Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6032/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Qərardadı Açar sözlər: apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2546/2022 saylı 28 iyul 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə 30 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia rədd edilmişdir.
3. İddiaçı qətnaməni xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmiş, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4983/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 2546/2022 saylı qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. xx.xx.2022-ci il tarixdə iddiaçının apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur.
7. Vəsatət onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə əlaqədar həkim müayinəsində olduğundan apellyasiya şikayətini vaxtında göndərə bilməmişdir. Hazırda qərardadda göstərilən nöqsan aradan qaldırılmış və yenidən apellyasiya şikayəti ilə məhkəməyə müracirət edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2546/2022 saylı 28 iyul 2022-ci il tarixli qərardadı vəsatət təmin edilmiş, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək, prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Qərardaddan cavabdeh şikayət verərək, ləğv olunması xahiş etmişdir.
10. Məhkəmənin 08 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
11. Şikayətdə göstərilmişdir ki, şikayətin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. İddiaçının şikayəti müddəti ötürmədən verməsi üçün yetəri qədər zamanı və imkanı olmuş, lakin tərəf bundan lazimı qaydada istifadə etməmişdir. İddiaçı həkim müayinəsində olduğu üçün şikayəti vaxtında verə bilməməsini göstərmişdir, lakin buna dair hər hansı sübut əlavə etməmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri 12.Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 13.Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
14. Maddə 361-ə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). 15.Maddə 361.1.5 Apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 16.Maddə 361.1.6 Apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.
17. Maddə 363.1.1 Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə 398.0.2 Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apelyasiya baxışının hədləri
19. Qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütovlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
20.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və apelyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
21. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən birinci dəfə verilmiş apelyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır.
22. İddiaçı həmin apellyasiya şikayətində məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını göstərməmiş, sadəcə işin hallarını və maddi hüquq normalarını qrafalara köçürməklə kifayətlənmişdir.
23. Hazırda isə iddiaçı müddətin bərpası barədə ərizə vermklə yanaşı eyni apelyasiya şikayətini təkrar vermiş, birinci dəfə verdiyi apelyasiya şikayətində olan nöqsanları aradan qaldırmamışdır.
24. Birinci instansiya məhkəməsi tərəfindən isə bu hal nəzərə alınmamış, apelyasiya şikayətinin mümkünlüyü yoxlanılmadan, sadəcə müddətin bərpası məsələsinə münasibət bildirilmiş və müddət bərpa edilərək, baxılması üçün göndərilmişdir.
25. Kollegiya qeyd edir ki, apelyasiya şikayəti geri qaytarılmalı olduğu halda, müddətin bərpa edilib-edilməməsi barədə də hər hansı qərar qəbul etmək mümkün deyildir və həmin məsələyə qanunvericiliyin tələblərinə uyğun şəkildə apelyasiya şikayəti təqdim olunduğu zaman baxıla bilər.
26. Odur ki, məhkəmə tərəfindən əvvəlcə apelyasiya şikayətinin mümkünlüyü məsələsi yoxlanılmalı, daha sonra müddətin bərpası barədə qərar qəbul edilməlidir.
27. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü yenidən yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2546/2022 saylı 28 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin və iddiaçı tərəfindən qətnamədən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün iş Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.