Məhkəmə qərarları › İş №2(103)-6027/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6027/2023

29.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6027/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-6603/2023 nömrəli qərardadından cavabdeh X7 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2(011)-8/2007 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi 17 saylı evlə bağlı X8 ilə cavabdehlər Cavabdeh1 Yuriyevnanın və X1 aralarında bağlanmış 24 oktyabr 2007-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, İddiaçı Cavabdeh1 Yuriyevnaya və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılmalarına dair, Cavabdeh1 Yuriyevnanın və qeyrilərinin İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bundan sonra iddiaçının hüquqi varisi X8 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qərardadından şikayət vermiş, həmçinin qərardaddan şikayət verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6603/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2(011)-8/2007 saylı qərardadından iddiaçının hüquqi varisi X8 tərəfindən şikayət verilməsi üçün buraxılmış müddət bərpa edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2(011)-8/2007 saylı qərardadı ləğv edilmişdir. Həmin qərardaddan X3 nümayəndəsi və vəkili Vəkil elektron qaydada məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2 (011)-8/2007 saylı, 16 avqust 2023-cü il tarixli qərardadının ləğv edilməsi və X5 Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli, 2-8/2007 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisənin barışıq sazişi ilə başa çatmış və qərardad qanuni qüvvəsini almışdır. Buna baxmayaraq, X8, qeyd olunan barışıq sazişinin bağlanmasından və Bakı şəhərinin Xətai Rayon Məhkəməsi tərəfindən təsdiq edilməsindən 16 il ötəndən sonra məhkəmənin həmin qəradadından şikayət vermiş, həmçinin qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmiş, məhkəmə isə həmin iş üzrə heç bir araşdırma aparmadan onun ərizə və şikayətini qanunsuz olaraq təmin etmişdir. Barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadından şikayət vermə müddəti qanunla 10 gün müəyyən edilib. X8 isə həmin qərardaddan onun qəbul edilməsindən 16 il ötəndən sonra şikayət vermiş, lakin prosessual müddətin üzürlü səbəbdən ötürüldüyünə dair heç bir əsaslı dəlil irəli sürməmişdir. Çox maraqlıdır ki, Q.M.Cabbarova 16 il bundan əvvəl qəbul edilmiş qərardaddan şikayət vermə müddətinin ötürülməsinin üzürlü olduğunu həmin qərardadın onun hüquqlarını pozması ilə izah edib. Əvvəla həmin qərardadla təsdiq olunan barışıq sazişinin bağlanması təklifini Q.M.Cabbarova özü irəli sürmüş, sazişin şərtlərini onun iştirakı ilə tərəflər özləri sərbəst şəkildə müəyyən etmiş və mübahisəli mənzili öz aralarında bölmüşlər. Məhkəmə isə həmin barışıq sazişini tərəflərin müəyyən etdiyi şərtlər çərçivəsində, olduğu kimi təsdiq etmiş, həmin şərtlərdən kənara çıxmamışdır. Barışıq sazişinin məzmunu ilə həmin sazişi təsdiq edən qərardadın məzmununu müqayisə etdikdə bu, aydın şəkildə görünür. Buna görə də həmin sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadının onun mülkiyyət hüququnu pozduğu barədə Q.M.Cabbarovanın mövqeyi əsaslı sayıla bilməz. Digər tərəfdən, əgər Q.M.Cabbarova həmin qərardadın onun mülkiyyət hüququnu pozduğunu düşünürdüsə, bu halda həmin qərardaddan vaxtında şikayət verə bilərdi. Q.M.Cabbarovanın 16 il sonra həmin məhkəmə qərardadından şikayət verməsi və prosessual müddətin ötürülməsinin üzürlü hesab edilməsini həmin qərardadın onun mülkiyyət hüququnu pozması ilə izah etməsi absurddur. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamış və heç bir hüquqi və faktiki əsas olmadan və prosessual müddətin üzürlü səbəbdən ötürüldüyünə dair heç bir fakta istinad etmədən, 16 il bundan əvvəl qəbul edilmiş məhkəmə qərardadından şikayət vermə müddətini bərpa etmiş, bununla da prosessual qanunvericiliyin yuxarıda qeyd etdiyimiz tələblərini kobud qaydada pozmuşdur. Bundan başqa, nəzərə alınmalıdır ki, X8 barışıq sazişinin təsdiq edilməsinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2-8/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qərardadının izah edilməsi barədə də əvvəllər məhkəməyə ərizə təqdim etmiş və Xətai Rayon Məhkəməsinin 8 (011)-1027/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Digər tərəfdən, barışıq sazinə əsasən mübahisəli evdən istifadə qaydaları müəyyən edilmiş olduğu halda belə, bu hal, həmin barışıq sazişini təsdiq edən qərardadın ləğvinə əsas vermir. Bu halda, yalnız həmin barızış sazişi əsasında verilən çıxarış mübahisələndirilə bilər. Yəni, əgər barışıq sazində evdən istifadə qaydaları müəyyən edilmişdirsə, lakin həmin evə dair tərəflərin adına paylı mülkiyyət hüququ haqqında çıxarış verilibsə, bu halda barışıq sazişi deyil, yalnız həmin çıxarış mübahisələndirilə bilər. Deməli, həmin barışıq sazişini təsdiq edən qərardadın məhkəmə tərəfindən hazırda ləğv edilməsi tamamilə qanunsuzdur. Məhkəmə hazırki qərardadı qəbul edərkən tərəflər arasında yaranan və barışıq sazişi əsasında həll edilmiş mübahisəyə həmin vaxtdan 16 il ötəndən sonra yenidən mahiyyəti üzrə baxılıb həll edilməsinin çətinliyini, hətta qeyri-mümkün olduğunu belə nəzərə almamışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6603/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-6603/2023 nömrəli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının hüquqi varisi X5 ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 24 oktyabr 2007-ci il tarixli barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onların arasında bölünmüşdür. Barışıq sazişinin şərtlərinə uyğun olaraq həmin fərdi yaşayış evinin 20.3 kv metrlik yaşayış sahəsi və 17.7 kv. metrlik köməkçi sahə Cavabdeh1 və X4 mülkiyyətində saxlanılmış, 36.2 kv metrlik yaşayış sahəsi və 25.9 kv metrlik köməkçi sahə isə X5 mülkiyyətinə verilmiş, qalan 14 kv. metrlik otaq isə özlərinə aid olan otaqlara giriş-çıxış qapısı açılması üçün əlavə olaraq Çernomazovaİrina Yuryevnaya və X6 verilmişdir. Həmin saziş Bakı şəhəri Xətai Rayon Məhkəməsində prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada müzakirə olunmuş, onun məzmunu və nəticələri tərəflərə izah olunmuş və 2-8/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qərardadla təsdiq olunmuşdur. Bununla datərəflər arasında yaranmış məhkəmə mübahisəsi öz həllini tapmış və mülki işin icraatına xitam verilmişdir. Eyni zamanda işdən müəyyən edilir ki, X8 barışıq sazişinin təsdiq edilməsinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2-8/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qərardadının izah edilməsi barədə də əvvəllər məhkəməyə ərizə təqdim etmiş və Xətai Rayon Məhkəməsinin 8 (011)-1027/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosesual müddətinin bərpa edilməsi barədə ərizəyə baxılarkən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, barışıq sazişinin təsdiq olunmasından təqribən 15 il ötəndən sonra qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi üçün hər hansı prosessual əsasların olması nə ərizəçi tərəfindən qeyd edilməmiş, nə də məhkəmə tərəfindən bununla bağlı hər hansı hal göstərilməmişdir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qərardaddan qanunla müəyyən edilmiş müddət keçdikdən uzun illər sonra şikayət verilməməsinin üzürlü hesab olunması üçün şikayət verən şəxsin özü tərəfindən prosessual hüquqlara və vəzifələrə riayət etməklə bağlı hərəkətləri etmək iradəsindən asılı olmaması, özü tərəfindən onların dəf edilməsi imkanlarından mərum olması və s. bu kimi əsaslı və sübuta dayalı halların olması ilə təsdiq edilməlidir. Belə ki, qeyd edilən halların mövcud olmadığı halda, yəni məhkəmə tərəfindən belə halların mövcudluğu araşdırılmadan ərizənin təmin edilməsi iş üzrə digər tərəfin (tərəflərin) hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin müddətin bərpa edilməsi barədə qərardadı ləğv edilməklə yuxarıda göstərilənlər nəzərə alınaraq ərizəyə yenidən baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-6603/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar