Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6035/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “tikintiyə və istismara icazənin alınması vəzifəsinin həvalə edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-6085/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kolegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın tikintisinə və istismarına icazələrin alınmasının təmin olunması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6085/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “tikintiyə və istismara icazənin alınması vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin mövqeyinə əsasən, iddiaçının nail olmağa çalışdığı hüquqi nəticə tərəflər arasında mübahisəli hüquq münasibətindən qaynaqlanmadığından iddianın məhkəmə icraatı mümkün deyildir. Bu anlamda məhkəmə müdafiəsi mübahisəli hüquq münasibətlərindən irəli gəlməlidir. Lakin, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcuddur və həmin müqavilə ilə cavabdeh tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh bu öhədliyi tam şəkildə icra etmədiyinə görə iddiaçı cavabdehdən aldığı mənzilə dair dövlət reyestrindən Çıxarışı əldə edə bilmir. Nəticədə iddiaçı mənzilin mülkiyyətçisi kimi öz mülkiyyəti üzərində tam şəkildə sərəncam verə bilmir. Bu da öz növbəsində iddiaçının mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı sülh yolu ilə yaranmış mübahisəni həll etməyə çalışmış, cavabdehə pretenziya da göndərmiş, lakin bu müraciətə ümumiyyətlə cavab almamışdır. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında oxşar iş mövcud idi. Həmin məhkəmənin qətnaməsi ilə binanın istismara qəbul aktının əldə edilməsinin təmin olunması vəzifəsi başqa bir MTK-nın üzərinə qoyulmuşdur. Qeyd edilən qətnamə də qüvvəyə minmişdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi bu prossesual normanı tətbiq etməməli idi. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə görə iddiaçının hüquqları pozulmuş və o, aldığı mənzilə dair dövlət reyestrindən çıxarışı əldə edə bilmir. İddiaçı ilə cavabdeh arasında mübahisə mövcuddur və o, sülh yolu ilə həll oluna bilmədiyinə görə mübahisə məhkəmə qaydasında həll edilməlidir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 saylı yaşayış binasının Şimal hissəsində inşa etdiyi yüksəkmərtəbəli, 1 girişli yaşayış binasından mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən müqavilənin predmetini təşkil edən mənzilin ümumi dəyəri iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bununla belə, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı müqavilədə nəzərdə tutulmuş qiymətini ödəməklə cavabdeh tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasından mənzil əldə etmişdir. Lakin həmin mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilmir. Bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə də müraciət etmiş, lakin ona mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədinin təqdim edilmədiyinin müəyyən edildiyi bildirilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunununa istinadən daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilən sənədlər barədə məlumat verilmişdir. İddiaçının bu məsələ ilə bağlı cavabdehə ünvanladığı pretenziya məktubu da nəticəsiz qalmışdır. Nəticə etibarı ilə cavabdehin bu məsələ ilə bağlı hər hansı tədbir görməsi müəyyən edilmir. Halbuki, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın - tikinti obyektinin sifarişçisi olaraq tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, müraciət etmək vəzifəsini bilavasitə cavabdeh daşıyır. Digər tərəfdən aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə iddiaçıya təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Qeyd edilənlər öz növbəsində iddia üzrə mübahisələndirilən məsələnin həll edilməsi üçün məhz cavabdeh tərəfindən müvafiq tədbirlərin görülməli olmasını təsdiq edir. Hər bir halda, bu məsələlər, o cümlədən cavabdeh tərəfindən bu istiqamətdə görülmüş tədbirlər, habelə onun tərəfindən yol verilmiş hərəkətsizliyin səbəbləri araşdırılmalıdır və birinci instansiya məhkəməsinin qərardadda göstərdiyi hallar, o cümlədən mənzilin yerləşdiyi binanın üzərində inşa edilmiş əlavə 15-ci mərtəbənin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olmaması hazırki iddianın icraata qəbulundan imtina edilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsi ilə yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6085/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə kollegiyasının iddia ərizəsinin icraata götürülməsi səlahiyyətinin olmaması səbəbindən şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6085/2024 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6035/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6035/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver