Məhkəmə qərarları › İş №2(103)-6033/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6033/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6033/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzil tələbinə” dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 saylı qiyabi qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “mənzil tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi və qanunsuz hərəkətlərə son qoyulması və ünvan 1 ünvanında inşa edilmiş, 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)- 876/2022 saylı qiyabi qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin olunmuşdur. Daha sonra işə cəlb olunmamış X1 ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 saylı qiyabi qətnaməsinin ləğv olunması barədə qərardad qəbul olunması, eləcə də mülki iş üzrə onun üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(005)- 876/2022 saylı qərardadı ilə ərizəçinin mülki iş üzrə tərəf olmadığından onun qiyabi qətnamədən şikayət vermək hüququnun olmaması, eləcə də prosessual qanunvericiliyin tələblərinə əsasən üçüncü şəxslərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər prosesə cəlb oluna biləcəyi əsası ilə hər iki ərizə qaytarılmışdır. Bundan sonra, E.Peysaxov 11 aprel 2022-ci il tarixli qiyabi qətnamədən apellyasiya şikayəti verərək, qiyabi qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, rayon məhkəməsi apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini ilə birlikdə nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi qiyabi qətnamədən apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verilməsinə baxmayaraq, rayon məhkəməsi ilk öncə qiyabi qətnamənin ərizəçinin hüquq və vəzifələrinə toxunub-toxunmamasını aydınlaşdırmamış, ümumiyyətlə ərizəçinin qiyabi qətnamədən apellyasiya şikayət verə biləcək şəxslər dairəsinə daxil olubolmamasını müzakirə etməmişdir. Halbuki, məhkəmə apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra şikayəti baxılması üçün apellyasiya instansiyasına göndərir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq qiyabi qətnamənin ərizəçinin hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarmalı və qərardad konkret sübutlara istinad olunmaqla əsaslandırılmalı, daha sonra şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu (eləcə də prosessual müddətin ötürülüb-ötürülməməsi, bərpasına zərurətin olub-olmaması və s.) yoxlamalıdır. Halbuki, MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı Cavabdeh MMC-nə qarşı “mənzil tələbinə” dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 saylı qiyabi qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar