Məhkəmə qərarları › İş №2(103)-6025/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6025/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6025/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində və faktiki sahibliyində olan ünvan ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılaraq cavabdehə verilməsi müqabilində cavabdehdən 50000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(011)- 5515/2020 saylı qərardadı ilə (hakim İlahə Abbasova) mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(003)-582/2021 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) qeyd edilən işin məhkəmələr arasında məhkəmə aidiyyətinə görə fikir ayrılığı olduğundan hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 45.4-cü maddəsinə əsasən aidiyyət məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini qərarına gələrkən, MPM-nin 39-cu maddəsinə istinad etmiş, daşınmaz əmlaka mülkiyyət hüququnun müdafiəsi ilə bağlı vindikasiya və neqator iddiaların tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsində baxılmalı olması nəticəsinə gəlmişdir. Qeyd edilməlidir ki, MPM-nin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-in 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İddia tələbi isə cavabdehdən 50000 manat pulun iddiaçının xeyrinə tutulması ilə bağlıdır. Pul vəsaitinin daşınmaz əmlakın boşaldılaraq cavabdehə verilməsi müqavilində tələb olunması isə vəziyyəti dəyişdirmir. Çünki, iddiadan daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və s. ilə tələblərin irəli sürülməsi görünmür. Birinci instansiya məhkəməsi iddiaçı ilə iddia tələbinin mahiyyətini tam dəqiqləşdirmədən, əsassız olaraq iddianın vindikasiya və ya neqator tələb olması qənaətinə gəlmişdir. Bu səbəbdən də iddiaçının konkret olaraq MPM-in 39.1-ci maddəsində nəzərdə tutulmuş tələblər irəli sürməsi müstəsna aidiyyətlə bağlı məsələnin müzakirəsini və həllini istisna etmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi hazırki vəziyyətdə mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamış, nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuş, aidiyyət məsələsinə düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(011)-5515/2020 saylı qərardadı ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməldir. Şərh olunanlara əsasən və MPM-in 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(011)-5515/2020 saylı qərardadı ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar