Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6033/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-228/2021 saylı iş üzrə qəbul etdiyi 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 36200 (otuz altı min iki yüz) ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2008-ci ildə tanış olmuşdur. O, həmin dövrdə yaşadığı binanın altında yerləşən valyuta dəyişmə məntəqəsini işlədirdi. O, cənub bölgəsindən olduğunu, kimya elmləri namizədi olduğunu bildirmişdi. Qısa müddət ərzində aralarında dostluq münasibətləri yaranmış və 2008-ci ilin sonunda Elxan ondan qısa müddətə qaytaracağı vədi ilə 10000 manat borc pul almışdır.Daha sonra Cavabdeh valyuta dəyişmə məntəqəsinin dövriyyəsini artırmaq üçün əlavə pul lazım olduğunu bildirərək birlikdə iş qurmağı təklif etmiş, 2009-cu ilin əvvəlində ondan 5000 ABŞ dolları məbləğində borc pul almışdır. Bundan sonra, aralarında olan şifahi razılaşmaya əsasən 2008-ci ildən 2015-ci ilin sonuna kimi cavabdeh ondan müxtəlif məbləğlərdə əvvəl aldığı borcla birlikdə, cəmi 30000 manat və 30000 ABŞ dolları məbləğində borc almışdır. Cavabdeh 2018-ci ilin sentyabr ayında ona olan borcundan 23800 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Yerdə qalan 30000 manat və 6200 ABŞ dolları isə borc olaraq qalmışdır. Əlavə olaraq cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehin ona 1500 ABŞ dolları da borclu qalmışdır. Cavabdeh qalıq borcun qaytarılmasını gecikdirdiyinə görə aralarında olan razılaşmaya əsasən 30000 manat məbləğində borc 1.05 kursla dollar valyutasına çevrilmiş (30000 azn x 1.05 = 28500 dollar) və cavabdehin əvvəl qalan 1500 ABŞ dollar borcu ilə birlikdə ona 30000 ABŞ dolları (28500+1500) və 6200 ABŞ dolları borcu qalmışdır. Beləliklə, cavabdehin ona 36200 ABŞ dolları məbləğində borcu qalmış və həmin borc məbləğini 2019-cu ilin sonuna kimi ödəyəcəyinə söz vermişdir. Lakin heç bir ödəniş etmədiyinə görə 10.03.2020-ci il tarixdə cavabdehə xəbərdarlıq göndərilmişdir.Cavabdeh xəbərdarlığı rəsmi şəkildə 18.03.2020-ci il tarixdə qəbul etsə də, indiyə kimi ona olan borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bu da onun mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Cavabdeh ona borclu olduğu pulu qaytarmaqdan yayınmaq üçün qərəzli mövqe tutmuş və haqqında müxtəlif orqanlara böhtan xarakterli müraciətlər etmişdir. Bununla əlaqədar olaraq Yasamal RPİ-nin 28-ci polis bölməsində araşdırma aparılmış və 15.01.2019-cu il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh bölmədə verdiyi izahatında 2008-ci ildən 2015-ci ilədək 30000 manat və 30000 ABŞ dolları məbləğində pul aldığını, 2015-ci ilin sonunadək ona 30000 manatın faizi qismində 41800 manat, 30000 ABŞ dollarının faizi qismində isə 29075 ABŞ dolları məbləğində pul ödədiyini, 2018-ci ilin sonunadək 23800 ABŞ dolları məbləğində pul ödədiyini etiraf etmişdir. Cavabdeh verdiyi borc pulları onunla dost münasibətlərində olmağı və etibar etməsi nəticəsində vermişdir. Aralarında hər hansı faiz və ya qazanc barədə razılaşma olmamışdır. Bundan başqa, cavabdehin ondan 30000 manat və 30000 ABŞ dolları məbləğində pulu almasını etiraf etməsi, iddiaçı kimi həmin pulun cavabdehə verilməsini sübut etmək vəzifəsindən azad edir. Lakin yuxarıda qeyd etdiyi kimi o, cavabdehə həmin pul məbləğindən 2018-ci ilin sentyabr ayında 23800 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Bununla da cavabdehin ona 36200 ABŞ dolları məbləğində borcu qalmışdır. