Məhkəmə qərarları › İş №2(103)-603/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-603/2023

31.01.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-603/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5521/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Qaradağ Rayonu Sanitar-Kommunal İstismar İdarəsinin dövlət büdcəsinə 21898,20 manat, dövlət sosial müdafiə fonduna 126866,67 manat, icbari tibbi sığorta fonduna 3289,41 manat və işsizlikdən sığorta fonduna 258,76 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-5521/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Məmmədov Ayaz) ilə ərizə təmin edilmiş, vergi ödəyicisi olan hüquqi şəxs Qaradağ Rayonu Sanitar-Kommunal İstismar İdarəsi tərəfindən dövlət büdcəsinə olan 21898,20 manat, dövlət sosial müdafiə fonduna olan 126866,67 manat, icbari tibbi sığorta fonduna olan 3289,41 manat və işsizlikdən sığorta fonduna olan 258,76 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxx 1959-cu il, doğulduğu yer – Azərbaycan, Abşeron, Xırdalan qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

3. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Maraqlı şəxs apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, işə onun iştirakı təmin edilmədən baxılmışdır. Eyni zamanda tələb edilən vergi borcu idarənin əvvəlki rəisinin işlədiyi müddətdən qalmış borcdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tərəflərin izahatı:

6. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. Mülki iş materiallarından görünür ki, Qaradağ Rayonu Sanitar-Kommunal İstismar İdarəsinin dövlət büdcəsinə 21898,20 manat, dövlət sosial müdafiə fonduna 126866,67 manat, icbari tibbi sığorta fonduna 3289,41 manat və işsizlikdən sığorta fonduna 258,76 manat məbləğində borcu vardır. Bundan başqa, ərizəçi maraqlı şəxsə bildiriş ünvanlayaraq, vergi borcunun 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə xəbərdar etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Vergi Məcəlləsi:

9. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

10. Maddə 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;

11. Maddə 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:

15. Maddə 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında;

16. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

17. Maddə 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.

18. Maddə 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.

19. Maddə 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

20. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

21. Maddə 355-7.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

30. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin maraqlı şəxsin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin işə ona məlumat verilmədən baxılması barədə dəlilinə əsasən bildirir ki, maraqlı şəxsin nümayəndəsinə məhkəmə iclası barədə sms bildiriş göndərilmişdir (i/v 23).

35. Apellyasiya şikayətinin digər dəlili, yəni tələb edilən vergi borcunun idarənin əvvəlki rəisinin işlədiyi müddətdən qalmış borc olması barədə dəlilinə əsasən Kollegiya qeyd edir ki, həmin dəlil hazırkı mübahisənin həlli baxımından hər hansı əhəmiyyət kəsb etmir.

36. Vergi ödəyicisi olan maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxsin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi sübuta yetirildiyindən, rayon məhkəməsi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəni təmin etməkdə haqlı olmuşdur.

37. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Kollegiya bildirir ki, maraqlı şəxsin apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

39. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ərizəni təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş maraqlı şəxsin özünə aid edilməlidir.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-5521/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar