Məhkəmə qərarları › İş №2(103)-6024/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6024/2024

22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6024/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2024-cü il tarixli qərardaddan iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən və cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus və Şəmkir şəhərində yerləşən evdə olduğuna görə iş baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. İş üzrə tərəflər həmin qərardaddan ayrı-ayrılıqda Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə baxılmasını xahiş etmişlər. Hər iki şikayət onunla əsaslandırılmışdır ki, iddiaya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Mülki işin aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməsi üçün əsas yoxdur. İddiaçının şikayətinə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Cavabdehin şikayətinə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki şikayət təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, hazırkı iş üzrə cavabdehə qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddia ərizəsi ilkin olaraq həm İddiaçı1, həm də onun övladı (cavabdehin isə əri) İddiaçı2 tərəfindən irəli sürülmüşdür. Həmin iddia ilə cavabdehə məxsus cehiz əşyalarının İddiaçı1 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən, həm də İddiaçı2 məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 10-da yerləşən 12 “A” saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi iddiaçılardan birinə məxsus evin yerləşdiyi ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə verilmiş və Rayon Məhkəməsi bunu nəzərə alaraq işi öz icraatına qəbul etmişdir. İddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iddia ərizəsinin baxılmamış saxlanmasını qərara almışdır. İddiaçıların birgə vəkili (nümayəndəsi) həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il qərardad (iş № 2(103)-3440/2024) ilə şikayət qismən təmin edilməsini, Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadın qismən, yəni iddianın İddiaçı1 aid hissəsinin baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və həmin hissədə iddia ilə bağlı sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin Xəzər Rayon Məhkəməsinə göndərilməsini, qərardadın İddiaçı2 aid hissəsinin baxılmamış saxlanılması hissəsində dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” birgə iddia ilə Xəzər Rayon Məhkəməsinə müraciət etməkdə, Xəzərə Rayon Məhkəməsi isə həmin iddianı icraata qəbul etməkdə haqlı olmuşlar. Çünki, yuxarıda artıq qeyd edildiyi kimi çıxarılması tələb olunan və cavabdehə məxsus əşyaların bir hissəsi Xəzər rayonunun ərazisində yerləşən evdədir. Lakin sonrada iddia ərizəsi qismən baxılmamış saxlanıldığı üçün, Xəzər Rayon Məhkəməsinin icraata iddianın bir hissəsi qalmışdır ki, həmin hissədə tələb – cavabdehə məxsus əşyaların Şəmkir şəhərində yerləşən evdən çıxarıması barədə tələbdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bu prosessual maddi hüquq normasının tələbindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, işin ərazi aidiyyəti üzrə baxılması üçün işin Şəmkir Rayon Məhkəməsinə göndərilməsi barədə Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi qərardad səhvdir, hazırki mülki işə Xəzər Rayon Məhkəməsində baxılmalıdır, həmin qərardadından verilmiş hər iki şikayət isə əsaslıdır. Buna görə də, Məhkəmə hesab edir ki, hər iki şikayət təmin edilməli, Xəzər Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və İddiaçı1 cavabdeh Bəhinur Sadıqovaya qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki işə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alan və 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hər iki şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar