə 14 yaşına çatmayan uşaqların yaşayış yeri valideyinlik hüququnu itirməmiş valideyinin yaşayış yeri sayılır. Mübahisəli mənzil dövlət mülkiyyəti olduğundan və yaşayış sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti çıxış etdiyindən hazırda iddiaçı olan İddiaçı həmin mənzildən “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında istifadə və sahiblik hüququna malik olduğundan və həmin mənzil üzərində sərəncam vermək dövlətə məxsus olduğundan onun hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə tərəfindən cavabdehlərin mənzildən çıxarılması üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti (əvvəlki Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti) iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Cavabdeh həmçinin bildirdi ki, iddiaçının mənzildə ayrıca bir otağı var, öz mebelləri, əşyaları var, 3 otaqlı evin 1 otağını tutmuşdur. İddiaçının evdə yaşamasına dair etirazı yoxdur. O, öz uşaqları ilə 2013-cü ildən, yəni gəlin köçəndən orada yaşayır, orada özü və uşaqları qeydiyyatdadırlar. İddiaçı adətən gəlməyi barədə əvvəldən xəbər verirdi, bir gün o, işdən yorğun gəlib yatmışdı, iddiaçı düşünüb ki, onu evə buraxmır. Hətta bacısı gəlib, FHN-ə yığıblar, elə biliblər ki, içəridə nəsə olub. İddiaçını mənzilə buraxmasaydı, elə əvvəldən buraxmazdı. Münasibətlər o məsələdən sonra pozuldu. Uşaqlar artıq böyükdürlər, birinin 8, digərinin 11 yaşı var. Keçmiş həyat yoldaşı ayrı yaşayırdı, amma gəlib-gedirdi və hal-hazırda orada da qalır. Yəni, sülh yolu ilə ayrılmışlar, dava-qırğınla yox. İddiaçı ilə mübahisə sadəcə gec gəldiyi vaxt olmuşdur. , mübahisə bundan düşüb. İddiaçının həyat yoldaşı vəfat edəndən, özü ailə qurandan bir müddət sonra mənzilə gəlməyə başladı, dedi ki, artıq o da burda yaşayacaq. O vaxta kimi qalmayıblar. Mənzildə 2013-cü ildən yalnız əri ilə özü yaşayırdı. İddiaçı qonaq kimi gəlib-gedirdi, belə qalmaq üçün yox, çünki onun indi tutduğu otaq uşaqların otağı olub. İddiaçının öz evi olub, birlikdə yaşamayıblar, sadəcə son 2-3 ildə artıq gəldi ki, burada yaşayacağıq, uşaqların otaqlarını boşaltdılar.

19. Cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, cavabdeh 2013-cü ildə nikaha daxil olub və həmin mənzildə yaşayıb, övladları da, keçmiş əri də orada qeydiyyatdadır, onu orada heç kim hər hansı bir hüquqdan məhrum etmir. Eyni zamanda, xidməti mənzil verilmiş iddiaçı həmin mənzildə yaşamır, hətta özünün iddia ərizəsində də harada yaşadığını göstərib ki, rayonda yaşayır və burada da evləri olub. Hazırda vəziyyət ondan ibarətdir ki, bu şəxslərin başqa yaşayış yerləri yoxdur. İddiaçı orada yaşamadığı halda tələb edir ki, bunlar mənzili boşaltsınlar və ona təhvil versinlər. Qeyd etmək istəyir ki, mənzildən çıxarılması tələb olunan X9 və X12 iddiaçının nəvələridir, Eyni məsələ ilə bağlı vahid məhkəmə təcrübəsindən qeyd etmək istəyir, bununla bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi Ali Məhkəmə tərəfindən də müdafiə olunub və nəvələr qohum olduğuna görə onların mənzildən çıxarılması məsələsinə mənfi rəy verilib. İddiaçı belə bir əsas gətirir ki, bir dəfə gecə vaxtı gəlib, onda qapını açmayıblar. Xanım burada izah verib, rayon məhkəməsində də deyib ki, bir dəfə belə bir hal olub, yuxuda olmuşdur və qapının döyüldüyünü eşitməmişdir. Ona görə də Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından uşaqların iddiaçı ilə bərabər istifadə etmək hüquqları yaranıb. Nə vaxtsa həmin mənzilin mülkiyyətçisi iddiaçını oradan çıxartmaq istəyərsə, onda həmin şəxsləri də oradan çıxarda bilər, amma hazırda iddiaçının uşaqları mənzildən çıxartmaq məsələsini qoymağı qanunvericiliyin tələblərinə ziddir və xahiş edir, məhkəmə kollegiyası bunu nəzərə alsın. Qohumluq nöqteyi nəzərindən nəvələri mənzildən çıxarda bilməzlər. Ona görə hesab edir ki, belə bir vəziyyətdə şəxsin başqa yaşayış yeri olmadığına, uşaqlar da azyaşlı olduğuna görə bunların ümumiyyətlə həmin mənzildən çıxarılmaları məqsədəmüvafiq deyil.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndə və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.

21. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, apellyasiya şikayəti işin icra müddətinin uzadılması üçün formal verilib. Cavabdeh apellyasiya şikayətində subyektiv hüquqa istinad edir, bunu etirazlarında da qeyd edib, birinci instansiya məhkəməsində araşdırılıb. Sahiblik, istifadə hüququ varsa, mülkiyyət hüquqları olmasa da, onu həyata keçirir. Ailə üzvlərinin siyahısı ilə bağlı məsələlər dəqiq göstərilib. İşin faktiki halları ilə bağlı münasibətləri necə olub, bu müddətdə hansı gərginliklər yaşayıblar, hər bir halda iddiaçı özü də bu barədə məhkəməyə bildirər. Hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, formal xarakter daşıdığından təmin olunmamalıdır. Əvvəl qayda belə idi ki, hətta özəlləşməyə də icazə verirdilər. Kirayə müqaviləsi hal-hazırda qüvvədədir, ləğv edilməyib. Nikah 2020-21-ci ildən pozulub, o vaxtan bu vaxta kimi iddiaçı səsini çıxartmayıb ki, yaşasınlar. Ağsaqqal kimi icazə verib, indi görünür ki, qarşı tərəflə uyğun gəlməyiblər. Bu məsələnin təəssüflər olsun ki, barışıqla həlli mümkün deyil. Subyektiv hüquqla bağlı məsələ iddiaçının həm də xidmətlə olan kirayə müqaviləsinin özündən irəli gəlir. Müqavilənin 2.4.2-ci bəndində birbaşa olaraq kirayəçiyə qoyulmuş vəzifələrdən biri ondan ibarətdir ki, mənzil sahəsini digər şəxslərin istifadəsinə verməməlidir.

22. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, 2008-ci ilə qədər bina tikilirdi, hamıya da oradan evlər verilirdi. Nəvələri orada yaşayır, o, nəvələrinə görə hər şeyi bağışlamışdır. Cavabdeh oğlu ilə 4 ildir ayrılıb, amma uşaqlara görə deyib ki, qoy yaşasınlar. Ora gələndə cavabdeh ona kobud sözlər demişdir. Oğlu da çıxıb başqa evdə kirayədə qalır. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, iddia ərizəsində cavabdehin “ailə üzvləri” qeyd etməklə cavabdehin övladlarını nəzərdə tutmuşdur.

23. İddiaçının nümayəndəsi (qızı) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, xidməti mənzil müqavilədə göstərildiyi kimi xidmət müddəti ərzində verilir, lakin Qanuna əsasən, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müəyyən torpaq sahəsi və ya mənzillə təmin olunmaq hüququ verilib. Bu hüquq bərpa ediləndən sonra xidməti mənzilin boşaldılması göstərilib. Hal-hazırda xidmətin ehtiyatda olan hərbi qulluqçularına qarşı belə bir iddia tələbi yoxdur ki, boşaldılsın, amma müqavilənin şərtlərinə uyğun olaraq boşaldılma tələb edilə bilər. Sadəcə üçüncü şəxs bu hüquqdan istifadə etmir. Hələlik mənzilin iddiaçının sahibliyində qalmasına etiraz etmirlər. Cavabdehin o mənzildən çıxarılması məsələsinə mövqeyi ondan ibarətdir ki, xidməti mənzil İddiaçı verilib və mənzil ilə bağlı münasibətlər sırf onunla xidmət arasında bağlanılıb. Bu mövqeyi nəzərə alaraq bu məhkəmə işində onların mövqeyi iddiaçının hüquqlarının və mənafeyinin qorunmasından ibarətdir. Çünki kirayəçi olan şəxs odur və kirayə müqaviləsini onunla bağlamışlar. Yaxın qohumların qeydiyyata alınması ilə bağlı müqavilənin 2.3-cü bəndi var, kirayəçi öz istəyi ilə bunu edə bilər, əlbəttə ki Xidmətə müraciət olunur, prosedur qaydası belədir. Kirayəçi hansı mövqedədirsə, onun mövqeyinin tərəfindədirlər.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin “ailə üzvləri” ilə bağlı hissədə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, yaşayış massivinin 7-ci Alatava küçəsi 70 nömrəli evdə 95 nömrəli mənzil Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (hazırda Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti) tərəfindən xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, ailə üzvləri kimi həyat yoldaşı X10, oğlu X11, qızı X8 qeyd olunmuşlar.

32. Cavabdeh iddiaçının keçmiş gəlinidir və hazırda yetkinlik yaşına çatmayan övladları ilə birgə həmin mənzildə yaşayır.

33. Kollegiya ilkin olaraq qeyd edir ki, iddiaçının xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən mübahisəli mənzilə sahiblik və istifadə hüququ olduğundan, onun cavabdehin həmin mənzildən çıxarılması barədə iddia irəli sürməyə subyektiv hüququ vardır.

34. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və onun nümayəndəsi məhkəmə iclasında bildirdirmişdir ki, hazırki iş üzrə Xidmətin mövqeyi iddiaçının mövqeyinə uyğundur.

35. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh yuxarıda istinad olunan Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilən şəxslər sırasına aid deyil. Belə ki, cavabdeh iddiaçının ailə üzvü və ya digər qohumu deyil, habelə məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilməmişdir.

36. Odur ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmamışdır.

37. Cavabdehin övladları (iddiaçının nəvələri) iddiaçının həmin maddədə göstərilən “digər qohum”u sayılsa da, onların mənzildən istifadə hüquqlarının yaranması üçün Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri baxımından iddiaçı ilə birgə təsərrüfat aparmalı idilər. Bu hal isə iş materialları ilə müəyyən edilmir. Əksinə, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı həmin mənzildə yaşamamış, ara-sıra həmin mənzilə gəlib-getmişdir.

38. O da qeyd edilməlidir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Cavabdeh mənzildən çıxarıldığı təqdirdə övladlarının həmin mənzildə qalması onların mənafəyinə də uyğun deyil.

39. Cavabdeh həmin mənzildə iddiçının oğlunun (uşaqların atasının) yaşadığını bildirsə də, iş materialları ilə bu təsdiq olunmur. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikahın pozulduğu nəzərə alındıqda bu hal ağlabatan deyil.

40. O da qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6652/2023 nömrəli qərarından görünür ki, hazırki iş üzrə iddiaçının Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs qismində hazırki iş üzrə cavabdeh cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasına baxan məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin mənzilə əmlak hüquqlarının yaranıbyaranmaması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə tədqiqatın predmeti ola bilməz. Yəni, həmin iş üzrə cavabdehin sözügedən mənzilə istifadə hüququ tanınmamışdır.

41. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən Cavabdeh “ailə üzvləri” ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə qənaəti qeyri-müəyyən olduğundan və qətnamənin icrası mərhələsində əlavə mübahisəyə yol açdığından kollegiya hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməli və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılması qət olunmalıdır. Belə ki, məhkəmə iclasında verilmiş suala cavab olaraq cavabdeh iddia ərizəsində “ailə üzvləri” qismində cavabdehin yetkinlik yaşına çatmayan uşaqlarını nəzərdə tutduğunu bildirmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4015/2025 nömrəli qətnaməsi cavabdehin “ailə üzvləri” ilə bağlı hissədə dəyişdirilsin Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən 95 saylı mənzildən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar