Məhkəmə qərarları › İş №2(103)-6032/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6032/2023

25.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6032/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1326/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 64 No-li əmrindən çıxarışının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Dövlət sirrinin mühafizəsi üzrə bölməsinin, 3-cü tarif dərəcəsinə müvafiq mühafizəçisi vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir.

2. İddiaçı əmək kitabçasına əsasən, o, xx.xx.2020-ci ildə ştat dəyişikliyi ilə əlaqədar olaraq gözətçi mühafizəsi bölməsinin 4-cü dərəcəli mühafizəçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin "ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin "b” bəndində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri Elman Əliyev və Kadrlar bölməsinin rəisi Teyyub Paşayev tərəfindən tərtib edilmiş arayışından görünür ki, hərbi hissə komandiri tərəfindən gözətçi mühafizəsi bölməsinin mühafizəçisi mülki işçi İddiaçı xx.xx.2021-ci il tarixli, 69 No-li əmrinə əsasən öz vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmədiyinə və müəssisəxadili intizam qaydalarını pozduğuna görə və xx.xx.2022- ci il tarixli, 476 No-li əmrinə əsasən öz funksional vəzifəsini layiqincə yerinə yetirməyərək əmək intizamı qaydalarını pozduğuna görə "töhmət” verilmişdir.

4. N nömrəli hərbi hissə ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin (kontraktın) surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə Gözətçi mühafizəsi bölməsinin mühafizəçi vəzifəsinə təyin edilmişdir. Əmək Müqaviləsi "47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəblərə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3 il 7 ay 21 gün müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2020-ci il tarixdən işə başlayır (bənd 2.4). İşçiyə hər ay 389 manat məbləğində əmək haqqı ödənilir (bənd 4.1).

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi Mahir Bayramov tərəfindən həmin hərbi hissənin komandirinə verilmiş xx.xx.2023-cü il tarixli raportun surətindən görünür ki, işə gələrkən onda növbədə olan mühafizəçilərin bəzilərinin özünü aparmalarında şübhə yarandığı üçün onların tibbi müayinədən keçirilməsinə və araşdırma aparılmasına göstəriş verilməsini xahiş etmişdir.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 1-T nömrəli əmrinin 2 nömrəli əlavəsinin 1.71 -ci bəndinə əsasən təyin edilmiş aşağıdakı tərkibdə komissiya, komissiyanın sədri: kadrlar bölməsinin rəisi mayon T.Paşayev, komissiyanın üzvləri: dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi mayor TMehdiyev, məxfi hissənin rəisi gizir E.Məmmədov, yanğından mühafizə komandasının rəisi gizir F.Babayev, gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi M.Bayramov, 4 nömrəli istehsalat sexinin texniki (istehsalatın təşkili üzrə) mülki işçi T.Ağacanov və Həmkarlar ittifaqı komitəsinin sədri K.Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi X1 raportuna əsasən xx.xx.2023-cü il tarixdə gözətçi mühafizəsi bölməsində və yanğından mühafizə komandasında araşdırma aparmışlar, işçilər arasında narkotik maddələrin qəbulu ilə bağlı şübhələr müəyyən edilmişdir. Komissiyanın rəyi: narkotik maddələrin qəbulu ilə bağlı araşdırmanın nəticələrinin yoxlanılması üçün növbədə olan şübhəli şəxsi heyət tibbi müayinədən keçirilmək üçün Narkoloji dispanserə göndərilsin.

7. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış N nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, hərbi hissənin N nəfər mülki işçiləri dispanserdə ekspress test üsulu müayinə olunmuş və götürülən sidik nümunələrində heç bir narkotik vasitə qəbul faktı aşkar olunmamışdır. Lakin 2 nəfər - X9 və İddiaçı narkotik vasitə olan THC (marixuana) qəbul faktı aşkar olunmuşdur.

8. Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş narkotik sərxoşluq vəziyyətin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 198/2023 nömrəli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə analiz götürülmüş, ekspress- testə müvafiq olaraq müayinə zamanı İddiaçı sidiyində OPİ qr. narkotik maddələr, AMP (amfetamin), MTD (metadon) aşkar olunmadı, test (-) mənfi. THC (+) müsbət. Qeyd: vətəndaşın xahişi ilə təkrarən sidik nümunəsi götürülən zaman ora xüsusi toz şəkilində maddə əlavə edildiyi üçün təkrar müayinə aparılmamışdır.

9. N nömrəli hərbi hissənin həmkarlar ittifaqı komitəsinin iclasının protokolundan xx.xx.2023-cü il tarixli, 4 №-li çıxarışın surətindən görünür ki, hərbi hissədə işləyən mülki işçilər Sumqayıt şəhər Narkoloji dispanserində müayinədən keçirilmiş, Narkoloji dispanserin verdiyi xx.xx.2023-cü il tarixli N nömrəli məktuba əsasən gözətçi mühafizəsi bölməsinin mühafizəçisi İddiaçı və Yangından mühafizə komandasının yanğınsöndürəni X6 narkotik vasitə olan THC (marixuana) qəbul etməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 72-ci maddəsinin "b” bəndinin tələblərini pozduğuna görə həmin işçilər haqqında tədbir görülməsi üçün hərbi hissə komandirinə məktub ünvanlanması qərara alınmışdır.

10. N nömrəli hərbi hissənin Həmkarlar İttifaqı Komitəsinin sədri Kazım Cəfərov tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, N nömrəli hərbi hissənin həmkarlar ittifaqı komitəsinin xx.xx.2023-cü il tarixli iclasında Gözətçi mühafizəsi bölməsinin mühafizəçisi İddiaçı və Yanğından mühafizə komandasının yanğınsöndürəni X6 marixuana qəbul etməsi faktı aşkar olunmsı müzakirə olunmuşdur. Narkotik maddədən istifadə etdiklərinə görə onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "b” bəndinin tələblərini pozmuşdur. Ona görə də onlar haqqında tədbir görülməsi üçün göstəriş verməsi həmkarlar ittifaqı komitəsinin üzvləri adından xahiş edilmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi Mahir Bayramov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, xx.xx.2017-ci ildən N nömrəli hərbi hissənin gözətçi mühafizəsi bölməsinin mühafizəçisi vəzifəsində işləyən İddiaçı işlədiyi müdddət ərzində özünü nizam intizamsız bir işçi kimi göstərmiş, vəzifəsinin yerinə yetirilməsində çətinlik çəkmiş, verilən tapşırıqları gec qayrayır. Rəislərin verdiyi tapşırıqları aqressiv qəbul edir, bilik və hazırlıq səviyyəsi zəifdir. Vəzifəsinin öhdəsindən gəlməyə çətinlik çəkir. Kollektiv arasında özünü aparmağı bacarmır, daima iş yoldaşları ilə mübahisələr edir.

12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 52 saylı əmrin surətindən görünür ki, İddiaçı, Gözətçi mühafizəsi bölməsinin mühafizəçisi, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Narkoloji Dispanserində narkoloji müayinədən keçirilən zaman narkotik vasitə olan THC (marixuana) qəbul etməsi faktı aşkar olmuşdur. Azzərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "b” bəndinin tələblərini pozduğuna görə onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin "ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin "b” bəndində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövr üçün istifadə olunmamış məzuniyyətə görə 21 təqvim günü hesabı ilə kompensasiya ödənilmişdir.

13. N nömrəli hərbi hissənin komandiri tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2023cü il tarixli məktubun surətindən görünür ki, N nömrəli hərbi hissədə Gözətçi mühafizəsi bölməsində mühafizəçi vəzifəsində işləmiş vətəndaş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "b” bəndinə (narkotik maddələrdən istifadə etdiyinə görə) müvafiq olaraq əmək vəzifələrini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Nəzərinə çatdırırlar ki, N nömrəli hərbi hissə Müdafiə Nazirliyinin birinci dərəcəli obyektləri sırasına daxildir. Vətəndaş İddiaçı N nömrəli hərbi hissədə işləməsi məqsədəuyğun hesab edilmir.

14. Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş narkotik sərxoşluq vəziyyətin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 371/2023 nömrəli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə analiz götürülmüş, ekspress- testə müvafiq olaraq müayinə zamanı İddiaçı sidiyində OPİ qr. narkotik maddələr, THC (marixuana), MTD (metadon), AMP (amfetamin), TML (tramadol) aşkar olunmadı, test (-) mənfi. Qeyd: 04.2023-cü il tarixdən "Kannabioidlərin epizodik qəbulu” diaqnozu ilə dispanser qeydiyyatdadır.

15. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışından görünür ki, N nömrəli hərbi hissə (Aviasiya Təmiri zavodu) hüquqi şəxsdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən təsdiq olunmuş Aviasiya Təmiri Zavodunun Nizamnaməsi əsasında hərbi təmir müəssisəsi kimi fəaliyyət göstərir. İşçilərin işə qəbulu və işdən azad olunması hərbi hissə komandirinin əmri əsasında aparılır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mülki işçi kimi işləmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin 2-ci hissəsinin "ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmasına səbəb isə guya onun narkotik vasitələrdən istifadə etməsi olmuşdur. Lakin bu tamamilə əsassız və cəfəngiyyatdır. Ona qarşı son vaxtlar qərəzli münasibət bəslənmiş, tez-tez işdən könüllü olaraq çıxması tələb edilmiş, əks halda özlərinin çıxaracağını bildirmişdirlər. Belə ki, işdə olan vaxtı onu ilan sancmış, bu səbəbdən də uzun müddət müalicə olunmuşdur. Bildirmək istəyir ki, istehsalat rəisi, komandir əvəzi X10 ona gəlib müalicə olunmasını və bütün xərclərin özlərinin qarşılayacağını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh heç bir müalicə xərcini qarşılamamış, hamısı özü tərəfindən ödənilmişdir. Bu barədə heç bir yerə şikayəti olmamışdır. İşə çıxdıqda isə ondan "sağlamlıq haqqında” arayış tələb edilmişdir. O, isə həkimlə əlaqə saxlamış, ona ilan sancmağına görə bu arayışı verə bilməyəcəyini, yalnız xəstəlik haqqında arayış verə biləcəklərini bildirmişdir. O, da bunu işlədiyi yerə bildirmiş, lakin ona inanmamışlar və onu 3 saylı poliklinikaya yoxlanışa aparmışlar, orada Musa adlı həkimin qəbulunda olmuşdur. Musa həkim də eyni sözləri demiş, onun müalicə olunmalı olduğunu bildirmişdirlər. Buna baxmayaraq, yenə də onu işə buraxmamışlar, bu səbəbdən də tərəfindən X7 şikayət edilmiş, araşdırma aparılmış və yenidən işə buraxılmışdır. Lakin buna baxmayaraq ona heç bir əsas olmadan töhmət verilmiş, əlavə ödənişlərdən məhrum edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi ondan işdən könüllü olaraq çıxması tələb edilmiş, əks halda özlərinin çıxaracağını bildirmişdirlər. O, isə bunun üçün heç bir əsaslarının olmadıqlarını və işdən çıxmayacağını bildirmişdir. Mart ayının 27-si xidmətdən çıxmasına 1 saat qalmış növbə rəisi Rəşad Ağayev ona postu tərk etməsini, yanına gəlməsini və narkoloji də analiz verməsini tələb etmişdir. Analiz vermiş və ona nəticənin pozitiv çıxdığı, yəni narkotik vasitə qəbul etdiyini bildirmişdirlər. Analizlə o, tanış olmamış, nəticəsi ona təqdim edilməmişdir. Onlardan yenidən analiz götürmələrini tələb etsə də, ilk başda razılaşmamış, daha sona oranın mayor rütbəsində olan əməkdaşı özünün şəxsən aparıb onu yoxlamadan keçirəcəyini bildirərək arxayın etmişdir. Lakin buna baxmayaraq yenidən yoxlamadan keçirilməmiş, qeyd etdiyi kimi Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin "ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən işdən qanunsuz olaraq azad edilmişdir. Hazırda heç bir yerdə iş tapa bilmir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1326/2023 saylı qətnaməsi ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.

19. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından birinin əmək vəzifələrinin kobud şəkildə pozulması çıxış edir. Məhz bu maddə ilə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar dəqiq şəkildə müəyyən edilmişdir. Bu hallardan biri işçinin alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, sərxoş vəziyyətdə olmasıdır ki, belə hala yol verilməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu sayılır. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin qanuni mənafeyinə xələl gətirən kobud hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud hüquq pozuntuları iş vaxtı ərzində olmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sidik analizində THC (marixuana) qəbul etməsi faktı aşkar edildiyindən, bu hərəkət əmək qanunvericiliyində əmək vəzifələrinin kobud şəkildə pozulma halı kimi qiymətləndirildiyindən, bununla da işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "b” bəndinin tələblərini pozduğundan, o, düzgün olaraq cavabdeh təşkilat tərəfindən işdən azad edilmişdir. Məhkəmə iddiaçının 2 aydan sonra verdiyi sidik analizində hər hansı narkotik maddənin qəbul edilməsi ilə bağlı faktın aşkar edilməməsi barədə aktda istinad edib əvvəlki analiz nəticəsində verilmiş aktın əsassız olması barədə dəlilləri üzrə qeyd edir ki, narkotik və psixotrop maddələrin qəbulundan uzun müddət keçdikdən sonra həmin halın müayinə zamanı aşkar edilməməsi mümkündür, eyni zamanda iddiaçıdan təkrar müayinəyə üçün sidik nümunəsinin götürülməsi təklif edilsə də, həmin nümunəyə müdaxilə etdiyi üçün (limon duzu qatdığı) təkrar müayinə aparılması mümkün olmamış, bu halın mövcudluğu bir daha xx.xx.2023-cü il tarixli aktın həqiqiliyini və mötəbərliyini təsdiq edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən və iddiaçının iddia ərizəsində gətirdiyi dəlillər onun işə bərpa olunması üçün əsas olmadığından, iddia tələbi işə bərpa olunması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi ilə əlaqədar iddiası əsassız olduğundan, bu hissədə də iddia əsassızdır və təmin edilməməlidir.

20. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10-cu, 11-ci, 70-cı maddəsinin “b”, “ç” bəndlərinə, 71-ci, 72-ci, 76-cı maddəsərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, o, həmin iş yerində işlədiyi müddətdə heç vaxt hər hansı problem yaratmamışdır. Əksinə işə götürən onunla bir işçi olaraq heç vaxt maraqlanmamış, əməyin mühafizəsini təmin etməmiş, iş yerində mühafizədə olarkən onu ilan dişləməsi nəticəsində xəstəxanada müalicə almışdır və nə müalicə nə də ondan sonrakı dövrlərdə hərbi hissənin rəhbərliyi onunla maraqlanmamış, hər hansı köməklik göstərməmişdir. Məhz bu barədə o, komandirə öz iradını şəxsən bildirdikdən sonra rəhbərlik onunla qərəzli mövqedə olmağa başlamış, nəticədə məcburi qaydada onu narkoloji dispanserə aparmış və səbəbini anlamadığı halda həkim rəyində guya onun nakotik vasitə qəbul etməyi qeyd edilmişdir. Halbuki o, ömrü boyu nəyinki marixuana və sair heç siqaret də çəkməmişdir. İşəgötürən xx.xx.2023-cü il tarixli, 52 saylı əmrində AR ƏM-nin 70-ci maddənin “ç" bəndinə istinad etmiş, lakin bu faktı sübut etməməsi bir yana, heç bu əməlin hansı qanunun, hansı normasının və ya hansı qaydaların pozulması ilə nəticələndiyini də göstərməmişdir. Hazırki iş üzrə həmkarlar ittifaqı da işəgötürənlə əlbirdir və onlar onun işində də indiyə qədər olan bütün işlərdə də eyni mövqedən çıxış ediblər və edirlər. Hərbi hissədə həmkarlar ittifaqı işçini deyil, işəgötürənin mövqeyini müdafiə edir. Sadalananlardan görünür ki, Bakı şəhəri Səbayıl Rayon Məhkəməsi qətnaməsində maddi hüquq normalarını göstərsə də qətnaməsində qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmiş və nəticəsini yalnız formal əsaslandırma ilə yazmaqla kiyafətlənmişdir. Bununla birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuşdur. Eyni zamanda hakimə şəxsən məhkəmə zalında bildirəsə də ki “şahidlərim var onlan da prosesə cəlb edib dindirin və özüm həkimdən keçmişən analiz vermişəm onu da işə əlavə edib nəzərə alın və mənim qanımda sümüyümdə narkotik qalığöı və sair varmı deyə yoxlanması üçün ekspertiza təyin edin”, hakim ona məhəl qoymamış və bildirmişdir ki, “heç kim sənə şər atmaz yəqin narkotik qəbul etmisən ki yazıblar.... ” sözlərini bildirmiş, ekspertiza və onun şahidlərlə bağlı şifahi vəsatətlərini nəzərə almamış, işi yarımçıq yekunlaşdırmış və iclas günü qətnaməni ona təqdim etmişdir. Sanki hakim öncədən iddianı rədd edəcəyini də bilirmiş kimi qərarı hazırlayıb dərhal təqdim etmişdir. Bakı şəhəri Səbayıl Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(009)-1326/2023 saylı qətnaməsi ilə onun iş yerində və ya kənarda, ümumiyyətlə nə vaxtsa narkotik vasitə qəbul edib etməməyi sübuta yetirilməmişdir. Sadəcə işə götürənin məcburi qaydada analiz verdirib aldığı rəyə inanmış və bu dəlilə əsaslı şübhələrin olmasını bildirsə də buna məhəl qoyan olmamışdır. Məhkəmə qətnaməsində göstərir ki, guya o, analiz verərkən sidiyə limon duzu qatmışdır. Bu tamamilə əsassız və şər-böhtandır. Narkoloji ekspertiza təyin edilərsə və onun tərəfindən təqdim edilən şahidlər dindirilərsə onun narkotik istifadəçisi olmadığı sübut edilə bilər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili hərbiri ayrı-ayrılıqda apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər.

26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 63.1-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 70-cı maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin «b» bəndinə əsasən alkoqollu işçilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 80-ci maddəsinin 1-ci və 2-ci hisslələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

33. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

34. İş materiallarından göründüyü kimi iddiaçının sidik analizində THC (marixuana) qəbul etməsi faktı aşkar edildiyindən, bu hərəkət əmək qanunvericiliyində əmək vəzifələrinin kobud şəkildə pozulma halı kimi qiymətləndirildiyindən, bununla da işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "b” bəndinin tələblərini pozduğundan, o, düzgün olaraq cavabdeh təşkilat tərəfindən işdən azad edilmişdir.

35. Nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu baxımdan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarkar ittifaqı komitəsinin razılığı alınmışdır. Göründüyü kimi, işəgötürən mübahisələndirilən əmrin verilməsində qanun pozuntusuna yol verməmişdir, iddiaçı tərəfindən apellyasiya şikayətində sadalanan nöqsanlar həmin əmrin etibarsız hesab edilməsi üçün kifayət deyildir. Belə ki, həmin sadalanan nöqsanlar o halda əmrin etibarsızlığına səbəb ola bilərdi ki, işəgötürən ümumiyyətlə işçi ilə əmək münasibətlərinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin normalarını kobud şəkildə pozmuşdur, yəni iddiaçının tələblərinə baxılarkən, bütün sadalanan hallar bütünlüklə qarşılıqlı təhlil edildikdən və hüquqi qiymət verildikdən sonra məhkəmə tərəfindən kobud pozuntu kimi qəbul edilə və müvafiq əmr ləğv edilə bilərdi.

36. Əmrdə iddiaçının əmək funksiyasına daxil olan işin, əmək müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyi lazımı yerinə yetirilmədiyi, habelə əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı əmək vəzifələrini icra edərkən THC (marixuana) qəbul etməklə əmək intizamını kobud şəkildə pozması, yəni kobud səhvə yol verməsi göstərilmişdir. Beləliklə də, tətbiq edilmiş normanın tələbləri baxımından (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) qeyd edilənlər imperativ qaydada əmrdə göstərilmiş və əmək müqaviləsinin məhz bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır.

37. Məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından xx.xx.2023cü il tarixli əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün hüquqi əsas mövcuddur. Əmrdə göstərilənlər də qeyd edilən maddələrin tərkibini yaratmış olur. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etməmiş və bu qənaətinə uyğun olaraq, iddiaçının iddia tələbini təmin etməmişdir.

38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

39. İddiaçı tərəfindən apellyasiya şikayətində qoyulan digər dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təkrarən müayinə keçirilməsinə dair vəsatətini də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur, çünki narkotik və psixotrop maddələrin qəbulundan müəyyən müddət keçdikdən sonra həmin halın müayinə zamanı aşkar edilməməsi mümkündür, eyni zamanda iddiaçıdan təkrar müayinəyə üçün sidik nümunəsinin götürülməsi təklif edilsə də, həmin nümunəyə müdaxilə etdiyi üçün (limon duzu qatdığı) təkrar müayinə aparılması mümkün olmamış, bu halın mövcudluğu bir daha xx.xx.2023-cü il tarixli aktın həqiqiliyini və mötəbərliyini təsdiq etmiş olur. Şahidlərin dindirilməsinə dair iddiaçının dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının THC (marixuana) qəbul etməsinə dair iş materiallarında kifayət qədər sübutlar, yəni qeyd edilən halı təsdiq edən tibbi müayinə aktı və arayışlar mövcuddur. Qeyd edilməlidir ki, qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda şahidlərin dindirilməsinə zərurət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla apellyasiya şikaytinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz.

40. Məhkəmə yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1326/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar