Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-603/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X1 Əziz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh "Azəriqaz" İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli 092756 nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar tərtib olunmuşdur. Abonentin saldosu üzrə cavabdehin borcu 7892,44 manat təşkil edir. 621,88 manat debitor borc. 7270,56 manat aktlar üzrə hesablanmış ziyan məbləği təşkil edir. İddiaçının aktlar üzrə ziyan məbləği 2022-ci ilin may ayına kimi 4331,20 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 7892,44 manat borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında olan fərdi evdə yaşayır. Qeyd olunan evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən ünvanda smartkart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə əlavə xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimə yazılmışdır. Bunların heç birindən onun xəbəri olmamışdır. İddiaçı tərəfindən Cavabdeh İB aktları və şəkilləri tələb etsə də, aktları verilmiş, lakin şəkilləri verməmişlər. Aktlarla tanış olan zaman 10650,76 manat cərimə yazılması ona məlum olmuşdur.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4453/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia qismən təmin edilmiş, 6633,56 manat borcun silinməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir,
5. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, abonent barəsində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsinində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia üzrə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilibedilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə 2022-ci ilin may ayına kimi olan dövr ərzində aktlar üzrə yazılmış 4331, 20 manat ziyan məbləğindən əvvəlki 3 ili yəni 2019-cu ilin 1-ci ayı üçün 133 manat, 2020-ci ilin 1-ci ayı üçün 504 manat və 2021-ci ilin 1-ci ayı üçün 0 manat cəmi 637 manat aktlar üzrə dəymiş ziyan məbləği hesablanmasını qanuni və ədalətli hesab etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunan hissəsində ləğv, iddia tələbinin həmin hissədə rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (onun nümayəndəsinə) təqdim edilmişdir və həmin şəxsin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar (birinci instansiya məhkəməsinə təqdim edilib) tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı) mövqe də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi (Qərarın 51-52-ci bəndləri)”. Lakin qanunsuz qoşulmaya dair kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuş və Ali Məhkəmənin yuxarıda göstərilən qərarında formalaşdırdığı mövqeni nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İşdə iştirak edən şəxslər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
11. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Məhkəmə kollegiyası iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.
17. Həmin qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
18. “Qaz paylayıcısı” dedikdə isə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.
19. Göründüyü kimi, qanunvericiliklə qaz paylayıcısının, yəni Cavabdeh üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı adıkeçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. 20.Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin akt- lar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.
21. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir. 22.Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh iddiaçının abonent hesabına hesablanmış qalan borcun hansı əsasla yaranması, məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. 23.İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi ilə də iddiaçıya məxsus ünvanda qaz xəttinin (borunun) üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. 24.Apellyasiya şikayətinin dəlillərində sadəcə sayğacın saldolarının, aktların, tələbnamələrin sübut qismində araşdırlmamasını qeyd etmişdir. Cavabdeh tərəfindən qeyd olunanlar iddia tələbinin əsaslığını təkzib edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini, tələbnamə dəymiş ziyanı göstərir. Həmin sənədlər onsuz da iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır.
25. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).
26. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan istehlakçının, yəni, iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir. 27.Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onların mötəbərliyini nəzərə almaqla istifadə etmiş, cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırmış və iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
28. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 21 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.