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-228/2021 saylı iş üzrə qəbul etdiyi 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən - Cavabdeh 6200 ABŞ dolları borc (ödəniləcək gün ABŞ dollarının manata məzənnəsi ilə manatla) İddiaçı xeyrinə tutulması hissəsində təmin edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, tərəflər arasında borc münasibətləri olmuş və borc müqaviləsi mülki qanunvericiliyin tələbinə uyğun olaraq şifahi şəkildə bağlanmışdır. İş materiallarından göründüyü kimi məhkəməyə cavabdehin iddiaçıya borclu olması barədə kifayət qədər sübut təqdim olunmuşdur. Hesab edir ki, cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarında cavabdehin iddiaçıdan 30000 manat və 30000 ABŞ dolları məbləğində pulu almasını etiraf etməsi, iddiaçını həmin pulun cavabdehə verilməsini sübut etmək vəzifəsindən azad edir. Lakin cavabdeh iddiaçıya həmin pul məbləğindən 2018-ci ilin sentyabr ayında 23800 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Bununla da iddiaçıya 36200 ABŞ dolları məbləğində borc qalmışdır. Bundan başqa tərəflər arasında borc münasibətlərinin yarandığı 2008-2015-ci illərdə və hazırki Mülki Məcəllənin redaksiyasında borc müqaviləsinin şifahi formada bağlanmasına dair hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Nəzərə alınsa ki, cavabdeh özü də həm təhqiqatda araşdırma zamanı, həm də məhkəmə iclaslarında iddiaçıdan pulu borca götürdüyünü etiraf etmişdir. Həmçinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan normalarda 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanmasına dair hər hansı tələb olmamışdır. Həmin dəyişiklik 30.06.2016-cı il tarixdən sonra qüvvəyə minmişdir ki, bu da tərəflər arasındakı borc münasibətinə tətbiq oluna bilməz. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunanları qismən nəzərə almış və iddia tələbini qismən təmin edilərək, Cavabdeh 6200 ABŞ dollar borcun İddiaçı xeyrinə tutulması qənaətinə gəlmişdir. Halbuki iddia tələbi tam təmin edilməli idi. İddia tələbinin qismən təmin edilməsinin də səbəbi iddiaçının 30000 manat pulun son hissəsinin 2015-ci ildə verdiyini etiraf etməsi barədə məhkəmənin gəldiyi qənaətdir. Belə ki, borcun manatla olan hissəsinə iddia müddəti tətbiq olunmuşdur. Hesab edir ki, bu fikir tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində göstərildiyi kimi 2018-ci ilin sentyabr ayında cavabdeh iddiaçıya olan borcundan 23800 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Yerdə qalan 30000 manat və 6200 ABŞ dolları isə borc olaraq qalmışdır. Həmçinin, Yasamal RPİ-nin 28-ci polis bölməsində araşdırma zamanı Cavabdeh izahatında 2008-ci ildən 2015-ci ilədək 30000 manat və 30000 ABŞ dolları məbləğində pul aldığını, 2015-ci ilin sonunadək Məzahirə 30000 manatın faizi qismində 41800 manat, 30000 ABŞ dollarının faizi qismində isə 29075 ABŞ dolları məbləğində pul ödədiyini, 2018-ci ilin sonunadək 23800 ABŞ dolları məbləğində pul ödədiyini etiraf etmişdir. Göründüyü kimi, cavabdeh özü iddiaçıya borclu olduğu məbləğin qaytarıldığı son tarix kimi 2018-ci ilin sonunu göstərir. Ona görə də müddət həmin dövrdən hesablanmalıdır. Manat və dollar borclarına görə ayrıca müddətin nəzərdə tutulmasının qeyd edilməsi isə absurddur. Çünki pul məbləğləri iddiaçı tərəfindən cavabdehə birlikdə verilmişdir, sadəcə tərəflər arasında razılaşmaya əsasən 30000 manat məbləğində borcun 1.05 kursla dollar valyutasına çevrildiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh borcdan 2018-ci ilin sonunda ödəniş etməklə borcu etiraf etməsini götərən hərəkətlər etmiş və iddia müdddətinin axımı kəsilmişdir. Həmin dövrdən sonra iddiaçıya cavabdeh tərəfindən heç bir ödəmə aparılmadığına görə iddiaçı hüquqlarının pozulduğunu müəyyən etmiş və qanunverilikdə nəzərdə tutulmuş 3 il müddətində məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizə nəzərə alınmamalı və iddia müddəti tətbiq edilməməli idi. Qeyd olunanlardan əlavə, işə məhkəmədə baxılarkən prosessual pozuntulara da yol verilmişdir. Belə ki, 05.04.2021-ci il tarixdə iş üzrə məhkəmə iclas protokolu ilə tanış olma barədə vəsatət versə də dəfələrlə məhkəmə ilə əlaqə saxlamasına baxmayaraq həmin vəsatətə hələ də münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2008-ci ildə Cavabdehla tanış olmuş, cavabdeh 2015-ci ilə kimi ondan 30000 manat və 30000 ABŞ dolları almışdır. 2018-ci ildə həmin 30000 ABŞ dollarından 23800 ABŞ dolları borcu qaytarıb, yerdə qalan borcu isə qalıb. Bunu özü də izahatında qeyd edib. Qalıq borc 6200 ABŞ dolları və 30000 manat borcdur. Devalvasiya olan vaxt dolların qiyməti 0.78 manatdan, 1.05 manata qalxdığı üçün demişdir ki, pulu ziyana getməsin deyə cavabdeh 2016-ci ilə kimi qaytarsın. Sonuncu dəfə 2015-ci ildə borc vermişdir. 2015-ci ildən sonra cavabdeh ona 23800 ABŞ dolları və 5000 manat borc qaytarıb. Bu pulu 2018-ci ilin sentyabr ayına kimi qaytarıb. 2018-ci il 14 sentyabrında 500 ABŞ dolları pul qaytarmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, 2008-ci ilin dekabr ayının əvvəlindən 2015-ci ilin əvvəlinə kimi iddiaçıdan hisə-hissə 30000 manat və 30000 ABŞ dolları borc pul götürmüşdür. İzahatında qeyd etmişdir ki, 10000 manat götürmüş, 2000 ABŞ dolları, sonra isə 6000 manat götürmüşdür. 2015-ci ilin əvvəlində 5000 manat və 5000 ABŞ dolları götürmüşdür. İddiaçı demişdi ki, 2015-ci ilin dekabr ayına kimi borcu qaytarsın. 2015-ci ilin dekabr ayının əvvəlində iddiaçıya 8250 manat və 15 dekabr 8250 ABŞ dolları qaytarmışdır. Dekabr ayının əvvəllərində aldığı 5000 ABŞ dolları və 5000 manat borcla bağlı 8250 manat və 15 dekabrda 8250 manat ödəmişdir. Götürdüyü borcdan ilin sonuna qədər faiz ödəyirdi. Ümumilikdə 2015-ci ilin dekabr ayının əvvəlinə kimi 41800 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnaməni iddiaçı mübahisələndirməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, qətnamə cavabdeh tərəfindən isə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 10.03.2020-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunur ki, aralarında olan şifahi razılaşmaya əsasən 2008-ci ildən 2015-ci ilin sonuna kimi müxtəlif məbləğlərdə borc pul götürmüsüz. Sonuncu dəfə Yasamal RPİ-nin 28-ci PB-də araşdırma zamanı verdiyiniz izahatda özünüzün də qeyd etdiyiniz kimi 2018-ci ilin sonunda ona olan borcdan 23800 ABŞ dolları qaytarmısız. Lakin sizin ona hazırda 36200 ABŞ dolları borcunuz qalmaqdadır. Həmin borc məbləğini 2019-cu ilin sonuna kimi ödəyəcəyinizə söz versəniz də, indiyə kimi heç bir ödəniş etməmisiz. Qeyd olunanları nəzərə alaraq, 10 gün müddətində 36200 (otuz altı min iki yüz) ABŞ dolları məbləğində borcun ona, yəni İddiaçı ödənilməsini təmin edəsiniz, əks təqdirdə pul tələbi barədə məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 28-ci PB-nin təhqiqatçısı polis kapitanı Faiq Süleymanov 15 yanvar 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırmanın zamanı Cavabdeh İddiaçı 2015-ci ilədək, müxtəlif tarixlərdə 30000 manat və 30000 ABŞ dolları məbləğində pul almışdır. Lakin həmin pulu artıqlaması ilə yəni, 52875 ABŞ dolları məbləğində qaytarmışdır. Son olaraq 2018-ci ilin sonunadək 23800 ABŞ dolları qaytarmışdır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər yaxın dostluq münasibətlərində olmuş və iddiaçı cavabdehə 2008-ci ildən 2015-ci ilə qədər müxtəlif vaxtlarda hissə-hissə 30000 manat və 30000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh təhqiqatda aparılan araşdırma zamanı həmin məbləğdə pulu İddiaçı aldığını etiraf etmiş, lakin həmin pulu artıqlaması ilə yəni, 52875 ABŞ dolları məbləğində qaytardığını, son olaraq 2018-ci ilin sonunadək 23800 ABŞ dolları qaytardığını bildirmişdir. Hazırda apellyasiya baxışının predmeti iddia tələbinin təmin edilməyən - 30000 ABŞ dolları vəsaitin cavabdehdən tutulmasına dair hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçının 30000 manat pulun son hissəsini 2015-ci ildə verdiyini etiraf etməsinə eləcə də işin faktiki hallarını, həmçinin cavabdehin mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizə verməsini nəzərə alaraq hesab etmişdir ki, 30000 manat pulun qaytarılması hissəsində mübahisəyə iddia müddəti şamil olunmalı və iddiaçının 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla həmin hissədə iddia təmin olunmamalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyini bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsində iddia müddətini tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri olmuşdur və iddiaçı cavabdehə müxtəlif vaxtlarda hissə-hissə 30000 manat və 30000 ABŞ dolları məbləğində borc pul vermişdir. İddiaçı eləcə də cavabdeh qeyd olunan borcun dəqiq olaraq hansı tarixdə verilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir, eləcə də tərəflər arasında olan münasibətlər şifahi olaraq baş tutmuş, borca dair hər hansı müqavilə bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında borca dair müqavilə olmamış, borc müxtəlif vaxtlarda hissə-hissə verilmiş, eləcə də müqavilə olmadığından həmin borcun konkret olaraq nə vaxt verilməsi və nə vaxt qaytarılması barədə konkret vaxt müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında ayrı-ayrı manat və ABŞ dolları borcu deyil, vahid borc münasibətləri olduğundan hazırki iddia tələbinin 30000 manatın qaytarılması hissəsinə iddia müddətinin tətbiqi düzgün deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsinə dair birinci instansiya məhkəməsi səhvə yol verərək, iddia müddətini tətbiq etdiyindən qətnamə həmin hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 28-ci PBnin təhqiqatçısı polis kapitanı Faiq Süleymanov 15 yanvar 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, iddiaçı izahatında göstərmişdir ki, cavabdeh tərəfindən 2015-ci ilin sonuna qədər ona ümumilikdə 23800 ABŞ dolları və 5000 manat məbləğində pulunu geri qaytarmışdır. Hal-hazırda Cavabdeh ona 25000 manat və 6200 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmçinin apellyasiya baxışı zamanı iddiaçı izahatında qeyd olunanları yenidən təkrarlayaraq cavabdehin ona 23800 ABŞ dolları və 5000 manat məbləğində pulu geri qaytardığını bildirmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh iddiaçıya 30000 ABŞ dolları deyil, 25000 manat borcu qalmışdır ki, iddia tələbi də (mübahisələndirilən hissədə) məhz 25000 manatın cavabdehdən tutulması hissəsində əsaslı olmuşdur. Yuxarıda göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edilən - Cavabdeh 30000 ABŞ dolları borcun tutularaq İddiaçı ödənilməsi hissəsində qismən edilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh 25000 manat borcun tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-228/2021 saylı iş üzrə qəbul etdiyi 26 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilən - Cavabdeh 30000 ABŞ dolları borcun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat borc tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6033/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6033/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver