Məhkəmə qərarları › İş №2(103)-6024/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6024/2021

16.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6024/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçıların vəkili Vəkil1 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsindən 1 cavabdeh - Cavabdeh3 tərəfindən ayrıca verilmiş apellyasiya şikayətinə və 4 cavabdeh - Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xəzər rayonu, Buzovna qəsəbəsində, “Şüşə zavodu”nun yanındakı ərazidə, Buzovna Bələdiyyəsi ilə iddiaçıların arasında bağlanmış 17.11.2008-ci il tarixli, 084/08 və 085/08 nömrəli icarə müqavilələri əsasında iddiaçılara ayrılmış 4.000 kv.m torpaq sahəsindən (bundan sonra – torpaq sahəsi) cavabdehlər çıxarılsın, torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq iddiaçıların istifadəsinə verilsin və iddiaçıların torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 torpaq sahəsində çıxarılsın, torpaq sahəsində həmin 4 cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər həmin cavabdehlərin hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq iddiaçıların istifadəsinə verilsin və torpaq sahəsindən iddiaçıların istifadə etməsinə həmin 4 cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. 1 cavabdeh - Cavabdeh3 tərəfindən ayrıca verilmiş apellyasiya şikayətində tələb olunub ki, qətnamə həmin cavabdehə aid hissədə ləğv edilsin və bu hissədə iddia rədd olunsun. 4 cavabdeh - Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X1 tərəfindən birgə verilmiş apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətlərinin əsassız olduğunu, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 isə təmsil etdiyi şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin əsasını 2 müqavilə təşkil edir: 1) Bozovna Bəldiyyəsi ilə 1-ci İddiaçı1 arasında bağlanmış 17.11.2008-ci il tarixli, 084/08 nömrəli icarə müqaviləsi; 2) Bozovna Bəldiyyəsi ilə 2-ci İddiaçı2 arasında bağlanmış 17.11.2008-ci il tarixli, 085/08 nömrəli icarə müqaviləsi. Hər bir müqavilə üzrə bələdiyyə mülkiyyətində olan 2.000 kv.m, iki müqavilə üzrə cəmi 4.000 kv.m torpaq sahəsi iddiaçılara 25 il müddətinə icarəyə verilib. Müqavilələri bələdiyyə sədri imzalayıb. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə qərarı olmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 55-ci maddəsi torpaq sahəsi üzərində hüquqların yaranma əsaslarını müəyyən edib, həmin əsaslardan biri “müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr” kimi göstərilib. O cümlədən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində fiziki və hüquqi şəxslərin hüququnun yaranması üçün 2 sənəd olmalıdır: 1) qərar; 2) müqavilə. Qərar və müqavilə ayrı-ayrılıqda hüquq yaratmır, onlar birlikdə mövcud olmalıdır: əvvəlcə qərar verilməli, daha sonra qərarın əsasında müqavilə bağlanmalıdır. Torpağın icarəyə verilməsi barədə bələdiyyə qərar olmadan bələdiyyə sədri heç kəslə icarə müqaviləsi bağlaya bilməz. Bələdiyyə kollegial orqandır, 1 nəfər bələdiyyə sədri “bələdiyyə” demək deyil. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, bu qayda “Bələdiyyələrin statusu haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsində qeyd olunub. Bundan başqa, Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. Göründüyü kimi, torpağın icarəyə verilməsi üçün zəruri sənədlərin hazırlanması və razılaşdırılması olmalıdır, lakin belə sənədlər hazırlanmadan və razılaşdırılmadan 4.000 kv.m torpaq sahəsi 1 nəfər bələdiyyə sədrinin bağladığı müqavilə ilə 25 il müddətinə iddiaçıların icarəsinə verilib. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İcarə müqavilələri əhəmiyyətsiz əqd olduğuna görə hüquqi nəticə - torpağa hüquq yaratmır. İddiaçıların torpağa hüququ olmadığına görə iddia əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması pozulduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar